Ermənilərin uğuru - Azərbaycan Diasporunun zəifliyindədir

Diasporumuza ümumi baxis

Hollivud ulduzu Leonardo Di Kaprio 2016-cı ildə “Ermənistanın uşaqları” fonduna 65 min dollar pul köçürdü. Bu, "Facebook" səhifəsində qeyd olunub.

Belə ki, aktyor fondun təşkil etdiyi qala gecəsinə qatılıb və orada xeyriyyə məqsədi üçün satılan rəssam Joe Bradleyin əsərini 65 min dollara alıb.
Hər il keçirilən bu tədbiri Hollivuddakı və dünyadakı məşhur erməni ulduzları təşkil edir. Hər tədbirdə isə fondun büdcəsinə 3-4 milyon dollar vəsait toplanır.

Nyu-Yorkda, bəzən isə İrəvanda keçirilən tədbirə dünyanın ən məşhur ulduzları, iş adamları, ictimai-siyasi xadimləri dəvət edilir. Bir sözlə, dünyanın məşhurları guya Qarabağdan, Azərbaycandan, öz ata-ana torpaqlarından qovulan və müharibə nəticəsində ata-analarını itirən erməni uşaqlarına yardım edir və erməni nağıllarını həqiqət kimi qəbul edirlər.

Bu pullarla erməni uşaqları dünyanın ən yaxşı elm mərkəzlərində təhsil alır, Böyük Ermənistan layihəsinin sürətlənməsində yardımçı olmaq üçün bütün qüvvəsi ilə çalışır. Ermənilər hər il yüzlərlə belə tədbirlər keçirirlər və büdcələrini doldururlar. Bu pullarla ermənilərin dünyadakı diasporları daha da güclənir. Eyni zamanda Ermənistan büdcəsinə dollar axır. Bununla yanaşı torpaqlarımızı əlimizdən alan, Xocalı soyqrımını törədən ermənilər öz etdiklərini bizim adımıza çıxmaqla bütün dünyada məzlum və sülhsevər obrazlarını təqdim edirlər.

Bəs bizim diaspor fəaliyyətimiz büdcəmizə hansı vəsaitlərin axmasına səbəb olur və ya Qarabağ işğalını, Xocalı soyqrımını dünyada tanıdır?

Bizdə isə əksinədir. Azərbaycan dövlət büdcəsi hökumətin təşkil etdiyi müxtəlif diaspor komitələrini və cəmiyyətlərini maliyyələşdirmək üçün milyonlar ayırır. Bu cəmiyyət və təşkilatlarına başına yerləşdirilmiş, milli mənşəyi bəlli olmayanlar isə Azərbaycanın dövlət büdcəsini dağıdaraq öz bizneslərini qurmaqla məşğuldurlar.

Bəli, bu günə qədər Avropada Qarabağla bağlı bir dəfə də olsun beynəlxalq konfrans keçirilməyib. Azərbaycan torpaqlarının işğalından iller keçir.

Bu gun hər bir vicdanli soydaşımızı, Azərbaycanın dünyanın müxtəlif ölkələrində mövcud olan disporumuzun durumu ciddi maraqlandırmalıdır. Bu baxımdan disporumuzun həqiqi durumuna səthi yanaşsaq, diasporumuzu sovet vaxtında olduğu kimi kolxoz və sofxozların gününə salan yalan statistikalarla baş aldatsa, bu həm vətənə, həm də millətə xəyanət deməkdir.

Avropada yaşayan güneyli-quzeyli (buraya Türkiyədə yaşayan Azərbaycan türklərini də əlavə etsək) sayı bir milyondan da çox olan soydaşlarımız, hələ də böyük bir diaspor halına gələ bilmeyibler.

2000-ci illerin evvellerinden Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi yarandigi gunden gunumuzedek, bütün fəaliyyətini yalan məlumat yayaraq dövlətin ayırdığı maliyyə yardımını göyə sovurmaq missiyası üzərində qurulub.

Uzun illerdi Komite milli faciələrimizdən mənfəət götürən dələduzlarla və onların yaratdığı ailə kommersiya cəmiyyətləri ilə əməkdaşlıq etdi. Azərbaycan dövlətinin büdcəsindən ayrılan vəsaitləri Azərbaycan xalqının qanını içməklə məşğul olan işbazlara xərclədi. Eslinde ise bu vəsaitlər Azərbaycan tarixini, Qarabağ işğalını, Xocalı soyqrımını, mədəniyyətimizi, qədim ata-baba yurdumuz olan Qerbi Azerbaycan olan torpaqlarımizin tanıdılması üçün xerclenmelidir...

Burada vicdansızcasına pul yumaq, kağız üzərində layihələr həyata keçirməklə dövlətin ayırdığı pulları mənimsəyən bu quldur dəstəsinin fəaliyyətini yoxlamaq üçün əslində hökumət xüsusi komisiya ayırmalı idi. Lakin bunu etmədilər. Çünki Komite ve bezi təşkilat rəhbərləri, milli maraqlara deyil, yüksək çinli məmurların maraqlarına xidmət edirler...

Axı bütün ətrafımız düşmənlərlə dolu olduğu bir dönəmdə niyə bizlər bu qədər yalnız və cılız görünürük? Axı biz niyə məzlum gündəyik?
Erməni lobbisinin hər fürsətdən yararlanıb bizə meydan oxuduğu məqamda biz niyə hələ də pərakəndəyik?

Utancverici hallardan biri isə bundan ibarətdir ki, Moskva kimi dunyada öz çəkisi və sözü olan bir şəhərdə Azərbaycan diasporuna milli mensubiyyeti subheli sexsler rəhbərlik edirler...
Nə üçün başqa xalqların diaspor təşkilatları kimi birlik və bərabərlik içində görünmürük?

Əslində biz birləşib, bir yumruq kimi hədəfə vurmağa çox gecikmişik. Bu gecikmənin acısını hər gün, hər an yaşayırıq.

Uzun illerdi Avropada yaşayıram. Avropanı qarış-qarış gəzərək xalqımızı təmsil edən soydaşlarımızın müxtəlif təbəqələri ilə görüşlərim olub. Bu baxımdan güclu disporumuzun olmamasının törətdiyi faciəvi nəticəni sizlərə də göstərmək üçün bu yazını yazmağa qərar verdim.

– Öncə onu qeyd edim ki, təqribi hesabalamalarıma görə, Avropada soydaşlarımızın sayı milyon yarımdan çoxdur. Bundan əlavə, mühacirətə üz tutanların hamısından yurdsevərlik, dövlətmizə sədaqət tələb etmək doğru deyil. Soydaşlarımızın arasında elələri var ki, onların azərbaycanlı olmasından adam öz daxilində xəcalət çəkir.
Əlbəttə qürbət ölkəyə məcbur olaraq üz tutanların çoxunun intellektual səviyyəsi ürəkaçan deyil. Azərbaycandan son dövürlər Avropaya olan axına qoşulan soydaşlarımızın intellektinin getdikcə zəifləməsinin səbəblərindən ən başlıcası Azərbaycanda təhsil sisteminin bərbadlığı və sosial problemlərin artıq digər sahələri öz ağuşunda boğmasıdır.

Bu bir acı gerçəklikdir. Qürbətdə istənilən toplumun milli təşkilatlanma sisteminin iki üsulu var. Ya həmin xalqın arxasında mənsub olduğu dövlət durmalıdır, ya da xalqı təmsil edən aydınların, din xadimlərinin bu istiqamətdə mənəvi birlik üçün gördükləri fəaliyyətlər ortada olmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, xalqımızla bağlı bunların ikisi yox kimidir.

Ötən əsrin ilk çağlarında Avropada fəaliyyət göstərən azsaylı və barmaqla sayılası Azərbaycan diasporunun arxivləri ilə maraqlandıqda adamı heyrət götürür. Ac-yalavac bu insanlar Azərbaycan milli davasını necə də qürurla aparırmışlar.

Məmməd Əmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşlı, Ziyad Xan Xoylu, Ceyhun Hacıbəyli, Səmran Məmmədzadə, Ənvər Sultanzadə, Əhməd İbrahim, Kərim Aslanoğlu və digər onlarca sayda Azərbaycan ogullarının adını qürurla çəkmək olar. Həmçinin bir vaxtlar Hitlerçilərlə əməkdaşlıq edərək Azərbaycan Almaniyanın tərkibində bir əyalət kimi görmək istəyən Əli Aran, Məcid Musazadə və digər soydaşlarımız, sonrakı illərdə ölkəmizin müstəqilliyi, varlığı üçün çox əmək sərf etmişlər.

Bundan əlavə keçən əsrin 70 –ci illərində sovetlərin dağılmasına kimi Azərbaycan diasporunun formalaşmasında, informasiya blokadasının yarılmasında bütün varlıqları ilə fəaliyyətdə olmuş Mirzə Xəzəri, Nurəddin Qərəvini Rovsen Qemberi və digər dəyərli Azərbaycan övladlarını unutmaq insafsızlıq olardı. Onlar kimsədən indiki dillə desək “qrant” ummadan Azərbaycanın milli varlığı üçün mücadilə aparmışlar.

Bu gün mühacirətdə xalqımızı təmsil edənlərin ictimai-sosial mənada baxışları bu günlə səslənmir.

Biz 1990-cı illərin əvvəlində Polşada 50 il fasilədən sonra, Avropada ilk dəfə “Xudafərin” dərgisini təsis etməklə qürbət mətbuatını bərpa etdik. Dərginin saylarını dəyərli vətənsevər soydaşlarımızla qapı-qapı gəzib pulsuz yayırdıq.

O dönəmdə nə internet var idi, nə də milli təşkilatlarımız...Bu gün durum elədir ki, indiki internet çağında onun bütün imkanlarından yararlanaraq mühacirət və diaspor adına “virtual qəhrəmanlar”ın sayı yağışdan sonra göbələk kimi artmaqdadır.

Hərə öz partiya liderini və ölkədə yüksək vəzifə tutmus yüksək çinli məmuru rəhbər tutaraq guya milli diasporumuzu təmsil edirlər. Əsilndə isə dispor fealları yalnız və yalnız dövlətçiliyi və milli maraqları əsas tutaraq fəaliyyət göstərdiyi zaman uğur əldə edə bilər.

Halbuki, güneyli-quzeyli bir millət olmanın standartları ortaya qoyulmalıdır. Dəfələrlə bu barədə xüsusi toplantıların keçirilməsi Avropada “Azərbaycanın Dostları” cəmiyyəti olaraq təşəbbüslər irəli sürdük. Ölkə-ölkə gəzərək milli birliyimiz adına mühacirlərimizi Azərbaycan Respublikasını nəzərə alaraq iqtidara-müxalifətə bölmədən digər mədəni xalqlar kimi varlığımızı ortaya qoymanın yolları adına çoxsaylı təkliflər irəli sürdük. Məsələyə bu yöndən yanaşılmasını barmaqla saya biləcək insanlar dəstəklədilər.

Ürək ağırısı ilə qeyd edim ki, ermənilərin Avropa ölkələrində yüzlərlə qəzet və jurnalları çap edilir.
Azərbaycandan xarici ölkələrə üz tutan soydaşlarımız isə uzaqbaşı bir internet televziyası yaradırlar ki, orda da Qarabağ mövzusu qoyulmur, ekseriyyetinde ise ancaq siyasi çəkişmələr və sifarişli mövzular müzakirə edilir...

Ardı var...

Elman Mustafazade
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudaferin" (www.xudaferin.eu) jurnalinin bas redaktoru.

21:42