Əbdüləli bəy Vəlibəyov: “Qraf” ləqəbli pedaqoq

Müasir gənclər üçün  bir örnək ömür axtarışında olarkən ən çox diqqətimizi böyük insan, görkəmli ictimai xadim, dəyərli pedaqoq, tanınmış aktyor  Əbdüləli bəy Vəlibəyov çəkdi.

Əbdüləli bəy Qarabağda, Şuşada tanınmış vəlibəyovlar soyundandır. Bu sоyun ulu babası Hacı Vəli bəy Kəbirlidir. Hacı Vəli bəy XVIII yüzilin sоnunda, XIX yüzilin önündə yaşamışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adıyla adlanan Hacıvəlilər оbasını idarə edirdi. Bu oba Kəbirli mahalında qərar tuturdu.

         Hacı Vəli bəyin törəməsi Vəlibəyоv sоyadını daşıyırlar.

         Hacı Vəli bəy Səlbi xanımla ailə qurmuşdu. Haqverdi bəy, Şıxhəsən bəy, Məmmədbağır bəy, Qasım bəy adlı оğulları vardı.

Hacı Vəli bəyin dördüncü оğlu Qasım bəy 1817-ci ildə Şuşa şəhərində anadan оlmuşdu.

         Qasım bəy 1842-ci ildə vəfat edib.

         Qasım bəy Pərizad xanımla ailə qurmuşdu. Qasım bəy adlı оğlu, Gülüş xanım, Əzət xanım adlı qızları vardı.

         II Qasım bəy 1842-ci ildə  Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi.

         II Qasım bəyin Əbdüləli bəy, Əbdürrəhim bəy, Əbdülkərim bəy, Yusif bəy, Heybət bəy, İldırım bəy, Bahadur bəy adlı оğulları vardı.

         Əbdüləli bəy Qasım bəy oğlu  1862-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Öncə molla yanında İbtidai təhsil almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. Zaqafqaziya (Qori) Müəllimlər seminariyasına qəbul olmuşdu. Seminariyanı tamamlayandan sonra müəllim işləmişdi. Qarğabazar kənd məktəbində müəllim işlədiyi məlumdur. Vəkillik fəaliyyəti ilə məşğul olmuşdu.

Əbdüləli bəy Vəlibəyov 1917-ci ildə Bakıdakı 8-ci rus-tatar məktəbində müdir işləmişdi. 1920-ci ildə XMK-nın yarımməktəb bölməsinin təlimatçısı, 1921-ci ildə Bakı 1-ci dərəcəli 39-cu sovet məktəbinin müdiri vəzifələrində çalışmışdı.

Görkəmli maarif xadimi Əlməmməd Əbdüləli oğlu Mustafayev (1883-1976) xatirələrində Əbdüləli bəy Vəlibəyovun maarifçilik fəaliyyətini çox yüksək qiymətləndirmişdir: "Səkkizinci rus-tatar məktəbinin müdiri Əbdüləli bəy Vəlibəyovdur. Qori seminariyasının məzunlarındandır. Özü də bir qədər lovğadır. Buna görə də onu "qraf Vəlibəyov" çağırırlar. Bu adam seminariyanı bitirdikdən sonra xeyli müddət Stavropol şəhərində rus dili müəllimi işləmişdir. Bakıda onun məktəbi nümunəvi hesab olunur. Çünki Vəlibəyov qaydaları gözəlcəsinə bilir. Baxmayaraq ki, onun məktəbi "Güllü dərə" rayonundadır (müəllif etik qaydalara görə söz birləşməsinin birinci tərəfini dəyişmişdir), şəhərin geridə qalmış yerindədir, ancaq məktəbdə səliqə-sahman, təmizlik, təzəlik yarada bilmişdir. İctimai işlərdə iştirak etmir. Sənəti məktəbdarlıqdır” (Mustafayev Əlməmməd. Xatirələr,hekayə və felyetonları. Bakı,Yazıçı,1985., s.90-91).

"Qraf Vəlibəyov"- Əbdüləli bəy Vəlibəyov 1904-cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi. Bakıya dəvət olunan qardaş - Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya (Cənubi Qafqaz) Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi. Əbdülkərim bəy Vəlibəyov burada səkkiz il kənd məktəbinə başçılıq etmişdir. (Nazim Nəsrəddinov, Tağıyevin unudulmuş 110 yaşlı ibtidai məktəbi, Kaspi.-2014.-23 aprel.-S.10)

XX əsrin birinci yarısında Azərbaycanda məktəb, təhsil, pedaqoji işlə bağlı elə bir məclis və yığıncaq olmayıb ki, Əbdüləli bəy Vəlibəyov orada iştirak etməsin, orijinal fikirləri, yeni pedoqoji ideyaları ilə həmkarlarının diqqətini cəlb etməsin, səmərəli və ağıllı təklif irəli sürməsin.

XX əsrin önlərində müəllimlər qurultayı keçirilmişdi. Bu qurultayda Əbdüləli bəy Vəlibəyov da iştirak etmişdi.

Müəllimlər qurultayının qarşıya qoyduğu vəzifələrdən biri də   1907-ci ildə keçirilməsi nəzərdə tutulan müəllimlər qurultayına hazırlığın təşkili məsələsi idi. Bu­nun üçün H.Zərdabi (sədr), F.Ağazadə, M.Mahmudbəyov, S.Axundov, M.Əfən­­diyev, Ə.Və­libəyov və başqalarından ibarət 16 nəfərlik komissiya yaradıl­dı. Qurultayın əhatə dairəsinin genişliyini təmin etmək üçün Yelizavetpol quberniyasının mərkəzində - Gəncədə keçiril­mə­si nəzərdə tutulan təşkilati məsələlər həll edildi. Proqram və gündəliklər hazırlanmışdı.

Qurultaya icazə almaq məqsədilə 1907-ci il martın 24-də Yeli­zavetpol quberniyasının qubernatoruna ərizə ilə müraciət olun­muşdu. Aprelin 11-də mətbuatda bildirilir ki, Gəncədə 1907-ci ildə keçirilməsi nəzərdə tutulan Azərbaycan müəllimlərinin II qurultayının iyunun 1-dən 15-dək davam etməsinə Qafqaz canişini icazə verilib. («Tazə həyat» qəz., 11 aprel 1907.)

Azərbaycanda məktəblər çoxaldıqca kitabxanalara və oxu zallarına olan tələbat da artırdı. İlk kitabxanalar 1856-cı ildə Şamaxı və Şuşada, 1868-ci ildə Yelizavetpolda, 90-cı illərdə – Qubada, Bakıda, Lənkəranda meydana gəldi. Azərbaycanın mədəni həyatında Bakıda Qarabağlı müəllim Əbdüəli bəy Vəlibəyov tərəfindən yaradılmış ilk rus-Azərbaycan oxu zalı böyük önəm daşıyırdı.

Əbdüləli bəy Vəlibəyov istər “İrşad”da, istərsə də “Dəbistan”, “Məktəb” kimi o dövrün ictimai rəyində rezonans doğurmuş jurnallarında ailə, təhsil mədəniyyətini, mükəmməl tərbiyəni özü üçün əsas tematika seçmişdi. Bu mətbuat orqanlarındakı yazılarında ailə tərbiyəsi üzərində ayrıca dayanırdı. Onun yazıları ailə tərbiyəsini bəsit anlamda deyil, milli tərəqqi yolunda bir vasitə rolu kimi qiymətləndirir. Onun bu mövzudakı yazıları ailə mühitinin qadın azadlığına, cəhalətə qarşı mübarizənin vacib forması kimi başa düşülür. Publisistin bir sıra elə yazıları var ki, bu günümüz üçün də aktuallıq kəsb edir.

Əbdüləli bəy Vəlibəyov həvəskar aktyor idi. 1895-ci ilin yanvarında N.Nərimanovun "Nadanlıq" pyesi tamaşaya hazırlanmışdı. Bu tamaşada o, İmran rolunu ifa etdi. Bundan sonra o, 1897-ci ildə N.Qoqolun "Müfəttiş" komediyasını tərcümə edərək oktyabrın 15-də quruluş verdiyi bu tamaşanı tamaşaçılara təqdim etdi. Bu tamaşada Nərimanov Bələdiyyə rəisi – rolunu çox böyük məharətlə ifa edirdi. Bu tamaşada Osip rolunda Köçərlinski, Dobçinski – Bədəl bəy Bədəlbəyov, Bobçinski – Əbdüləli bəy Vəlibəyov və digərləri ifa edirdilər. (http://azteatr.musigi-dunya.az/file?id=143&dt=1158)

Müsəlman dram dəstəsi 1901-ci il yanvarın 10-da Tağıyev teatrının bi­nasında, Orucluq bayramı münasibətilə Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşasını oynamışdı. Əsərə səhnə quruluşunu Əbdürrəhim bəy özü vermişdi. Əsas rollarda Əbdüləli bəy Vəlibəyov, Hacı bəy Axundov, Əliəkbər Əliyev və başqaları oynamışdılar.

“Kaspi” qəzeti 12 yanvar 1901-ci il sayında yazırdı: “Müsəlman dram truppası bütün qüvvəsini sərf etməlidir ki, Bakı müsəlmanları insanların mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayan teatra gəlsinlər... Bu işdə cənab Əbdürrəhim bəy Haqverdiyevin xidmətləri xüsusi qeyd edilməlidir”. (“Kaspi” qəzeti 12 yanvar 1901-ci il)

Əbdüləli bəy Vəlibəyov Zəkəriyyə bəy Aslanovla dostluq edirdi. Tədqiqatçı Vasif Quliyev “Bakıda bir müəllim vardı” məqaləsində yazır: “Qori seminariyasının məzunu Zəkəriyyə bəy Aslanov təyinatla bir müddət doğma Şuşada işləyəndən sonra müəllim yoldaşlarının təkidi ilə XX yüzilliyin başlanğıcında həmişəlik Bakıya köçdü və şəhər məktəblərinin birində pedaqoji fəaliyyətini davam etdirməyə başladı. Elə həmin vaxtdan da bu xalq müəlliminin evi azərbaycanlı ziyalıların müqəddəs ziyarətgahına çevrildi. Mahmud bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Əbdüləli bəy Vəlibəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə kimi dövrün görkəmli pedaqoqları vaxtaşırı onun mənzilinə toplaşır, məktəbdən, maarifdən, elmdən, təhsildən danışır, xalqın balalarının gələcək taleyi barədə söhbət açırdılar. Zəkəriyyə bəyin o vaxtlar hələ kiçik olan övladları atalarının bu maarifçi dostlarının söhbətlərinə diqqətlə qulaq asır, ürəklərində gələcəkdə oxumaq, savad almaq arzuları cücərirdi. Bir sözlə, bu toplantılar, bu söhbətlər onlar üçün bir məktəb rolunu oynayırdı”. (Quliyev V. 'Mənim babam kim olub?' Bakı, Şuşa nəşriyyatı, 2001)

         Əbdüləli bəyin Novruz bəy, Arif bəy adlı oğlanları, Validə xanım, Səbirə xanım adlı qızları vardı.

         Bir qənaətə görə, nə qədər ki, yer üzündə xeyirxah, əməlisaleh insanlar, millətinin işıqlı sabahı naminə ömrünü şam kimi əridən müəllimlər, ziyalılar var, o daim xatırlanaraq, yad ediləcəkdir.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:35