Danış görüm sən kimsən...

Dünən axşam eyni saatda iki xanım soydaşımız canlı yayında idi. Nəzakət xanım AzerFreedom`da, Gürcüstandan Samirə Bayramova "Düzdanışaq" yutub kanalında çıxış edirdilər.
Nəzakət xanım əsrin cinayəti "Tərtər işi"ndən danışırdı.
Samirə xanım soydaşlarımızın - Gürcüstan türklərinin sıxışdırılmasından bəhs edirdi.
Bu dəyərli xanımların hər ikisi gözəl, suyuşirin, hər ikisi zəki, hər ikisi canıyanan, çalışqan, cəsur görünürdülər. "Danış görüm sən kimsən" ülgüsü ilə götürsək... onların kimliyini, ürəklərini və yanğılarını gördüm. Məmnun oldum. Bütün Azərbaycan üçün gerçək bir rol-model, örnək qadınlardır.

Dilimizdə bir kitablıq fikri ifadə edən bir deyim var: "özü ilə oynayan". Əsasən qadınlar haqda deyilir, mənasını bilirsiniz. Missiyasının mərkəzində özü, çəkisi, burnu, botoksu, mülkiyyəti deyil, dövlətin, millətin gələcəyi olan qadınlar lazımdı bu yazıq Vətənə...

İlk dəfə dünən axşam gördüyüm o qadınların - Nəzakət xanım və Samirə xanım - hər ikisi ilə qürur duydum. Yalnız belə təmsilçilər toplumu doğru yola yönləndirə bilər. Çünkü təmsilçilik çox mühümdür. Təmsilçinin şəxsiyyəti isə çox-çox önəmlidir. Doğruları hər kəs bilir və danışır. Amma o danışanın kimliyi, keçdiyi yol, ictimai fəaliyyəti, dürüstlüyü, gözütoxluğu şərtdir.

Bilirsiniz... təmsilçilik sahəsində şanlı keçmişimiz var. Xaqlımızın Avropanı, ABŞ prezidentini heyrətə gətirən Cümhuriyyətçi təmsilçiləri olub. Və nə yazıq ki bu təmsilçilər öz-özünə, öz gücünə yetişib, öz mikromühitində, milli genetika hesabına ərsəyə gəlib. Heç bir zamanda, heç bir gerçək təmsilçimiz dövlət qayğısı görməyib. Heç millət qayğısı da görməyib, elə yerindən qalxan başından basıb.
Erməni, kürd təmsilçilər kimi Avropa, ABŞ qayğısı, maliyyəsi, ideloji beyin formatı ilə yetişməyib bizim milli təmsilçilər. Əksinə, xalqımızın gerçək təmsilçiləri daima əzilib, milli hədəfi olanlar, vətəndaşın sözçüsü olanlar, ictimai problemlərlə uğraşanlar, qaranlıq-oğurluq işlərdə əli olmayanlar... ənənəvi olaraq mövcud hakimiyyətlərin təqibinə, əngəlinə, iftirasına, qısnamasına, basqısına, sıxışdırılıb meydandan çıxarılmasına məruz qalıblar.

Nə isə... Nəzakət xanımla, Samirə xanım... umudumu artırdı...
Mehriban Vəzir
Xudaferin.eu

22:19