Allahverdi Hacı Pənahalı oğlu: şərəf şərdən üstündür..

XX əsrin əvvəllərində Azərbaycanda erməni millətçiləri tərəfindən qətliamlar törədilir, əhali qırğınlara, qarətlərə məruz qalırdı. Ruslar tərəfindən silahlandırılan ermənilər  Qarabağda yaşayan silahsız  türk-müsəlmanlara, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirdilər. Bu özbaşınalıqlara qarşı 1905-ci ildə Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu Bakıda “Fədai” adlı gizli bir cəmiyyət yaratdı. Bu cəmiyyətin qolları Qarabağa da uzandı. Əhalini müdafiə etməyə başladı. Müdafiəçilərdən biri də Allahverdi Hacı Pənahəli oğlu idi.

Allahverdi Qarabağda, Şuşada tanınmış pənahalılar soyundandır. Bu soyun ulu babası Pənahalıdır. O, Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində anadan olmuşdu. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyəti cərgəsində idi. Xırdapara ticarətlə məşğul idi.

Pənahalının Allahverdi, Namazalı adlı oğlanları vardı.

Allahverdi Pənahalı oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Xırdapara ticarətlə məşğul idi. O, Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirin rəiyyəti cərgəsində idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

         Kərbəlayı Allahverdi Səkinə ilə yaşam qurmuşdu.  Pənahəli, Fərzəli, Qasım, Zeynal adlı oğlanları vardı.    

         II Pənahəli Kərbəlayı Allahverdi oğlu 1814-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Evləri “Dərəqırağı”nda yerləşirdi. Məhəllə mollaxanasında oxumuşdu. Ticarətlə məşğul idi. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirin rəiyyəti cərgəsində idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.

         Hacı Pənahəli Ayna ilə ailə qurmuşdu. Allahverdi, Səməd, Əhməd adlı oğlanları, Tükəzban, Şirin adlı qızları vardı.

         II Allahverdi Hacı Pənahalı oğlu 1850-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. Ticarətlə məşğul idi. O, Bərdə şəhərinə köçmüş və bazarda bir neçə dükan almışdı.

         Allahverdi Hacı Pənahalı oğlu  “Difai” partiyasının və “Qarabağ Birlik məclisi” təşkilatının üzvü idi. Onu bu təşkilatlara şuşalı Məşədi Şamil Hacıyev cəlb etmişdi. Partiyanın işi haqqında onu təlimatlandırmış, üstəlik də tapşırmışdı ki, inanıb-etibar etdiyi adamlardan özünə həməqidə toplasın. Toplanan şəxslər özlərinə, Difai partiyasına başçı seçmişdilər. Başçı əslən bərdəli Məşədi Mehdiqulu Hacı Şərif oğlu idi. O, Bərdənin tanınmış, köklü nəslinə mənsub olduğundan el içində hörməti vardı.  Partiyanın özək üzvləri isə müəllim Musa Quliyev, Huseynəli Kərbəlayı oğlu, Molla Həbib Kərbəlayı Mehdi oğlu, mülkədar Məşədi Zeynalabdin bəy Əhməd bəy oğlu və tacir Allahverdi Hacı Pənahəli oğlu  idi.

         1907-ci ilin ortalarından Difainin bölməsi “Qarabağ Birlik məclisi” adlanırdı. Cavanşir qəzasının rəisi 1907-ci il dekabrın 7-də Yelizavetpol qubernatoruna məktubunda yazırdı ki, “Qarabağ Birlik məclisi” müsəlmanların “Hidayət” xeyriyyə cəmiyyətinin himayəsi altında yaradılmışdır. (Документы по русской политике в Закавказье, с.35.) “Qarabağ Birlik məclisi” Bərdəni də əhatə edirdi. (ГИААР: ф.524, оп.1, д.15, л.2-7.)

         Cavanşir qəza rəisi yazır: “Məclis pul cərimələri almaq və həbs cəzaları tətbiq etmək yolu ilə əhali arasında mal-qara oğurluğunu yox dərəcəsinə endirmişdi, quldurluq halları azalmışdı. O daha sonra yazır: “Məclisin xidməti ondan ibarət idi ki, o xalqın öz günahlarının ona çox baha başa gəlməsini görərək belə halların qarşısını almağa baş lamışdı. Cinayət xarakterli yeni işlərlə yanaşı on ilə qədər əvvəl baş vermiş köhnə işləri də araşdırırdı. Bundan əlavə, cavabdehdən cərimə tutulur, bu məbləğ partiyanın xəzinəsinə daxil olurdu”. (Документы по русской политике в Закавказье, с. 35.)

         “Difai”nin əsas hədəfi Azərbaycan xalqına qarşı ermənilərlə birgə cinayətlər törətmiş yüksək rütbəli məmurlar idi. Partiyanın təşkilatçıları «Daşnaksyutun» partiyasına layiqli müqavimət göstərə biləcək güclü təşkilat yaratmaq niyyətində olsalar da,  fəaliyyət göstərdikləri dövrdə əsasən rus idarəçilərinə qarşı mübarizə aparmışdılar.

         Difaicilər belə hesab edirdilər ki, baş verən hadisələrin əsas təqsirkarı hökumət orqanlarıdır. Terror aktlarının həyata keçirilməsi üçün “Difai”nin döyüş təşkilatlarından xüsusi döyüşçülər qrupu seçilir, onlar partiyanın bu və ya digər qərarının icrasını təşkil edir və həyata keçirirdi. Bu qrupun üzvləri əvvəlcə and içirdilər. Cavanşir qəzasının rəisinin raportunda deyilirdi: “Umumi anddan əlavə, partiyanın agentləri hər bir kənddə 2-3 şəxs seçir və onları xüsusi and içməyə məcbur edirlər. Güman etmək olar ki, həmin şəxslər partiya üzvlüyünə qəbul edilir və yaşadıqları yerlərdə həm terror aktlarının həm də partiyanın başqa sərəncamlarının icraçıları olacaqlar”.  (Документы по русской политике в Закавказье, с.8.)

         Əslən Saatlı kəndindən olan mülkədar, quberniya katibi, pristav İsmayıl bəy Tağıbəyov çar məmuru kimi təşkilatın fəaliyyətini izləyirdi. Ona bir neçə dəfə xəbərdarlıq edilmişdi ki, əməlindən əl çəkməsə, sərt qaydada cəzalanacaqdır.

         Bütün mübarizəsini Azərbaycanın düşmənlərinə qarşı yönəldən «Difai» partiyası 1909-cu ilin ortalarına qədər  mücadiləsini davam etdi. Deyilənə görə, «Difai»nin qisasından əməlli-başlı gözü qorxmuş çar hökuməti nümayəndələri, o illər özlərini türk-müsəlmanlara sevdirməyə çalışırdılar.

         Sonra əhaliyə qarşı repressiya başlandı. Seçib-saytallayıb, qoçaq-qəhrəman oğulları, ağır-ağsaqqal başbilənləri dənləyirdilər.

Bərdəli mülkədar İsmayıl bəy Tağıbəyovun rotmistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökümətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с. 294.)

         Allahverdi Hacı Pənahalı oğlu  həbsdən buraxılandan sonra Bərdədə ticarətlə məşğul olmuşdu.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

 

 

 

15:47