Gög Tenqri – Mavi Səma Ölkəsi

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasından iki nəfər – Əliməmməd Nuriyev və mən Monqolustanda keçirilən beynəlxalq seminarda iştirak edirdik. Bu, Bakıdan İstanbula, İstanbuldan Bişkekə, Bişkekdən Ulaan-Baatara təqribən 15 saatlıq hava yolçuluğu, ümumilikdə,bir başı 22 saat olan ağır bir yol idi. Bir gedən bir də gedərmi…

Bu yolu təkrar və könüllü getmək yalnız bir sevda məsələsi ola bilər.

 

Bildiyiniz kimi, Azərbaycan 10 ildən çoxdur Mədən SənayesindəŞəffaflıq Təşəbbüsü Hərəkatının üzvüdür. Hərəkatın iki hədəfi var; istismarçı şirkətlər üçün; ödədiyini açıqla, hökumətlər üçün aldığını açıqla. Bu iki hədəfin birləşmiş ana hədəfi isə toplumlara yönəlir; sayın vətəndaş, bu daşınan, bu talanan sərvət sənindi, uyuma, gözünü aç, nəzarət elə.

 

Əlbəttə, biz, bu Koalisiyanın təməl üzvləri olaraq ictimai məlumatlandırma, maarifləndirmə yolunda əlimizdən gələni etməyə cəhd edirik. Lakin maarifləndirmə, xüsusilə, məhdud resurslarla maarifləndirmə iynə ilə gor qazmaq kimi bir şeydi. O kim idi, yaxşı deyib, yatanı oyatmaq olur, özünü yuxuluğa vuranı oyatmaq olmur.

 

Nə isə… Monqolustan bir iş səfəri idi, amma hər işin içində bir başqa sevda da var. Mənim də sevdam Çingiz Xan idi. Böyük Xanıın doğulduğu və gömüldüyü torpaqlara ayaq basmaq, `Gög Tenqri`sinə, yəni, mavi səmasına öz gözümlə tamaşa etmək istəyirdim. Bunu qanım çəkirdi.

Yusif Vəzir `İki Od arasında` romanında yazır; `Qarabağ xanlığını qurmuş Cavanşirlər özlərini Çingiz övladı sayırdılar. Xanlığının bütün idarəetmə strukturu, divan quruluşu, bayraq və tuğları Çingiz idarəetməsinə əsaslanırdı.` Amerika alimi Uezorford isə `Çingiz Xan` tədqiqat əsərində yazır; `Çingiz törəmələri rusların işğalına qədər Orta Asiyada və Qafqazda idarəetmədə idilər.`

Eləcə də, Cingiz Xandan 500 il öncə belə yazılı Türk tarixi olan, tarixdə ilk `Türk` sözü keçən, Türk dövlətlərinin beşiyini, Hun İmperatorluğunun məkanını görmək də sevda çəmbərimə daxil idi. Şəhərin mərkəzində saat 7-yə kimi işləyən bir Tarix Muzeyi də vardı. Saat 5-də bitən iş günündən sonra ora da çatdırmalıydım.

 

Beləcə, işi axsatmadan, eşqi yubatmadan bu 6 günlük səfəri mümkün qədər mükəmməl şəkildə başa vurmaq gərəkirdi. Hədəf daha çox görmək idi. Fürsət tapıb bazar-dükanı da gəzməliydim. Getdiyim bütün ölkələrdə görməli yerlərdən biri də hamam olur, adətən. Monqolların hamam kültürü olmadığından Ulaan-Baatarda ictimai hamam yoxdur. Bu sarıdan işim yüngülləşmişdi, yasa maddəsinin biri qüvvədən düşmüşdü.

 

Qanunlar  və dərsliklər dövrün siyasi aynasıdır…

 

Ölçünü təsəvvür etmək üçün belə ifadə edək; Monqolustan 19 Azərbaycan, 2 Türkiyə  qədərdir. Əhalisi isə indi-indi 3 milyona çatmaqdadır. Nüfuzun yarısı paytaxt Ulaan-Baatarda yaşayır, 53 %  buddistdir, 38%  ateistdir, islam, xristianlıq, şamanizm və digər inanclılar 2-3% i keçmir.

Malqaranın sayı 50 milyonu keçir. Əkin-biçin yox kimidir,nə varsa Çindən gəlir. Monqollarda belə bir əski etiqad var; torpaq canlıdır, onu yaralamaq olmaz. Bu şüur Çingiz Xan dönəmindən, bəlkə daha uzaqlardan gəlir. Hətta, Çingiz Xanın Yasasında uyğun bənd olub, torpağı parçalayan, altını üstünə çevirən  ağır cəza alıb. Görünür, Böyük Xanın yazda əkib payızda biçməyə - durub gözləməyə vaxtı yox idi, orduya döyüşçü lazım idi, bərəkətli torpaqlar, həşəmətli xəzinələr onu gözləyirdi…

Ulaan-Baatarın ağacları isə… sovet dövründə əkilib.

 

Maldarlıqla məşğul olan əhali alaçıqlarda yaşayır. Bu, ənənəvi, əlçatan və əlverişlidir. İldə dörd dəfə məkan dəyişən, sürülərini otlaqdan otlağa sürən Monqol üçün cəmi 2-3 saata sökülüb qurulan bu çadırları heç nə əvəz edə bilməz. Bizim üçün isə belə vəziyyətdəqorxunc suallar doğur, bəs hamam, bəs isti su, yataq odası, mətbəx, paltaryuyan maşın, internet… Monqolun qaydaları başqadı…

 

Monqolustan da bizim kimiağır işğallar yaşamış bir ölkədir. Gah Çin, gah rus istismarında olmuş, bu gün də hər ikisinin arasında tikan üstündə kimidir. Çin axınına fürsət verməmək ölkə üçün prioritetdir. Bu,çox ciddi qanunvericiliklə tənzimlənir. Lakin… Geyim, keçim, meyvə, tərəvəz - hər şey Çindən gəlir. Çin istehsalı axınından qorunmaq mümkün deyil. Monqolustanla ağız-ağıza yatan bu nəhəng yerli istehsalların qənimi olaraq burada özünü daha bariz göstərir. Hər tərəf çin malıdır, Bakıda, İstanbulda, Londonda, eləcə dəUlaan-Baatarda gənclərin geyindiyi cins və sırıqlı eynidir. Ümumiyyətlə,bütün şəhərlərdə küçədə gördüyünüz adamlar  nə geyinirlərsə burada da elə geyinirlər. Qəflətən, göydən düşsən, hansı şəhərdə olduğunu anlamazsan. Bu müddət ərzində cəmi iki, ya üç dəfə milli geyimli insana rast gəldim. Onlar da ən yoxsul təbəqəyə aid kimi görünürdü…

 

Demokratiya və kəşmir…

 

Sovetlərin işğal dairəsindən 90-cı illərdə yaxasını qurtarmış bu ölkə təbii mühitinə görə Rusiya və Çin arasında sıxışmış olaraq qalır. Dənizlərə çıxışı yoxdur, idxal-ixrac zəminində qonşulardan asılacağı çoxdur. Lakin dövlət bu əlverişsiz coğrafi və siyasi durumda belə ötən müddət ərzində Qərb institutlarını və beynəlxalq təsisatları daha çox cəlb edə bilmiş, daha faydalı əməkdaşlıqlar qura bilmiş, daha cəsarətli addımlar atmışdır. Bir örnək verim ki, Azərbaycan bu gün də Ümumdünya Ticarət Təşkilatına üzv olmağı yubatdığı halda Monqolustan 1996-cı ildən ÜTT-nin üzvüdür. Eləcə də, hakimiyyət, ölkəyə gəlmək istəyən bütün beynəlxalq təşkilatlara, qeyri hökumət təşkilatlarına yardım fondlarına qapıları taybatay açır.

Monqollar ötən 25 ildə hakim rus dilini ölkədən qovub sonradan onu xarici dil kimi içəri almışlar. Bunu Estoniyada görmüşdüm və bu baxımdan Monqolustan yalnız Baltikyanı respublikalarla, eləcə də Gürcüstanla müqayisə edilə bilər. Konfransda, forumda, muzeydə, küçədə, dükan-bazarda rast gəldiyimiz hər bir Monqol monqolca danışır. Küçələrdə tək-tək rus dili eşidilirdi, lakin onlar elə tək-tək gözə dəyən ruslar idi.

Monqol xalqı bizim xalqdan fərqli olaraq artıq şüurca özü öz ağasıdır, azad və müstəqildir, analar övladları ilə ana dilində danışır, uşaqlar istisnasız olaraq monqol dilində təhsil alır. Orada nə hakimiyyətdəkilər, nə də vətəndaş rus nostaljisi yaşamır və yeni  rus gəlişi gözləmir. Buna işğal, milli həqarət, alçalmaq kimi baxır Monqol.

Gənclər ingiliscə bilir. İngilis dili rus dilindən fərqli olaraq xalqların ruhuna, evinə soxulmur, sadəcə dünya ilə ünsiyyət vasitəsi olaraq öyrənilir. Hakimiyyət beynəlxalq təşkilatlarla birgə ölkənin inkişafı üçün layihələr həyata keçirir. Əlbəttə, Monqolustanda da rüşvət, korrupsiya, neqativ olan hər şey var, lakin neqativ olanla hakimiyyətin və xalqın səmimi və ciddi mübarizəsi var. Moqol demokratiyanı, milli inkişafı, III sektorun formalaşmasını vəkorrupsiya ilə mübarizəni imitasiya eləmir.

Əlbəttə, Rusiya və Çin siyasi təhdid olaraq qalır. Monqolustan iki qeyri demokratik, yarıavtoritar, yarıtotalitar və tamekspansionist dövlətin arasında demokratiya qurmuş, üzünü birmənalı olaraq Qərbə tutmuşdur. İstər hakimiyyət, istər xalq avrointeqrasiyanın vacibliyini bizdən qat-qat düzgün qiymətləndirir. Monqol şüuru Avropa dəyərlərinə sarılmağı bizdəki kimi ailə və əxlaqın pozulacağı, eynicinsli evliliklər kimi baxmır, mükəmməl təhsil, demokratiya, qanunların işləməsi, şəffaf idarəetmə, insan haqqlarının təminatı kimi baxır.

 

Monqolustan sovetlərdən sonrakı dövrün  demokratik nailiyyətlərinə görə bizdən çox-çox öndə gedir.Monqolstanda seçkilər demokratik keçirililir. Monqol dediyiniz, özlərinin isə `xalxa` dediyi bu xalq hər seçkidə hakimiyyəti dəyişə bilir. Xalq idarəetmədən narazı qalarsa, hətta, erkən seçki iradəsini ortaya qoyur. Bu, Monqolustanın həm iqtidar, həm toplum olaraq Avropa dəyərlərinə bizdən daha yaxın olmasının ən əsas isbatıdır.

Türk dostlarım dedi ki, burada təhsilin səviyyəsi yüksəkdir. Hökumət təhsilə böyük əhəmiyyət verir, oxumaq istəyən gənclərin xeyli güzəştləri, imtiyazları var. `Təhsildə rüşvət varmı` sualını dilimdən geri qaytardım. Bunu heç türkiyəlilərdən də soruşmağın mənası yoxdur. Onlar da bunun mahiyyətini anlamırlar, xüsusilə, belə uzaq diyarda təhsil işləri ilə məşğul olanlar. Düşdüyümüz bu bədnam bəlanın nə olduğunu bir biz bilirik.

 

Monqolustanın bizdə olmayan ikinci böyük nailiyyəti isə `kəşmir` parça istehsalıdır.

Ölkədə kəşmirin müxtəlif  istehsalçıları, ünlü brendləri var.Qobi Kəşmir (Gobi Cashmere)isə Monqolustanın dünya bazarında rəqib tanımayan lüks trikotaj markasıdır.Keçinin xüsusi növündən və yalnız bel zolağı tükündən toxunan parça keyfiyyəti ilə dünya bazarlarında meydan oxuyur. Geyimin minbir növü - paltoları, paltarları, ətəkləri, qoftaları, şarfları, papaqları… son dərəcə nəfisdi, eləcə də od qiymətinədi.

`Gobi Cashmere` dünyanın öndə gedən beş kəşmir istehsalçısından biridir. Şirkətdə dünyaca ünlü moda dizaynerləri çalışır. İstehsal toxuculuq sənayesinin ən son texnoloji nailiyyətləri ilə təchiz edilib. Şirkətin ixtira-tədqiqat şöbəsi, mühəndislər bürosu, elmi-texnoloji masası, onlayn-satış şəbəkələri, dünyanın ən böyük şəhərlərində səyyar sərgiləri var.

Bizdə qətiyyən mümkün olmayan hekayə bu ki, markanın istehsalı 1977-də başlanıb, rejim, hətta sistem dəyişib, lakin bu dövlət şirkəti qorunub və 2007-də xüsusi mülkiyyətə transfer olunub. Şirkət tək əldə deyil, onlarca payçısı var. `Gobi Cashmere`nin qocalar evindən tutmuş, uşaq baxçasına kimi, idman komplekslərindən tutmuş sağlamlıq mərkəzlərinə kimi öz işçilərinə xidmət edən nəhəng təsisatları var. `Gobi Cashmere` təkcə istehsalın nəfisliyi ilə deyil, işçiyə verilən xidmətə görə də dünyanın ilk 5 şirkəti arasında yer tuturlar. Bu, çoxşaxəli beynəlxalq qiymətləndirmənin nəticəsidir.

 

Qeyd; Ulaan-Baatarda danışırlar ki, bu ölkəyə gələn yüksək rəsmilərin xanımları, eləcə də cibi doluturistlər `Gobi Cashmere`dən alış-veriş edirlər. Belə `sensasion` bazarlığı bir dəfə, bir prezident xanımı etmiş, `Gobi Cashmere`nin mərkəzi mağazasını bağladaraq 250min dollarlıq şey-şüy alıbmış.

-  $250 000?!

Əlbəttə, Monqolustan geridə qalmış ölkədir, əhali kasıbdır, hətta paytaxt əhalisinin 40% i gecəqondularda, alaçıqlarda yaşayır, daşkömür yandırır.Maaşlar azdır, müəllimlər, həkimlər 150-200$ alır. Ən yüksək maaş hakimlərindir, nazirdən iki dəfə çox  1000-1500$. Yeni evlərin qiyməti kvm olaraq 1000-3000 arasındadır. Ölkənin büdcəsi cəmi 3 milyarddır, təbii sərvətləri yalnız qızıl və misdir, çoğrafi şəraiti əlverişsizdir, dənizlərə çıxışı yoxdur. Lakin… təkrar qeyd edək ki, Monqolustan Rusiyanın bütün siyasi təzyiqlərinə baxmayaraq öz demokratiyasını qurmuşdur. Eləcə də Çinin ağır iqtisadi basqılarına baxmayaraq dünya bazarına öz istehsalını çıxarmışdır. Hətta istehsal sahəsində dünyanın ən nəhəng gücləri ilə rəqabətə cəhd etmiş və ilk beşliyə girmişdir.

 

Biz, Azərbaycan olaraq son 25 ildə Monqolustanın etdiyi bu iki şeyin birini belə edə bilmədik. Nə demokratiyamız var, nə bazara çıxarılacaqmalımız. Onlar bunu necə bacardılar?Əcəba, bu Monqollar bizdən çoxmu ağıllıdır?

Eləcə də, tariximizin güvəniləcək və sığınılacaq səhifələrini ictimai şüura yansıtmadıq. Milli kimliyimizi belə mübahisə altında, yarıstalin nəzəriyyələrinə əsasən saxlamaqdayıq. Tarix elmimiz hələ də rejimin qaranlıq rusyanlı siyasətinə xidmət etməkdədir.

Adama ağır gəlir.

 

Sizi bir-birinizdən seçmək olmur…

 

Gülməli qeyd; sən demə çəkik gözlü, bəzən bir-birinin basma-qəlibi olan bu Monqollar Türklərə, yəni bizə deyirlər ki, eyni ilə bir-birinizə  oxşayırsınız, o qədər oxşayırsınız ki, sizi bir-birinizdən ayırmaq belə mümkün deyil. Bunu eşidəndə təəccübləndim və xeyli güldüm. Gör kim kimə nə deyir. Amma… doğrudanmı biz də onlar qədər oxşarıq?

 

Gənc tanışım Ulaambayar Türkiyədə ali təhsil alıb, `Mavi Səma Ölkəsi` İşadamları Birliyinin rəhbəridi. Vəzir Tonyukuk yazıtına və Çingiz Khan anıtına məni o apardı. Noyabrın əvvəllərində havanın temperaturu -12 dərəcə idi, soyuq bıcaq kimi kəsir, pəncərədən vuran günəş isə maşının şüşələrini isidirdi. Bu ölkədə havanın soyuğu qışda mənfi 40 dərəcəyə kimi qalxır, yayda istilik 30-u keçmir, yağışlar yalnız yayda yağır, qış erkən başlayır, deyirlər,Monqolustanda ilin 333 günü günəş var.Ən bol günəşli ölkələrdən sayılır.

Parlaq günəşli, lakin  gömgöy səma. Bu, təzadlı və heç yerdə rast gəlmədiyimbir gözəllikdir. Bizim səma belə tünd maviyə boyananda günəş qüruba yuvarlanır, şər qarışmaqda olur. Monqolustanın göyü günün günorta çağı bizim üşrəngli bayrağın mavisi qədər tünddür. Bu, Göytürklərin əziz rəngi və rəmzidir. 

Monqollarıntəsviri sənətini isəgünəş sarısı simvolizə edir.

 

 

…Yolboyu  boz  və hüdudsuz çöllərə tamaşa edir və Ulaambayarla söhbət edirik. O, Bakıya gəlişindən, hava limanında 3 saat saxlandığından, sistemdə adının çıxmadığından, 3 saatdan sonra adının çıxmağından danışırd. Əlbəttə, bu Monqol belə gözlətmələrin səbəbini anlamaqda arif ola bilməz, `səbəbi` biz bilərik. Ulanbaayar isə Azərbaycan və Monqolustan arasında diplomatik ilişkilər, nümayəndəliklər, ən azı fəxri konsul olmasının vacibliyindən bəhs edirdi.Həqiqətən vacib məsələyə toxunurdu. Arada verdiyim suallaracavablar verirdi. Sən demə, Monqollar mühacirət etmirlər. Ulaanbayar gömgöy rəngli və bol-bol günəşli səmaya və hüdudsuz çollərə baxıb qürurla deyirdi; Monqol necə getsin, hara getsin. Monqol bunu haradan tapar, Monqol bu çolləri Amerikadamı tapar. Ulaambayar çölün genişliyindən, səmanın göylüyündən həyəcanlanmışdı.

 

Gög Tengri rəngli…

 

Monqolustan devlər arasındakı mənəvi və ruhi mövcudluğunu diri saxlamaq üçün ilk növbədə tarixə sığınır. Sığınacaqlardan biri Çingiz xan, digəri Hun İmperiyasıdır. Tarixin bu iki möhtəşəm hadisəsi monqol məhsuludurmu? Bu gün sayı 3 milyona çatmayan bu əhalinin 1500 il əvvəlki sayı nə qədər, yurdu hara qədər ola bilərdi? Türk axını Çingizlə neçənci vüsətini yaşadı? Türklər niyə bu çölləri tərk etdilər? Suallar çoxdur. Tarix elmi bu suallara birmənalı cavab vermir. Monqolların cavabı isə birmənalıdır, onlar bu məkana aid tarixdən öz milli kimliklərini yaratmış, milli sığınacaqlarını qurmuşlar. Əlbəttə, bu, dövlət üçün usta siyasətdir. Devlər arasında mövcudluq şərti bəzən tarixi söykənəcəklərdən keçir. Hətta, əfsanələr hesabına olsa belə.

 

…Havanın halı mənfi 12… kəskin soyuqdu. Səma gömgöy, buludsuz, dumansız, sissiz, çənsiz… nöqtə qədər belə ləkə yoxdur göydə…səmanın  göylüyü torpağa qədər dirənir. Həqiqətən, günün günorta çağı belə göy səma, belə parlaq günəş və belə soyuq – üç ziddin üçü bir yerdə… heç yerdə tapılmaz.

Bizim babalarımız özlərinə Göytürklər demişlər.Bu göy səmanın övladları saymışlar özlərini. Səma qədim türkcə Tenqri deməkdi, Tenqri həm də Tanrıdı. Göyə bağlı, Tenqriyə, Tanrıya bağlı…  bir zolağı da Tenqri rəngli bayrağımız.

 

Mühüm qeyd; Bayrağımızın göy zolağı türk dövlətlərinin beşiyi olan o uzaq torpaqların Tenqrisi ilə eyni mavilikdə imiş.

Mən o qutsal zolağın sonsuzunu – Gög Tengrini gördüm.

O üç rəngli bayrağımızı dikəldən böyüklərimizə Gög Tengridən salam olsun.

 

Türklər üçün Gög Tenqri qutsal idi. Çingiz Khan doğulduğu və gömüldüyü Burhan-Haldun dağının ətəklərində ibadət edir, diz çöküb başını torpağa qoyur, başını yerdən qaldıranda isə əllərini  Gög Tenqrisinə açıb yalvarır; Ondan alnına yazılan taleyi yaşamaq üçün yol istəyirdi. Sonralar Böyük Xaqan deyəcəkdi; bəziləri mənə barbar, bəziləri qəddar deyir, mən isə alnıma yazılan taleyimi yaşadım.

 

Çingiz Khanın anıtından sonra Gög Tengri altında tənha yatan Vəzir Bilgə Tonyukuk məzarını ziyarət edirəm. Böyük Vəzir, Böyük Bilgə hələ sağlığında millətinə, dövlətinə olan nəsihətini iki daşa qazdırmış, bu daşların gömüləcəyi yerə dikilməsini vəsiyyət etmişdi. Daşlar 1300 ildir  Vəzirin məzarı başında, Gög Tengrinin altında, günəşin bərqi içində,dim-dik durur. Dikili daşlarda deyilən qızıl tövsiyələrdən biri Türkin özünə dönməyi, bir olmağı, Böyük Bilgələrini xaqan edib ətrafına toplaşmaqlarıdır. Başqa bir sözü  isə Buddizmin mahiyyətinin Türklərin şücaətli məcazına uyğun gəlmədiyini, Türklərin öz dinlərinə,Gög Tengriyəbağlı qalmalarını tövsiyə edir. Aldanmamağı, ayıq olmağı isə təkidlə israr edir.

Vəzir Bilgə Tonyukukun əhvalatı Gög Tengrinin bir başqa dastanıdır. Əsrlərin o üzündən bu üzünə Türklər üçün göndərilmiş, hələ də yasa qüvvəsini qayb etməmiş başqa bir dastandır. Bəlkə də bir gün nağıl ediləcək bir başqa dastan…

 

… Monqolustandan Türkiyəyə 12 saatlıq uçuş məsafəsidir. 

Türkün min il gəldiyi yolun  başında gözəlim İstanbul məni gözləyirdi.

Mən isə bir sevdadan o biri sevdama, bir Khanımdan o biri Kaanıma tələsirəm.

Noyabr, 2015

Xudaferin.eu

20:57