Yetim sevinci…

Azərbaycanda istər məmurlarin, millət vəkillərinin, istərsə də ictimai xadimlərin tutuquşu kimi tez-tez təkrar etdikləri bir söz var: “Dövlət qaçqın və məcburi köçkünlərə pulsuz qaz, isıq və çörək verir”. Bunu elə pafosla və minnətlə vuğulayırlar ki, sanki bu xərclər onların dədələrinin hesabına ödənilir… Əzizlərim!!! BMT-nin qaçqınlarla bağlı qanununda, Cenevrə Bəyannaməsində təsdiq edilib ki, dünyada bütün qaçqınlar yaxşı halda mənzillə, ən çətin durumda olsa belə, müvəqqəti sığınacaqla, pulsuz səhiyyə, yeməklə və vacib geyimlərlə, həftəlik cibxərci ilə (siqaret və diğər vacib xərclərlə) təmin edilməlidirlər. Bütün bunların xərcini isə BMT kimi ali bir qurum ödəyir. Azərbaycanda isə durum tamamilə fərqlidir. YAP iqtidarı düz 23 ildir dövlətin milli sərvətləri sayəsində talan etməklə yanaşı, xalqa minnət qoymaq üçün hər addımda fürsət axtarır. Özəlliklə də məcburi qaçqın və köçkünlərə. Biz qürbət ellərdə yaşayan insanlar indiki virtual və vizual aləmin gözü ilə baxdıqda daim ürəyimiz ağrıyır. Öz əcdadlarının uyuduğu torpaqları həyatında yad etməyən və xatırlamağı belə yadırğayan rejimi təmsil edən məmurlar ordusu elə bil məcburi köçkünlər və qaçqınların başının üstündə “faşist düşərgəsi”ndə olduğu kimi əli zopalılara bənzəyirlər. “Məcburi köçkün və qaçqınının səsi çıxmamalıdır”. “Danışan dili, görən gözü, eşidən qulağı olmamalıdır”. “Öz qanuni haqqını tələb etməyi deyil, susmağı tərcih etməlidir” kimi səfsəfənin içində yaşamasına “şükr etməlidir” məntiqinə dözməlidir. “DÖZÜMLÜ XALQ” anlayışı ilə ölkədəki əhali üçün örnəyə çevrilməlidirlər. Budur Azərbaycan hakimiyyətinin və onun məmurlar ordusunun məcburi köçkün və qaçqınlara olan rəzaləti. Aradan ötən 23 illik dönəmdə onminlərlə insanımız torpaq, vətən həsrəti ilə, əcdadlarının ruhunun harayı ilə bu dünyadan əbədi olaraq gözlərini yumub köçdülər. Yeni nəsli “ələbaxımlı” və “parazitcəsinə” yaşamağa alışdırmaq YAP hakimiyyətinin fəlsəfəsidir. Minnət qoymaqla, onların vətən və torpaq ruhunu sındırmaqla. Hələ bəşər tarixi bunca rəzalətli yanaşma düzəninə rast gəlməyib. Çünki, keçmiş sovet rejiminin mirası olan təkpartiyalı dövlət və hakimiyyət düzəni psixologiyasından ayrıla bilmirlər. Dünya Birliyi düz 25 ildir Sovetlər Birliyi anlayışını tarixin arxivinə gömüb, Azərbaycan iqtidarı isə “bəlkə qaytardılar” tipli ləngərli düzənin içində öz varlığını qorumağa çalışır. Elə buna görə məcburi köçkünə, qaçqına, digər vətəndaşlara hər addımda bir zamanlar dəbdə olan “leninizmə şükr etməlisiniz” tipli psixoloji düzəni tətbiq etməkdən savayı heç bir gerçək addımlar atılmır. Allahınız, peyğəmbəriniz olsun!!! Bu qaçqın və məcburi köçkünlərə az minnət qoyun!!! Onları az təhqir edin!!! Hünəriniz varsa, ölkənin ərazi bütövlüyünü təmin edin. Həmin an qaçqınlar özləri könüllü şəkildə doğma yurd-yuvalarına qayıdacaq və evləri olmasa belə “ayıbalası” tikib yaşayacaq… “Ayıbalası” anlayışını qarabağlılar çox yaxşı bilirlər. Bu sözün məcazi, həm də məntiqinin nə demək olduğunu onlardan yaxşı dərk edən yoxdur… Heç kim cənnət Qarabağı, Ermənistan adlanan qədim Oğuz Elinin füsunkar təbiətini və şəfaverici bulaqlarını kefindən qoyub, antisanitar şəraitdə, qurdlu su içməyə gəlməyib… Yetimin papağını əlindən alırlar, sonra isə özünə qaytarırlar. Yetim elə bilir ki, sanki bu papağı ona bağışladılar. Buna “yetim sevinci” deyirlər…

 

23:19