Hacı Abbas Ağah: “Məclisi-üns”ün yiyəsi..

Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Bu dövrün ədəbi simaları arasında Hacı Abbas Ağahın da öz yeri var.

         Hacı Abbas Ağah Şuşada, Qarabağda məşhur olan hüseynovlar soyuna məxsusdur. Bu soyun ulu babası Hüseyndir. Hüseyn XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərinin Saatlı məhəlləsində yaşamışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

         Kərbəlayı Hüseyn Gülpəri ilə ailə qurmuşdu. Məmmədhəsən, Məhərrəm adlı oğlanları vardı.

Kərbəlayı Hüseynin ikinci oğlu Məhərrəm 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Məhərrəmin Şuşa şəhərində karvansarası vardı. Tarixçi Baharlı yazır: “Bir qitə karvansara - timçəli. Hacı Məhərrəm təmir edib. Əvvəlinci karvansara budur və günbəgün abaddır. Bunun timcəsinin xərci vəqfdir ki, hər il on gün məhərrəm həmən timcədə təziyeyi imam Hüseyn saxlarlar. Onun mədaxilini imam ehsanı edərlər”. (Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1991)

Hacı Məhərrəm 1858-ci ildə vəfat edib.

Hacı Məhərrəm Bacıxanım və Xədicə Molla Qədim qızı ilə ailə qurmuşdu. Abbas, Məmməd adlı oğlanları, Şəkər, Zibeydə adlı qızı vardı.

Abbas Hacı Məhərrəm oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Ticarətə məşğul olmuş, II gildiya dərəcəsini almışdı.

Hacı Abbas Şuşa ədəbi mühitində tanınmış şairlərdən idi. Agah təxəllüsü ilə ruhsar şeirlər qələmə alırdi. Şəhərdə fəaliyyət göstərən "Məclisi-üns” ədəbi məclis onun evində qərar tuturdu.

Mir Möhsün Nəvvab onun haqqında yazır: “Hacı  Abbas  rəhmətlik  Hacı  Məhərrəmin  oğlu  Qarabağın  Şuşa  əhalisindəndir,  orada  da  anadan  olub.  Yaşı  təqribən  56-57  olar.  Karvansaraları  və  dükanları  var.  “Məclisi-üns”ün  üzvlərindən  biridir.    Çox  vaxt  farsca  və  Azərbaycanca  qəzəllər,  qəsidələr,  tərci-bənd  məsnəvilər və  sairə  yazır.  Bəzi  məsnəviləri   mənim   “Məclisi-üns”lə  sual-cavabım  əsasında  yazılıb.  Ancaq  divanı  yoxdur,  şeirləri  pərakəndədir.  Təxəllüsü  Agahdır.  İşlərində  çox  ləng  və  ağır  tərpənəndir.  Belə  ki,  kağız  göndərmişdim   ki,  şeirlərindən  seçib,  öz  dəsti-xətti  ilə  bu  təzkirəyə  köçürsün.  Məni  bir  il  məəttəl  qoydu.  Mən  təkrar  və  təkid  eləməkdən  yoruldum.  Axır   əlacsız  qalıb   aşağıdakı  şeirləri  yazdım. 

1310-cu  il  rəbbi-ül  əvvəl  ayı  (1910   miladi)”. [Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan”, 1998, səh.370].

 

Arizin görmək ilə tərk-i dil ü can etdim,

Bağrımı ləblərinin şövqi ilə qan etdim.

Tərk-i can eyləyibən hüsnünə mayil oldum,

Oəmü dərdini könül şəhrinə mehman etdim.

Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,

Şükrlillah kim, onu tazə müsəlman etdim.

Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,

Zövq-i müjkanını dil dərdinə dərman etdim.

Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,

Didədən əşq sər-i kuyinə əfşan etdim.

Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,

Zülfünün şərhini sərdəftər-i divan etdim.

Küfr-i zülfünlə tutub üns könül müddətdir,

Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.

Görəli gün kimi rüxsarını min izzət ilə,

Gətirib mehrini dil mülkünə sultan etdim.

Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,

Bivəfa yar, səninlə belə peyman etdim?

 

Hacı Abbasın böyük kitabxanası vardı. Bu kitablardan biri Mirzə Əbülhəsən xan Elçiyə aid idi. Mirzə Əbülhəsən xan ibn Mirzə Məhəmmədəli xan Tair Şirazi h.1192 (=1778)-ci ildə anadan olmuş, h.1247 (=1831)-ci ildə Kirmanşahda taun xəstəliyindən vəfat etmişdir. O, məşhur siyasətçi, Ağaməhəmməd şah Qacarın və Fətəli şahın vəziri İbrahim xan Etimadüddövlənin bacısı oğludur.

Divanın həmin nüsxəsi ağ, saya vərəqlərə injə nəstəliq-şikəstə xətti ilə iki sütunda, qara mürəkkəblə yazılmışdır (ölçüsü: 12x20 sm., həjmi: 218 vərəq). Qəhvəyi rəngli medalyonlu cildi vardır. Əlyazmaya qəsidə, qitə, qəzəl, rübai və fərdlər daxil edilmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə XIX əsrdə köçürüldüyü ehtimal olunur.

1a vərəqindəki qeyddən məlum olur ki, əlyazma Şuşada h.1332 (=1913)-ji ildə istehsal olunmuşdur. Abidədə Bəhmən mirzənin qeydləri və üzərində «Bəhmən ibn Naibüssəltənə Abbas mirzə Qacar» sözləri olan möhür, Abbas ibn Hacı Məhərrəmə məxsus qeyd və möhür də  vardır.

Hacı Abbasın Əli adlı oğlu vardı.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

16:57