İldırım xan Şərifbəyov: Səttar xanın Ağdamlı silahdaşı

XX əvvəllərində İranda da sosial ziddiyyətlər kəskinləşmişdi. O, feodal və yarım müstəmləkə zülmündən əziyyət çəkirdi. Əhali, xüsusən mülkədarlar, tacirlər və sələmçilər Şah hakimiyyətinin məhdudlaşdırılmasını, mülkiyyətlərinin toxunulmazlığının təmin olunmasını, valilərin və xanların özbaşınalığına son qoyulmasını, İranlı sahibkarlara xarici sahibkarlarla bərabər hüquqlar verilməsini tələb edirdilər. Onların bu tələbləri qafqazlılar tərəfindən də dəstəklənirdi. Səttar xanın qafqazlı silahdaşlarından biri də İldırım xan Şərifbəyov idi.

İldırım xan Qarabağda məşhur olan şərifbəyovlar soyuna mənsubdur. Bu soyun ulu babası Şərif bəy Kəbirlidir. O, XVIII əsrin ikinci yarısında Qarabağın Kəbirli mahalının Seyidli obasında yaşamışdı.

         Şərif bəyin törəmələri çar dönəmində Şərifbəyov, sovet dönəmində isə Şərifov soyadını daşıyırdılar.

         Şərif bəyin Hüseyn bəy adlı oğlu vardı.

         Hüseyn bəy Şərif bəy oğlu 1776-cı ildə Kəbirli mahalının Seyidli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

         Hüseyn bəy Hürzad xanımla ailə qurmuşdu. Şirin bəy, Şərif bəy, Cəfər bəy adlı oğlanları vardı.

         Hüseyn bəyin ikinci oğlu Şərif bəy 1810-cu ildə Kəbirli mahalının Seyidli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

         II Şərif bəyin Hüseyn bəy, Abbas bəy, Qasım bəy, Səfər bəy, Aslan bəy, Xurşid bəy adlı oğlanları vardı.

         II Şərif bəyin üçüncü oğlu Qasım bəy 1844-cü ildə  Şuşa qəzasının Kəbirli sahəsinin Seyidli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

         Qasım bəy Qazılı tayfasından bir xanımla ailə qurmuşdu. İldırım bəy, Çərkəz bəy adlı oğlanları, Ulduz xanım adlı qızı vardı.

İldırım bəy Qasım bəy oğlu Şərifbəyov Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndindi) obasında doğulmuşdu. O,  uşaq yaşlarında olarkən atası vəfat etmişdir. O və qardaşı Çərkəz bəy ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan almışdı. Sonralar Ağdam şəhər məktəbində (Ağdam şəhər 1 nömrəli orta məktəb) oxumuşdu.

         İldırım bəy Şərifbəyov qardaşı Çərkəz bəy və əmisi oğlu Fərhad bəy ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı  uzun illər silahlı mübarizə aparmışdır. Daha doğrusu erməniləri himayə edən çarizmə qarşı döyüşmüşdü. (Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı. 2017)

         İldırım bəy Şərifbəyov “Difai” təşkilatının üzvü idi.

         1912-ci ildə Şuşa sakini İldırım bəy Şərifbəyov bu partiyaya mənsub olmaqda şübhə doğurduğuna görə həbs edilmişdi. (ГИААР: ф.62, оп.1, д.70, лл.30, 32, 33.)

         İldırım bəy Şərifbəyov İranda Səttar xan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüşdür. Səttar xan hərəkatına aid tədqiqat əsərlərində onun adına təsadüf edilir. (Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017)

         Seyid Əhməd Kəsrəvi Məşrutə hərəkatına həsr etdiyi kitabında İldırım xandan söhbət açır və fotosunu verib. (Seyid Əhməd Kəsrəvi, Tarixe-Məşruteye-İran, cilide I, II, Tehran, 1323.)

         İldırım xan Şərifbəyov Çar Rusiyası və Azərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmişdir. O, pristav işlədiyi illərdə ondan əvvəl pristav olmuş Bəhram bəy Kazımbəyovu öldürən şəxsi Ağdam bazarında (indiki Ağdam şəhər 1 saylı orta məktəbin yerləşdiyi ərazi) camaatın gözü qarşısında cəzalandırmışdır. (Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı. 2017)

         İldırım xan Şərifbəyov Ağdam şəhər pristavı işlədiyi dövrdə şəhər sakinləri adından Azərbaycan parlamentinə Fətəli xan Xoyskinin təşkil etdiyi sayca üçüncü hökumət kabinetinin yaradılması münasibətilə təbrik məktubu göndərmişdir. İldırım xan Şərifov başda olmaqla şəhərin bir qrup hörmətli sakininin imzaladığı bu təbrik məktubu Azərbaycan parlamentinin 8 yanvar 1919-cu ildə keçirilmiş VII iclasında oxunmuşdur. (Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı. 2017)

         İldrım xan Şərifbəyov 1925-ci ildə Seyidli obasında dünyasını dəyişmiş, "Qaraağacı" qəbiristanlığında torpağa tapşırılmışdır.

         İldrım xan Şərifbəyov Mənzər xanım Rüstəm bəy qızı Mirzəyeva ilə ailə qurmuşdu.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

13:22