Şuşa şəhərinin ilk sakinlərindən biri – Pənci

Bəllidir ki, Şuşada yaşayan insanlar uzunömürlü olurlar. Çünki buranın havası və suyu təmizdir. Həmçinin burada insanlar çox hərəkətdə olurlar. Qida məhsulları da orqanikdir.

            Şuşanın ən uzunömürlü şəxslərindən biri də Məşədi Pəncəli Əli oğludur. O, Şuşa şəhərinin, Pənahabad qalasının ilk bünövrəsini qoyanlardan idi.

Pəncəli Əli oğlu 1735-ci ildə Təbriz  şəhərində dоğulmuşdu. Ailədə Pənci çağrıldığından bu adla tanınmışdı. Molla yanında oxumuşdu. Sənətlə ilgilənmiş, yəhər ustası – sərrac olmuşdu. Atası ilə bərabər Pənahəli xan Sarıcalı-Cavanşirin dəvəti ilə Bayat qalasına, ordan Şahbulağa, sonra isə Pənahabad qalasına gəlmişdi. Şuşa şəhərinin Təbrizli məhəlləsində məskunlaşmışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Pənci yüz yaşı yıxıq salmışdı. Yumağa dönəndə Qasım bəy Zakir yazmışdı:

 

Saqqal  dönüb  süməkə,  söyləmə,  Zakir,

       Qəflətdən  ayıl  sən!

Sövdayı-qiyamətdə  gərək  ər  ola  mahir.

       Taət  yolun  öyrən.

Qorxum  burasıdır  ki,  olam  Pənci  tək  axır,

        Baqqal  daşı  yek  mən.

Köçmək  dəmidir,  yatma,  kişi  çapakü  şakir 

        Dur,  düş  yola,  tərpən!

Bihörmət  ikən  çarə  odur  mərgi  arayım,

       Şayəd  ola  qısmət.

 

            XIX əsrdə Şuşada qocalara sataşanda bu deyimi işlədirdilər: “Ə, bədbəxt oğlu, yumağ olub, Məşədi Pənciyə dönmüsən?”                   

Məşədi Pənci 1857-ci ildə vəfat edib.

Məşədi Pəncinin Həsən, Məmmədəli adlı oğlanları vardı.

Bu il Şuşa ili elan olunduğundan sovqatlarımız çox olacaq. Siz oxumaqda olun..

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

 

 

16:52