Qazı Mirzə Əli Axundzadə: “Difai” şəriət qanunlarına uyğundur

“Difai”nin mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəalardan biri də bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlikdən yaranan gücdən düşmən qüvvələrə qarşı istifadə etmək cəhdi idi. Həmin dövrdə milli təəsübkeşliyə əsasən dini tərəfdən baxıldığı və xalqın dini hisləri mühafizəkar olduğu üçün niyə də bu mühafizəkarlıqdan mütəşşəkil istifadə    edilməməliydi. Məhz buna görə də, Azərbaycanın demək olar ki, bütün qəzalarında fəaliyyət göstərən bu təşkilat tezliklə sayı minlərlə ölçülən ciddi güc təmayüllü milli partiyaya çevrildi.

         Mirzə  Əli  qazı Qarabağda tanınmış axundovlar soyuna mənsubdur. Bu soy öz mənşə etibarıyla Kəngərli elinin Əlixanlı oymağına bağlıdır. Bu oymağın əhalisi Qarabağ hökmdarı Pənahəli xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmindən (1747-1762) Cavanşir-Dizaq mahalının Sofihəsən yurdunda binələmişdi. Bu ünlü qazının ata-babaları da ruhani və qazı olmuşdular. Hamısının da şairliyi vardı. 

         Əli   Molla  Məhəmməd  qazı oğlu 1864-cü  ildə Şuşa qəzasının Vərəndə nahiyəsinin  Alıxanlı (Əlixanlı) obasında  dünyaya  təşrif  buyurmuşdu. İbtidai  təhsilini  atasından  almışdı. Sonra  Kərbəla və Kazımeynə yollanmışdı. Molla-müctəhid yanında ali savad almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qafqaz  ruhani  idarəsindən  axund  ünvanı  alandan  sonra Cəbrayıl qəzasında dini fəaliyyətə başlamışdı. Əvvəlcə prixod mollası təyin olunmuşdu. Aydınlıq üçün deyək ki, “prixod mollası və müəllimlik attestatı” imtahanları Qafqaz Canişininin 5 mart 1876-cı ildə təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan ötrü imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- Ə.Ç.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın oxusunda orfoepik normalara əməl etmək, cümə günü və dini bayram günlərində tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd qardaşlığı qohumluq dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid idi.

         Prixod mollası və müəllimin öz fikrini tatar (Azərbaycan-Ə.Ç. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.

         Rus və fars dilərində yazılmış imtahan protokollarının sonunda iddiaçının prixod mollası adına layiq olub-olmaması xüsusilə vurğulanırdı.

         Mirzə  Əli  qazı Axundzadə sonra Qafqaz Ruhani idarəsinin və Yelizavetpol ruhani məclisinin üzvü seçilmişdi.

         Mirzə  Əli Zəngəzur  və  Cəbrayıl  qəzalarının  qazısı  olmuşdu.

         Mirzə  Əli  qazı Axundzadə şair  idi. Dövrünün  şairləri  ilə  yazışırdı.

         Mirzə  Əli  qazının  şеirlərindən  bir  örnək.

 

Saqiya,  çox  günləri  mеyxanadə  küllənmişəm,

Məstəm,  canan,  mənə  mеy  vеrmə,  yaman  lüllənmişəm.

 

Gah Zülеyxa həsrətindən, gahi zillət məskənim,

Gahi Lеyli aşiqi, Məcnun tək çöllənmişəm.

 

Xaki-payi gün-güzarənəm dеmin aşiq mana,

Bağban qəhrin çəkib kərratla bеllənmişəm.

 

Əşqi    alim    danəsin   kuzində   əfşan   еdib,

Ömürlər   sərf   еyləyib,   axırda   sübüllənmişəm.

 

Nalələr   еdyaz   еdib    hicrində   zəhmətlər   çəkib,  

Kuzеyi   vəslin   xiyal  еtməkdə  bülbüllənmişəm.

 

Əl  götür  bu   xəttidən,  bu   xətti   xalidən…

Nеcə   ki,   mən   əl  götürdüm,   yaxşı   alillənmişəm,

 

Şеyx   Sənani   tək  bular   bu  xəlqi   məzhəbdən   еdər,

Çünki   mən   divanətək   bu   yolda   zəncirlənmişəm.

 

Əlini dilsiz bilib rəqiblər sеvinmiş,

Ruzеyi   vəslin   xiyal   еtməkdə   bulbullənmişəm.

 

         Mirzə  Əli  qazı Axunzadə hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Baba Tahir Üryani kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş.

         Mirzə  Əli  qazı Axunzadə 1906-1907-ci illər erməni-müsəlman davasında Qaryagin qəzasının qazısı idi. O, belə bir vəziyyətdə xalqı ardıcıl olaraq müqavimətə çağırırdı. Əhalinin müdafiəsini təşkil etmiş, hətta azğınlayan ermənilərə cavab da vermişdilər. Məmməd Səid Ordubadi yazır: " Müsəlmanlar kəndi tutduqdan sonra qarət edib yandırdılar. Ermənilərin bu müharibədə tələfatları həddən artıq olsa da, məlum edilməyibdir. Kənd tamam yandıqdan sonra müsəlmanlar qənimətlərini götürüb geri qayıdarkən yolda pusquda durmuş bir erməni firqəsinə rast gəlib atışmağa başladılar. Bu atışmada düşmənlər münasib mövqe tutduqlarından müsəlmanlardan 16 nəfər şəhid edildi.

         Bu müharibədən sonra üç-dörd gün sakit keçdi. Sonra hökumət bir az gözünü açıb uyezd rəisi tərəfindən qazi cənablarına sülh işarəsi verildi. Ağsaqqallar yığılıb

sülhə razılıq verdikdən sonra rəis də teleqramla erməniləri sülh üçün Güzlək kəndinə dəvət etdi. Sabahı gün rəis müsəlman ağsaqqallarını götürüb Güzlək müsəlman kəndi ilə qonşu olan və erməni mahalı Hadrut və Xunbabat yuvası ilə üç verst məsafədə yerləşən Kürd Mahmud adlı kəndə gedir.

         Bu vaxtda rəis Hadruta getdiyindən, müsəlman qəhrəmanları Kürd Mahmud

kəndində müsəlman ağsaqqallarının qadağanına görə evlərdə əyləşmişdilər. Sabit Hadrut ikinci sahəsinin pristavı Davıdov o sahənin strajnikləri ilə bir firqə erməni

götürüb Arış kəndinə hücum edirlər. Kəndin bir tərəfini odlayıb aradan çıxırlar.İki-üç saatdan sonra müsəlmanlar Saracıq kəndinə sülh üçün rəis hüzuruna dəvət edilirlər. Bu üsul ilə erməni-müsəlman Saracığa yığılıb sülh və barışığı bərpa edib dağılırlar". (Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, "Qafqaz" nəşriyyat evi, 2007. - 184 səh. s.41)

         Axund Mirzə Əli qazı «Difai» təşkilatının Qaryagin şöbəsinin başçılarından biri idi.

         Axund Mirzə Əli qazı dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. "Molla Nəsrəddin" jurnalı bir neçə dəfə ondan açıqfikirli, ziyalı ruhani kimi bəhs etmişdi.

         Mirzə  Əli  qazı Axunzadə "Tərəqqi" qəzetinin abunəçilərindən və müəlliflərindən biri idi. Həmin qəzetdə qazıdan və onun yaxşı əməllərindən yazılar var. 

         "Tərəqqi" qəzetində yazılır:

 

QARYAGINDƏN

Cəmaətimizin məişətinə dair

         Necə ki, məlumdur  müsəlman hər yerdə elmə kəm etimallı olublar: Əl-əlxüsus bizim Qaryagin mahalında, belə ki, bu vaxtadək bu mahalda bir məktəb, bir mədrəsə olmayıb. Ancaq bu ildə burada bir "Əkbəriyyə" adlı məktəb təmir edilib küçələrdə avara və sərkərdan gəzən müsəlman uşaqları gedib yavaş-yavaş oxumağa meyl edirlər.

         Amma kəndistan əhli hala bilməyib ki, elm, sənət vacibdir və nə deməkdir və millətpərəstlər neçə dəfələr ilə xəbər ediblər ki, kəndlərdə məktəb açsınlar. Heyif ki, molla-nümalarımız bais olub qoymuyublar: ələlxüsus (Horovlu və onun yaxınlığında bir para kəndlər var ki, onlara (ələllahi) deyirlər.

         Bu vəqtədək onlara demək qeyri-mümkün olub ki, məktəb açın uşaqlarınızı oxudun! Amma neçə gün qabaq mahalımızın qazisi cənab Mirzə Əli Axundzadə gedib neçə gün o kəndlərdə qalıb nə əziyyət ilə vəz, nəsihət etmək ilə onları başa salıb

ki, dünyada elmi olmayan insan insan degil.

         Xudavəndi-aləm qazinin nəfsinə təsir vermiş kimi cəmaət sözlərinə razı olublar və sonra məktəbi qəbul edib, bir gündə məktəbin nəfinə iki min yeddi yüz manat cəlb ediblər. Və pul verənlərin cümləsindən bir xanım "Özü" on manat verib deyib ki, cənab qazi bu on manat öz əlimin zəhmətidir.

         Haman gün qırx uşaq siyahısı veriblər ki, məktəbdə oxusun. Oradan cənab qazi gedir (Horadiz) kəndinə, orada da bir məktəb binası qoyub və məktəbin nəfinə əlli çuval buğda zəkat cəm edib və həmin kəndlər cəmaətə xəbər edib ki, bundan sonra gərək hər bir kənddə məktəb olsun və hər kəsin zəkatı olsa məktəbə versin və təmam kəndlərdə cəmaəti qəbul ediblər.

         Xudavəndi-aləm bu cürə qazilərimizin ·msalını müstəcəb eyləsin. Amin.

         Cəbrail.

         İdarədən: İbrət olsun o biri qazilərimizə. ("Tərəqqi" 1909, ¹224, 5 oktyabr)

         Mirzə  Əli  qazı Tavad xanım Məhəmməd bəy qızı ilə ailə qurmuşdu.  Salеh,  Səttar,  Məmməd,  Cavad, Camal adlı  oğulları,  Ziba  xanım  və  Pakizə  xanım  adlı  qızları vardı.

Bildirməliyik ki, "Difai" partiyası Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-siyasi bir qurum olub və şəriət qanunlarına uyğun fəaliyyətini tənzimləyib. Əsas məqsədlərdən biri də xalqın milli şüurunun oyanması, elmin inkişafı olub. Təbii ki, milyonlarla azərbaycanlı qanına susayan, onlara işgəncə və ölüm gətirən böyük rütbəli çar zabitlərinə qarşı da amansız olub. Dinimizi, müqəddəs məkanlarımızı təhqir edənləri layiqli formada cəzalandırıb.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

12:17