Əmir Teymurun nəticəsi necə ata qatili oldu?

Böyük alim-hökmdar, elm fədaisi Uluqbəyin faciəvi həyatı haqda bilmədiklərimiz; rəsədxana şeytan yuvasına necə “çevrildi”?..

 

Zaman nə qədər keçsə də, kimlər gəlib, getsə də, nə ulduzlar doğub batsa da... deyərdim: Səmərqəndin tək bir ulduzu vardır, o da Uluqbəy! Uluqbəy, Əmir Teymurun dördüncü oğlu Şahrux Mirzənin oğludur.

Əmirin vəfatından iki il sonra, 1407-ci ildə taxta çıxan Şahrux, nəhayət, dövləti nifaqlardan çıxarır, bütün asilərə sultanlığını qəbul etdirir, paytaxtı Herata köçürür, 40 il səltənət sürür, 70 yaşında öz əcəli ilə ölür.

Uluqbəy 1394-də, atasının bir vaxtlar vali olduğu Azərbaycanda, Sultaniyyə şəhərində, gözəl bir Novruz sabahında dünyaya göz açmışdı. Onu gələcəyin hökmdarı kimi yetişdirir, taxt-tacına yaraşacaq təhsil-təlim verirdilər. O, Təbrizin ünlü alimlərindən, mürşüdlərindən dərs alırdı. Qaynaqlar yazır ki, Əmir Teymur atasının adını verdiyi (əsl adı Turqay Mirzə) bu zəki nəvəsini çox sevərmiş, dizinin üstündə əzizlər, onunla həmsöhbət olarmış. Kiçik Turqay isə babasının qucağında belə gözlərini ulduzlardan ayırmazmış. Belə əziz günlərin birində Əmir Teymur nəvəsinin məyus gözlərinə baxıb deyir: “Ürəyin nə istəyir, denən, verim. Uluqbəy əlini göylərə uzadır, ulduzları göstərir, onu istəyirəm” -deyir.
Uluqbəy vəliəhd idi, 15 yaşında atası Sultan Şahrux onu Səmərqəndə vali təyin etdi. O da bu ilahi fürsətdən istifadə edib dünyanın hər yerindən misilsiz kitablar, ünlü alimlər gətirdir, mədrəsələr, kitabxanalar açır, elm təsisatları qurur. Bu kimi işlərin himayəsi üçün vəsaiti birə on artırır. Uluqbəyin işləklərindən xəbər tutan alimlər Səmərqəndə axışır. Burada onları şahanə ehtiram, elmi mühit və rifah gözləyirdi. Eləcə də bütün ətrafdan Səmərqəndə zehinli yeniyetmələr göndərilirdi. Onların yaşam və təhsil təminatı Uluqbəy xəzinəsinin himayəsində idi.
O illərdə Uluqbəy nücum haqda bir kitab yazıb atasına - Herata göndərir. Şahrux sultan kitabı oxuyub qəzəblənir. Oğluna belə bir namə yazır:

“Yerlə işlərini bitirdinmi ki, indi Göylə əlləşirsən?”

...“Uluqbəyin Rəsədxanası” deyilən təpəyə qalxırıq. Buradan şəhər ovuc içi kimi görünür, ətraf al-yaşıla bürünüb, yasəmən gülləri saçaq-saçaq gözəlliyi, nisgilli ətri ilə özəl bir əhval yaradır. Bir tərəfdən də asta-asta başlamaq istəyən səhra istiləri üzümü qarsır. Muzey ziyarətçilərlə qaynaşır.

Uluqbəyin inşa etdirdiyi o möhtəşəm elm ocağı artıq çoxdan yoxdur. Bu gördüyümüz o fövqəladə tikilinin ələ gələn qalıqları əsasındadır. Təəssüf ki, astronomiya üzrə elmi tədqiqat institutuna deyil, sadəcə, bir muzeyə çevrilib. Burada ziyarətçilərə şanlı-şöhrətli Türküstanın orta çağlarda sui-qəsdə uğramış elmi nailiyyətləri barədə məlumat verilir.

Əlbəttə, Uluq bəyin o qiymətli kitabxanası da, icad etdiyi nücum alətləri də, dövrün o böyük elminin ehtişamı da bu günə gəlib çıxmayıb. Və bu gün də bu yerlərdə o elmi mühitin bərpası istəyi sezilmir. Çünki məktəb yoxdur. Məktəbin sahibi yoxdur. Sahibi ixtiyar olanın məktəbdən, elmdən xəbəri yoxdur. Yalnız keçmişlə öyünmələr var... çoxdan keçib getmişlə.

Burada, bu təpədəki Rəsədxana və onun nəzdindəki elm lap çoxdan qətl edilmişdir, Uluqbəyin başı bədənindən qoparıldığı gün. Həmin gün bəlalı Türküstanda üç misilsiz edam oldu: Türküstanın böyük alim-hökmdarı Uluqbəyin boynu vuruldu,

Şərqin ən böyük nücum ocağı rəsədxana və onun nəzdindəki elm yox edildi, Səmərqəndə axışmış alimlərə edam hökmü verildi.

Uluqbəyin qətlinin sabahı saray üləmalarının fitvası ilə rəsədxana şeytan yuvası elan edilərək avam camaat tərəfindən dağıdıldı. Təsəvvür edə bilirsinizmi, hər şey, o cah-calal, o kitabxanalar, o kəşf edilmiş alətlər, ömür verilmiş əlyazmalar, o məbəd, hər şey və gözə görünən hər şey “xalq qəzəbi” altında xıncım-xıncım oldu. Xalqın gücü çatmayanı ata qatili Əbdüllətif etdi, ağır özüllü binanı dağıtmaq üçün divardeşən toplar göndərdi.

...Muzeydə sərgilənən bir kitaba baxıram. Bu həmin kitabdır ki, onu 17-ci əsrdə İstanbul bazarından avropalı alim Gravill almış, ölkəsinə aparmış, Avropa ilk dəfə Uluqbəyi görmüş və heyrətə düşmüşdü. Bu kitabla Uluq bəy tarixdə ən böyük astronomiya və riyaziyyat alimi kimi qaldı. Elə həmin ildə kitab tərcümə edilərək, Londonda, Parisdə, Florensiyada, Cenevrədə nəşr edilir.

Gravillin 300 il əvvəl İstanbul bazarından aldığı o kitabı “British American Tobacco” (BAT) şirkətinin prezidenti hərracda 25 min dollara satın alıb İslam Kərimova bağışlayır. Bu yolla bu nadir kitab sahibinə qayıtmış olur. İşdə, möcüzə!

Mənimlə yanaşı, muzeyi xeyli tamaşaçı dolaşır. Mən də gah yaxşı adam Gravillə, gah onlara tamaşa edirəm. Qadınlar daha çox gözə dəyir, onlar yaşlı və milli kimi geyimlərdədirlər. Biri nəyisə oxuyur, o biri nəyisə köçürür. Görkəmləri ilə yazıb oxumaları bir az tərs gəlir mənə. Soruşuram, o qadınlar nə köçürür? Cavab alıram: ola bilər onlar müəllimlərdir, nəyisə dəqiqləşdirirlər. Bu cavab bir az da tərs gəlir mənə... 
Haşiyə: bizim Azərbaycanda muzeylər bomboşdur. Giriş qiymətləri bahadır. Əlbəttə ki, səbəb təkcə bahalıq deyil. Hətta aksiyalarda, açıq qapı günlərində belə orada yalnız yaxşı müəllimlərin yığıb gətirdiyi məktəblilərə, bəzən tələbələrə rast gələrsən. Çox nadir hallarda yetkin adamlar gözə dəyər, onların da görkəmindən avropalılıq yağar. Özbəkistanda görünən seyrçi mənzərəsi bizim ölkədə ağlagəlməz bir şeydir.
Buralarda qarıları, qocaları, çox sadə kütləni, təbiri caizsə, geyimi ilə muzey əhlinə bənzəməyən insanları muzeylərdə gördüm. Xüsusilə bazar günləri açıq hava muzeylərində ayağını qoymağa yer tapmırsan. Düşünə bilərsiniz: xalq bu yerlərə müqəddəsləri ziyarət üçün gəlir. Bu da var, amma sırf muzeyləri də belə tünlük gördüm.

...İl 1449. Uluqbəyin oğlu Əbdüllətif atasına qarşı üsyan edir. Uluqbəy durumun ağırlığını görüb hakimiyyətdən əl çəkir. Uca divan Uluq bəy haqda qərar çıxarır: Məkkəyə getsin və elmlə uğraşmaqdan tövbə etsin. Tamam. Uluqbəy yola çıxır. Lakin gecə ilə üləmalar daha bir divan qurub başqa hökm çıxarırlar. Tövbə etmiş alim təhlükəlidir. Öldürülsün. Uluqbəy yoldan qaytarılır. Bir arxın kənarında, bir ağacın altında durub, öz dinməz və mətin halı ilə cəlladını gözləyir. Cəllad yubanmır. Uluqbəyin başını bədənindən bir göz qırpımında qoparır.

Qara xəbər gecə ikən tələbəsi Əliyə yetişir. Əli dan yeri sökülmədən özünü müdiri olduğu rəsədxanaya atır. Müəlliminin əlyazmalarını, cədvəlllərini, kitablarını, yanğından mal qaçırırmış kimi, bir çuvala doldurub dışarı atılır. O, həqiqətən yanğından mal qaçırırdı. 
Qapıdan çıxarkən keşikçidən soruşur: “Nələr odu, bilirsənmi?” “Bilirəm”, - deyə gəncin gözlərindən çarəsiz yaşlar süzülür.
“Çörəyin varsa, mənə ver. Evdən tələsik çıxdım, götürə bilmədim”. Keşikçi çörəyini Əliyə uzadır. Əli çörəyi alıb qoynuna qoyur, kitab dolu çuvalı tərkinə atıb dördnala çaparaq Səmərqənddən uzaqlaşır...

v2.jpg (73 KB)

Əbdüllətif artıq ona da, rəsədxananın bütün alimlərinə də ölüm hökmü kəsmişdi. Sonradan o alimlərin bəziləri Səmərqənddən başlarını götürüb vəbadan qaçan kimi qaçacaq, bəziləri uca divanda diz çöküb elmdən tövbə edəcək, yaşamaq naminə əfv diləyəcəklər, bəziləri bağışlanmaq üçün Məkkəyə gedəcək, bəziləri səfalətə düşüb acından öləcək. Artıq Səmərqənddə alimə hörmət və çörək yox idi...
O Əli kim idi? Əli Quşçu! Türk-İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi Əli Quşçu! Əli Quşçu Uluqbəyin kitabları ilə bir yerdə Ağqoyunluların hakimi Uzun Həsənə sığınır. Uzun Həsən onu ehtiramla qəbul edir. O, bir müddət Uzun Həsənin xahişi ilə sultan Mehmet Fatehlə Uzun Həsən arasında barış vasitəçiliyi edir. Sonrakı illərdə Fateh Əli Quşçunu 200 axça maaşla Ayasofya mədrəsəsinə müdərris təyin edir. Əli Quşçu Uluqbəyin əsərlərinə şərh kitablarını yazır, astronomiya, riyaziyyat, kimya, fizika, mexaniki alətlər haqqında, dil və bəlağət haqqında çoxsaylı əsərlərini nəşr edir. İlk Osmanlı universiteti olan Fatih mədrəsəsinin tədris planını yazır. Osmanlının mədrəsə təhsilinə riyaziyyat, fizika, kimya elmlərinin tədrisini gətirir. Əli Quşçudan sonra bütün İslam aləmi üçün Osmanlı türkcəsi elm dili oldu, fars və ərəb dilləri əvvəlki mərtəbədən endi.

Daha əcaib olan odur ki, bu Əli Quşçunun özü, atası, babası - nəsilbənəsli Əmir Teymurun, övladlarının quşçusu olmuşdur. Onlar qızıl quşları, şahinləri, qırğıları əhliləşdirən usta təlimçilər, eləcə də rəiyyətdən olan xidmətkar insanlar idi. Gənc Əli özü də Uluqbəyin quşçusu idi. Hər bir səmərqəndli yeniyetmə kimi quşçu Əli də mədrəsədə təhsil alırdı. Eləcə də səfərdə, ovda əfəndisinə xidmət edirdi. Günlərin birində Uluqbəy quşçunun zəkasını müşahidə edir və onu bu işdən ayırıb ardıyca, elmə doğru aparır.

Beləliklə, Əmir Teymurun yaratdığı təhsil mühiti, Uluqbəyin elm mühiti quşçu Əlini dünya şöhrətli Əli Quşçuya çevirir.

Bəli, dünya şöhrətli alim, eyni zamanda xilaskar!

Uluqbəy onu, o Uluq bəyi xilas etdi! Əli Quşçunun törəmələri Osmanlı sultanlarının görkəmli əyanları oldu.

Əgər Əli Quşçu, o 46 yaşlı adam, o gecə, o kitabları qaçırmasaydı, ölüm hökmündən yalnız öz canını qurtarıb qaçsaydı, o kitablar o cəhalət xarabalığına gömüləcəkdi, dünya Uluqbəyi tanımayacaq, onu ən böyük alimlərin ön çərgəsinə çəkməyəcəkdi.

Beləcə, Uluqbəyin rəsədxanası, Şərqin ən möhtəşəm elm ocağı cahillər əlində tar-mar olur, elmlə məşğul olmaq cinayət sayılır. Nə yazıq bizə! 
Uluqbəy öldürüldü, amma adı böyük alim kimi dünyada qaldı. Əbdüllətifin də adı qaldı - ata qatili kimi, ziyanın düşməni kimi. Türküstanın uğurları dinlə elmi ziddiyyətə gətirmiş üləmaların fitfası ilə dağılıb torpaqlandı. Səmərqənddə elm bitdi, dini siyasətə alət etmiş üləmaların Türküstana və İslama vurduğu zərbələr bitmədi və hələ də bitəcək kimi görünmür.

O üləmalar hakimiyyətdə olanda Uluqbəyə din alimi kimi deyil, nökər kimi “ləbbeyk” dedilər. Oğlu Uluqbəyi devirib taxta çıxdıqda onun edamı üçün qol çırmaladılar. İki il sonra Əbdüllətifi devirmiş yeni hakim öz nüfuzunu artırmaq üçün Uluqbəyin nəşini Gur-Əmirə gətirəndə həmin imansızlar nəşin çevrəsində göz yaşı tökdülər. İşə bax! Hətta ilin fəsilləri belə bu qədər kəskin dəyişmir.

...Artıq rəsədxana təpəsi gözlərimə təhsilin, elmin, inkişafın məzarı, Turanın çökdürüldüyü məqam kimi görünürdü. Ürəyimə qəm-qüssə gətirir, qəlbimi sıxırdı... Gedim buralardan...

Mehriban VƏZİR

Musavat.com

 
 

 

13:33