“Bizim üçün iqtidar- müxalifət məsələsi Azərbaycanda qalıb”

Elman Mustafazadə: “…Avropada bu ayrımı tanımırıq, sabah iqtidarla müxalifət birgə işbirliyinə getsələr, buna yalnız sevinərəm”

Müsahibimiz “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadədir. Onunla söhbətimizdə Niderlandda yaşayan soydaşlarımızın fəaliyyətini müzakirə etdik.

 -Niderlandda Azərbaycan dövlətini təbliğ etməyin çətinlikləri varmı? Bu xalqın din, dil fərqliliyi baxımından vəziyyət necədir? Yoxsa, digər ölkələrlə müqayisədə bu ölkədə təbliğat, tanıtım daha rahatdır?

-Əsində, sizə deyim ki, həddən artıq şişirdirlər, heç bir məhdudiyyət yoxdur. Sadəcə biz yeniyik deyə bizə arxa, təkan, dəstək lazımdır. Bir də yerlər səhv düşməməlidir. Hərənin bacardığı işlər var. Burada mübarizə aparırsan, görürsən ki, millət olmaq nə deməkdir. İnanın ki, mən kor millətçiydim, sağlam millətçiliyi Litvada öyrəndim. Gördüm ki, onların millətçiliyi başqa cürdür. Məsələn, heç bir alman və ya holland demir ki, Almaniyaya qurban olum, Hollandiya, anam sənə qurban. Amma yeri gəlsə analarını da qurban verərlər.

– Yəni onlarda “vətənşüvənlik”, “urapatriotizm” yoxdur…

– Qətiyyən, vətənşüvənlərdən qorx. Vətən sənsən, mənəm. Vətən özündən başlayır. Sənə əgər gəlib Avropada, yaşadığın binada hörmət edirlərsə, o hörməti sənin millətinə edirlər.

Polşa mətbuatı 93-94-cü illərdə yazmışdılar ki, azərbaycanlılar Sumqayıtda doğum evinə gedib, erməni qadınların qarınlarını yarıblar. Görün, ermənilər mətbuatı necə istifadə edirlər. Avropada vyetnamlıların belə lobbisi var. Fələstinlilərin də lobbisi var. Yəhudilərin lobbisi isə öz yerində. Yəhudilər bizə çox kömək edirlər. Onlar bizə daha çox yaxınlaşırlar, nəinki biz onlara.

– Bəs, yerli QHT-lərlə əlaqələriniz varmı? Yerli insanların və ya toplumun bizə münasibəti necədir?

– Onların bizə münasibəti gözəldir, sadəcə biz onlarla daha sıx işləməliyik. Niderlandda soydasimizin gənclik təşkilatları var. Rusiyada da diasporda püxtələşmiş liderlər var.

Tahir Hacıyevlə Qalib Ağayev Rusiyada gözəl bir layihə həyata keçirdilər –“Rossiya qlazami azerbaydjanskix şkolnikov i Azerbaydjan qlazami rossiyskix şkolnikov”. Bu layihəni Avropada həyata keçirmək olar. Rusiyalı uşaqlar gəlib bir ay ərzində Azərbaycanda qalırdılar, azərbaycanlı uşaqlar isə Rusiyada qalırdılar. Bir-birinin tarixi, mədəniyyəti ilə tanış olurdular. Polyaklar, ingilislər, ukraynalılar, slovaklar bunu edirlər. Bunu biz də edə bilərik. Avropalılar internetdən bizim ölkəyə baxıb sevirlər, görün gəlsələr necə olar. Mütləq inteqrasiya olmalıyıq. Hollandiyada iş kollektivində elə olur ki, bir türk oruc tutur, digər 5-6 holland da hörmət üçün oruc tutur.

Hollandlar deyirlər ki, biz dindar deyilik, xristianlıq bizim tariximizdir. Amma türklərə ehtiyatla yanaşsalar da evindən gedəndə evinin açarını qonşu türkə verər, erməniyə, kürdə yox. Bu, yaxşı bazadır, bunun üzərində işləmək lazımdır. Bilir ki, türk oğru deyil, türk sədaqətlidir. Erməniləri tanıyandan sonra sevmirlər. Ermənilərin gücü mətbuatdadır, bir də bizim zəifliyimizdədir. Sanki biz güclü olmaq istəmirik, ya da mərkəzdə bizim güclü olmağımızı istəməyən gözəgörünməzlər var. Həmçinin, ermənilər vəzifəli adamlarla bağ quraraq işlərini irəliyə aparırlar. Ermənilərin digər ölkələrin tələbələrinin əlləri ilə etdikəri layihələri var. Biz də bunları edə bilərik, amma bunun üçün milli qeyrət lazımdır. Bizim bütün cəmiyyətlərdə yalnız kişilərə üstünlük verirlər. Avropa isə qadına qulaq asır, tədbirlərdə qadın görmək istəyir. Ermənilər bir kənara dursun, kürdlər tədbirlərinə qadın göndərirlər. Bizdə ictimai təşkilatlarda qadınlara, həm də savadlı qadınlara üstünlük vermək lazımdır. Onlara hörmət etmək lazımdır.

– Qarabağ həqiqətlərinin niderlandlılara çatdırılması üçün fəaliyyətinizi necə qurmusunuz? İkinci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?

– Hərə öz sahəsində mübarizə apardı. Diaspordan kənarda olan şəxslər də daxil olmaqla, hər kəs müharibə dövründə təbliğat işində iştirak etdi. Bizim üçün müxalifət-iqtidar məsələsi Azərbaycanın içində qalan məslədir. Avropada bu ayrımı tanımırıq. Sabah iqtidarla müxalifət birgə işbirliyinə getsələr, buna yalnız sevinərəm. Düşüncəmizdə fərq ola bilər, amma Azərbaycandan çıxandan sonra erməni kimi ölkəyə böhtan atmaq mənfur hərəkətdir.

“Diasporumuzun anatomiyası” adlı yazı da yazmışam. Mən bunu ermənilərdən, gürcülərdən, ərəblərdən görməmişəm. Kiminsə xoşu gəlməyə bilər, amma İlham Əliyev Azərbaycanın prezidentidir… Vaxtilə “Metro” qəzetində 10-15 il bundan əvvəl qondarma “Artsax” deyilən saxta qurumuun saxta prezidenti Avropaya gəlmişdi, demişdi ki, “İlham Əliyev mənə gündə səhər yeməyinə kürü versə, o yenə mənə lazım deyil”. Bu sözün üstündə biz gəncləri yığdıq, getdik Amsterdamda redaksiyaya ciddi etiraz etdik, polislər belə isə qarışırlar və sakitlik yarandı. O kimdir ki, mənim ölkəmin prezidentinin adını çəkir? Mən tənqid edə bilərəm, yadlar yox.

– Niderlandda ermənilərin fəaliyyəti hansı səviyyədədir? Onlarla rəqabət vəziyyəti yaranırmı? Müqayisə etdikdə kimin təbliğat arealı daha çox təsirə malikdir?

-Bilirsinizmi, ermənilər nə edirlər? Ermənistan universitetində ermənişünaslıq fakültəsi var. Ermənilər hər ölkədən bir nəfər o fakültəyə gətirirlər. Onların təqaüdünü, təhsil haqqını, yaşayış xərclərini özləri təmin edirlər. Bitirdikdən sonra onları öz ölkələrinə göndərirlər. Həmin ölkələrdəki erməni lobbisi o tələbəni işlə təmin edir. Növbət il eyni cür. O tələblərin əlləri ilə kitablar yazdırırlar. Həqiqətdə isə özlərinin hazır materiallarını onların əli ilə çap etdirirlər. Bunu məgər biz edə bilmərik? Avropada  cəfəri məscidləri bizə ermənilərdən çox zərər vururlar. Cəfəri məscidlərinə bağlı olanlar guya bizdəndirlər, amma İrana tabedirlər. Adam yetişdirməklə məşğuldurlar. Lazım gələndə bu yetişdirdiklərindən ibarət kütləni mitinqlərə çıxarırlar. Özlərini bizdən göstərirlər, amma İrana bağlıdırlar. Cəfəri məscidlərinin Azərbaycanın əleyhinə gördüyü işləri ermənilər görə bilmirlər. 2-ci Qarabağ müharibəsinin getdiyi dövrdə Hollandiyadakı erməni təşkilatı burada görüş keçirdi, hərbi əsirlərlə bağlı rəsmi görüş oldu. Qərara gəldik ki, hər iki tərəfdən 10 nəfərlik heyətlə öncə Bakıya, sonra isə İrəvana səfər edilsin. Sonra onu ermənilər özləri pozdular. O ermənilərin çoxu Paşinyan tərəfdarı idilər, başçıları da Edita Simonyan idi. Məncə, İrəvandan onlara icazə vermədilər. Həm erməni həm Azərbaycan diplomatik korpuslsri qarusmasalar da here öz vətəndaşından narahat idi. Avropa konqresinin rəhbəri Sahil Qasımov bütün görüşlərdə zəng edib maraqlandı.

– Görünür, İran buradakı fəaliyyəti ilə yetinmir, indi də Avropadakı azərbaycanlıları öz ətrafına yığır…

-Cəfəri məscidlərinin ətrafına yığılanlar “sapı özümüzdən olan baltalar”dır. Yəhdilər ilə münasibətlərimizə mane olurlar. Cürbəcür adlarla yəhudiləri küsdürürlər. İranın cinayətlərini yəhudilərin ayağına yazırlar. Mən dəfələrlə dedim-baxın, yəhudi mənəm. Azərbaycanı sevən həm yəhudiyəm, həm talışam, həm ləzgiyəm. Nə deyirsən? İranda Cənubi Azərbaycanlılar bizim qardaşımızdır, amma siz yoxsunuz. Siz nə şiəlik salmısınız? Müsəlman müsəlmandır. Burada mədəni ocaq açmaq çətindir, amma məscid açmaq asandır. Mənə elə gəlir, türk adı gələndə Avropa qorxur. Türklərə qarşı ədalətsiz mövqe tuturlar, halbuki ikinci dünya müharibədən sonrakı Avropanı türklər tikdilər. Türkün əleyhinə bir təşkilat yaratsan şərait yaradırlar. Adamın üstünə pantürkist, bozqurdçu adı qoyub rahatlıqla şərləmək, qara siyahıya salmaq olar. Əlkiram Hümbətov da məni pantürkist adı ilə şərlədi, amma təmizə çıxadım. Bu isə illərimi aldı. Çox maraqlıdır ki, separatçıların çoxunun xanımları azərbaycanlıdır. Amma bu amil onların separatçılıqdan uzaqlaşmasına qatqı vermir. Səmimi deyim ki, Əlikram Hümbətovun nə xanımı, nə də ovladları Azərbaycana qarşı heç vaxt bir yalnış hərəkətə yol verməyiblər. Xəyanətkar yalnız Əlikram Hümbətovun özüdür. Ancaq onun bu xəyanətkar əməllərindən o savadlı və məsum balalar mənəvi əzab çəkirlər. O uşaqlar mənim gözümün önündə böyüyüblər. İnanın Azərbaycanı səndən, məndən az sevmirlər.

Burada ərəblə, almanla, fransızla, belçikalı ilə evlənmiş azərbaycanlı qızlar tanıyıram. Bu qızlar isə həmin millətlərin nümayəndələrini gətirib azərbaycanlı ediblər. Ermənilərin güclü lobbisinin olduğunu deyirlər, amma elə deyil. Biz zeyifik. Bizim də potensialımız var. Bizə vicdan, bir də dayaq lazımdır. Demirəm ki, Diaspora Komitəsi bizə pul versin, heç olmasa dəstək olsunlar.

-Niderlanddakı gödüyünüz işlərlə bağlı oradakı azərbaycanlılardan dəstək varmı?

-Mən heç unutmaram, jurnalın çətinliyi olanda Moskvada Tahir Hacıyevə müraciət etdim. Bir ilə yaxın “Xudafərin”in bir jurnalistini himayəyə götürmüşdü. Nüfuzumuzdan istifadə edib yazılar yazdırırıq. Özümün imkanım olmayanda dostumdan xahiş etmişəm, kömək edib. Əslində, bu, ümummilli işimiz üçün lazım idi. Dilavər Əzimliyə, Ənvər Börüsoya Allah rəhmət eləsin, kisəmizdən getdilər. Onların ölümü ilə Avropada informasiya müharibəmizdə iki sərkərdəmiz yoxdur. Onların çox əməyi var “Xudafərin”də gedən materiallarda. Mənim ümidim gənclərədir. Burada gəlib təhsil alan gənclər 1-2 illik müddətdən sonra soyuqqanlı, açıqfikirli vətənpərvərlər olurlar. Onların təşəbbüslərinə səs vermək lazımdır.

– Azərbaycan səfirliyi ilə əlaqələriniz nə yerdədir, fəaliyyətinizdə dəstək olurlarmı?

-Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çox alicənab şəxsdir. Hollandiyadakı səfirimizlə – Fuad Axundovla da əlaqələrimiz yaxşıdır, mende vetensever diplomat təsiri yaratdı. Bir neçə il əvvəl Azərbaycanın əleyhinə film çəkmişdilər. Rejissorun adı Suzanna Kruger, filmin adı “Ümid sonda ölür” idi. Nümayişinə Türkiyə erməniləri də, bizim Fuad Hümbətov, Firudin Sadıqov da gəlmişdilər. Dözə bilmədim, emosional davrandım. Ermənilər özlərini türk kimi qələmə verib demişdilər ki, siz azərbaycanlılar mədənisiniz, baxın, Mustafazadə görürsünüz nə edir. Erməniləri azərbaycanlıları mənim üstümə qaldırdı. Sonra mən ermənilərə dedim ki, haqq-ədalət də yaxşı şeydir, Allahdan da böyükdür. Bu mənə cavab verəndə gördülər ki, bu erməni bizim dildə təmiz danışır. Tez qızışmaq bizim millətin zəif yeridir. Biz hələ də sadəlövhük. Bizi bir-birimizin üstünə tez qaldırırlar, amma görüm almanı almanın üstünə qaldıra bilərsən? Yox! Litvalını yox! Hazırda dünyada ən çoxsaylı soydaşlarımzın yaşadığı ölkələrdən biri olan Rusiyada vəziyyət pisdir. Ağadadaş Kərimovun fitvası ilə Moskvada 6-7 nəfər tanınmış azərbaycanlımız ev dustağıdır. Rusiyada ən azı 5-6 şəhərdə konsulluğumuz olmalıdır.

-Demək, hələ millətin üzərində işləmək lazımdır.

-Bəli, ən əsası “urapatriotizm”in qarşısını almaq lazımdır. Əsasən ziyalılar önə çıxmalıdır. Biz elə coğrafi şəraitdə yaşayırıq ki, düşmənlə əhatə olunmuşuq. Bir gün yatmağa belə haqqımız yoxdur, ayıq-sayıq olmalıyıq, əks təqdirdə məhv olarıq…

Mənbə “Hürriyyət”

Xudaferin.eu

 

10:03