Molla Pənah Vaqif...

Gəlmiş getmiş vəzirlərin ən ustalarından biri və... hiyləgəri... əlbəttə, böyük şair və alim...
Azərbaycan tarix elmi milli şəxsiyyətlərini öyrənməyib və öyrənmir. Azərbaycanda bioqraf-alim yoxdur. Az-az olan tədqiqatlar isə ictimai şüura mal olmur. İctimai şüura mal olmağın bir yolu var: tədris. Onu da etmirlər, dərsliklərimiz əsasən məhd edir. Yarıkreml-yarıazərbaycan siyasətinə uyğun olanları dərsliklərə salıb göylərə qaldırır, ayıblarını ört-basdır edir və bununla da tarixi şəxsiyyətlər haqqında yanlış fikirlərə meydan açılır. Eynilə sovet dövründə olduğu kimi... lakin bir qədər aşkar, fəal və gerçək biliklərə söykənməyən zəvzəkliklər şəklində...

Vaqif gerçəkdən öyrənilməyə dəyən şəxsiyyətdir. Yaradıcılığı çox araşdırılıb, əsərləri nəşr edirlib, dərsliklərə salınıb. Lakin siyasi kimliyi öyrənilməyib. Baxıram, hər kəs ürəyi istəyəni danışır: rusofil, xəyanətkar, satqın... və s.
Çox yanlış!!!

Vaqif Qazaxdan qaçıbmı, gəlibmi (dəqiq bilinmir) Şuşa qalasına, daha doğrusu ətraf kəndlərdən birinə sığınmışdı, müəllimlik-mollalıq edirdi. Əlbəttə, Qarabağdakı bu ilkin fəaliyyəti onun ranqından çox aşağı idi, çünkü o, alim idi. Məhz bu elmi onu saraya qədər apardı və vəzir etdi. Xanı ələ aldı, üzərində etkisi oldu və dövlətin mühüm adamına çevrildi. Daha doğrusu, İbrahim xanın dörd ən yaxın adamından biri oldu.

Dövlətin başına keçmək min oyundan keçir. Vaqif bütün oyunlarda uğur qazandı. Çünkü elm (həm də batil elm) sahibi idi, usta siyasətçi idi, hiyləgər idi. Vəzir olduğu - qılıncının dalı-qabağı kəsən vaxtlarda əlindən gələni əsirgəmədi, hər cür əməldən çıxdı. Həm əxlaqi, həm siyasi mənada.
Batil işləri də vardı, nücum elmində və digər qara işlərdə, rəqiblərini məhv etməkdə usta idi.
Deyilənə görə Qala camaatı onun qara əməllərini yaxşı bilir və ölümündən 100 sonra da ona lənət oxuyurdu... əlbəttə bu, şifahi tarixdir, ağızdan ağıza gəlmiş Qala hekayələridir...

Lakin İbrahim xan ona inanırdı. Bu da vəzir Vaqif üçün yetərli idi.

Amma satqındı, xəyanətkardı, rusa işləyirdi... bunlar çox cılız fikirlərdir. Vaqif Tehrana tabe olmaq istəməyən bir Qarabağ xanlığının vəziri idi. Vaqifin vəzir olduğu dövrdə Qarabağ əhlindən kimsə Tehrana tabe olmaq istəmirdi. Azadlıq istəyirdi. Hesab edin 88-90-cı illərin Azərbaycanı kimi, bu günkü Ukrayna kimi.

Bu istək həmin tarixi şəraitə, mövcud gücə uyğun idimi, deyildimi bu, başqa söhbət... Mütləq bir həqiqət o idi ki, Qafqazın türk xanlıqları İrandan - Tehrandan idarə olunmaq istəmirdilər, vəssalam. Rusu isə hələ tanımırdılar, şilləsini yeməmişdilər. O da eynilə Qərbin Azərbaycana demokratiya gətirəcəyinə inanan indiki kəsim kimi... o xalqın xəbəri yox idi rus işğal cinayətlərindən, internet filan yox idi, indikilər dünyanı görə-görə - İraqı, Suriyanı, Afrikanı görə- görə öz fantaziyalarına inanırlarsa... daha nə sözümüz var...
Nə isə...
Qafqaz çox müsibət yaşamışdı. Tehranda taxta çıxan Qafqaza arxa baxçası kimi baxırdı. Əlbəttə, mərkəzi dövlət filan deyənlər olacaq. Və haqsız da olmayacaqlar. Amma bu da başqa konu...
Keçək vəzir Vaqifə...
Vaqifi Tiflisə rus heyətlə görüşməyə xan göndərmişdi, özbaşına getməmişdi... əvvəlki məktubu da xanın göstərişi ilə yazmışdı. Həmin xan başqa bir vəziri, mənim ulu babam Seyid Əli Məhəmməd ağanı da Osmanlıya göndərmişdi. Xan vəzirin birini ora, birini bura göndərib yardım istəyirdi... bu, çarəsizlikdən doğan siyasət idi, dövlət maraqları idi. Bir qardaşdan qorunmaq üçün o biri qardaşdan, hətta kafir dediyindən imdad istəyirdi. Dövlətlər tarixində belə faktlar saysız -hesabsızdır...
Rus şahı Vaqifə əsa göndərmiş, Qacar şah da gələn kimi səni asacam demişdi. Adam nə etməliydi? Xan da, xalq da( çoxluq) üzünü Qərbə tutmuşdu. Bu, yanlış idi, doğru idi, nəticələri nə oldu... bu, başqa söhbət... amma o zaman ictimai düşüncə o idi...

Dövrün belə bir müərkkəb vəziyyəti o qədər gərgin, qaranlıq, sirli, eləcə də həyəcanlı və maraqlıdır ki... yalnız tarixi bilməyənlər və bu siyasi intriqaları hiss etməyənlər rahatca satqındı, xaindi deyə bilər və Vaqifi Nərimanovla, Ayna Sultanova ilə bir tutarlar...

Vaqif öz dövlətinin, vəziri olduğu səltənətin yanında idi... düzdür, öz oyunu, hiyləsi, qara sərgüzəştləri və hər əməli vardı... lakin bütün bunlarla yanaşı Vaqif - əgər bioqrafiyası doğru-düzgün öyrənilərsə - çox maraqlı tarixi şəxsiyyətdir. Dövrün böyük vəzirlərindən biridir.

Bir dəfə yazmışdım, bir daha təkrar edirəm, Vaqifi şair kimi sevənlər onu dövlət adamı kimi tanısalar... gözlərində yeni dünya açılar...

O ki qaldı Şuşa qalasında Vaqifin heykəlinin qoyulmasına...
O qalada öncə Pənah xanın, ən çox da İbrahim xanın heykəli olmalıdır. Amma hələ qoyulmaz, fikrindəyəm. Çünkü bu heykəlin ətəyində yazılmalıdır ki, İbrahim xanı rus hərbi qatil mayor Lisaneviç gecə yatdığı yerdə əhli-əyalı ilə, azyaşlı uşaqları ilə vəhşi heyvan kimi hücüm edib qətlə yetirdi. Sonra da görk üçün parça-tikə edib doğradı... rus zabitin bir qatil olduğu yazılsın gərək o heykəlin lövhəsində.
O üzdən Vaqif daha loyal görünüb hər zaman Kremlə... türbəsi filanı ucaldılıb. Sovet ideologiyası Vaqifdən rusofil uydurub. Özümüzdən özümüzə düşmən yaradıb, özümüzü özümüzlə vurub. Rusun təbəəliyi Vaqifin nəyinə lazım idi, Vaqif mütləq hakimiyyətinin qorunması peşində idi... yenə deyirəm, nəticə nə oldu, bu, artıq başqa konu...

Belə... tarixi şəxsiyyətlərimizi öyrənək... bu, bizim kimlik tariximizdir...
Vaqif də, İbrahim xan da, Nərimanov da... bizim sələflərimizdir... sadəcə biri belə, biri elə... nə kəsiləsidi, nə atılası...

Mehriban Vəzir

Xudaferin.eu

22:20