Bilirəm məni qınayacaqsınız....

 

Bir çoxunuz mənə ateist deyəcəksiniz... Deyiləm. Yaradana inanıram... İnancım Tanrıcılıqdır, monoateizmdir. Sadəcə uzun illər qürbət həyatımın təcrübəsini xatırladıram...

Əgər Avropaya istər ticari, istər turist, istərsə də, daimi yaşamağa gəlsəniz və saqqallı bir Türk (digər müsəlmanlar) görsəniz və onun ifadə etdiyi hər kəlməsinin başında yerli, yersiz "əlhəmdülillah" kəlməsi işlədirsə, çalışın ondan uzaq durasınız... Bilin ki, böyük ehtimalla sizi qeyri -səmimi olaylar gözləyir...

Çalışın Avropada bu günkü ülküçülərdən də, ehtiyatlı olasınız. Onların qafaları türk-islam anlamı ilə sizləri çaşdıra bilər. Çünki bu tip insanların qafaları “haça-paça” təfəkkürlə qarışıqdır. Onlar gah islam pərdəsi altında, gah da türk kimliyi adı ilə sarmadolaşıq mənfəətlərin çərçivəsində yaşayırlar. Bunun dışında hər hansı insanlıq adına dəyərləri olmur. Çünki səmavilik anlayışı adı altında daim cihadçılıq kimi öz dəyərini itirmiş düşüncə sistemindən savayı heç nəyi qəbul etmirlər.  Cihadçılıq düşüncə sistemi ərəblərin ən ibtidai kin-öfkə düşüncə sisteminin məhsuludur. Onlar bu növ adətlərinə hər zaman dini don geyindirməklə hökmlü olduqlarını isbat etməyə çalışarlar. Öz eqoizm dolu düşüncə sistemlərindən kənarda normal həyata sahib ola bilmirlər.   

Ancaq harada yüksək təhsilli, Atatürk düsüncəli Türk görsəniz, çalışın ona yaxın olun. Çünki Atatürkü sevmək, onunla qürur duymaq, çağdaş dünya düzənində bizlərin kimlik davamızın səbəblərini bilmək deməkdir. Atatürkü dərindən bilmək, Türkün inkişaf edən dünya düzənində yerini bəlirləməkdir. Atatürkçü olmaq, demokratik dəyərlərə tam şəkildə sahib çıxmaqdır. Başqalarına zərər vermədən, barış və dostluq şəraitində necə yaşamaq deməkdir. Ondan zərər görməyiniz nadir hallarda ola bilər....  

Əgər qürbətə gələndə, qarşınıza çıxan ateistlər Yaqub Babalar, Ələkbər Əliyev, Mirzə Sakit, Fəxri Hacıbəy kimi humanist, insansevər, təmənnasız, tərbiyəli və səbrli insanlar olsalar, onda yaşasın ateizm!!! Ateizm bütün dinləri inkar demək deyil. Ateizm qədim mistik və magik baxışların zamanla öz dəyərini itirdiyini isbat etmək deməkdir. Dünyanın və zamanın bir ortamda inkişaf etməsi kimi yüksək dəyərləri qəbul etməmək, konservativcəsinə keçmişində daim ilişib qalmaq da tamamilə yalnış yanaşımdır. Bütün dinlər, istər səmavi, istərsə budda təliminə tapınanlar daim bəşəri anlayışları keçmişin dərinliklərində arayırlar. Bu günün və gələcəyin konseptinə mühafizəkarcasına itaət etməyə bəşəriyyəti məcbur etmək yalnışdır. Bütün dinlər itaət üzərində qurulmuş magik doktrinadır.  

Ancaq, unutmayın ki, atesitlər də müxtəlif olurlar...

Bəzən gavur dediyimiz bir nəfərdən gördüyünüz səmimi, xeyirxaqlığı, min müsəlmandan görməyə bilərsiniz...

Deməyi məndən, sözbazlığı sizdən...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Xudaferin.eu

10:57