Mirzə Davud xan Məmmədbəyov

Qacarlar dövləti dövründə İran diplomatiyası çox şərəfli yol keçib və ölkə həqiqətlərinin dünyaya çatdırılmasında,  onun maraqlarının müdafiə olunmasında, dünya ölkələri ilə əlaqələrin qurulmasında müstəsna rol oynamışdı. İran-ingilis ziddiyyətlərinin kəskinliyini dərk edən Qacarlar höküməti Rusiya ilə yaxınlaşaraq, ingilis-rus fikir ayrılıqlarından məharətlə istifadə etməyə çalışırdı. Bu işlər üçün rus dilini bilən kadrlar Xarici İşlər vəzirliyinə gərəkli idi. Gərəkli şəxslərdən biri də Mirzə Davud xan Məmmədbəyov olmuşdu.

          Davud xan Mirzə Məhəmməd xan oğlu 1868-ci ildə Təbriz şəhərində anadan olmuşdu. O, Əbülfət xan Cavanşirin nəvəsi, İbrahimxəlil xanın nətəcəsidir. O, mükəmməl mədrəsə təhsili almışdı. Mirzə ünvanı daşıyırdı. 1901-ci ildə Tiflis giminaziyasını bitirmişdi. Rus və bir çox şərq dillərini bilirdi. h. O, q. 1311-ci (1893) ildən Xarici İşlər nazirliyinə daxil olmuşdur. O, əvvəlcə Peterburqda İran səfirliyinin attaşesi vəzifəsində çalışmışdır.

          Mirzə Davud xan h. q. 1322-ci (1904) ildə İranın Ərzurumdakı konsulluğunda və həmin il Tiflisdə Baş konsul kimi fəaliyyət göstərməyə başlayır.

Mirzə Davud xan h. q. 1329-cu (1911) ildə İranın Ərzurumdakı konsulu təyin edilir. O, Nüsrətülvüzəra ləqəbini h. q. 1320-ci (1902) ildə almışdır (Mehdi Bamdad, s.200).

          Mirzə Davud xan Məmmədbəyov Vladiqafqaz şəhərində yaşayırdı. Bir müddət burda vitse-konsul olmuşdu. O, 16 iyul 1902-ci ildə Ter vilayətinin rəisinə və Ter kazaklarının atamanına müraciət edib,  Vladiqafqaz şəhərində rus-İran məktəbinin açılmasını xahiş etdi. Ərizəsində qeyd edirdi ki, "Həmyerlilərimin savadsızlığı məni qayğılandırır. Könüllü ianələrin toplanması ilə də məşğul olmuşam. Zati-alilərdən acizanə surətdə xahiş edirəm ki, mənə rədd cavabı verməyəsiniz. Məktəbin bütün məsuliyyətini öz üzərimə götürürəm". Mirzə Davud xan Məmmədbəyov məktəbin əksər xərcini də öz öhdəsinə götürürdü. Himayədar kimi əksər tədbirlərdə iştirak edirdi. Yeni açılan bu məktəb "Novruz" adlandı. Məktəbin ilk müdiri Ə. Terequlov, dil və şəriət müəllimi Bahəddin bəy Köçərli idi. (http://osetia.kvaisa.ru/1-rubriki/10-istoriya-i-sovremennost/persidskaya...) B. Köçərli 1906-cı ildən sonra məktəbin müəllimi oldu.

          Mirzə Davud xan Nüsrətülvüzəra ləqəbini daşıyırdı.

          Mirzə Davud xan Nüsrətülvüzəra 1903-cü ildə Vladiqafqaz şəhərində Novruzla əlaqədar bayram təşkil etmiş, şəhərin seçkinlərini qonaq çağırmışdı. O, qonaqlara novruzun tarixini danışmışdı. (http://nocss.ru/projects/24/gl5_p1.php) O, bildirmişdi ki, İran əsatirlərində novruz bayramının mənşəinin Pşdadiyan dövrünə aid olduğu bildirilir və məşhur Pişdadi şahı Cəmşid novruz bayramının banisi olaraq xatırlanır.

          Mirzə Davud xan İranın Batum şəhərində baş konsulu olmuşdu. Onun yüksək diplomatik bacarığını  o amillə əsaslandırmaq olar ki, o dünyanın dəyişən şərtləri altında bütün vəziyyətlərdə Qacarlar dövlətinin mənafeyinə xidmət edən addımlar atmağa çalışmış və əksər hallarda buna nail olmuşdur. O zaman hərbi və sosial-iqtisadi vəziyyətinin ən böhranlı dövrlərini yaşayan Qacarlar dövlətində ardıcıl olaraq hökumət dəyişikliklərin baş verməsinə baxmayaraq Mirzə Davud xan Nüsrətülvüzəra  bütün hökumətlərlə fəal əlaqəni təmsil etmiş, Rusiya dövlətinin İran siyasətinin sabit qalmasına yardımçı olmuşdur.

          Mirzə Davud xan Məmmədbəyov 1920-ci ildə qohumu olan Hacıyevlər ailəsini himayəsinə götürmüş, bolşeviklərin çəngindən qurtarmışdı. ABŞa mühacirət etmiş Lev Viktoroviç Serdakovski (1904–1980) xatirəsində Davud xandan onun Bamat-Hacıyevlərə göstərdiyi himayədən söhbət açır. (http://magazines.russ.ru/nj/2012/267/s26-pr.html)

          Mirzə Davud xan Məmmədbəyov öz intellektual səviyyəsi, mədəni dünyagörüşü, həmyerlilərinə qayğısı ilə cəmiyyətdə nüfuz sahibi olmuşdu. Mehriban xasiyyəti, zəngin mütaliəsi sayəsində hər yerdə söz demək, iradə nümayiş etdirmək gücünə malik idi.

          Vladiqafqaz şəhərində Mirzə Davud xan Məmmədbəyovun siyasi və ictimai fəaliyyəti ilə bağlı kifayət qədər maraqlı arxiv materialları var. Əfsuslar olsun ki, ora getmək və həmin materialları əldə etmək mümkün olmadı.

          Mirzə Davud xan Məmmədbəyov əvvəlcə kumıq Əminə Əbdülvahab qızı Hacıyeva ilə, sonra  Azay xanım Səfərəliyeva ilə ailə qurmuşdu. Novruz xan adlı oğlu vardı.

Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf

xudaferin.eu

17:35