SÖZ ÜSTƏ ŞƏHİD OLANLARA SALAMLAR OLSUN...

Ziya Bunyadovu başqalarından fərqləndirən bir cəhəti vardı: sözünü çəkinmədən hər kəsin üzünə deyirdi...
Çoxumuz qarşımızdakı adamın kimliyini, etdiklərini bilir və susuruq...  bəzən gözümüzün içinə yalan danışırlar, abrımıza qısılırıq... özlərini utanmadan öyürlər... dinmirik... bəzən etik qaydalara, bəzən asılılığımıza, bəzən zəifliyimizə yenilirik...
Ziya Bunyadov dəli-dolu adam idi... dünya vecinə deyildi... ağına-bozuna baxmazdı... yeri gəldisə, haqsızlıq oldusa... od püskürərdi... 
Belələrinin varlığı topluma o qədər lazım ki...

Ötən, uzaq illərdə... həftənin hər şənbə günü... babamız saydığımız (əslində atamın əmisi idi) sövet ittifaqı qəhrəmanı Aslan Vəzirovun evinə toplaşırdıq... bu evdə hər şənbə poker məclisi olardı. Bizimkilər - əmilər, bibilər.... və dostlar - müharibə qəhrəmanları, içi Ziya Bunyadov qarışıq... kart oynamağa yığışardılar... masada yalnız paylanmış kart və ortaya yığılmış para olardı... bir də masa başındakı oyuna həris, alışıb yanan baxışlar, ehtiraslı jestlər... hay-küylər, gülüşlər, dartışmalar, cığallıqlar... dop-dolu şənbə əyləncələri...
Biz uşaqlar isə otaqları bir-birinə qatıb oynayardıq... çığır-bağırımızla hər səmtdə vardıq...
Ziya Bunyadovun səsi hər zaman evi başına götürərdi... dalaşqan idi... danışanın ağzından vurardı... hətta bir dəfə bir silahdaşına - müharibə qəhrəmana o gur səsi ilə bağırmışdı: "kəs səsini, danışma, sən o medalı necə almısan mən yaxşı bilirəm, tankın dalında gizlənib almısan..." 
Qarşı tərəf  bu sözlərdən, təbii... çox incidi... və ara qarışdı...
Heç kəsin xətrinə dəyməyən, təbiətcə həlim, rəftarca mülayim Aslan Vəzirov da Ziya Bunyadovun bu sözlərindən hirsləndi:
- Bəsdir, Ziya... sən həmişə əclaf  olmusan... əclaf kimi də gəbərəcəksən... (xvatet Ziya, tı vseqda bıl mirzavtsem, i mirzavtsem zdoxniş) 
Əlbəttə, bu "əclaf" sözü  səmimi, eləcə də qəhrəman adına haqq etmiş bir dostun sözü idi... fərqli əclaf idi... doğru danışmağın əclaflığı idi... bəlkə bu səbəbdən haqsız sözə dözməyən Ziya Bunyadov Aslan Vəzirovun bütün iradlarını gülə-gülə qarşılayardı. Həmin gün də "Düz demirəm bəyəm? Guya bilmirsən?" deyə çımxırmaqla kifayətlənmişdi...
Bu iki müharibə qəhrəmanı bir-birinin dilindən anlayırdı... yoxsa Ziya Bunyadova əclaf demək... hətta hər dostun işi deyildi...

Ziya Bunyadovun öldürtdürənlər bu müharibə qəhrəmanının - akademikin ağzından vurmağı sifariş etdilər. Bununla cəmiyyətə mesaj verirdilər... yəni susun, bu boyda qəhrəmanı - əməl və elm adamınızı söz üstdə gəbərtdik... hər kəs payını götürsün...

Əlbəttə... gözlərin odunu almaq istədilər...

Ziya Bunyadov tarix elminin də qəhrəmanı idi... araşdırmaları dövrün inqilabı idi... "rəyasət" alimlərinin dırmanmağa hələ də  hünərləri çatmayan zirvələr idi... "tankın dalında gizlənib" akademik olmuşlar da Ziya Bunyadovdan uzaq gəzirdi... çünkü o, hər şeyi bilirdi... hər kəsin, saxta alim yığnağının, "həmyerli akademiklərin" elmi hünərinə bələd idi...

Bütün həyatı, eləcə də onu sevən bir dostun öngörüsü də  göstərirdi ki... bu adam yatağında öləcək biri deyil... çünkü əclafca doğru danışandır...
Bu adam öldürüləcək... 
Söz üstdə ağzından vurulacaq...
Qanı yerdə qalacaq...
Şəhid olacaq... 
Ruhu diri qalacaq... bir kişidir...  

Ziya bəy, Şeyxlərin övladı... o diri ruhuna salamlar olsun...
Söz üstdə şəhid olanlara salamlar olsun... 
Söz üstdə şəhid olanların... diri gözlüsünə də... salamlar olsun...

Mehriban Vəzir

Xudaferin.eu

22:14