Hacı Pişnamaz: müctəhid deyil, mücahid oldu..

Salmas mücahidləri

Azərbaycan tarixində ən mühüm hadisələrdən biri azadlıq hərəkatları sırasında yer alan Məşrutə hərəkatıdır. Bu hərəkatın qəhrəmanları müxtəlif peşələrin sahibləri olublar. Onların arasında Hacı Pişnamaz kimi tanınan din xadimi də vardı.

         Əbdülkərim Hacı Məhəmməd ağa oğlu Xoy vilayətinin Salmas qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Vilayətdə Hacı Pişnamaz kimi tanınırdı. O, Məşrutə hərəkatına qoşulmuşdu. Salmas mücahidlərinə başçılıq etmişdi.

         Təbrizdə azadxahlara rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə bütün Azərbaycan azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir. 1908-ci ilə qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən geri püskürtməyə  nail olur. Eyni  zamanda  Xoyun  və  Salmasın  azad  edilməsinin  həyati əhəmiyyətini vaxtında başa düşən Səttar xan Mərəndin,  Salmasın  və  Xoyun  azad  edilməsinə   kömək  üçün  1908-ci  il oktyabrın  ortalarında silahlı  mücahid  dəstələri göndərdi.  Səttar xanın  dostu  və  silahdaşı,  Salmas   mücahidlərinin  rəhbəri  Hacı  Pişnamaz  Təbrizdən  göndərilmiş  mücahidlərin   Salmasa   gəlməsini  eşitdikdə,  Urmiyanın  valisi Möhtəşəmüssəltənənin  xəbəri  olmadan,  oktyabrın  23-də  gecə   ikən  Urmiyadan  çıxıb  Salmasa   doğru  hərəkət  etdi. 

         Bu   vaxt    Təbrizdən   göndərilmiş  mücahid  dəstələri   Salmasın  mərkəzi  olan  Dilmanın  24  kilometrliyində,  Salmas   yolu   üzərində  yerləşən  Təsuc  və  Qılmansaray kəndlərini  irticaçılardab  azad  etdilər.  Təbriz  mücahidləri  ətraf  kəndləri  azad  etməklə  davam  etdirdilər.  Hacı   Pişnamaz  300  nəfərlik  süvari  dəstəsi  ilə  Urmiyadan  Salmasın  Qarabağ   kəndinə  gəldi  və  orada  düşərgə  saldı. O,  öz  mücahidlərindən  120  nəfərini  Dilmana  göndərdi.  Həmin  mücahidlər  ayrı-ayrı  dəstələrlə,  alverçi  adı  ilə  silahlı  surətdə  (silahlarını  gizli  aparırdılar)  şəhərə  daxil  oldular   və  heç  kəsin  diqqətini  cəlb  etmədən  şəhərin  müxtəlif  hissələrində  yerləşdilər.

         Hacı  Pişnamaz  tərəfindən  Dilmana  göndərilmiş  hissələr  Heydər  Əmoğlu  başda  olmaqla  şəhərdə  fəaliyyət  göstərən  mücahidlərə  birlikdə  1908-ci  il  oktyabrın  30-da  üsyanın  başlandığını   bildirən  həyacan  siqnalı  verdilər.

         “İctimaiyyen-e  amiyun”  təşkilatının  Salmas  Komitəsi  başda  olmaqla  üsyan  qaldıran  əhali   noyabrın  1-də  şəhər  darvazalarını  Pişnamazın   hissələrinin  və  Səttar xanın  göndərdiyi  Təbriz  mücahidlərinin  üzünə  açdılar.  Bu  hissələr  səhərə  iki  saat  qalanda  şəhərə  daxil  oldular.  Vuruşmaların  gedişində   irticaçılar,  o  cümlədən  Maku  qoşun  hissələri   mücahidlər  və  üsyançı  dəstələri  tərəfindən  məğlub  edildilər.  Salmas  hakimi  irticaçı  Hisamüddivan  və  irtica qoşunlarının  başçısı  Heydər xan   Əmirtümən  qaçıb   gizləndilər.

         Bununla  da  Salmasın  mərkəzi  Dilman  da ətraf  kəndlərdə  azadlıq  hərəkatı  qalıb  gəldi,  yenidən  demokratik  əncümənlər  yaradıldı,  məşrutı qaydaları bərpa  edildi.  Lakin  irtica  tərəfindən  gözlənilən   təhlükə  aradan qalxmamışdı,  irticaçı Maku  qoşunu  və  kürdlər  tərəfindən   yeniu  hücumlar   gözlənilirdi,  eyni  zamanda bütün  Salmas  vilayəti  irticaçılarının  hakimiyyətindən  azad  edilməmişdi.

         Heydər  Əmoğlu  və  Hacı  Pişnamaz  Salmas   vilayətini  idarə  etmək  və   gələcəkdə   baş  verəcək  yürüşlərin   qarşısını  almaq  üçün  inzibati,  iqtisadi  və  hərbi  tədbirlır  gördülər.  40  nəfərin  daxil olduğu “Birlik  cəmiyyəti”  (“Əncüməne  ettehad”),  12  nəfərdən  ibarət  polis  idarəsi  (“əncüməne  nəzmiyyə”),  10  nəfərin  daxill   olduğu   “hərbi  şura”  (“Məclise  nezam”),  maliyyə,  ədliyyə   idarələri  və  s.  yaradıldı.

         1908-ci  il  noyabrın  ikinci  yarısında  Hacı  Pişnamaz  başda  olmaqla  Salmas  mücahidlərinin  Maku  qoşun  hissələrinə  qarşı  müvəfəqiyyətli  hücumlardan  istifadə  edən  Nurulla xanın  və Qoçəli xanın  hissələri  Bilvarda   yerləşən  makululara  zərbə  endirdilər,  bununla  da  Xoya   gedən  yol  açıldı.  Elə  bu  vaxt  bu  Heydər  Əmoğlu başda  olmaqla  Xoyda  üsyan  baş  verdi,  bu  isə  şəhərə  hücumu  asanlaşdırdı.  Noyabrın  26-da  mücahid dəstələri   ilə  vuruşmaların  gedişində  Murtuzaqulu xan Bayatın dəstəsi  məğlub  edildi,  çox  böyük  itki  ilə  şəhərdən  qaçdı.  Bundan  sonra  ətraf  kəndlər  azad  edilməyə  başlandı.

         1908-ci  il  noyabrın  axırlarında  Maku  qoşunu  Dilmana hücum  etdi,  onlar  böyük  itki ilə  Xoya  tərəf  hərəkət  etdilər,  lakin  Xoy  artıq  inqilabçıların  əlində  idi.  Xoy  mücahidləri  makulalara  yenidən  zərbə endirdilər,  Maku  qoşunun   qalan  hissələri  təşvişlə  qaçdılar.

         Xoyluları  ağır   vəziyyətdən    xilas  etmək  üçün Əmir Heşmət Səidülməmalikin  və  Hacı  Pişnamazın  Salmasdan  göndərdikləri   fədai   dəstəsini  və  inqilabi  Azərbaycan   höküməti  tərəfindən  Culfadan göndərilmiş mücahid dəstələrinin bura gəlməsi heç də vəziyyəti yaxşılaşdıra bilmədi. Makulular tərəfindən mühasirə olunmuş xoyluların vəziyyəti son dərəcə pisləşdi. (Миссия в Персии, 1909, дело 57, лист. 13-14, 20.)

         Xoyun  mühasirəsindən  istifadə  edən    irticaçı  xanlar,  mollalar   və  b.  şəhərdə   öz  mühafizəkar  “partiyalarını”  yaratdılar  və  inqilabçılara   qarşı  onlar   da  əməliyyat   başladılar.  Lakin  inqilabçılar   tərəfindən  mühafizəkar partiya  qovuldu,   irticaçı   xanlar   və  mollalarla   vuruşmalarda   2  nəfər  öldürüldü,   bir  çoxu  yaralandı   və  8  nəfər  həbs  olundu.  Səidülməmalik 1909-cu ilin  fevralın  12-də  Salmasdan  əlavə  olaraq   150  nəfər  atlı   və  iki  gün  sonra  200  nəfər  Samoy  kürdünü  xoyluların köməyinə  göndərdi.  Hacı  Pişnamaz  başda  olmaqla inqilabi qüvvələr  salmaslıların  hücumu   müvəffəqiyyətlə  dəf  etdilər.

         1909-cu ilin martın 19-da Urmiyada inqilabın xeyrinə pul toplamaq üçün əncümən tərəfindən xüsusi komitə yaradıldı. Hacı Rəhim xan Çələbiyanlı və şah qoşunlarına qarşı hücuma hazırlaşan Salmas inqilabçılarının başçısı Hacı  Pişnamaza kömək üçün 300 nəfərlik silahlı fədai dəstəsi təşkil edildi.

          1909-cu ilin martın 21-də Məşədi Bağır başda olmaqla Hacı  Pişnamaza yardım üçün 150 nəfərlik silahlı fədai, çoxlu patron və başqa döyüş ləvazimatı göndərildi.

         Hacı Pişnamaz Məşrutə hərəkatında bir dini rəhbər kimi iştirak etməmişdi. O, mücahid kimi səngərlərdə vuruşmuşdu.

         Hacı Pişnamaz Məşrutə hərəkatının dönməz liderlərindəndir.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

00:33