Bu dünyadan o dünyaya məktub…

Salam Ənvər (Ənvər Börüsoy)!
Orada vəziyyət nətərdi?…Havalar orada necə keçir?

Yəqin bura üçün darıxırsan...
Təzəlikcə Azərbaycandaydım…
Havalar soyuq idi…

Düzü, Azərbaycanda vəziyyət ürəkaçan deyil… Hər şey baha, millətdə pul yox…

Yenə İran mollaları əfi ilana dönüb üstümüzə gəlir... Sən yoxsan, kim onlara tutarlı cavab verəcək?...

Sənin yoxluğun indi tək Azərbaycanda deyil, bütün Türk dünyasında hiss edilir. Sankı dərin bir boşluq yaranıb...

Ənvər, yadındamı? 1993-cü ilin sentyabr ayında Bakıya gəlmişdim. Birlikdə İsgəndər Həmidovun qonağı olduq. Axşamdan səhərə kimi söhbət etdik, dərdləşdik... Bütün söhbətin mövzusu Qarabağ idi… Zavallı Rəna Xanım yatmayib bizə səhərə kimi qulluq elədi…

Səhərə yaxın şəxsi söhbətə keçib İskəndər bəydən sənin nədən evin olmadığını soruşanda, məlum oldu ki, nazir olanda sənə iki dəfə ev təklif olunub, sən isə Qərbi Azərbaycandan qaçqın əməkdaşlara güzəştə getmisən, özün isə evsiz qalmısan...

Bu dünyada həyat sənin üzünə gülmədi qağa, orada necə, könul açanın varmı?…

Burada erkən valideynlərini itirib min bir əzab-əziyyətlə uşaq evində böyüdün. Ömrü boyu evsiz-eşiksiz Azərbaycana və Türk dünyasına təmənnasız xidmət elədin. Orada necə?… Burada olmadı, heç olmasa orada rahat yaşamalı bir koman varmı?...

Yəqin ailən üçün darıxırsan...

Oğlun Türkəş və Xanımın Afaq yaxşıdırlar. Tez-tez zəngləşirik. Qoyub getdiyin quş damından bir az böyük komada sakit yaşayırlar, əgər buna yaşamaq demək olarsa...

Əslində, Azərbaycanda bütün vətənsevərlərin, yaltaqlığı bacarmayanların hamısının güzəranları belədir...

Buranı özün daha yaxsı tanıyırsan. Bilirsən ki, burada Vətənə və Millətə təmənnasız xidmət edənlərin sonu elə səninki kimi bitər...

Bilmirəm orada hansı rejimdə yaşayırsan... Hər halda orada rahat yat və nur içində sakit yat, Qağa…

Bura nə cənnətdir, nə də cəhənnəm... Bura yetimlərə, kimsəsizlərə zalım Azərbaycandır...

Vallah darıxıram, özüm də gəlmək istəyirəm yanına, Azərbaycanda ölmək yaşamaqdan da bahadır...

Adam bilmir ölsün, yoxsa yaşasın... Hər ikisi Azərbaycanda eynidir...

Nur içində yatmağını arzulayıram, əziz dostum…

Dostun, qardaşın, əqidədaşın, sirdaşın:
Elman Mustafazadə

1 fevral 2023-cü il, Amsterdam

Xudaferin.eu

07:09