İtaliyanın Siciliya adasından “Whatsapp”-la mesaj....

Avropanın əksər ölkələrində ermənilər “Qafqazda xristian-müsəlman qarşıdurmasının əzabkeşləri” statusu ilə sığınacaq alıblar. Onları sosial mənşəyinə və ictimai durumuna görə araşdırdıqda bəlli olur ki, 99% məhz bu statusla Qərb ölkələrində məskunlaşmaq kimi hüquqi haqlarını təmin ediblər. Bütün bunlarla yanaşı, başqa bir acı mənzərə isə adamı lap dəhşətə gətirir. Azərbaycan Respublikasının vətəndaşı olub da, saxtakarlıq edərək özlərini “Qarabağ qaçqını” kimi təqdim edərək çoxsaylı vətəndaşlarımız var ki, onları hər dəfə görəndə daxilən xəcalət çəkirəm. Bu insanların harada və necə, hansı üzlə və haqla bu addımı atdıqlarını başa düşmürəm. Bu saxtakarlara həmin sənədləri kim və necə təqdim edib? Bunu indiyə qədər kimsə araşdırmayıb. Bütün bunlar azmış kimi, Avropa ölkələrində “Qarabağ qaçqını” statusunu alanların heç biri Qarabağla ilgili hər hansı aksiyalara qoşulmurlar. Biz dəfələrlə Fransa, Belçika, Almaniya, Avstriya, İsveç, Norveç, Hollandiya və digər ölkələrdə “Qarabağ Həqiqətləri” və “ermənilərin tarix boyu yapdıqları soyqırım siyasətləri”nə qarşı aksiyalar keçirmişik və bu prosesi elə indi də davam etdiririk. Ancaq, sənədlərdə “Qarabağlı qaçqın” statusu olanların heç birini bu aksiyalara dəvət edə bilmirik. Bu yaramazlıq və kurnazlıq haradan və necə yaranıb, onu dərk etməkdə çətinlik çəkirəm. Onları Uca Tanrıya tapşırmaqdan özgə əlacımız qalmır.

Bir gerçəklik də var ki, Qarabağla bağlı həqiqətlərimizi Avropaya duyduran, nəsillikcə qarabağlı olan soydaşlarımız Qərb ölkələrində yaşayırlar. Onlar “saxta qarabağlılar”dan xeyli az olsa da, gerçək qarabağlı soydaşlarımız min “saxta qarabağlı”dan daha çox effektiv şəkildə fəaliyyət göstərirlər. Əsil Qarabağ dərdi çəkənlər də elə həmin gerçək qarabağlı soydaşlarımızdırlar. Onlar bəzi diaspor təşkilatlarının nümayəndələri kimi Azərbaycan dövlətindən lobbiçilik, hansısa aksiyalara və digər əməllərə görə “qrant” layihələri əsasında iş görmürlər və bunu özlərinə təhqir kimi qəbul edirlər. Onların fikrincə Vətən üçün harada yaşamasından asılı olmayaraq, təmənnasız iş görmək hər birimizin muqəddəs borcudur. Bütün bunlarla yanaşı, onu da qeyd etmək istəyirəm ki, uzun müddətdir şəxsi müşahidələrimə əsasən bəzi problemləri görməzlikdən gəlmək bir çox soydaşlaırmız kimi, mənə də çox ağır gəlir. Necə olur ki, Avropada, yəni qürbət ölkələrdə gerçəkdən Qarabağ kökənli olan insanlar özlərinə istədikləri şəraiti yaratmaq üçün imkanları əldə edə bilirər və hər yerdə hörmət-izzətə malik olduqlarına, faydalı işlərinə görə, doğma vətənlərində bütün bunlardan məhrum qalıblar. Bu ayrı-seçkilik nə üçün və nədən əslən Qarabağlı soydaşlarımıza şamil olunur? 1960-cı illərin sonlarından başlanılan bu proses yenidən qabarmağa başlayıb. Dövlət quruculuğu proseslərində demək olar ki, tamamilə kənarda qalıblar. Rusiyanın və Türkə düşmən olan dövlətlərin tarixçilərinin və politoloqlarının saxtakarcasına hazırladıqları konsepsiyalar əsasında “genetika”ya söykənən və regional siyasətlə uzlaşdırılmış marginal baxışlar tamamilə yalnış bir addımdır.

Üzeyir Bəyin dahiliyinin sirri

Ən adi bir baxışla dediklərimizi istənilən səviyyədə və miqyasda sübut etmək o qədər də çətin deyil. Türk Dünyasının fikir babalarından biri dahi Üzeyir Bəy Hacıbəyli sadəcə Azərbaycan üçün deyil, bəşəriyyətdə Azərbaycan kimliyinin təməllərindən birini ortaya qoymuşdur. O, yazdığı operettalar, operalar, simfonik əsərlər, romanslar və ariyalarla deyil, hekayələri, köşə yazıları, sosial-ictimai xarakter daşıyan məqalələri ilə yanaşı, tarixdə ilk dəfə Azərbaycan və Türk Dünyası üçün professional mədəniyyətin inkişafı baxımından Konservatoriyanın təməlini qoymuşdur. Faktiki olaraq, 1930-1970-ci illərdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Qazaxıstan, Dağıstan, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Tatarstan, Tuva, Xakasiya, Çuvaşstan, Güney Azərbaycan və Türk Dünyasının başqa bölgələrindən Bakıya gələrək dahi Üzeyir Bəyin yaratdığı Konservatoriyada təhsil almışlar. Beləliklə də mədəni və mənəvi baxımdan elmi konsepsiyaya söykənən böyük bir fikir və düşüncə mərkəzinin düzənini qurmuşdu. Bütün bunlarla yanaşı, milli mədəniyyətimizin ən yüksək səviyyədə inkişafı üçün yazdığı “Azərbaycan Xalq Musiqisinin Əsasları” adlı fundamental əsərini örnək göstərə bilərik. Bu əsər 1925-ci ildən düz 1991-ci ilə qədər ibtidai, orta ixtisas, texnikum (litsey) və Konservatoriya səviyyəsində tədris olunubdur. Məhz bu konsepsiyanın sayəsində dünya mədəniyyəti düzənində Azərbaycan milli mədəniyyəti qəbul olunub. Min dəfələrlə təəssüflər olsun ki, 1991-ci ildən bu yana həmin əsər tədris sistemindən yığışdırılıb və dolayı yolla yasaq edilib. Biz əslən Qarabağdan olan tək birinin, yəni Üzeyir Bəyin mahiyyətini sadaladıq. Mir Möhsün Nəvvab, Əhməd Bəy Ağaoğlu, Xudu Məmmədov, Rafiq Əliyev və digər yüzlərlə dahilərimizin millətimiz üçün etdiyi əməllərini qeyd etsək, bu gün iqtidarda olanlardan və onların tikdikləri hər bir “göydələn”dən qat-qat ağır gələr. Çünki, onların əməlləri və düşüncələri elə doğma Azərbaycanımız qədər nəhəngdir. Belə bir münasibət Qarabağı və Şirvanı təmsil edənlərə qarşı dövlət quruculuğunda yaxından iştirak etməmələri üçün aparılan siyasətin mahiyyəti bundan ibarətdir. Xəstə təxəyüllə “regional” yöntəmə önəm verənlərin heç biri Üzüyir Bəy səviyyəsində xidmət göstərə bilməyiblər. Tikdikləri üç-beş körpü və yol, fabrik-zavod məsələsində öyünməklə, millətə minnət qoymaqla özlərini reklam etməkdən bezmirlər. Guya bununla da Azərbaycanın möhtəşəm inkişaf yolunu irəli sürürlər. Bunca hikkənin anlamı genetik mədəni düzənlə olmasına bağlıdır. Biz demirik ki, hər hansı bir bölgənin təmsilçisi dövlət quruculuğunda istənilən görəvi daşımasın. Ancaq, bütün bunlar başqa bölgələri təmsil edən və milli dövlət quruculuğunda ənənələri olan və genetik baxımdan hər zaman öndə olmuş nəsilləri isə yaddan çıxarmaq olmaz.             

Uzaq Siciliya və biz

Əslən Qarabağ və Şirvandan olan bölgə insanlarına qarşı yarıtmaz münasibətin başqa bir səbəbi isə, fikrimizcə bölgəçilik xəstəliyinin ta qədimlərə qədər uzanıb gedən, bu gün öz mənasını və məntiqini itirmiş “xanədanlıq” anlayşına bağlıdır. Feodal düşüncə tərzi ilə dövləti və milləti idarə etmək elə orta əsrlərin mirası kimi qəbul etmək gərəkdir. Onlar unudurlar ki, artıq XXI yüzildə yaşayırıq. Texnologiya və kommunikasiyanın inkişaf etdiyi dönəmdə, indiki iqtidar hələ də orta əsrlərin baxışlarının içində itib batıb. Bütün bunlar azmış kimi, Azərbaycanı da elə bu təfəkkürlə idarə edirlər. Qarabağımızın azad edilməsi və düşmən tapdağından təmizlənməsi yönündə verilən bəyanatların anlamı qalmayıb. Problemləri çözmək əvəzinə, sülh danışıqları adı altında tədricən “Fələstin məsələsi”nə çevrilmənin adının mənası da itib. Bir milyonluq məcburi köçkünün bütün səlahiyyətləri əlindən alınıb. Çünki, iqtidarı “xanədan”lığın ömrünün necə uzanması ilgiləndirir. Arada görüntü məqsədi ilə ortaya atılan addımlar sadəcə Qarabağlıların könlünə “su səpmək” üçün olduğunun belə fərqinə varmırıq. Əgər vətən birdirsə, hamımız üçündürsə, niyə dövlət quruculuğu düzənində bu prosesdə Qarabağlı, Şirvanlı, Gəncəli, Qazaxlı, Tiflisli yoxdur?         
Demək olar ki, İtaliyada əslən Qarabağdan olan bir neçə qaçqın ailəsi məskunlaşıb. Onların hər birinin öz şəxsi və ictimai həyatda atdığı addımlar qürurverici idi. Onlar nə ana dilini, nə də Qarabağmızı unutmuşlar. Hətta Siciliyada anadan olmuş 7 yaşlı oğlanın ana dilində və Qarabağ ləhcəsində şirin-şirin danışması mənim üçün bir möcüzə oldu. Halbuki, Bakıda “xanədanlıq” və onun çevrəsindəkilər, radio və televiziya kanallarımızda danışanların nitqi qrammatik baxımdan ya rus, ya da indi dəbdə olan ingilis dili üslubundadır. Sanki, bunlar Rusiyada, ya da İngiltərə və ya ABŞ-da dünyaya göz açıblar və sonradan ana dilimizi öyrəniblər. Əslində belə bir üslubda danışıq tərzi birbaşa millətin özünə olan münasibətdən, anlayışlardan yaranıb. Siciliyada yaşayan və əslən Qarabağın Xocavənd bölgəsindən olan, şipşirin Qarabağ ləhcəsində danışmağı ilə öyünən, 6 dildə sərbəst danışan 7 yaşlı Nihat mənə whatsapp-da şəkli ilə yanaşı mesaj da göndərib: “Elman dayı sizdən ötrü cox darıxıram. Bax, bilsəm ki, xəstələnmisiniz və bunu bildirməmisiniz, onda küsərəm və aglayaram....”
Mən də onun bu mesajına belə bir cavab yolladım: “Nihat, əzizim, canım. Qarbağı azad etməyincə xəstələnməyə heç birimizin haqqı yoxdur!!! Səni və sənin simanda vətəndən didərgin düşmüş bütün körpələrimizi bağrıma basıram. Tanrı bütün balaları qorusun!!!” 

Xudaferin.eu

15:52