Məhəmməd ağa Əbraxanov: Batmanqılıncın xeyriyyəçi nəvəsi

Məhəmməd ağa kökcə Dünbili elininin Hacıbəyli oymağındandır. Qarabağda, Şuşada məşhur olan əbraxanovlar soyuna mənsubdur.

Ulu babası Batmanqılınc Cəfərqulu xan Əhməd xan oğlu Xanxoyskidir. Xoy və Şəki xanlıqlarının hakimi olmuşdu.
Cəfərqulu xan Xoyski 1814-cü ildə vəfat edib. 
Cəfərqulu xan Xoyski Şərəfnisə bəyim, Səltənət bəyim, Gövhər ağa ilə dünya evinə girmişdi. Əhməd xan, İsaq paşa, İsmayıl xan, Əbuturab xan adlı oğlanları, Sara bəyim adlı qızı vardı.

Babası Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Anası Şərəfnisə bəyimdir. Saray təhsili almışdı. Əzət bəyim İbrahimxəlil xan qızı ilə ailə qurandan sonra Şuşa şəhərinə köçmüşdü.
Əbuturab xan Qarabağda Əbra xan kimi tanınırdı.
Əbuturab xan Dünbili 1846-cı ildə vəfat edib.
Əbuturab xan Dünbili Əzət (İzzət) bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailə qurmuşdu.Ata xan adlı oğlu, Bəyim xanım, Şərəfcahan bəyim, Tubu bəyim adlı qızları vardı.

Atası Ata xan Əbuturab xan oğlu 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Böyük mülkədar idi.
Ata xan 1885-ci ildə vəfat edib.
Ata xan Böyük bəyim Nəcəfqulu ağa qızı Cavanşirlə ailə qurmuşdu. Məhəmməd ağa adlı oğlu, Züleyxa bəyim, Şirin bəyim, Ziba bəyim, Qəmərnisə bəyim, Fatma bəyim, İzzət bəyim adlı qızları vardı.

Məhəmməd ağa Ata xan oğlu Əbraxanov 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. 
Məhəmməd ağa Əbraxanov böyük mülkədar idi. İrsən Qarabağda bir neçə oba və kəndə yiyəlik edirdi. Həmin kəndlər: Qazançı, Xənəzək, Sarov, Qaybalıkənd, Xanbağı, Kosalar. (ГИАР, ф.122, оп.1, д.15, л.18)

Məhəmməd ağa Əbraxanovun Xənəzək kəndində karvansarası və dükanları vardı.
Məhəmməd ağa Əbraxanov 15 fevral 1896-cı ildə gümüş medalla təltif edilmişdi. (ГИАР, ф.122, оп.1, д.15, л.1 а) Рəmin ilin iyun ayının 27-də III dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülmüşdü. (ГИАР, ф.122, оп.1, д.15, л.3)

Məhəmməd ağa Əbraxanov 1897-ci ildə ümumrusiya əhali sayımında aktiv iştirak etdiyinə görə, may ayının 7-də medalla mükafatlandırılmışdı. (ГИАР, ф.122, оп.1, д.15, л.4)

Məhəmməd ağa Əbraxanov XX əsrin önlərində şosse yolunun çəkilməsinə xeyli vəsait sərf etmişdi. (ГИАР, ф.122, оп.1, д.19, л.18)

Məhəmməd ağa Əbraxanov Malıbəyli kənd məktəbinin hamisi idi. (ГИАР, ф.122, оп.1, д.15, л.18-19)

Məhəmməd ağa Əbraxanov Şuşa Real məktəbinin davamlı dəstəkçilərindən idi. 

Məhəmməd ağa Əbraxanov Rusiyada oxuyan Azərbaycanlı tələbələrin nəfinə  xeyli vəsait ayırmışdı. (ГИАР, ф.122, оп.1, д.19, л.14)

Məhəmməd ağa Əbraxanov Rusiya Qırmızı xaç cəmiyyətinə maddi yardım edirdi. 

Məhəmməd ağa Əbraxanov 1905-1907-ci illər erməni-müsəlman davası dövründə sülh komissiyasının üzvlərindən biri idi. (ГИАР, ф.122, оп.1, д.15, л.1а)

Mir Möhsün Nəvvab yazır ki, Erməni quldur dəstələri Xənəzək kəndinə də basqın etmişdilər. Məmməd ağa Ata xan oğlunun bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağların ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. (Mir Möhsün Nəvvab. «1905—1906-cı illərdə erməni-müsəlman davası». — Bakı, «Azərbaycan». nəşriyyatı, 1993. — 128 səh. s.38)

Məhəmməd ağa Əbraxanov 1912-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının qubernatoru tərəfindən Şuşa seçki dairəsinə üzv təyin edilmişdi. 

Məhəmməd ağa Əbraxanov 1914-cü ildə İmperator Qafqaz Kənd Təsərrüfatı cəmiyyətinin Yelizavetpol (Gəncə) şöbəsinin, Meşə Mühafizə komissiyasının üzvü idi.

Məhəmməd ağa Əbraxanov 1930-cu ildə Şamaxı şəhərinə sürgün edilmişdi. 

Məhəmməd ağa Əbraxanov 1936-cı ildə Şamaxı şəhərində vəfat etdi.

Məhəmməd ağa Əbraxanov Ziba bəyim Behbud bəy qızı Cavanşirova ilə həyat qurmuşdu. Sonra isə Kərkicahan kəndindən Mina xanımla dünya evinə girmişdi. Birinci nikahdan Bəhram ağa, Bəhmən ağa, İmran ağa, Novruz ağa, Əkbər ağa adlı oğlanları, Dilarə bəyim, Ağca bəyim, Dilquşa bəyim, Füruzə bəyim, Dürdanə bəyim adlı qızları, ikinci nikahdan Rəşid ağa adlı oğlu, Qumru bəyim, Afərin bəyim, Teyhu bəyim və Tamara bəyim adlı qızları vardı.  

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

19:19