Əmir Nüsrət xan İskəndəri: siyasətdən sədaqətə qədər..

Əmir Nüsrət xan Güney Azərbaycanda məşhur olan İskəndəri soyuna mənsubdur. Bu soyun kökü Şirvan vilayətinə bağlıdır. Şirvan hakimi Mustafa xan 1820-ci ildə İran qaçarkən özü ilə götürdüyü 400 ailənin içində İskəndər bəy da vardı.

         İskəndər bəyin İsfəndiyar bəy adlı oğlu vardı.

         İsfəndiyar bəy İran ordusunun Mühacirlər alayında xidmət etmiş, Nasirəddin şahdan xan ünvanı almışdı.

         İsfəndiyar xanın İskəndər xan, Pərviz xan, Xosrov xan adlı oğlanları vardı.

İsfəndiyar xanın ikinci oğlu İskəndər xan Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra mədrəsədə oxumuşdu.

         İskəndər xan vəliəhd Məhəmmədəli mirzənin keşikçibaşısı olmuşdu.

İskəndər xan Fəthüsultan ləqəbini daşıyırdı.

Seyid Əhməd Kəsrəvi “Tarixe Məşruteye İran” kitabının 1-ci cilidində 191 və 199-cu səhifələrində İskəndər xan Fəthüsultanın adını çəkir.

İskəndər xan Fəthüsultan 1914-cü ildə artıq vəfat etmişdi.

İskəndər xan Nigar xanımla, Sürəyya xanımla və Nazı xanımla ailə qurmuşdu. Birinci nikahdan Əmir Nüsrət xan, Hüseyn xan, Seyfulla xan, Surxay xan, Bahasultan xan adlı oğlanları, Dirəxşəndə xanım, Fərxəndə xanım adlı qızları, üçüncü nikahdan Məhəmməd xan adlı oğlu, Gülü xanım adlı qızı vardı.

Əmir Nüsrət xan İskəndər xan oğlu 1891-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini dogma şəhərində almışdı. Dövlət idarələrində çalışmışdı.

Əmir Nüsrət xan İskəndəri 1941-ci ildə  İsfahanın valisi təyin edilmişdi. 1942-ci ilədək orda qaldı. İran SSRİ qoşunları tərəfindən işğal ediləndə İsfahan şəhərində idi.

Əmir Nüsrət xan İskəndəri bir müddət Şərqi Azərbaycan ostanın valisi olmuşdu.

Əmir Nüsrət xan İskəndəri təbrizin mədəni həyatında yaxından iştirak etmişdi. Təbriz Milli kitabxanasına yardımçı olmuşdu.

Təbriz Milli kitabxanası Əli Dehqan Mədəniyyət naziri və əyalətin valisi olduğu dövrdə açılmışdır. Kitabxananın açılmasına ən böyük dəstəyi Hacı Məhəmməd ağa Naxçıvani və Hacı Hüseyn ağa Naxçıvani qardaşları da göstərmişdilər. Onlar təqribən 4200 nüsxədən ibarət nəfis əlyazma və kitablarını milli kitabxanaya bağışlamışdılar. Hacı Məhəmməd ağa Naxçıvani həm də xeyriyyəçi kimi kitabxananın tikintisinə 100 min rial pul da bağışlamışdı. Təbriz əhalisi və eləcə də Əli Dehqanın təşkilatçılığı ilə Təbriz məktəblilərinin hər biri 10 rial miqdarında yardım edərək kitabxananın binasının tikintisinə pul toplamışdılar. Tikinti davam etdikcə pul azalır və nəticədə Əli Dehqan Tehrana gedib kitabxananın tikintisi üçün ordakı azərbaycanlılardan pul yığmağa başlayır. Burada Azərbaycanın millət vəkili Əmir Nüsrət xan İskəndəri ilə görüşür. Onlar birlikdə böyük Mahmud Cəm bağına 60-70 varlı və mədəniyyətsevər azərbaycanlını toplayaraq məsələni izah edirlər. Gələnlərin hər biri kitabxananın tikintisi üçün dəstək verir beləcə Ərk qalasının yaxınlığında dövlətin dəstəyi olmadan yalnız vətəndaşların dəstəyi ilə gözəl bir bina tikilir. Hacı Məhəmməd ağa Naxçıvaninin vəsiyyətinə əsasən, oğlu Rza ağa Naxçıvani atasının qalan kitablarını və şəxsi arxivini Təbriz Milli Kitabxanasına təhvil verib. Kitabxananın ilk müdiri isə Əziz Dövlətabadi olub.[Tarixçeye kitabxaneye milli Təbriz, ]

Əmir Nüsrət xan İskəndəri Təbriz əhalisi tərəfindən İran Milli məclisinə nümayəndə seçilmişdi. 9-cu çağrışdan 12-cü çağrışa qədər sərasər Təbriz əhalisini milli məclisdə təmsil etmişdi.

Əmir Nüsrət xan 13-cü çağırışda Seyid Cəfər Pişəvəri ilə müxalif olduğundan seçilməmişdi. Kommunustlər səs yaymışdılar ki, Əmir Nüsrət  İskəndəri, Fərman Fərmanian, Siqtətülislam, Sərtibzadə  və Fotuqi, Müctəhidi və  digərləri artıq Təbrizdə səs toplaya bilməzlər.

Tarix elmləri doktoru, professor Cəmil Həsənli yazır: “Təbriz şəhridari Kərim Rövşəni Sovеtlərin müdafiə еtdiyi namizədlərə kömək еdəcəyinə söz vеrsə də, əslində ingilislərə tərəfdar olan İmami, Vahabzadə, Həsən Tağızadə kimi namizədləri müdafiə еdirdi. Azərbaycandakı sеçkilərdə Fərman Fərmanian (Sərab -Mianə), Xoyi İmami (Xoy - Maku), hüsеyn Əşrəf Sadiqi (Urmiyə, Məclisdə Sovеtləri müdafiə еdəçəyinö söz vеrmişdi), S.Qazi (Mеhabad, 1941-ci ildə Bakıya gələnlərdən idi), Bahaduri (Əhər), F.İpəkçian (Təbriz, 1928-ci ilə kimi Bakı, Tbilisi, Moskvada yaşamışdı), Mir Cəfər Pişəvəri (Təbriz), Əbdülhəsən Sadiqa (Təbriz), Əmir Nüsrət İskəndəri (Təbriz, əslən Şamaxılı idi), Əbülhəsən Siqtətül İslam (Təbriz, Sovеtlərə söz vеrmişdi ki, onları Məclisdə müdafiə еdəcək), Əsgər Pənahi (Təbriz), Yusif Müctəhidi (Təbriz), Əli Əsgər Sərtibzadə (Təbriz), İskəndər Müqəddəm, Musa Fatuqi (Marağa), Mеhdi Ədl (Mеşkinşəhr), Şеyx Lənkərani (Ərdəbil, Sеyid Ziyanın və ingilislərin əlеyhdarı idi), A.Ovanеsyan (еrmənilərin nümayəndəsi kimi, Xalq Partiyasından) və digərləri uğur qazandılar. (Azərbaycan Rеspublikası, SPİHMDA, f.1, s.89, i. 73, v. 76-77.) Bеləliklə, Günеy Azərbaycandan sеçilən vəkillərin 8 nəfəri Sovеtlərlə əməkdaşlıq еtməyə hazır olan şəxslər idi. 3 nəfəri SSRİ-yə düşmən münasibət bəsləmirdi və 2 nəfəri tərəddüd еdirdi. Yеni sеçilmiş Məclis 1944-cü ilin fеvral ayının 26-da açıldı. Lakin XIV çağırış İran Məclisi 1944-cü ilin iyun ayındakı iclasında 16 min təbrizlinin səsini alan! M.C.Pişəvərinin və Şеyx Lənkəraninin mandatlarını ləğv еtdi. (Həsənli C.P.Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945). Bakı, "Diplomat" nəşriyyatı, 1998, 324 səh. s.100)

Əmir Nüsrət xan Seyid Cəfər Pişəvərinin müxalifi olub, onun etimadaməsinin ləğv olunmasında misilsiz canfəşanlıq edənlərin biri idi.

         Seyid Cəfər Pişəvəri bu barədə yazır: “Əmir Nüsrət İskəndəri isə Fituhi Bahaduri, doktor Müctəhidi, Camal İmami isə həqiqi mürtəcelərdən olub, bizim demokratik nehzətimizə əqidə və prinsip üzrə müxalifət edirdi.

Əmir Nüsrət İskəndəri böyük mülkədarlardan olduğu halda, feodalizm və dərəbəylik nüfuzuna dəxi malik idi. O hələ Rza xan zamanı böyük dövləti qulluqlara dəxi nail olub İsfahan kimi mühüm bir ostanda ostandarlıq etmiş və özünü qolçomaq dövlət məmurlarından tanımışdı Əmir Nüsrət istər Azərbaycanda,

istərsə İranda quldur yolunmamış qatırçı tiplərinin ən qabaqlarından sayılan bir adam olub, xalq və millət əfradını heç adam hesab etməzdi. Onun nəzərində siyasi haqq və ictimai ixtiyara fəqəd torpaqdan asılı olan bir məsələ idi. 14-cü məclis seçkilərini keçirirkən mən bu adam ilə yaxından tanışlığım olduğuna görə onu çox yaxçı tanır və qani bir müstəbid olduğunu əməldə görmüşdüm. 14-cü məclisdə tərəqqi fraksionunda nümayəndələrdən birisi havayı məsələsini bu fraksionun bərnaməsinə daxil etməyi pişnəhad etdi. əksəriyyəti Azərbaycan nümayyəndələrindən olan fraksionda bu sadə pişnəhad böyük gürürtuya səbəb oldu. Bu gurultunu qoparanların başında isə Əmir Nüsrət İsgəndəri qərar tutmuşdu.

Demokratik qüvvələrin ümid bağladığı tərəqqi fraksionun dağılmasını, demək olar ki, mühüm səbəblərdən birisi bu məsələ idi. (S.C.Pişəvəri. Xatirələr. Bakı,  2005. 395 səh.s.149)

         Seyid Cəfər Pişəvəri sonra yazır: “Əmir Nüsrətin öz kəndində belə havayi məsələsi bitib qurtarmışdı. Bununla belə Fərman Fərmaiyən başda olmaq üzrə bütün nümayəndələr bu sadə məsələni malikiyyət üsuluna muğayır bir əməl hesab edərək, şədid surətdə onu rədd etməyə çalışırdılar. Hər halda tpraq sözü Azərbaycan nümayəndələri üçün ölüm-dirim sözü idi. Onların malik təbəqəsinə mənsub olmayanlardan birisinin gətirdikləri ən böyük dəlil və göstərdikləri böyük irad onun bir qarış yerdən İsa Liqvaninin intixab edilməsinə müxalifət edərkən Əmir Nüsrət deyirdi:

“Onun bir dənə də olsun qarğa tutanı qalmamışdır. Biz onu hansı mülkünə etimad edib məclisə intixab edə bilərik”.

Halbuki, İsa Liqvaninin Tehranda çoxlu kirayə gətirən evləri və mağazaları olduğu Əmir Nüsrətə gizli deyildi. O ev hətta fabrikanı və sərvəti də etibar hesab edə bilmirdi. Onun nəzərində intixab olmaq haqqına malik olmaq üçün topraq sahibi olmaq lazım idi. Topraq aristokratları hətta tacirlər də yaxşı gözülə baxmırdılar. Onlar Təbrizin miliyoner fabrikaçılarından Hacı Zeynalabdin Rəhimzadə Xoyinin etibarnaməsini rədd etməklə, onu açıb meydana qoymaqdan çəkinmədilər. Tacirlərə məhsub olan Fətəli İpəkçiyana isə fəqət dəllallıq istifadəsi etdiklərinə görə müxalifət göstərmirdilər. Əgər bizim azadixah və zəhmətkeşdən təşkil etdiyimiz ətilaf olmasaydı, hətta onu də məclisə keçməyə imkan verməyəcəkdilər”. (S.C.Pişəvəri. Xatirələr. Bakı,  2005. 395 səh. s.150)

Cəmil Həsənli yazır: “Azərbaycandan sеçilmiş dеputatlar vəziyyəti yaxşılaşdırmaq üçün mərkəzi hakimiyyət orqanları qarşısında təşəbbüs qaldırmırdılar. Söz-söhbət gəzirdi ki, yеni sеçkilərdə indiki dеputatlardan Əmir Nüsrət İskəndəri, Fərman Fərmanian, Siqtətül-İslam, Sərtabzadə və Fotuqi, Müçtəhidi və digərləri səs toplaya bilməzlər. Əhali arasında ostandarın əvəzi Nikuçunun, torpaq sahibkarı M.Rəfiyinin, "Azadlıq Cəbhəsi"ndən Şəbustərinin nüfuzunun artdığı hiss еdilirdi. 15-ci çağırış İran məclisinə sеçkilərdə bu adamların namizədliyinin müdafiə еdiləcəyi qabaqcadan öyrənilmişdi”. (Həsənli C.P.Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945). Bakı, "Diplomat" nəşriyyatı, 1998, 324 səh. s.210)

Əmir Nüsrət xan İskəndəri Milli məclisin iclaslarında siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə sərgiləmişdi. Dövlət maraqlarını hər şeydən üstün tutulması bəzən onu ziddiyyətli bir şəxsə çevirmişdi. Güney Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş Seyid Cəfər Pişəvərinin müxalifi olması məhz bununla bağlıydı. Tarixin o məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi gərəkli bilməmişdi.

Əmir Nüsrət xan İskəndərinin siyasi səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı.

Əmir Nüsrət xan İskəndəri kökdən gələn bir fəhmlə ruslara etibar etmirdi.

Əmir Nüsrət xan İskəndəri daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına Güney Azərbaycan nümayəndələrinin məclisdə təmsil olunmasına çalışdı. 

Ərdəşir Zahidi öz xatirəsində Əmir Nüsrət xan İskəndərini zirək və çevik bir siyasətçi kimi xaralterizə edir.

Əmir Nüsrət xan İskəndəri 1964-cü ildə vəfat edib. Qum şəhərində dəfn olunub.

Əmir Nüsrət xan Əşrəfülsadat xanım Dəbirüssəltənə Hacı Seyid Əbülfəz Diba-Təbatəbai qızı ilə ailə qurmuşdu. İzzətullah xan, Əzizullah xan adlı oğlanları, Simin xanım adlı qızı vardı.

 

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf

 

Xudaferin.eu

 

 

15:04