General-qubernatoru təəccübləndirən şəxs: Məşədi Abış bəy Novruzov

Abış bəy Şuşa şəhərində tanınmış novruzovlar soyuna bağlıdır. Bu soyun ulu babası Novruz ağadır. Novruz ağa XVIII yüzilin ikinci yarısı nnda Şuşa şəhərində yaşamışdı.

          Novruz ağanın törəmələri Novruzov soyadını daşıyırdılar.

          Novruz ağanın Zeynal bəy adlı oğlu vardı.

          Zeynal bəy Novruz ağa oğlu Şuşa şəhərində anadan olmuşdu. İbtidаi  təhsilini  mоllа  yаnındа  аlmışdı. Sonra mədrəsədə oxumuşdu. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi.

          Zeynal bəyin Bəylər bəy adlı oğlu vardı.

          Bəylər bəy Zeynal bəy  oğlu 1813-cü ildə Şuşa  şəhərində doğulmuşdu.  Molla yanında oxumuşdu. Sonra mədrəsədə oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Onun mirzəsi idi. Xan ona bir neçə rəiyyət vermişdi.

          Qasım bəy Zakir (1784-1857) bir gün şair Cəfərqulu xan Nəvanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarının yoxa çıxdığını görüb, aşağıdakı şeiri yazır, xanın mirzəsi Bəylərə verir:

 

Bəylər! Nə layiqdi xan qulluğuna

Bir kəs atlı gedib, piyadə gələ?

İldə bir yol düşür mənim güzarım,

Vay onun halına ziyadə gələ!... (Qasım bəy Zakir, Əsərləri, Bakı, Azərbaycan EA nəşriyyatı, 1964, s. 512)

 

          Bəylər bəyin Abış bəy, Zeynal bəy, Şükür bəy, İsmayıl bəy, İmamqulu bəy, Əli bəy adlı oğlanları, Səkinə xanım adlı qızı vardı.

          Abış bəy Bəylər bəy oğlu 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu.  Ibtidаi  təhsilini  mоllа  yаnındа  аlmışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Ordudan tərxis olunduqdan sonra Qəza idarəsində çalışmışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

          Məşədi Abış bəy Şuşada ermənilər tərəfindən baş verilən qırğınlarının qabağını alanlardan biri idi. Erməni–türk münasibətlərinin kəskinləşdiyi bir dövrdə Peterburqda Rusiya canişinlərinin müşavirəsi çağırıldı. Qafqaz canişini Qolitsin çıxış edərək ermənilərlə müsəlmanlar arasında qırğın salmaq barədə öz fikrini və planını müşavirə iştirakçılarına bildirdi. Hamı onun fikrini bəyənib, alqışladı. Müşavirə də öz qərarını çıxardı və bu qərarları yerinə yetirmək üçün çar II Nikolay bütün canişinlərə və qubernatorlara gizli göstərişlər verdi. Qafqazda baş verəcək faciələrin rejissorluğunu isə Qolitsinə tapşırdı. Bunun üçün ermənilər və türklər arasında təbliğat aparmaq üçün hökumət Peterburqdan 130 nəfər xəfiyyə göndərdi və beləliklə, çar hökumətinin köməkliyi ilə ermənilər əvvəlcə Bakıda, sonra isə Naxçıvanda, İrəvanda, Eçmiədzində, Cəbrayılda, Qaryagində qırğın törətdilər. Qırğın dalğası böyüyüb, Şuşaya keçdi. Qəza rəisi Pivavarov Peterburq müşavirəsinin qərarlarını praktiki surətdə yerinə yetirməyə başladı. O, əvvəlcə bir neçə nəfər azərbaycanlını gizli olaraq yanına çağırdı, guya, bu yaxınlarda ermənilərin şəhəri tutmağa hazırlaşdıqlarını bildirdi. Eyni zamanda da bir neçə daşnak liderini qəbul eləyib, azərbaycanlılar barədə lazımi sözlərini dedi və bununla da hər iki milləti bir-birinin üstünə saldırdı. Beləliklə, Şuşada erməni—müsəlman davası başlandı...

Ermənilərin bu vəhşiliklərindən, qeyri-insani hərəkətlərindən xəbər tutan azərbaycanlılar şəhərin əlverişli və münasib yerlərində — Vəzirovların, Qaraşarovların, Gövhər ağa Cavanşirin, Məşədi Kərimin evlərinin qarşısında, Ağadədəli və Təzə məhəllələrdə səngər düzəldərək hələlik müdafiə mövqeyi tutdular. Həmin səngərlərdəki dəstələrə Axund Molla Şükür Məhərrəmzadə, Məşədi Abış bəy Novruzov, Mir İbrahim Ağamirzadə, Əfrasiyab Hacı Əzim oğlu, Abbas bəy Talıb bəy oğlu başçılıq edirdilər. Bu vətənpərvər gənclər cəsur, qeyrətli oğlanları səfərbərliyə alır, silahlandıraraq şəhərin müdafiəsinə göndərirdilər.

Mir Möhsün Nəvvab bu haqda yazır: " Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hası Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər bəy oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi".(Mir Möhsün Nəvvab. “1905–1906-cı illərdə erməni-müsəlman davası”. “Şuşa” nəşriyyatı, 1993, 128 səh. s. 25)

Mir Möhsün Nəvvab sonra yazır: " Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi Abış bəy öz dəstələri ilə sudxana istiqamətində hücuma keçərək gəlib oraya çatdılar.

Bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator durbinlə vuruşa baxırmış. Müsəlmanlar əllərində tüfəng əyilə-əyilə gedib ermənilərin səngərlərinə daxil olaraq onları gülləbaran etdiyini görən qubernator əl-ələ vurub təəccüblə demişdi:

— Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir.  (Mir Möhsün Nəvvab. “1905–1906-cı illərdə erməni-müsəlman davası”. “Şuşa” nəşriyyatı, 1993, 128 səh. s. 29)

Məşədi Abış bəy Novruzovun xatirələrində XX əsrin əvvəllərində baş vermiş milli münaqişələr, "barışıqlar", tərəflər arasında aparılan danışıqlar, bu danışıqların məkrli erməni diplomatiyası tərəfindən dəfələrlə pozulması haqda geniş məlumat verilmişdir.

Məşədi Abış bəy Novruzov Şuşa Vəqf komissiyasının üzvü idi.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

15:09