Hacı Səttar Quliyev: mahud çuxalı qohum..

Şuşa şəhəri XIX əsrdə Qafqazda ticarət mərkəzi kimi inkişaf etməyə başlamışdı. Şuşa tacirləri Tiflis, İrəvan, Təbriz, Ərdəbil, Məşhəd, Xorasan, Tehran  və başqa şəhərlərin tacirləri ilə ticarət əlaqələrini genişləndirdilər. Rusiyanın böyük şəhərləri ilə ticarət əlaqəsi qurmuşdular.

Tiflisdən Şuşaya çit, güllü pambıq parçalar, mahud, müxtəlif rəngli pambıq parçalar, zolaq-zolaq parçalar, sarı rəngli qalın və kobud pambıq parçalar, qırmızı boyaq, Bakıdan dəmir, yazı kağızı, neft, müxtəlif şüşə, çini qablar, duz, zəfəran, mazut gətirilirdi. Dərbənddən qızıl boya (marena), Şəkidən tüfəng, əldə toxunma mahud şal, xalçalar və s., Gəncədən zəy və meyvələr, Naxçıvandan qalın kətan parça və duz, İrəvandan duz, Ərdəbildən "burmet" arçalar və s. gətirilirdi. Qarabağ hələ qədimdən Azərbaycanın mühüm iqtisadi mərkəzi olan Təbriz şəhəri ilə müntəzəm icarət əlaqələrinə malik idi. Təbrizdən Şuşaya ildə 300 yük güllü parça (burmet), 300 yük bez (ağ parça), 1000 arşın qanauz (ipək parça), 600 ədəd göy tafta, 1000 ədəd göy örtük, 2000 ədəd ipək yaylıq, müxtəlif rəngli Təbriz şərfləri, yorğan üzü və s. idxal edilirdi. Təbrizdən həm də istiot, darçın, qərənfil, badam, quru meyvələr, İran şəkəri, həna, tumac, Şiraz tütünü və s. kimi mallar daxil olurdu. Xoy və Urmiya vilayətləridən Şuşaya qumaş, bez, çit və "burmet", Şamaxıdan müxtəlif ipək parçalar, qırmızı boya, qəhvə, Yəzddən müxtəlif ipək məmulatı və pambıq örtükləri, Ərdəbildən qalın pambıq parça gətirilirdi.

Məlumatlara görə, İrandan və Cənubi Azərbaycandan Qarabağa gətirilən malların ümumi dəyəri 140 min gümüş rus manatına bərabər imiş. Şuşa tacirlərinin Təbriz və nisbətən İsfahanla da daimi ticarət əlaqələri vardı. İsfahandan Qarabağa ildə 10 yük "burmet" parça, 2 yük zərbaf parça, 500 ədəd qara ipək kəlağayı, 200 ədəd göy və ağ çadra, 10 pud istiot, darçm və digər ədviyyat, 12 pud İran şəkəri idxal edilirdi.
.        Osmanlı məmləkətidən Şuşaya meyvə qurusu, atlas, müxtəlif örtüklər, ipək mallar və qəhvə gəlirdi. Gürcüstandan müxtəlif növ parçalar, mahud, çay, qənd, spirtli içki Qarabağa idxal olunurdu. Şuşa tacirləri yüksək keyfiyyətli və müxtəlif çeşidli parça məmulatları almaq üçün Rusiyanın Moskva, Nijni-Novqorod yarmarkalarına gedirdilər. Qarabağdan ixrac olunan mallar arasında ipək çox mühüm yer tuturdu. Şuşa tacirləri nəinki Qarabağ, eləcə də Şəki, Şamaxı, Gəncə xanlıqlarında, Car-Balakəndə ipək tədarükünü inhisara almışdılar.

Şuşanın gildiya tacirlərindən biri də Hacı Səttar Quliyev idi. Kimdir Hacı Səttar? Tanış olaq. Hacı Səttar Qarabağda, Şuşada tanınmış quliyevlər soyuna məxsus idi. Bu soyun nümayəndələri rəiyyətlikdən iri tacirliyə qədər yüksəlmişdilər. Anaları Fatma bəyim Abdullapaşa ağanın qızı, Cəfərqulu xan Sarıcalı-Cavanşirin nəvəsi idi.  

         Bu soyun ulu babası Əliquludur. O, XVIII yüzilin sonlarında, XIX yüzilin önlərində Kəbirli mahalının Seyidli obasında yaşamışdı. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

         Əliqulunun törəmələri Quliyev soyadını daşıyırdılar.

         Əliqulunun Abdulla, Zeynalabdin, Əhməd, Məmməd adlı oğlanları vardı.

         Abdulla Əliqulu oğlu Şuşa şəhərində anadan olmuşdu. Mirzə Allahqulu bəy Axundovun rəiyyəti sırasında idi. Xırdavat satmaqla məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

         Hacı Abdullanın Əliqulu, Qafar, Səttar, Ələsgər adlı oğlanları vardı.

         Hacı Abdullanın üçüncü oğlu Səttar 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Daha sonra Şuşa şəhər məktəbini bitirmişdi.

Hacı Səttar Quliyevin Şuşa bazarında topdansatış dükanları vardı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

         Hacı Səttar 17 sentyabr 1914-cü ildə Kərim bəy Baxış bəy oğlu Qalabəyovla mübahisə zəminində məhkəməyə düşmüşdü.

Hacı Səttar olduqca şən, şux, zarafatcıl bir şəxs idi. O vaxtlar rus knyazları Şuşaya tez-tez gələr, istirahət edərdilər. Şəhərin əyan-əşrafları, tacirləri onları qonaq aparardılar. Hacı Səttar Quliyev bir dəstə qonağı evinə dəvət edir. Süfrə açılır, cah-cəlal. Yeyib-içən knyaginalardan biri Hacı Səttardan soruşur:

-Саттар-бек, ваша жена тоже грамотная?

Anadangəlmə hazırcavab olan Hacı Səttar cavab verir:

-Конечно ханым! Она оканчила Гурдлярская (Qurdlar Şuşada məhəllə adadır) гимназию!

Hacı Səttar Quliyev xeyriyyəçi bir şəxs idi. Şəhərdə keçirilən bütün mədəni tədbirlərdə iştirak edirdi.

 

 Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

11:50