Lütfi Zadə bəşəri anlamda Azərbaycanın dünyada bilinən simasıdır

 

Son zamanlar çağdaş dünya elminin ən nəhəng dahilərindən biri olan Lütfi Zadənin (əsil adı Lütfəli Rəhim oğlu Əsgərzadədir) həyatı və “vəsiyyəti” haqqında çoxsaylı fikirlər, təzadlı yanaşmalar, mənasız və heç bir məntiqə söykənməyən baxışlar tirajlanmaqdadır. Dəyərli soydaşlarım, bütün bunlara biz qürbət ellərdə uzun illərdir yaşayan insanlar olaraq baxıb istehza ilə gülürük. Həm gülürük, həm də içimizdə acılar daşıyırıq. Lütfi Zadənin vətəndə dəfn olunması vəsiyyəti varsa, bütün dünya azərbaycanlıları bunu alqışlamalıdır. Hətta bu işdə dövlət və millət olaraq hamımız bir araya gəlməliyik.
Dünyanın son min illik tarixində Nizami Gəncəvi və Lütfi Zadə kimi bəşəri mənada iki böyük nəhəgimiz yetişib. Nizami Gəncəvi bəşər aləmində ilk dəfə olaraq, Şərqin və Qərbin fəlsəfəsini ümumiləşdirən və insanlığın böyük humanizm baxımından birgəyaşam sistemini qurubdursa, Lütfi Zadə qeyri səlis nəzəriyyə ilə bəşəri inqilab edib. İndi bütün dünya bu iki dahinin ideyaları əsasında köklənib. Azərbaycan xalqının bəşəri gücü budur. Bizlər bir millət olaraq şəxsiyyətlərimizlə qürurlanmaq əvəzinə, onları “qaralamaq” və “ləkələmək” kimi gərəksiz ünsürlərə üz tuturuq. Belə bir düşüncəyə sahib olduğumuz üçün, bəşəri mənada kimsə bizlərin yanında yer almır və dünyanın ən mədəni toplumu kimi dəyərləndirilmirik. Elə buna görə də torpaqlarımızı toplu şəklində zamanla itiririk. Çünki millətləşmə və dövlətləşmə kimi bəşəri inkişaf sistemindən çox-çox uzaq dururuq.

Похожее изображение

Dəyərli oxucularımız! Sizlərə bir ibrət örnəyini xatırlatmaq istəyirəm. Uilyam Saroyan adlı ortabab bir erməni yazıçı ABŞ-da anadan olsa da, heç zaman erməni dilində əsər yazmamışdı. Orta dərəcəli oxucular və tamaşaçılar arasında tanınan bir yazar idi. 1981-ci ildə öləndə vəsiyyət etmişdi ki, onun bədənini Amerikada, ürəyini Ağrı dağının ətəklərində dəfn etsinlər. Onun belə bir vəsiyyəti elan etməsi bütün erməniləri bir araya gətirmişdi. Əsərlərində erməni ruhunu və xarakterini ədəbi obrazlar silsiləsi olaraq ucalda bilməsə də, vəsiyyəti ilə özünə bütün dünya ermənilərinin ruhunda abidə ucaltmışdı.
Bizə daxil olan bilgilərə görə, Lütfi Zadə vəsiyyətində bildirib ki, dünyasını dəyişəndən sonra o Azərbaycanda dəfn edilsin. Belə bir yanaşım həm Lütfi Zadənin vətənpərvərliyinin, həm də belə bir addım atması ilə dünyanın Azərbaycana olan marağının artırması deməkdir. Vətənpərvərlik şüarla, plakatla, bəyanatla, bağırmaqla deyil, əməllə isbat olunmalıdır. Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Üzeyir Bəy Hacıbəyli və digər dahilərimiz heç zaman vətən-vətən deyə bağırmadlar. Onlar əməlləri ilə vətənə xidmət etdilər. Heç zaman yadımdan çıxmaz, tələbəlik illərindən bu günə kimi dostluq etdiyim Ənvər Börüsoy danışır ki, Maestro Niyazi xarici qastrollara gedəndə qürbətdə yaşayan soydaşlarımıza cibində və çemodanında gizlətdiyi vətən torpağını apararmış. Maestro Niyazi qürbətdə həyatının son illərini yaşayan yaşlılara həmin torpağı hədiyyə edərmiş. Onlar dünyasını dəyişəndə heç olmasa gözlərinə vətən torpağının ruhu ilə bütünləşsinlər. Lütfi Zadənin 96 yaşı var və 10 yaşından sonra ailəsi ilə birgə qürbətə üz tutmağa məcbur olub. 86 il qürbətdə acı çəkərək yaşamaq bilirsinizmi nə deməkdir? Lütfi Zadə kimi bu ağrı-acıları yaşamamızsınıza o zaman hər hansı bir hökmü vermək də tamamilə yalnışdır. Mstislav Rostropoviç milliyyətcə yəhudi olsa da, özünü hər zaman Azərbaycanın bir parçası hesab edirdi. O Bakıda anadan olmuşdu və cəmi 16 il burada yaşamışdı. Ancaq heç bir zaman özünü Azərbaycandan ayrı hesab etmədi. Buna görə də Azərbaycan da bir dövlət olaraq ona böyük dəyər verirdi.

Похожее изображение

Bu yaxın günlərdə Lütfi Zadənin oğlu Norman Zadə belə bir açıqlamada bulundu: “Atam öz soykökünü heç vaxt danmayıb. O, dünyada qəbul olunan böyük alimlərdən biridir. Ömrü boyu elmlə məşğul olub. Öz nailiyyətləri ilə millətinə, yaşadığı, onu yetişdirən ölkəyə həmişə başucalığı gətirib. Azərbaycanlı olduğunu heç vaxt danmayıb. Harada tərcümeyi-halı açıqlanırsa, orada hökmən azərbaycanlı olduğunu qeyd elətdirib. O ki, qaldı atamın vəsiyyətinə, o, bunu çoxdan eləyib. O, heç zaman "Azərbaycanı özümə vətən hesab etmirəm” deməyib. Bütün bunlar tamamilə təhrifdir. Həqiqətdən uzaqdır. Azərbaycanda heç zaman olmasam da Azərbaycan kökənli olduğumu heç vaxt danmamışam. Öz soykökümə ehtiramla yanaşıram. Fikirlərimin təhrif olunmasından məyus oldum. Atam uşaq vaxtı bizə həmişə Bakıdan, Azərbaycanda yaşadığı illərdən danışardı. Əsil adım Nərimandır. ABŞ-da Norm Zadə, Azərbaycanda isə Norman Zadə kimi tanınıram”.

Qeyd edim ki, bu gün 63 yaşı olan Norman (Nəriman) Zadə atası kimi informatika sahəsi üzrə riyaziyyatçı alimdir, Koliforniyadakı Berkli Universitetinin professorudur. Amerikada kifayət qədər tanınan elm adamlarındandır. Elmlə yanaşı o, əqli bizneslə də məşğul olur.
Lütfi Zadənin vətəndə, Bakıda Dövlət Fəxri Xiyabanında dəfn edilməsi fikrimizcə millət və dövlət olaraq, bütün dünya azərbaycanlılarına sahib çıxmaq deməkdir. Dünya vokal ifaçılığı üzrə ən dahi sənətkarlarından biri olan Müslüm Maqomayev həyatının uzun illərini Rusiyanın paytaxtı Moskvada yaşadı. Ancaq məzarının vətəndə olması üçün vəsiyyətini yazmışdı. Dövlət və millət olaraq, bizlər bu dahi şəxsiyyətə, yəni Müslüm Maqomayevə sahib çıxdıq. Lütfi Zadəyə də beləcə sahib çıxmağı birlikdə nümayiş etdirməliyik. Milli bütünlük, milli iradə də bax bu deməkdir.

Elman Mustafazadə,
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin prezidenti

11:47