Avropada Azərbaycan diasporunun çılpaq mənzərəsi - Mövqe

Oktyabrın 21-də Almaniyanın paytaxtı Berlində yaşayan yaxın dostlarım Fəxrəddin Hacıbəyli və Ələkbər Əliyevin qonağı idim. Bu zaman bildim ki, 22 oktyabrda Almaniya Bundestaqının (parlamenti) önündə Avropada yasayan muhacir soydaşlarımızın numayişi olacaq. Sabahı gün biz mitinqin keçirildiyi yerə getdik. Burada baş verən prosesləri müşahidə etdik. Faktiki olaraq 30-40 nəfərdən ibarət və əsasən Avropada yasayan gənclərdən və Almaniyaya yenicə sığınacaq üçün müraciət etmiş mühacirlər Azərbaycandakı siyasi məhbusların dərhal azadlığa buraxılması tələbini irəli sürmüşdülər. Bununla yanaşı, “Azərbaycanda korrupsiya və diktatura rejiminə son qoyulsun” və başqa şüarlar səsləndirdilər. 
 


 “Əllərimizdə İlham Əliyevin portreti və “diktator” deyə bağırırıq. Guya bununla da Azərbaycanda siyasi rejimi dəyişməyə nail olacaqlar”
 


Onları kənardan seyr edən yüzlərlə almanın səssizcə ironik tərzdə müşahidə etmələri daxilən məndə xəcalət hissi yaratdı. Axı niyə biz öz problemlərimizə köməyi kənardan, kimlərdənsə tələb etməliyik? Məgər bizim özümüz bunlara qarsı mübarizə apara bilmərikmi? Axı belə düşüncə tərzi, sosial, siyasi və ictimai baxışlarımız bu yöndə formalaşdıqca, bütün bunlar davam etdikcə Qarabağı bizdən daha da uzaqlaşdırır. O da doğrudur ki, kimsənin siyasi əqidəsinə görə repressiyalara məruz qalmasını, günahsız yerə həbsdə olmasını arzu etmirik. Bütün bu həbslər və beynəlxalq mətbuatda ölkəmiz haqqında gedən mənfi yazılar, hamı kimi mənim də ürəyimi ağrıdır. Hətta uşaqlıqdan tanıdiğım və həmişə tərbiyə simvolu saydığım dəyərli ziyalimiz Eldəniz Quliyevin də həbsi gözlənilir... Bütün bu neqativ hadisələr ölkəmizə bas ucalığı gətirmir. Əksinə, beynəlxalq aləmdə ironik gülüş hədəfinə çevrilirik. Ancaq bütün bunları yabançılardan tələb etmək də bir qədər arıma gəlir, xəcalət çəkirəm. Yəni biz insan haqlarının müdafiəsi uğrunda öz vətənimizdə daha üstün səviyyədə mübarizə aparmağı artıq öyrənməliyik və cəsarət göstərməliyik. Ancaq, Avropada bizim soydaşlarımızın tamamilə fərqli məcrada başqa-başqa mövqelərdə fəaliyyət göstərməsinin tərəfdarıyam, lakin... 

 


 “25 ildir mühacirətdə yaşadığım dönəmdə bir dəfə də olsun görmədim ki, erməni və gürcü mühacirlər öz hakimiyyətlərinin əleyhinə Avropada nümayiş və ya mitinq keçirsinlər” 
 


Milli məsələlərdə hamımız bütün umu-küsüləri bir kənara qoyub qardaş olmağa öyrəşməliyik. Milli maraqlarımızın başında isə heç şübhəsiz, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda yorulmadan mücadilə gəlir. Uzun illərdir hakimiyyəti mən də millətimin bir ziyalisi kimi sərt tənqid etsəm də, lakin beynəlxalq görüşlərdə, forumlarda istər dövlətimin, istərsə millətimin namını və haqqını bir yabançıya yedirtmərəm. Mənim prinsipim belə olub ki, “itə ataram, yada satmaram”. Bütün dünyada özünü ziyali sayan kəs həmişə xalqın yanında olar, hakimiyyətə isə müxalif mövqe sərgiləyər. Qardaş iqtidar sahibi belə olsa, ziyali gərək sadə xalqın yanında olmalı, onlara daim dəstək verməlidir. Ziyali harada yaşamasından asılı olmayaraq öz tarixi vətəni və milli maraqları ilə nəfəs almalıdır. Avropada yaşayan ermənilər daha geniş miqyasda, daha çox çalışırlar. Onlar bütün görüşlərdə Qarabağın onların əlində qalmasını min bir yalan və uydurmalarla gündəmə gətirməkdən usanmırlar.

   
 Bəs biz nə edirik?

Əllərimizdə İlham Əliyevin portreti və “diktator” deyə bağırırıq. Guya bununla da Azərbaycanda siyasi rejimi dəyişməyə nail olacaqlar. Ölkənin problemlərinin beləcə həllinə  doğru gedəcəklər. Bütün bunlar özünü aldatmaqdır. Ancaq öz hakimiyyətimizi dialoqa çəkməli, onlara xalqla hesablaşmağı və millətə hesabat verməyi öyrətməliyik.

Bunu özümüz etməliyik, yadlar yox. Əslində mühacirlərimizin Azərbaycan hakimiyyətinə qarşı keçirdikləri aksiyalar daha çox elə onların öz işlərinə yarayan bir siyasətdir. Bəzi  gəncləri də öz şəxsi xeyirləri üçün başqa yönə yönəltməyə sövq edənlər də çoxdurlar. Bütün bunlar Azərbaycana qarşı təsir imkanlarının artırılması kimi başa düşülməməlidir.  Bizim soydaşlarımız özlərinin mədəni təsisatlarını yaratmalıdır və bunun ardınca intellektual səviyyələrini ortaya qoymalıdırlar. Belə olduğunda Avropa dövlətləri də bizə üstün  səviyyədə baxacaqlar. Yoxsa, buraya gəlib müxtəlif vasitələrlə sığınacaq aldıqdan sonra, qaçaq və kirli işlərlə məşğul olmaq azından azərbaycanlilara münasibəti də tamamilə  dəyişir. Mitinq və yürüş təşkil edənlərə də olan münasibət bu prizmadan doğur. Kimlərdir etiraz edənlər? Kimlərdir haqlı mübarizə aparanlar? Bax, Avropanın əsas dəyərləri  bundan ibarətdir.

Müxalifətin adına yaşanılan saxtakarlıq

Məni uzun illərin təcrübəsi kimi ən çox ağrıdan bir məsələ var. Onu hər kəslə paylaşmaq istəyirəm. Avropada yaşadığım bu 25 illik qürbət həyatımızda çox “müxalifətbaz”lar gördüm. Onlardan kiçik bir qrupu çıxmaq sərti ilə, yerdə qalanları sadəcə oturum izni alıb məskunlaşandan sonra, Azərbaycana rahat gedib  - gəlirlər və necə deyərlər, siyasi mücadilələrini dondururlar. Axı bütün bunları Avropa çox yaxşı görür. Hava limanında qeydiyyatdan keçmək faktı yetər ki, həmin mühacirin kimliyini sübut edəsən. Hətta adını və soyadını, milli mənsibiyyətini dəyişənlər belə, ədliyyə orqanlarına məlumdur. Həmin şəxslər ölkəyə kiçik bir təsir gücünə malik olanda və ya ipə- sapa yatmayanda, bu faktlar ortaya çıxır. Bu Avropalıların yabançılara qarşı iş metodlarının yazılmamış qanunlardir. Ancaq bu insanlar yaşamaq üçün, övladlarının gələcəyi üçün bu addımı atıblar. Ölkədə iqtisadi və siyasi sabitlik olsaydı belə hallar da olmazdı. Bu baxımdan, bu tip soydaşlarımızı bəzən anlamaq lazım gəlir. Bütün bunları bir kənara qoyub, məni ağrıdan, acıdan özünü qatı “müxalifətçi” və “vətənpərvər” adlandıran özündən müştəbeh olanlardırlar. Bir dəfə Hollandiyada yaşayan müxalifət fəalı kimi özünü tanıdana bildirdim ki, biz niyə Qarabağı və erməni təcavüzünü dünyaya yetərincə çatdırmırıq? Hətta bu yöndə bəzi layihələrimi də təklif etdim. Bunca qlobal söhbətimizin sonunda həmin şəxsin cavabı bu oldu ki, “mənə Qarabağ lazım deyil, mənə hakimiyyət lazımdır”. Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində yüksək vəzifə tutmuş soydaşımızdan biri bu gün Avropaya sığınıb. O, aylarca mənim qonağım olub. Onu vətənpərvər insan bilib, maddi və mənəvi yardımımı əsirgəmədim. Hətta burada siyasi sığınacaq alması üçün bütün imkanlarımla yardım etdim. Bir gün onun yaşadığı mənzilində özünün də bildiyi kimi, etibar edib bir necə bağlama qoydum. Həmin bağlamalar heç özüm də bilmədim necə yoxa çıxdı. İndiyə kimi o bağlamalardan xəbər yoxdur. Belə birinin, yəni iki eşşəyin arpasını ədalətlə bölməyə layiq olmayana önəmli və strateji xarakterli vəzifənin necə tapşırılmasını hələ də anlaya bilmirəm. Başqa bir müxalifət nümayəndəsi həmin dövrdə kiçik vəzifə sahibi olub. Özünün də dediyi kimi, müşavirin müşavirinin yardımçısı kimi çalışıb. Günlərin birində məclisdə gənclərə, bir polisin “müəllim” deyə xitab etdiyi üçün, həmin polisin basına necə oyunlar açdığından danışır. Bəs niyə polis ona “bəy” deyə müraciət etməyib... Həmin dönəmdə rayonların birində icra başçısı olmuş, hal-hazırda Avropada siyasi sığınacaq almış biri mənə danışır ki, rayonlarımız işğal olan ərəfədə bizim rayonda polislərdən ibarət postlar qoydurdum və dedim ki, bizim rayona bir nəfər də olsun Qarabağdan qaçqın düşmüş insanı yaxın qoymayın. Belə düşüncə tərzinə malik olan insanlar bu gün Azərbaycan müxalifəti adına Avropada siyasi qaçqın statusu alırlar. Onların müxalifəti təmsil etmələri barəsində isə, əllərində təmsil olunduqları partiyaların palaz-palaz sənədləri də vardır. İndi baxın, özünüz fikirləşin. Bunlardırmı müxalifət? Bu qafa ilə Avropanın rəsmi strukturları, beynəlxalq təşkilatlar qarşısında gecə-gündüz mitinq keçirmələrinin mənası sən demə, hakimiyyət cəfası anlayışının gizlinlərindən biriymiş. Belələrinin hakimiyyətə gəlməsini istəyirsiniz? Şərəfli və vicdanlı insanlar müxalifətdə olduğu kimi, iqtidarda da var. Nadan, alçaq, satqın üçün harada olması, hansı partiyada yer alması, hansı vəzifəni tutması heç nəyi dəyişmir. Onun bütün mənfi keyfiyyətlərinin əziyyətini həmişə məsum insanlar çəkər.
 


“Oturublar bilgisayarın arxasında və bununla da virtual aləmin saxta qəhrəmanlarına çevriliblər. Guya Avropada hansısa iri çəkili təsisatlar yaradıblar və Azərbaycanın problemlərinin qlobal şəkildə həlli ilə məşğul olurlar”
 


İntellekti olmayan diaspor problemi

25 ildir mühacirətdə yaşadığım dönəmdə bir dəfə də olsun görmədim ki, erməni və gürcü mühacirlər öz hakimiyyətlərinin əleyhinə Avropada nümayiş və ya mitinq keçirsinlər. Məgər onlarda problem yoxdur? Var!!! Sadəcə onlar bir birlərini didərlər, ancaq satmazlar. Biz niyə özümüz öz problemlərimizi həll etmək əvəzinə, bütün dünyanı ölkəmizin üzərinə qaldırırıq? Demokratiya, insan hüquqları, korrupsiya və traybalizmə qarşı mübarizəni, iqtisadi və sosial azadlıqları xalqın özü aparmalıdır. Bu yöndə xarici dövlətlər və beynəlxalq təşkilatlar sadəcə öz fikirlərini və münasibətlərini nümayiş etdirə bilərlər. Heç kimsə bizim əvəzimizdən həmin problemləri həll etməyəcək. Ölkədə hər bir siyasi partiya, ictimai qurum əslində beyin mərkəzinə çevrilməli, vətəndaş cəmiyyətinin qurulması istiqamətində çalışmalıdır. Onların vəzifəsi hakimiyyət uğrunda deyil, ictimai proseslərdə xalqın maariflənməsi uğrunda olmalıdır. Belə olduğu təqdirdə, seçkilər yolu ilə xalq kimə səs verəcəyi və ya hansı siyasi gücü hakimiyyətdə görmək istədiyi qərarını verəcəkdir. Hətta xalq dəstək verdiyi liderə və ya siyasi gücün uğrunda ayağa da qalxacaq. Əgər Azərbaycan siyasi müxalifəti adına Avropada sığınacaq almış şəxslər olacaqsa, vay bizim millətin halına.

Diaspor məsələsi yalandan başqa bir şey deyil.

Guya xaricdə, xüsusilə Avropada Azərbaycanın Diasporla İş üzrə Dövlət Diaspor Komitəsi hansısa fəaliyyətləri göstərir. Bölgəçiliyə söykənən düşüncə tərzi ilə diaspor qurulmaz. Kağız üzərində yüzlərlə sayda cəmiyyətlər qurublar. Faktiki olaraq, onların heç bir fəaliyyəti və təşkilatları belə mövcud deyil. Ermənilər, gürcülər, hətta çeçenlər getdikcə daha böyük mənada iş qururlar. Onlar artıq iqtisadi dayaqlarını belə yaradıblar. Bizimkilər isə mühacir status aldıqdan sonra, yaşadığı dövlətdən sosial təminat pulunu almaqla heç evdən çölə çıxmırlar. Oturublar bilgisayarın arxasında və bununla da virtual aləmin saxta qəhrəmanlarına çevriliblər. Guya Avropada hansısa iri çəkili təsisatlar yaradıblar və Azərbaycanın problemlərinin qlobal şəkildə həlli ilə məşğul olurlar. Onlar guya hansısa etirazları və ağla gəlməyən fikirləri ilə hər şeyin həllinə nail olacaqlar. Ancaq diqqətlə baxdıqda görürsən ki, bunların üç adamı bir yerə toplamaq, adicə bir qonaq belə qarşılayıb yola salmaq qabiliyyətləri yoxdur. Diaspor əslində ən çevik struktur olmalıdır.

Çox təəssüflər olsun ki, Avropa universitetlərində Türk soylu tələbələrin sayı olduqca azdır

Vaxtilə Türkiyəyə məxsus diaspor illər boyu bu dövlətə qarşı dərin siyasət aparan supergüclərin hədəflərinin qarşısını çox məharətlə ala bilirdi. Buna görə də, Türkiyəni bir neçə dövlətə parçalamaq istəyənlər məğlub duruma düşürdülər. Avropada Türkiyə diasporunun içinə dini siyasət yeridiləndən sonra, milli və dövlət maraqları arxa plana keçsə də, hələ də Türk diasporunun aralarında milli maraqlari qoruyanlar heç də az deyil. Çox təəssüflər olsun ki, Avropa universitetlərində Türk soylu tələbələrin sayı olduqca azdır.


 “Azərbaycandan bəzən elə iri çəkili məmurlar Avropaya gəlirlər ki, ən şərəfsiz ermənidən belə, qorxuludurlar onlar. Çünki, həmin məmurlar özləri ilə birlikdə səyahətə gətirdikləri övladları və nəvələri yaşında olan qızlarla eyş-işrətlə məşğuldurlar”
 


Bizim diaspor Azərbaycanın ərazi bütünlüyü və həm də iqtisadi baxımdan böyük dayaqlar qurmalıdır. Bununla yanaşı, intellektual səviyyəsinin qaldırılmasının qayğısına qalmalıdır. Yaşadıqları dövlətlərin yerli bələdiyyə, parlament və hökumət strukturlarında yer almalıdırlar. Beynəlxalq təşkilatlarda çalışmalıdırlar. Elmi mərkəzlərdə və universitetlərdə fəaliyyət göstərməlidirlər. Bununla yanaşı Azərbaycanın Diaspor Komitəsi ilə birlikdə hərəkət etməlidirlər. Real mənzərəyə baxdıqda, tamamilə fərqli proseslərin şahidi oluruq. Mən hələ diasporumuzun bəzi qruplarının Azərbaycan dövlətinə, xüsusilə də Qarabağ probleminin həllinə qarşı qlobal şəkildə dərin siyasət aparan İran və Rusiya səfirliklərindən dəstək aldıqlarını demirəm. Nə zaman Qarabağ məsələsi beynəlxalq müstəvidə gündəmə gətirilirsə, həmin qruplar xüsusi işarə ilə hərəkətə keçərək, tamamilə fərqli bir situasiyanın yaranması üçün addımlar atırlar. Bütün bunları Avropada çılpaqlığı ilə görmək mümkündür.

Diaqnoz düzgün qoyulmayanda, resept fəsadlara səbəb olur

Demokratik proseslər uğrunda mübarizə aparmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütünlüyü uğrunda dönməz iradə nümayiş etdirmək başlıca vəzifəmiz olmalıdır. Bizim diaspor siyasətimiz yönündə intellektual baxışlarımızın hədəfi bəlli olmayınca, hər hansı bir uğura da imza ata bilməyəcəyik. Yenə təkrar edirəm, tərbiyəsizlər həm iqtidarda, həm müxalifətdə az deyil. Qudurğan, harınlamıs iqtidar mənsublarını da, Avropada az görmürük. Azərbaycandan bəzən elə iri çəkili məmurlar Avropaya gəlirlər ki, ən şərəfsiz ermənidən belə, qorxuludurlar onlar. Çünki, həmin məmurlar özləri ilə birlikdə səyahətə gətirdikləri övladları və nəvələri yaşında olan qızlarla eyş-işrətlə məşğuldurlar. Həmin məmurlardan biri bir məclisdə hətta belə bir ifadə işlıdib: “Mən qızları işə götürəndə onlardan imtahanı saunada götürürəm”. Baxın, dövlətin və xalqın pulu ilə bu harınlamış, strateji vəzifə daşıyan bu şəxs xaricdə Azərbaycanın problemlərinin həlli əvəzinə, görün nələrlə məşğul olur? Lazım gələrsə, həmin məmurun adını çəkə də bilərəm. Halbuki, Avropada bu məmurların haqqında istənilən anda gizli kamera ilə çəkmək mümkündür. Belə bir əməl Avropada cinayət sayılır. İnsani baxımdan isə sərəfsizlikdir. Bizlər çalışıb belə alçaqları həm iqtidardan, həm də müxalifətdən kənarlasdırmalıyıq. Bunu biz bacarmalıyıq!!! Belə məmurlar və savadsız, tüfeyli müxalifət adına diaspor siyasətimiz də hər yerdə fiaskoya uğrayır. Ona görə papağımızı qarşımıza qoyub, iqtidarlı müxalifətli ciddi düşünməliyik. Çağdaş dünyamızda dövlətlərin heç biri təcrid olunmuş durumda mövcud ola bilməz. Bu, əslində qeyri mümkündür. Ən qatı diktator rejimləri belə,virtual, yəni internet aləminə yasaqlar qoysalar da, artıq bunun hər hansı bir effekt verə biləcəyi mümkün olan iş deyil. Misir, Əlcəzair, Tunis, Suriya, İraq və Liviya tipli ən qəddar desportik rejimlərdə belə, baş vermiş inqilablar məhz virtual aləmin sayəsində baş tutdu. Bu gün Vladimir Putinin diktatorluğa sürüklədiyi Rusiyanın özündə istənilən an inqilablar baş verə bilər. Çünki, ölkəni təcrid etməklə sadəcə demokratiyanın və insan haqlarının durumu deyil, həm də sosial-iqtisadi məkanda daha dözülməz hallar müşahidə edilməkdədir. Bir çox ölkələrdə gerçək inkişaf həm də diaspor təşkilatlarının sayəsində baş verir. Bunu İtaliya, İspaniya, Portuqaliya, Hollandiya, Almaniya, Fransa, Belçika kimi ölkələrin indiki durumu da sübut edir. İnkişaf etmiş dövlətlərdəki diaspor təşkilatları ilə birgə taktika üzərində hərəkət edə bildikləri üçün daxili və beynəlxalq düzəndə böyük uğurlar əldə edirlər. Biz illərdir üz-üzə qaldığımız problemlərin nədiaqnozunu düzgün qoymuşuq, nə də onun reseptini doğru yazmışıq. Buna görə də, Azərbaycanımızın problemləri beləcə illərlə həll olunmamış qalır.

Elman Mustafazadə,  
Avropada “Azərbaycanin Dostları” Cəmiyyətinin sədri

Mənbə: Müsavat qəzeti
26.10.2014

13:06