Xanqızı, Xanxanımı Tutubəyim ağanın Osmanlı sultanına məktubu

Rus istilasına qarşı çıxmış Xanqızı - Xanxanımı Tutu Xanımın 1813-cü ildə Osmanlı Sultanı II Mahmuda yazdığı məktubdan...
1806-cı ildə rus işğalçı dəstəsinin başçısı Lisaneviç gecədən 3 saat keçmiş Qarabağ xanı İbrahim xan Cavanşirin qafiləsinə quldurca basqın edərək xanı, ailəsini, hətta azyaşlı övladlarını və əsabələrini (50 nəfərə kimi) qətliam etdi...
İbrahim xanın qızı Tutu Xanımın (o, Şəki xanı Səlim xanın zövcəsi idi) II Mahmuda yazdığı məktub belə başlayır:
"Qarabağ valisi, mərhum Şəhid, Allah yolunda savaşmış, Osmanlı dövlətinin qarşısında qədim və səmimi bir xidmətçi olan İbrahim Xan Qarabağının qızı Tutu Xanım"
Tutu Xanım yazır:
Bu bölgə zəngin və pak, mərhəmətli olan Allahdan heç umudunu kəsməyib... Uca Allah Qurani-Kərimdə müsəlmanlara belə buyurmuşdur: Ey müsəlmanlar, Allaha, Rəsuluna və sizdən olan idarəçilərə itaət edin. İndi bu itaət şanlı, şövkətli və əzəmətli olan dövlətinizədir. Allaha həmd və sənalar olsun ki, bu anda atalarımıza ayrılan torpaqlarda, onlara verilən fərmanlar və əmrlər əsasında əzəmətli və möhtəşəm Osmanlı Dövlətinə itaətkar durumdayıq. O uca dövlətin izni və əmrləri ilə burada hökm sürməkdəyik. Ancaq hicrətin 1225-ci ilində (milad-1801) kafirlər Tiflisi istila etdi. Biz də onlara qarşı 4 il cihad etdik. Bundan sonra minlərlə müsəlman bacı-qardaşımız şəhid oldu. Bu il yurdumuzu tərk etmək məcburiyyətində qaldıq. Yenə bu il 2400 əskərimizlə birgə kafirlərlə döyüşdük və onları Şəkidən çıxardıq, ordumuz Şəkiyə yenidən yerləşdi. Ancaq düşmənin Şəkini yenidən geri almasından qorxuruq, çünkü bizim nə silah-sursatımız, nə də topumuz var. Elə bu səbəbdən durumuzmuzu Osmanlı Dövlətinin uca məqamına çatdırmaq məcburiyyətində qaldıq. Həmçinin Dağıstandakı rəhbərlərlə və müsəlman xalqla ittifaq yaratdıq. Allah yolunda döyüşmüş, qazi olmuş fəzilətli alim Hüseyn Əfəndini də vəziyyətimizi sizə çatdırmaq üçün Osmanlı Dövlətinə göndərdik. Dövlət başçısından bizim adımıza bir fərman çıxarmasını və onun hökmünə tabe olmasını umud etməkdəyik. Biz burada bütün silahdaşlarımızla birgə 40 minə yaxınıq. Əmr vermək rəhbərimizdən, əmrə tabe olmaq bizdəndir. Zira bu anda ətrafımızda olan rus ordusu da zəif düşmüşdür. Geriyə qalan əskərləri də bizə qarşı zəfər əldə edəcək halda deyildir Allah kafirlərin kökünü kəssin. Allahın yardımı olmadan nə uğur əldə etmək olar, nə məğlubiyyətdən qurtarmaq olar..."

Qarabağlı İbrahim xanın qızı, Şəkili Səlim xanın zövcəsi Tutu Xanımın Osmanlı sultanı II Mahmuda göndərdiyi bu qiymətli məktub Azərbaycan qadınının rus işğalına qarşı duruşu, milli azadlıq istəkləri və uluslararası siyasətdə iştirakçılığı haqda olan çoxsaylı dəlillərin sadəcə bircəsidir...

Mehriban Vəzir

Xudaferin.eu

20:58