Azərbaycandan kütləvi axınlar daha da artıb

Bu gün ölkəmiz keçən əsrdə Afrikada mövcud olmuş ən qəddar və totalitar diktator rejimlərində olduğu kimi xüsusi qaydalarla idarə olunur. Kim səsini çıxarırsa, dərhal “hazır” əlahəzrət şər-şəbədə, yəni ittihamlarla qorxudularaq həbsxana küncünə atılır. Belə bir düzən ölkənin həbsxana qanunları ilə idarə olunmasını bir daha isbatlayan faktlardan biridir. Sıravi vətəndaşın ağzı nədir nəyəsə etiraqz etsin. Adi vətəndaşın tək bir hüququ var. O da rejimin iriçəkili məmurları üçün qul kimi işləmək, sonunda da ailəsinə bir tikə çörək aparmaqdır. Vətəndaş bütün bunlarla üzdə də olsa barışdığını nümayiş etdirmək zorunda qalmaqla yanaşı, övladlarının da özləri kimi QUL olmasını əsla qəbul etmir. Ona görə də minbir əzab-əziyyətlə övladının yad ölkələrə köçüb getməsinə adi hal kimi baxır. Çünki, bundan o yana nəyinsə dəyişəcəyinə, hansısa  yaxşılığa doğru yönələcəyinə heç bir inamı qalmayıbdır.     

Картинки по запросу işsiz

Milli fəlakətimizin baiskarı olanlar bunun üçün cavabdehdirlər

Gözəlim Azərbaycan adlı məmləkətdə elə bir durum yaranıb ki, insan amili öz dəyərini də itiribdir. Bunun başlıca səbəbləri haqqında dəfələrlə yazılsa da, müəyyən ekspertlər açıqlamalar versələr də, görünən odur ki, heç nə dəyişməyib. Ona görə də problemlər ilbəil artmaqda davam edir. Özəlliklə də gənclər Azərbaycan adlı ölkədə nə yaşamaq, nə də taleyini buraya bağlamaq fikrində deyillər. Əsrin bəlasına çevrilmiş bu problemin həlli istiqamətində isə, heç bir qəti addım atılmır. 25 ildir iqtidarda olan hakim Yeni Azərbaycan Partiyası bütün bunlara görə sorumludur. Onlar keçmiş Sovetlər Birliyi dönəmindən qalma “leninizm” siyasətinin mənəvi varisləri kimi nə hakimiyyəti, nə də insanların normal həyat düzəninə malik olması ilə əsla barışmaq belə istəmirlər. Ölkədə yaxşı nə varsa, ancaq yapokratiyaya məxsusdur. Bunun dışında kimsənin normal şəkildə və öz alınının təri ilə yaşamaq hüququ yoxdur. Gənclər demək olar ki, ailəsinin minbir zəhməti və əzabı ilə təhsil alır. Sonra da normal vətəndaş kimi öz həyatlarını yaşamaq istəyirlər. Ancaq, bunun üçün heç bir imkan yoxdur. Bəs səbəb nədir? Əlahəzrət qanunların yapokratiya rejiminin cəngəllik düzəni ilə hamıya qarşı bir savaş elan edib. Ancaq, iri çəkili məmurlar banklardan kredit götürüb istədikləri iş şəraitini qura bilərlər. Sadə insanlar üçün bu hüquqlar keçərli olsa da, adicə bir çayxana işlətmək üçün nə az, nə çox, düz 23 hərbə-zorbalı idarənin aylıq rüşvət qılıncının altından keçməyə məcbur edilirlər. Vergilər, Fövqəladə Hallar, Ekologiya, Sosial Müdafiə, Maliyyə, Daxili İşlər, Səhiyyə, İqtisadi İnkişaf, Ədliyyə Nazirlikləri adamın başını Ərəbzəngi kimi kəsərək, minbir zəhmətlə və alının təri ilə qazandıqlarına “ŞƏRİK” çıxırlar.
Dəyərli oxucular, eşidirsinizmi?! Düz 9 nazirlik, bundan əlavə yerli icra hakimiyyətləri, bələdiyyələr adamın dərisini elə soyurlar ki, Nəsiminin 600 il bundan öncə çəkdiyi əzab bütün bunların yanında heç nədir. Nəsimi azından ruhunun eşqinə sığınıb və mənəvi enerjisi ilə bütün əzablara dözərək dərisinin soyulmasından qorxmadı. Bir də var insan mənənən soyulur. Hər gün, hər addımda aşağılanır, təhqir olunur, bütün əzablara dözməyə vadar edilirsə, bu bütün dəhşətlərdən və əzablardan daha qorxuncdur. Ona görə də, insanlar imkan tapan kimi cəlayir-vətən olmağa üz tuturlar. İnsanların ən qorxulu əjdaha statusu ilə hərəkət edən bank sektorunun və onun faizlərinin ödənilməsi məsələsində orta əsrlərdə olduğu kimi məngənəyə salınaraq, hətta gecələri belə rahat ola bilmirlər. Çünki, sabah erkəndən banklara kredit faizlərini ödməyin yollarını aramağa məcburdurlar. Bütün bunlara sorumlu olan hakimiyyət və rejim bircə dəfə də olsun qəbul etdiyi qanunlara əməl edilməsi üçün addımlar atmayıb. Gənclər istənilən xarici dili öyrənməklə yad ölkələrdə yaşamağı üstün sayırlar. Çünki azından qürbətdə onlara nə olacaqsa olsun, bunun fərqində deyillər. Məmləkətdə “könüllü həbsxana” şəraitində yaşamaq istəmirlər. Azərbaycan demək olar ki, həbsxana qanunları ilə idarə olunur. Bu da gəncliyə ən böyük sarsıdıcı zərbə deməkdir.

Qürbət nə qədər əzablı olsa da…

Bu gün demək olar ki, Rusiya, Ukrayna, Belarus, Qazaxstan, Moldova, Özbəkistan və digər postsovet ölkələrində yaşayan soydaşlarımızın ümumi sayı 4 milyondan çoxdur. Hər addımda təhqirlərlə, imkansızlıqlarla, ağır həyat şəraiti ilə üz-üzə qalan bu insanlar bircə məsələdə özlərini rahat hiss edirlər. Bu, irili-xırdalı məmurların onlara gecə-gündüz əzab verməməsidir. Axı yaşadıqları qürbət ölkə YAP qanunları ilə idarə olunmur. Məhz buna görə mənən sakitdirlər. Çoxları elə başa düşür ki, qürbətə getməklə “qaz vurub, qazan dolduracaqlar”.
Cənablar əsla elə deyil. Qürbətin minbir dərdi var. Dişinlə-dırnağınla yeni mühitdə öz həyat şəraitini yaratmaq dünyanın ən əzabkeş taleyini yaşamaq deməkdir. Rusiyada bu daha dəhşətlidir. Orada yaşayan soydaşlarımız demək olar ki, ölkənin inzibati-amirlik ideyasını daşıyan rejimin qəddar üzünü hər addımda hiss edirlər. Onlar minbir əzabla yeni həyata alışdıqca, millətimizin genetik ənənələrindən də perik düşürlər. Onların övladları da zamanla rus tərbiyəsi aldıqları üçün tamamilə ruslaşırlar. Elə bizə qarşı düşmən siyasəti yürüdən ermənilər də bunu istəyirlər. Nə fərqi var ki, Azərbaycan ya bir dövlət kimi mövcud deyil, ya da yapokratiyanın qəddar rejimi mütləq hakimiyyətə malikdir. Hər iki halda qürbətçilərin və soydaşlarımızın həyat nizami acınacaqlıdır.

Biz hələ Avropada mühacir həyatını yaşayan soydaşlarımızı demirik. Tamamilə onlara yad olan bir ölkədə yaşamaq statusunu almaq bir insan ömrünə bərabərdir. Avropaya gələn soydaşlarımızın milli birlik düzəninin olmamasının əsil səbəbi onların çoxunun kamil savadının olmamasına bağlıdır. YAP rejimi bu insanları elə bir günə qoyub ki, onlar harada yaşasalar da, tayfa-klan, feodallıq kimi gerizəkalı anlamın psixoloji baryerini aşmaqda daxilən çətinlik çəkirlər. Ona görə də, hər addımda soydaşlarımız nəinki özlərini, eləcə də millətimizi belə, çətin vəziyyətdə qoyurlar. İntellektual şəkildə milli birlik təfəkkürü isə hamıya yad olan nəsnədir.      

Gəncliyin təravəti olmayan solğun taleyi

Hər il Azərbaycanda orta hesabla 150 min nəfər şagird orta məktəbi bitirir. Hər il 50 min nəfərə yaxın gənc universitetləri bitirir. Ancaq, onların cəmi 5 faizinin özlərinə normal həyat düzəni qurmaq imkanları vardır. Həmin gənclər iriçəkili məmurların övladlarıdırlar. Məmur ailəsindən çıxmayan bütün gənclər isə, ata-anası kimi ağır və məşəqqətli bir taleni yaşamağa məhkumdurlar. Onların nə bu günün, nə də sabahın necə olacağına heç bir ümidləri yoxdur. Hər şeydən əli üzülmüş gəncliyin kövrək taleyi insanın nəinki qəlbini, eləcə də ruhunu sarsıdır. Axı onların nə günahı var ki, belə bir məşəqqətli bir taleni yaşamağa məcbur edilsinlər. Onların savadlı, ya da savadsız olmaları şərt deyil, əsas şərt necə hambal statusu ilə məmur-oliqarxiya siyasətinin yanında yer almalarıdır. Bu gün yapokratiya kəndlərdə keçmiş sovet rejimini geri qaytarmağa hazırlaşır. Kəndlərdə əhalini zorla pambıq yığımağa məcbur etmək siyasətini yürüdür. Halbuki, rejimin mənəvi babası Karl Marks deyirdi ki: “PAMBIQ QUL ƏMƏYİDİR”. Bu gün bir insanın acından ölməməsi üçün ehtiyac zənbilinin dəyəri 650 manat təşkil edir. Amma Azərbaycan hökuməti bu rəqəmi süni şəkildə 130 manat həcmində təsdiq edib. Bir nəfər işləyən üçün aylıq tələbat 850 manatdır. Ancaq, orta aylıq maaş 200 manatdır. Ali təhsilli mədəniyyət işçisinin maaşı 120 manat təşkil edir. 120 manat əmək haqqı alan mədəniyyət işçisinin güzəranından ölkəmizin mədəniyyətinin nə durumda olduğunu söyləməyə əsas verir. Bütün bunları Azərbaycan gəncliyi görür və radikal şəkildə olmasa da, daxilən üsyankar mövqedədir. Ona görə də, hakimiyyətə heç bir inamı yoxdur. Hər fürsətdə ölkədən çıxıb getməyi düşünür. Ən azından mənəvi əzablardan qurtulmaq üçün.

   
Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

23.07.2018

00:40