Gülriz xanım Qəhrəman: Fətəli şahın demokrat törəməsi..

Dünyada qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması bir ölkələrin siyasətinin ayrılmaz tərkib hissələrindən biridir. Yeni Zellendiya da bu ölkələr sırasındadır. Yeni Zellendiyanın qadın siyasətçilərindən biri Azərbaycan türkü, Qacar elinin nümayəndəsi Gülriz Qəhrəmandır.

Gülriz xanım Qəhrəmanın ulu babası Fətəli şahın altıncı оğlu Həsənəli mirzədir. Şücaəssəltənə ləqəbi, Şikəstə təxəllüsü ilə tanınırdı.

Həsənəli mirzə Murtuzaqulu xan Qоvanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu. Hülaku mirzə, Ərqun mirzə, Оqtayqaan mirzə, Abaqaqaan mirzə, Manqu mirzə, Əbusəid mirzə, Qəhrəman mirzə adlı оğlanları, Əxtərüssəltənə xanım adlı qızı vardı.

Həsənəli mirzənin yеddinci оğlu Qəhrəman mirzə Şiraz şəhərində anadan оlmuşdu. Anası İshaq xan Türbətinin qızıdır. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü.

         Qəhrəman mirzənin törəmələri Qəhrəman və Şücaniya soyadını daşıyırlar.

         Qəhrəman mirzənin Məhəmməd mirzə adlı oğlu vardı.

         Məhəmməd mirzə Qəhrəman mirzə oğlu Şiraz şəhərində doğulmuşdu.

         Məhəmməd mirzənin Məhəmmədrza mirzə, Məhəmmədsadıq mirzə, Məhəmmədhəsən mirzə adlı oğlanları vardı.

         Məhəmməd mirzənin üçüncü oğlu Məhəmmədhəsən mirzə Şiraz şəhərində anadan оlmuşdu. Türbəti-Heydəriyyə şəhərinə köçmüşdü.

         Məhəmmədhəsən mirzənin Əbdüləli mirzə adlı oğlu vardı.

         Əbdüləli mirzə Məhəmmədhəsən mirzə oğlu Qəhrəman Türbəti-Heydəriyyə şəhərinə bağlı Əmirabad kəndində doğulmuşdu.

         Əbdüləli mirzənin Bəhruz mirzə adlı oğlu var.

         Bəhruz mirzə Əbdüləli mirzə oğlu Qəhrəman Məşhəd şəhərində dünyaya gəlmişdi. Orta təhsilini bitirəndən sonra Kənd Təsərrüfatı institutuna daxil olmuşdu. İnstitutu aqranom ixtisası ilə tamamlamışdı.

         Bəhruz mirzə kürd əsilli Məryəm xanım Qafari ilə ailə qurub. Gülriz xanım adlı qızı var.

         Gülriz xanım Bəhruz mirzə qızı Qəhrəman 1981-ci ildə İranin Xorasan əyalətinin Məşhəd şəhərində dünyaya göz açıb. İbtidai təhsilini doğma şəhərlərində alıb. 1990-cı ildə onun mənsub olduğu Qəhrəman ailəsi Malayziyaya istirahət etməyə yollanıb. Malayziyadan Ficiyə gedib, Oklenddə dayanıblar. Burda siyasi sığıncaq istəyiblər. Onlara siyasi sığıncaq verib, elə Oklenddə yerləşdirdilər. Qəhrəman ailəsi Oklenddə restoran və hədiyyə mağazası açdı.

         Gülriz xanım Qəhrəman Oklenddə qız gimnaziyasında orta təhsil aldı. Sonra həmin şəhərdə universitetə qəbul oldu. Hüquq və incəsənət sahəsində bakalavr dərəcəsi aldı. Sonra Oksfordda beynəlxalq hüquq üzrə magistr dərəcəsinə nail oldu. Dünyanın ən mötəbər universitetlərindən sayılan Oksford universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edib Yeni Zellandiyaya döndü.

         Gülriz xanım Qəhrəman hüquq şirkətində kiçik barrister vəzifəsində çalışmağa başladı. Burda cinayət işləri üzrə vəkil kimi ixtisaslaşmağa başladı.

Gülriz xanım Qəhrəman sonra BMT-yə dəvət olundu. Burda insan hüquqları üzrə çalışırdı. Ruanda və Kamboca tribunallarında gedən məhkəmələrə nəzarət edirdi. O, bir çox ölkələrdə məhkəmələrə qatılmış və bir çox ünlüləri müdafiə etmişdi.

         Gülriz xanım Qəhrəman 2012-ci ildə Yeni Zellandiyaya qayıtdı. Burda insan haqları və cinayət işləri üzrə vəkil kimi çalışdı.

         Gülriz xanım Qəhrəman sonra siyasət aləminə atıldı. 2017-ci ildə yaşıllar partiyasından Yeni Zellandiyaya parlamentinə nümayəndə seçildi.

         Gülriz xanım Qəhrəman 2019-cu ildə Yeni Zellandiyada demokratiyanın möhkəmlənməsi uğrunda öz qanun layihəsini təqdim etdi. Onun layihəsi siyasi aləmdə uğur qazandı.

         Gülriz xanım Qəhrəman 2020-ci ildə yenidən parlament seçkisinə qatıldı. Bu dəfə də deputat seçildi. O, parlamentdə dəfələrlə cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırlması ilə bağlı çıxışlar edib. Ölkə qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak etmiş, eyni zamanda bir sıra ölkələrin qiymətləndirmələrinin iştirakçısı olub.

         Gülriz xanım Qəhrəman hazırda siyasi fəaliyyətini davam etdirir. Yeni Zellandiya xalqı onu ən önəmli vəkillərindən biri kimi tanıyıb, qəbul edib. Təcrübəli və peşəkar adam olduğu üçün kollektivdə sevilir. Bu arada onun üzvü olduğu partiya parlamentdə sosial cəhətdən mütərəqqi qanunların qəbulunu davam etdirir. Buraya nikah bərabərliyi, yaşam səviyyəsinin yaxşılaşması və abortların dekriminallaşdırılması, abortların səhiyyə problemi tanınması kimi qanunvericiliyi aid etmək olar.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

 

 

 

17:16