Flora Kərimova şəxsiyyətinə və sənətinə qürbətdən baxış

Yenə bir payız axşamı vətəndən uzaqlarda – Amsterdamda diqqətim bayaqdan pəncərəni döyəcləyən yağışa yönəlib. Təbiətin bu şıltaqlığı məni yenidən xəyallar, xatirələr aləminə aparır. Və bu aləmdə, nədənsə, böyük sənətkarımız Flora xanım Kərimova ilə üzbəüz dayanıram. Bəlkə də məni xəyallara daldıran bu ərəfədə Flora xanımın qəzetlərdən birinə verdiyi müsahibəni oxumağım oldu. Həmin müsahibədə Flora Kərimova yenə də öz təbiiliyinə, səmimiliyinə sadiq qalmışdı. Müsahibədə Flora Kərimovadan yaşını soruşurlar, xanım səmimi şəkildə 67 yaşı olduğunu bildirir. Bu fakt içimdə qərib bir nigarançılıq yaradır. Doğrudanmı? Həmişəcavan Flora xanıma bu yaşı kim verər? Hələ gənclik illərimdən fanatik pərəstişkarı olduğum Flora Kərimovanı həyatda bir neçə dəfə görsəm də, onunla yaxından tanış olmaq arzusu ilə yaşayardım. İnanmırdım nə vaxtsa belə bir dahi sənətkarla ünsiyyət qura bilərəm…

Tələbəliyimin ilk illəri həvəskar foto ilə məşğul olur, ancaq elə doğmalarımın, dostların, tanışların şəklini çəkirdim. Bir gün tələbə yoldaşım, bacı kimi sevdiyim Nailə Əkbərova məni inandırdı ki, professional fotoqraf ola bilərəm və bu sənətlə yaxından məşğul olmalıyam. Açığını deyim ki, hətta tanımadığım insanların şəklini çəkməyə belə utanardım. Nailə əlimdən uşaq kimi tutub axır ki, məni fotoqraf elədi. Əgər foto sənətinə görə minnətdarlıq hissi ilə xatırladığım ustadım Mir Sadiq Vəzirovdursa, məni fotoda öncüllər sırasına çıxartdığı üçün Nailə Əkbərovaya borcluyam. O zaman həvəskar foto üzrə ümumittifaq müsabiqəsinin qaliblərindən biri oldum. Daşkənddə keçirilən həvəskar fotoqrafların müsabiqə sərgisində portretini çəkdiyim konservatoriya tələbəsi Samirə Tağıyevanın şəkli diploma layiq görüldü. Elə o vaxtdan da oldum tələbə-fotoqraf. Çox təəssüf ki, bu sənətdən tez ayrıldım…

Maddi ehtiyaca görə ara-sıra kübar toylara şəkil çəkməyə gedərdim. Tanınmış diktorumuz Roza Tağıyevanın balaca qardaşı Eldənizin toyunu çəkməyə dəvət olundum. Bu dəvətə ikiqat sevindim. Əvvəla, Eldəniz bəy Nailənin dayısıdır, ikincisi isə Nailə mənə söz verdi ki, toyda məni Flora Kərimova ilə şəxsən tanış edəcək. Bu toy o dövr üçün ən yaddaqalan məclislərdən idi. Bütün məşhur müğənnilər qonaq qismində toyda iştirak edirdilər. Flora xanım oturduğu masada əllərini çənəsinə söykəyib bir nöqtəyə baxırdı. Mən onu qarşısındakı güldana qoyulmuş qərənfillər arasında görürdum, tez obyektivi dəyişib, teleobyektivlə qərənfillərin arasında onun şəklini çəkdim. Bu, illərlə həsrətini çəkdiyim Flora xanımla ilk görüşdə çəkdiyim ilk şəkil idi. Sonra Nailənin vasitəsilə Flora Kərimova ilə yaxından tanış oldum. Həmin illər Flora Kərimova ilə yaxından tanışlıq hər bir azərbaycanlı üçün səadət idi. Onunla tanışlığımız sonralar çox səmimi bir dostluğa çevrildi. Ailəsinə dəvət olundum, həyat yoldaşı rəhmətlik Faiqlə ünsiyyət qurdum, yaxın qohumları, çox mehriban və gülərüz Yaqutla tanış oldum, körpə Zümrüdün şəkillərini çəkməkdən heç doymazdım. Flora xanım mənə həmişə “oğlum” deyə müraciət edərdi, ancaq mən onu böyük bacı sayırdım. Çünki öz gümanımca, əgər mənim 22 yaşım vardısa, Flora xanım məndən bir neçə yaş böyük olardı…

Musiqişünas olmadığım üçün onun ifasını təhlil etmək fikrində deyiləm. Ancaq bilirəm ki, Flora xanım estradamızın canlı korifeylerindəndir. Heç kimə sirr deyil ki, Flora Kərimova 70-ci illərdə Azərbaycan estradasına bir fırtına, bir sunami kimi gəlib. O, səhnəyə tam yeni ifa tərzi gətirdi. Yüksək səhnə mədəniyyəti, yaraşıqlı görkəmi, məsum baxışları könülləri fəth etdi. O vaxtdan bu günə qədər onun səsinin, səhnə mədəniyyətinin dəyişməz olduğunu gördük. Flora xanımın pərəstişkarlarını bir yerə toplamaq mümkün olsa, Azərbaycan cəmiyyətinin kübarlıq, intellekt səviyyəsini asanlıqla təyin edə bilərik. Gəlin, milyonların qəlbində solmaz bir çiçəyə bənzəyən Flora Kərimovanın qısa tərcümeyi-halına nəzər salaq:
Flora Ələkbər qızı Kərimova 23 iyun 1941-ci ildə Bakıda doğulub. Ata tərəfi qədim, özünəməxsus adətləri ilə seçilən Qəbələ şəhərindən, ana tərəfi isə Azərbaycan mədəniyyətinin, musiqi sənətinin beşiyi, başıbəlalı Şuşadandır. 14 yaşından bədii özfəaliyyət dərnəklərində, sonralar Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” mahnı və rəqs ansamblında, Dövlət Flarmoniyasında, radio və televiziyada uğurlu çıxışlar etmişdir. Flora Kərimova təkcə müğənniliyə deyil, təhsilə də ciddi yanaşıb. Bu baxımdan, onun həm korifey sənətkar kimi, həm də böyük intellekt, yüksək mədəniyyət sahibi olan ictimai xadim kimi yetişməsində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1964), Tibb İnstitutunda (1971), Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında (1977) təhsil alması misilsiz rol oynayıb.

Flora Kərimova hər mahnını, orta və aşağı səviyyəli bəstələri ifa etməyib. O, həmişə mahnıların musiqisinə, sözlərinə həssas yanaşıb, buna görə də oxuduğu mahnıların bir çoxu xalq mahnısı kimi dillər əzbəridir. Bu gözəl müğənninin repertuarında Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın, Oqtay Rəcəbovun, Ramiz Mirişlinin və başqa bəstəkarların bir-birindən dəyərli mahnıları əsas yer tutur. Onun ifasında ruhları yerindən oynadan “Ey vətən”, “Düşürsən yadıma”, “Saçlarına gül düzüm”, “Xəzərin sahilində”, “Gəl sevgilim, gəl görüşək”, “Qocalır anam”, “Qoruya bilmədim məhəbbətimi”, “Sevgimiz elə bu qədərmiş”, “Gecələr bulaq başı”, “Necə unudum səni?” və digər mahnılar insanı xəyalların ağuşuna atır, sonu görünməz ənginliyə aparır...
Opera sənətində Flora Kərimova ağır imtahandan şərəflə çıxıb. 1966-ci ildə Dövlət Opera və Balet Teatrının səhnəsində ustad tarzənimiz Bəhram Mansurovun xeyir-duası ilə Leyli rolunun öhdəsindən məharətlə gəlib. Flora Kərimova hələ 27 yaşında çəkildiyi “Qanun naminə” filmində Züleyxa rolunu istedadla yaradıb. Onun ifasında “Qayınana” filmində səslənən ariyanın böyük effekt doğurduğu şübhəsizdir. Cox təəssüf ki, sonralar bu istedadlı sənətkar, nədənsə, kinorejissorların diqqətindən kənarda qaldı.

Mən, adətən, Flora xanımla görüşlərdə heç danışmazdım, yalnız onu dinləyərdim. Onun səlis, məntiqli və çox intonasiyalı, təmiz azəri türkcəsində olan nitqi adamı heyran edir. Bütün görüşlərimizdə Flora xanımı diqqətlə müşahidə edir və onu tanımağa çalışırdım. Həmin dəqiqələrdə dönə-dönə əmin olurdum ki, Azərbaycan mədəniyyətinin nəhəng korifeyi ilə ünsiyyətdəyəm. Bilmək istəyirdim ki, görüm böyük insan və sənətkar necə olur? Onda əyilməz qürur, insanpərvərlik, xaraktercə stabillik, möhkəm yaddaş, övladlarına və ailəsinə qayğı, bir sözlə, çox kişilərdə belə rast gəlinməyən mərdlik, cəsarət gördüm. Bununla bağlı bir məqamı xatırlamaq yerinə düşər:
1980-ci illərin sonları idi. Flora xanım məni Azdramada keçirilən Radio gününə dəvət etdi. Fotokameranı götürüb oraya yollandım. Artıq rəsmi hissə bitmişdi və artistlər konsertə hazırlaşırdılar. Səhnə arxasına keçdim ki, Flora xanımı görəm. Baxdım ki, kənarda dayanıb, “Dan ulduzu” ansamblının rəhbəri, məşhur pianoçumuz Gülarə Əliyevanın qoluna girib. Hər ikisi ayaq üstə, bir azca bikef dayanmışdılar. Dərhal yaxınlaşıb hər ikisinə ehtiram göstərdim, əllərindən öpdüm. Stul tapıb gətirdim ki, otursunlar. Gülarə xanım işlərimlə maraqlandı. Axı institutda təhsil alanda onun həyat yoldaşı Adil Adilovla ata-oğul münasibətimiz olub. Mən bu ailənin xoş günlərini, mərasimlərini çəkmişəm. Sözümün canı odur ki, həmin vaxtlar məlum hadisələrlə bağlı bu ailəyə münasibət dəyişdiyi üçün əksər müğənnilər Gülarə xanımdan uzaq dayanmağa çalışdığı halda, Flora xanım çox zaman onun yanında olardı. Flora Kərimova təkcə gözəl sənətçi deyil, həm də kamil bir şəxsiyyətdir. O yaltaqlıqdan, riyakarlıqdan, nadanlıqdan uzaq bir insandır. Həmişə haqqın yanında olar, haqqı müdafiə edər. Flora Kərimova vətənini, millətini hədsiz dərəcədə sevən bir insandır, imkansıza əl tutan, ümidsizə ümid verəndir.

Sonuncu dəfə Flora xanımla 1993-cü ildə görüşmüşəm. O vaxtdan onu görməmişəm. Polşadan Bakıya gedirdim, mən Moskvaya çatanda Gəncədə qiyam qalxmışdi. Ona görə Bakıya çox dilxor gəldim. Bir neçə gündən sonra Flora xanıma zəng elədim, telefonu Yaqut götürdü. Səsimi dərhal tanıdı və çox sevindi. Ancaq bikef bildirdi ki, Flora xanım xəstədir, yataqdadır. Həmin gün jurnalist dostum Müsəllim Həsənli ilə gül-çiçək alıb Flora xanıma baş çəkdik. İlk dəfə orada istedadlı bəstəkarımız Eldar Mansurovla tanış olduq. Biz Flora xanımın çarpayısının ətrafına toplaşıb gözəl söhbətlər edirdik. Yaqut xanım isə bizə qulluq etməkdən sanki zövq alırdı. Hamımız birlikdə şəkil çəkdirdik. Bizim gəlişimiz Flora xanımın ovqatını düzəltmişdi. Ayrılanda mənə Polşadakı fəaliyyətimlə bağlı təşəkkürünü bildirdi və Varşavada yaşayan bir neçə nəfərin telefonunu verib xahiş etdi ki, onları da Azərbaycanın Dostları Cəmiyyətinə cəlb edim. Tez-tez görüşəcəyimizi söylədim… və ayrıldıq…
Düz 15 il keçib, amma biz hələ də görüşməmişik. Bu yazını yazdıqca çox kövrəlirəm. Hələ heç vaxt yazı yazanda belə kövrəlməmişdim. Bir yandan da Flora Kərimovanı xatırladıqca içimdən bir haray qopur. İstəyirəm hayqıram ki, Allah xatirinə onu incitməyin, axı indi onun ən kövrək illəridir… Oğlu Oqtay Almaniyada yaşayır, qızı Zümrüd İngiltərədə, Flora xanım indi içində bir qürbət həsrəti ilə ömür sürür… O, Şuşada yazın əvvəli qar altından baş qaldıran boynubükük bənövşədir, bəlalı Cıdır düzünün incə, kövrək Xarıbülbülüdür, şəhid olmuş əsgərimizin məzarı önündə Ramiz Rövşənin “Qara paltarlı qadın”ıdır, Şəhidlər Xiyabanında ağlayan qərənfildir. O bizim Floramızdır, Azərbaycanın Florasıdır.

Yağış artıq pəncərənin şüşələrini yuyur. Hollandlarda məsəldir, deyərlər ki, hər yağışın bir günəşi var. Ancaq heç günəş də çıxana oxşamır… Pəncərədən baxıram, birdən qəribə bir mənzərənin şahidi oluram. Taksidən bir qadın düşüb onu gözləyən kişi ilə qucaqlaşır, bu payız yağışın altında bir-birilərinə sarılırlar. Bu mənzərəyə baxıram və sanki Flora xanımı, onun həyatdan erkən getmiş həyat yoldaşı Faiqi xatırlayıram. Bu xoşbəxt holland qadını taksidən düşüb hara getdiyini, niyə getdiyini bilir, Azərbaycanın Florası isə oxuyur;

Bir axşam taksidən düşüb payıza,
Bilmədik haraya, hayana gedək.
Bahar həsrətilə payız axşamı
Yenə həzin-həzin titrədi ürək.

Yağışın əlindən qaçıb bir küncə,
Dayandıq üzümüz dənizə sarı.
Yenə tapılmadı payız gəlincə,
O uzaq günlərin itmiş açarı…

Elman Mustafazadə,
Amsterdam.
Yazı 2008-ci ilin noyabrında qələmə alınıb
tezadlar.az
Xudaferin.eu

23:50