BUNU NİYƏ YAZIRAM…

Biz tərəflərdə belə bir məsəl var: "dəlinin soğan yeyişi də dəli olar"
Dərin mətləbləri anladan sözdür. Füzuli daha mükəmməlini deyib:
"Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz" Yəni hər kəsin mənəvi çəkisi ağzından çıxan sözə bərabərdir.
Bunu niyə yazıram... baxıram, müsəlman doğulan, indi özünə ateist və ya inancsız deyən bəzilərinin artıq-əskik danışıqlarına, həm təəccüblənirəm, həm də düşünürəm, neyləmək, boşuna deməyiblər ki, "dəlinin soğan yeyişi də dəli olar" və ya "əhlin eylər ol miqdar söz"...

İnanmırsan, yaxşı eləyirsən, amma niyə söyürsən? Həm inananların qəlbinə dəyirsən, həm özünü əskik edirsən...

İnancsız olmaq ədəbsiz olmaq anlamına gəlmir axı. Doğrudur, dünyada cəhalət, xurafat baş alıb gedir, amma dini, peyğəmbəri təhqir etməklə... dinə, peyğəmbrə neyləmək olar axı? Özünü "ol miqdar" etməkdən başqa...
Min illərdir, Musası, İsası, Buddası, Məhəmmədi... qəlblərə hakimdir... min illərdir... və hələ çox min illər, və ya... dünya durduqca belə davam edəcək.

Böyük fikir adamı Əhməd Ağaoğlunun belə bir düşüncəsi var: dünya nə qədər dəyişsə də, inkişaf etsə də milli və dini duyğular hər zaman insanları həyəcana gətirəcək.
Müdrik adamlar bu gerçəkliyi görür, inanmasalar belə inananlara hörmət edirlər, ədəbsizlik etmirlər.
İnanırsan inan, inanmırsan inanma... ədəbin olsun... xurafatı tənqid elə, qarşı çıx, etiraz et, amma ehrama çevrilmişlərlə savaşma, boşuna uğraşma... bir az düşün...

Din bəşərin tarixidir, dünya mədəniyyətlərinin ayrılmaz tərkibidir.
Xristinalığı Qərbdən, İslamı Şərqdən ayırsan yerdə qara boşluq qalar...
Bəşərin tarixi iləmi vuruşursan? Və ya bəşərin yaratdığı mədəniyyətlərləmi vuruşursan? Olacaq iş deyil...

Nə isə... əlbəttə, deməklə də deyil...

Bu yazını yazdıqca düşünürəm... bəlkə elə bu da qanunauyğunluqdur, görünür, ismi ədəbiləşənləri sevənləri yaşadırsa, bir də sevməyənləri yaşadır...
Böyük şəxsiyyətlər sevənlərinin və sevməyənlərinin çiynində yaşayır...
Paradoks...

Nə isə... mühüm olan... istəyirsən dindar ol, istəyirsən dinsiz ol... amma, vicdanlı ol, ədəbli ol... qanacaqlı ol... gözüm üstdə yerin var...

Mehriban Vəzir
Xudaferin.eu

15:17