Yaddan çıxmaz Qarabağ

Nədənsə bu gecə tənha oturub yenə Şuşamı düşünürəm...

Qürurluyam ki, son 30 ildə böyümüş, bir dəfə olsun belə Şuşamızı görməyən, fəqət milli qeyrətli gənclərimizin, sıldırım qayaları açaraq, əlbəyaxa, pıçaq-balta ilə döyüşərək, Türk Dünyasının Məkkəsi sayılan müqəddəs şəhərimizi xilas etdilər. 

Başda Ali Baş komandan olmaq şərti ilə bu xilaskarların önündə baş əymək şərəfdir. 

Ancaq məni narahat edən məqamlarda var...

Haylar tək Azərbaycan torpaqlarını, onun incisi sayılan Qarabağı deyil, həmçinin bizim millli mədəniyyətimizi, adət və ənənələrimizi, intibahımızı belə Kremlin köməyi ilə işğal etmişdilər. 

Bu baxımdan yeni nəsil Şuşanı böyük vurğunluqla sevsələr də, çox təssüflər olsun ki, bu şəhərin camaatının özünəməxsus xüsusiyyətlərini, adət və ənənələri bilmirlər...

Şuşalıların əksəriyyəti qədim ənənələrə malik bəy, xan, mülkədar nəsillərinin törəmələridirlər. 

Əksəriyyət şuşalılar çox alicənab olarlar, irslərində görmüş-götürmüşlük var. Şuşa camaatı xaraktercə çox təmkinli, səbrli olarlar. Hələm-hələm coşub daşmazdılar. Amma bu təmkinin bir həddi də var. O həddi keçdinsə qarşında qorxubilməz, cəsur, ölümün gözünə dik baxan bir cəngavər görərsən şuşalıları.

Açığın deyim ki, şuşalılar çox şovinist olarlar, xüsüsən qadınları. Şuşa qadınları bir neçə nəsil yabançı dildə təhsil ala bilirlər, ancaq heç vaxt ana dillərini, adətlərini, özünəməxsus Şuşa mədəniyyətini əsla unutmazlar. 

Əgər bir ailədə Xanım şuşalıdırsa, o ailəni assimilyasiya etmək mümkün deyil. 

Şuşa müsəlman şəhəridir, ancaq bu şəhərdə hələ bu günə kimi kimsə deyə bilməz ki, hansısa kişi Şuşalı qadına əl qaldırıb. 

Şuşalılar qadına xususi önəm edirlər və evdə heç bir qız uşağını təhsilsiz qoymazlar. Şuşalılar ailədə qız uşaqlarına xüsüsi diqqət yetirirlər. Qizin təhsili şuşalılar üçün prioritetdir.

Mən qürbətdə üçüncü nəsil yabançı dillərdə təhsil almış şuşalı Xanımlar tanıyıram ki, ana dilləri olan Azərbaycan türkcəsində nəyinki danışırlar, hətta doğma dildə şer yazarlar. 

Bir vaxtlar İran Şahina ərə verilmiş və Şahbanu titulun daşıyan Ağabəyim Ağa Cavanşir, Tehrana uyuşa bilməmiş, özünü bu ölkədə həmişə qərib saymışdı. 

O, qürbət saydığı İranın şah sarayında, cah-calal içində yaşasa da könlü açılmamış, ürəyi həmişə Qarabağda, Şuşada olmuşdu. Bu baxımdan onun həyatı çox kədərli və nisgilli keçmişdi ...

Ağabəyim Ağa Cavanşir tipik şuşalı Xanımlar kimi gözəl, zəkalı və savadlı olmaqla yanaşı, yüksək nitq mədəniyyətinə malik bir xanım olmuşdu. O, hər bir şuşalı Xanımlar kimi, danışanda, onun nitq mədəniyyətinə hamı heyran olmuşdu. 

Ağabəyim Ağa Cavanşir öz doğma şuşalısı olan bir gənci sevsədə, onu sevmədiyi İran Şahına məcbur ərə verirlər. Ömrü boyu gözü və könlü qəmli, kədırli Ağabəyim Ağa deyirdi:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,  
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.
 
İran Şahı Tehranda möhtəşəm bir bağ saldırır, adını  Ağabəyim Ağanın istəyinə uyğun “Vətən bağı” qoyur. Şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim Ağa xiffət eləməsin, doğma Şuşasının havasını bu bağdan ala bilsin.
Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib xiffətini belə ifadə edir:
 
“Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Bəli Şuşalı gözəlləri assimilyasiya eləmək elə də asan deyil.  Onlarin qəlbindən və şüurundan Şuşanı, Qarabağı çıxarmaq elədə asan deyil...

Necə ki, Ağabəyim Ağa Cavanşir ömrü boyu içində qan ağlayaraq deyərdi:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...

Elman Mustafazadə
Xudafərin.eu

15:18