Cümhuriyyət hərəkatının qadın təmsilçiləri...

Azərbaycan qadınlarının Cümhuriyyət quruculuğu ərəfəsində göstərdiyi xidmətlər tariximizin dərindən öyrənilməmiş səhifələrindən biri olaraq qalmaqdadır. Bu dövr hansı illərdən başlayır, hansı  illəri ehtiva edir – bu barədə tarixçilərin qəti bir rəyi mövcud deyildir. Bəzi araşdırmaçılar qadınların milli azadlıq mübarizəsini onların təşkilatlanma tarixi ilə bağlayır ki, bu da 20-ci yüzilin başlanğıcı dövrünə aiddir. Bəzi tarixçilər  isə qadınların milli azadlıq uğrunda ictimai proseslərə, siyasətə  müdaxiləsini daha əvvəlllərə - 19-cu əsrin ortalarına aid edir. 
Milli azadlıq mübarizəsində qadınların ilk iştirakı 1841-ci il Şuşa üsyanı ilə başlanır. Həmin tarixdə Şuşada və bütün Qarabağda rus işğal siyasətinə qarşı 3 günlük üsyan olmuşdur. Bütün yollar, təsisatlar, bazarlar, karvansaralar durmuş, etiraz bütün vilayəti bürümüşdür.  Bu üsyan rusların Qarabağda erməniləri hegemonlaşdırmaq, obarigen türkləri erməni tabeçiliyinə təslim etmək, yüksək vəzifələri gəlmə ermənilərə verilməsinə qarşı qalxmışdı. 
Həmin dövrdə Şuşanın erməni əhalisi bəyanat verərək, üsyanın arxasında İbrahim xanın qızı Gövhər ağa Cavanşirin durduğunu bəyan etdilər. Əslində üsyanın lideri Gövhər ağanın oğulluğu, Şəki xanlarının varisi Süleyman ağa idi. Qarabağ və Şəki xanlarının varisi olan Süleyman ağa həmin hərəkatın lideri idi. Lakin hər kəsə bəlli idi ki, Gövhər ağa bu böyük hadisənin mərkəzində dayanır, böyük nüfuzu və sərvəti ilə xalqın mənəvi və maddi dayağıdır. Həmin üsyan çar hökumətinin yerli mülkədarlara bir sıra güzəştlər etməsinə, erməni azğınlığının müəyyən qədər ləngitməsinə səbəb oldu.
Milli-siyasi mübarizə tariximizin son 200 ili rus işğalına qarşı olduğundan bu tarixin öyrənilməsi, araşdırılması, təəssüf ki,  hələ də məhdud çərçivədə davam edir. Tariximizin bu qürur səhifəsi, eləcə də həmin dönəmlərin  qadın iştirakçılığı öyrənilməmiş qalmaqdadır. 
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tariximizin bu bəyaz səhifələrinə gerçəklərin yazılması üçün uzun illərdir müxtəlif layihələr həyata keçirməkdədir. Növbəti layihə qadın inkişaf tarixinin parlaq bir səhifəsini əks etdirən “Cümhuriyyət Qadınları: xidmətlər, aqibətlər...” kitabıdır. Hazırda araşdırma və yazı prosesi davam etməkdədir. Kitaba Cümhuriyyət ərəfəsində qadın təşkilatlanması, qadınların maarifçilik, xeyriyyə, seçki proseslərində iştirak etməsi ilə bağlı hadisələr salınıb. Bu mühüm sürəclərdə iştirak etmiş qadınların həyat hekayələri, sonrakı rus-sovet repressiyası dövründə həmin fədakar qadınların üzləşdiyi dəhşətli aqibətlər təsvir edilir.
Kitaba Azərbaycan qadınlarının ünlü nümayəndələri Şəfiqə Əfəndizadə, Həmidə xanım Cavanşir, Xədicə xanım Qayıbova, Xədicə xanım Əlibəyova, Ümmugülsüm, Sona xanım Hacıyeva, Sona xanım Tağıyeva, Sara xanım Vəzirova, Mədinə xanım Qiyasbəyli kimi dövrünün böyük maarifçiləri və mücahidləri haqqında bədii-pulisistik mətnlər salınmışdır. Kitabın müəllifi yazıçı Mehriban Vəzirdir.
“Cümhuriyyət Qadınları: xidmətlər, aqibətlər...” kitabı Azərbaycan Respublikası prezidenti yanında QHT Şurası tərəfindən dəstəklənmişdir.

Mehriban Vəzir
xudaferin.eu

 

15:23