Ənvər Çingizoğlunun yeni kitabı

Jurnalist-etnoqraf, respublikanın əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun yeni kitabı nəşr olunub. Yeni nəşr "Qarabağlı difaiçilər" adlanır.. Müəllif bu kitabda Qarabağ difaiçilərinin həyat və fəaliyyətlərini işıqlandırıb. Zəngin arxiv materiallarına, milli iftixarımız sayılan həmin şəxsiyyətlərin bəziləri ilə bağlı indiyədək aparılmış tədqiqatlara istinad edən müəllif maraqlı bir əsər ərsəyə gətirmişdir. Kitabda istifadə edilən sənəd və materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir.

Kitabın elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Şəhla Nuruzadə, redaktoru Vasif Quliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktoru ltifat Əliyarlı, tarix üzrə fəlsəfə doktoru, dosent  Mahal Qacar, tarix üzrə fəlsəfə doktoru Tofiq Həsənov, məsləhətçi Elman Mustafazadədir.

Əməkdaşımız müəlliflə görüşüb, yeni kitabına "xoşgəldin" deyib. Ənvər Çingizoğlu bildirib ki, "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri. Elman Mustafazadə ilə məsləhətləşib bu kitabı ərsəyə gətirib. Əvvəlcə E. Mustafazadənin yönəticisi olduğu "Xudaferin.eu" saytında difaiçilər haqqında birər-birər oçerklər verilib. Yazılar oxucular arasında populyarlıq qazandıqdan sonra kitaba çevrilib. 

Kitabda bildirilir ki, Əhməd bəy Ağayevin təşəbbüsü və yaxından iştirakıyla «Difai»nin Tiflis, Yelisavetpol və Qarabağda komitələri yaradıldı. Bu komitələr dərhal fəaliyyətə  başladı. Qarabağ komitəsinin əsas üzvləri kitabda əks olunub.

 

Xudaferin.eu

14:23