Zəncirvari cəzasızlıq sindromu

Azərbaycanda övlad dünyaya gəlir. İstənilən ailə şükranlıq edərək buna sevinməyə başlayır. Nədən? Nəsil-şəcərəsi davam edəcək. Əlbəttə burada qeyri adi heç nə yoxdur. Ancaq, bir əmma var. O övlad da valideynləri kimi zamanla dünyanın ən hüquqsuz bir köləsinə çevriləcək. Çünki, bu məmləkətdə insanların istedadı, savadı, biliyi, bacarığı deyil, hansı zümrəyə məxsus olmaq əsas şərt hesab olunur. Quldarlıq, feodalizm və kapitalizmdən fərqli olaraq, bu gün gözəlim Azərbaycanda yeni zümrələr yaranıb. Bu əbədi icra başçıları-darğalar, bələdiyyə başçıları-koxalar, həbsxana rəisləri, hakimlər- qazilər, məktəb direktorları, seçki məntəqəsi başçıları, deputatxana üzvləri, polis rəisləri, universitet rektorları, gömrükxana rəisləri və s., və s. kimi vəzifəlilər zümrəsi formalaşıb. Bunlar ölkənin irili-xırdalı oliqarxları hesab olunurlar. Dünyanın heç bir ölkəsində rast gəlinməyən möcüzələrdən biri də Həmkarlar İttifaqının sədri bu sahənin oliqarxı, dəfələrlə deputat seçilmiş zatdır. İşçilərin hüquqlarının qorunmasını deyil, onların hər addımda hüquqsuzluğa düçar olunmasının baş administratorudur.

Hər gün yeni bir idarə yaradılaraq yepyeni zümrələr formalaşdırılır. Beləliklə də ölkənin inkişaf düsturu cəmiyyətə təlqin olunur. İstənilən məmləkətin daxili bazarını tənzimləyən minimum bazar zənbili anlayışı mövcuddur. Azərbaycanda bu gün istehlak tələbatı 515 manatdır. Yəni bir nəfərin ay ərzində acından ölməməsi üçün bu qədər vəsait tələb olunur. Amma. Nazirlər Kabinetinin qərarı ilə bu rəqəm 110 manat elan olunub. Ona görə də ölkədə hər kəs aclıq sindromu ilə üz-üzədir. O zaman sual olunur ki, belə bir durumun arxasında nələr gizlənir? Bunun tək bir cavabı var HÜQUQSUZLUQ.

Müasir dünyada iki çeşiddə dövləti idarəetmə sistemi mövcuddur. Ya dövlət xalqı yaşatmalıdır, ya da xalq dövləti. Dövlətin xalqı yaşatmasının düsturu keçmiş totalitar Sovetlər Birliyi rejimi idi. Belə bir qayda İran, Oman, Sudan və digər diktator rejimlərində bu gün də mövcuddur. Bir də var, DEMOKRATİK DÜNYA. Burada xalq dövləti yaşadır. Azərbaycanda bu iki prinsipin heç biri yoxdur. Yəni hər şey VAKKUM, boşluq içindədir. Ona görə də ölkəni idarə edən YAP rejimi 26 ildir hər şeyi öz nəzarətində saxlayır. YAP hakim zümrəyə çevrilməklə ölkənin bütün təbii-maddi və digər sərvətlərinin ağasına-darğasına çevrilibdir. Belə bir rejimə alternativ ola biləcək ən xırda addımı amansızlıqla və qəddarcasına siyasi avantüraların içində boğub məhv etmək siyasətini illərdir davam etdirir. Azərbaycanda hüquqsuzluğun ana sindromu budur. Siyasi partiyalar, vətəndaş cəmiyyətləri, insan haqları təşkilatları, qəzetlər, informasiya agentlikləri, saytlar və televiziya kanalları tamamilə çökdürülübdür. Həqiqəti deyənləri nəinki işsiz, ac-susuz qoymaq, hətta böhtan, naxçıvanlılar demişkən şər-şəbədə ilə həbsxanaların küncünə atmaq adi hala çevrilibdir. 
Azərbaycan gəncliyi sabahının necə olacağını bilmir. Onun öz gələcəyinə heç bir ümidi yoxdur. Çünki, dünyaya göz açdığı gündən ailəsinin bir tikə çörək üçün hansı əzabların, zülmlərin və işgəncələrin içindən keçib getdiyini böyüklərinin simasında görür və bunun canlı şahididir. Hakimiyyət elə bir durum yaradıbdır ki, ildən ilə kütləvi savadsızlıq da dərinləşməkdədir. YAP-ın mənəvi və siyasi babası olan Karl Marks belə, vaxtilə etiraz edərək deyirdi: “Pambıq qul əməyidir”. Bunlar pambıqçılığın inkişafı adı altında xalqı qula çevirməyin modern düsturunu cəmiyyətə tətbiq etməyə başlayıblar. Hər üç-beş ayda bir dəfə hansısa siyasi avantüranı gündəmə gətirməklə cəmiyyətdə bir qorxu sindromu yaradılır. Bütün inzibati resurslar da bu prosesə qoşularaq, iqtidarın ömrünü uzaltmağa hesablanmış addımları atırlar.

Müasir dünyanın inkişaf etmiş cəmiyyətlərində ilk addım insan haqlarının qorunması prinsipidir. Bütün bunlara Azərbaycanda rast gəlinməz. Yuxarıda sadaladıqlarımız anlamlar bunun acı da olsa tablosudur.
Bakıdakı dostlarımız deyirlər ki, dünya səhiyyə təşkilatının qərarına görə isti havalarda 40 dərəcə isti temperaturda işçini açıq havada işlətmək olmaz. Feodallaşan YAP rejimi isə insanları qul kimi belə bir qızmar havada işlədirlər. Hətta onlara kinnət də qoyaraq: “İş günün üçün 20 manat ödəyirik. Zəhmət çəkib işi vaxtında təhvil verməlisən” deyirlər. Halbuki, o fəhlənin normal insan kimi orqanizminin 35-37 dərəcə və təbii havanın 40 dərəcədən yuxarı olan istiliyi sonucunda hansı fəlakətlərin içində boğulması YAP zümrəsinin vecinə deyil. 40 dərəcə istidə küçə itləri kölgəyə çəkilərək nəfəs almaqda çətinlik çəkdikləri halda, Azərbaycanda işçini, yəni adi bir insanı istər tikinti-təmir, istərsə də pambıq tarlalarında qul kimi işlətmək adi hala çevrilibdir.
Fikrimizcə, uzun-uzadı hesabatlara, monitorinqlərə, incələmələrə müraciət etmək lazım deyil. Bakının küçələrində yayın 40 dərəcə istisində tikintidə, təmir işlərində və sair yerlərdə adi işçilərin qamçı altında döyülərək işləməyə məcbur edilən qul kimi halına baxmaq yetərlidir. Hüquqsuzluğun ən adi görünən tərəflərini anlatmağa çalışdıq.  

Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

18.07.2018

 

14:11