QANLI YANVAR QƏHRƏMANLAR VƏ CİNAYƏTKARLAR...

Qanlı yanvarın növbəti ilini yenə bir təhər yola verdik... 20-si Yanvar kiminə matəm, kiminə milli müstəqillyin başlanğıcı, kiminə SSRİ kimi nəhəng bir imperiyasının çöküşünün başlanğıcı, kiminə yeni hakimiyyət...

Bir də 365 gündən sonra bu hadisələr yada salıncaq, TV-lərdə bir günlük də olsa, şoular verilməyəcək, könüllü-könülsüz insanlar respublikanın hər yerindən Şəhidlər Xiyabanına axışacaqlar...

Ancaq 20 yanvar 1990-cı ildə Bakıda və Azərbaycanın digər şəhərlərində Sovet Ordusunun törətdikləri amansız qətliama obyektiv siyasi, hüquqi qiymət verilibmi?...

Məncə, yox...

Ümumiyyətlə, 1988-93-cü illərdə ölkədə baş verən hadisələri ciddi araşdırmaq, obyektiv, tarixi həqiqətləri əks etdirən bir kitab hazırlamaq yaxşı olardı. Tərəfsiz, ədalətlə və vicdanlı qələm əhlinin iştirakı ilə.

Avantüristlərin uydurma xatirələri ilə deyil, vicdanlı canlı şahidlərin iştiraki ilə. Hələ çoxu sağdır... Çünki 20 yanvar 1990-cı illə bağlı çap olunan kitablarda, qəzet məqalələrində, müsahibələrdə ciddi təhriflərə yol verilir...

Gələcək nəsillər üçün 20 yanvar hadisələrinə obyektiv qiymətin verilməsinə daha böyük ehtiyac var. Çünki ötən illərdə siyasi qüvvələr də, ziyalılar da, sıravi vətəndaşlar da bu hadisələrlə bağlı mülahizələr irəli sürür, bəzən siyasi qüvvələr rəqiblərini gözdən salmaq üçün bu hadisələrə qərəzli qiymət verməkdən də çəkinmirlər...

Hazırda bu hadisələrin canlı şahidləri çoxdur, hadisələrin mərkəzində olan qüvvələrin (AXC, o vaxt kı AKP MK rəhbərliyi, Ali Sovetin deputatları, tayfaçılar, bölgəcilər və s... ) təmsilçilərinin əksəriyyəti sağ-salamatdır.

Hesab edirəm ki, indiki şəraitdə ölkənin obyektivliyinə, ədalətliliyinə görə tanınmış hüquqşünaslarından, tarixçilərindən, jurnalistlərindən ibarət müstəqil araşdırma qrupu yaradıb bu hadisələrə doğru, obyektiv qiymət vermək daha asan olar, nəinki 50-60 ildən sonra...

Bu qanlı terrorun həyata keçirilməsi ilə birbaşa əlaqəsi olanlardan (həm keçmiş SSRİ-nin siyasi rəhbərliyindən, həm də yüksək çinli hərbiçilərdən) da sağ qalanlar çoxdur. Yəni istək olarsa, çox ciddi araşdırma aparmağa, hadisəyə obyektiv qiymət verməyə imkan var.

Çox təəssüflər olsun ki, keçən bu illər ərzində nə siyasi qüvvələr arasında, nə ziyalılar arasında, nə də cəmiyyətdə bu hadisələrə ədalətli, vahid münasibət formalaşmamışdır.

Hətta, o vaxt bir təşkilatın (AXC) rəhbərliyində təmsil olunan, bu gün isə ayrı-ayrı partiyalara, qruplara rəhbərlik edənlər də hadisələrə birmənalı, obyektiv qiymət vermir, bu günkü rəqibinin o vaxtkı hadisələrdə rolunu qərəzli təqdim edir.

Bilərəkdən Rus Ordusunun və SSRİ rəhbərliyinin cinayətləri gizlədilir, Bakıda yanvar cinayətinə rəvac verənlər müxtəlif siyasi qüvvələrin əllərində alət olan, milli maraqlardan uzaq təxribatçılar qəhrəman çevrilir və bu cinayətdə yalniz bir adamın adı hallanır - Əbdürrəhman Vəzirov...

Doğrudanmı Vəzirov cinayətkar idi?.. Hər halda vicdanli və ədalətli tədqiqatçı əməyinə böyük ehtiyac var...

Nə qədər ki, bizlər mili azadlıq hərəkatımizın əsil liderlərinə haqq etdikləri vicdanlı və ədalətli qiyməti verə bilməyəcıyik, qəhrəmanlarımız elə keçəl həmzələr, sehli sumbatlar, bağırovlar, sumbatyanlar, nemətlər, etibarlar olacaq...

Dostu ilə düşmənini tanımayan millət isə məhvə məhkumdur...

Nəhayət ki, hər bir vətəndaş, gələcək nəsil bilməlidir ki, əslində 1990-cı ildə Azərbaycanda nə baş vermişdir? Bunu isə bu günkü ədalətli hüquqşünasımız, tarixçimiz, jurnalistimiz ortaya qoya bilirlər və şükürlər olsun ki, hələlik onlar yox deyillər...

Elman Mustafazadə

Xudaferin.eu

00:08