“Mirzə Cəlilin bolşeviklərə meyl etməsinin səbəbi...” – Müsahibə

Son günlər yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı ətrafında müxtəlif müzakirələr aparılır, ona qarşı ittihamlar irəli sürülür. Yazıçı Həmid Herisçi başda olmaqla bir sıra yazarların səsləndirdiyi iddialar, söylədiyi fikirlərə münasibətiniz necədir?

- İddiaların hamısından xəbərim yoxdur. Amma əmin olduğum bir məsələ var: sovet rejimi tariximizi bütün qolları ilə təhrif edib, saxtalaşdırıb, öz ideologiyasına xidmət edən bir alət yaradıb. Faktlar, fərdlər, hadisələr yenidən araşdırılmalı və gerçəkdə olduğu kimi yazılmalıdır. Eləcə də, Mirzə Cəlil həyatı və yaradıcılığı ilə yenidən öyrənilməlidir. Yoxsa bu fikir münaqişələri daima davam edəcək. İddiaçılar haqsız da deyillər.

- Əsas iddialardan biri budur ki, Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”nda Yekaterina Revazovna Qabaşvilidən təsirlənib. Bu iddia ilə razılaşmaq olarmı?

- İddia isbat edilməlidir. Əks halda qəbul edilə bilməz. Bu iddia ilə bağlı bir araşdırma olarsa, təhlil və isbat təqdim edilərsə, məmnuniyyətlə oxuyardım. Amma sadəcə, iddialara rast gəlirəm. Sözügedən əsər bir təsir məhsulu olsa belə qəbahəti yoxdur, ədəbiyyat elə təsirin məhsuludur, əsər elə təsir deməkdir.

- Bəs Sizcə, Mirzə Cəlil niyə bu əsəri sağlığında çap eləməyib?

- Mirzə Cəlil bu əsəri sağlığında çap etməyibsə, bəlkə yazısının nəzirə və ya plagiat olduğunu nəzərə alıb çap etməyib. Əlbəttə, bunlar bizim bəlkələrimizdir. Bu iş bəlkələrlə yürüməz...

- Həmid Herisçinin fikrincə, ədəbiyyatımızda inkarçılıq, nihilizm, xalqı aşağılamaq, erməniyə “bəh-bəh” demək Mirzə Cəlildən başlayır. Bu fikirlərə münasibətiniz necədir?

- Yusif Vəzir daha kəskin deyirdi. Mirzə Cəlilə yazdığı məktub, əlbəttə, çox nəzakətli və sərt idi. Yusif Vəzirin sözünün canı o idi ki, Mirzə Cəlil başqa xalqları tanısaydı, Avropanı, Asiyanı gəzib görmüş olsaydı, xalqların təbiəti və məişəti ilə bağlı bilgisi olsaydı, öz xalqına dəyər verməyi bacarardı. Çünki müqayisə etmək imkanı olardı. Müqayisəni isə məlumatı və elmi olan insan edə bilər. Bildiyiniz kimi, Yusif Vəzir Avropanı qarış-qarış gəzmiş, gəncliyinin müəyyən hissəsini Orta Asiyada keçirmişdi. O, yüksək təhsil almışdı, dərin etnoqrafik biliyə sahib idi, dünya xalqlarının tarixini elmi səviyyədə bilən bir ədib idi. Bir neçə dili ana dili kimi bilirdi. Ümumiyyətlə, dövrün mətbuatında, xüsusilə, 1905-ci il inqilabından sonra əldə edilən mətbuat azadlığı illərində, təqribən 20 il müddətində bir çox münəvvərlərimizin bir-birinə yazdığı ittiham dolu, eyni zamanda çox maraqlı məktublar var. Nə yazıq ki, fikir tariximizi yaxşı bilmirik.

- Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti necə idi?

- Onun əqidə dostu Nərimanov idi. 1920-ci ilin mayında Gəncədə sovetlərə qarşı qiyam oldu. İyunda bolşeviklər Gəncədə qırğın törətdilər. Ta Qarabağa, Arazın bu tayına qədər bütün kəndlərə, uşaq, qadın demədən od vurdular. Həmin vaxt Mirzə Qarabağda idi, qardaşı, İran inqilabçısı Mirzə Ələkbərin təkidi ilə o taya qaçdı. Mirzə getmək istəmirdi, bolşevikləri özününkü hesab edirdi. Qardaşı onu zorla apardı. Sonradan Nərimanovun təkidli teleqramları ilə geri döndü. Bir qədər sovet quruculuğunda, rejimin təbliğat marafonlarında iştirak etdi. Bir neçə il sonra bolşevizm çaynağını göstərdi, Mirzənin həyatının, eləcə də övladlarının faciəsi başladı.

- O dövrdə AXC-nin aqibətinə inamsız yanaşanlar olsa da, Mirzə Cəlil nədənsə İrana mühacirət etmişdi. Bunu necə izah etmək olar?

- Mirzə Cəlil Cümhuriyyət dövründə mutlu-məsud idi. Kim ona dəyib dolaşa bilərdi. Həmidə xanımın qohumları, zümrəsi ən məşhur cümhuriyyətçilər idi. Qaçış qeyd etdiyim sovet rejiminə qarşı Musavat zabitlərinin qaldırdığı qiyamdan sonra oldu. Sovet rejimi ilk dörd ayda əlli mindən çox insanı məhv etdi, o qədər, bəlkə daha çox insanımız o taya qaçdı. O taya keçənlər arasında Həmidə xanımın da ailəsi, qonaqları, kəndliləri, xidmətçiləri vardı.

- Onun əsərlərində istiqlaliyyət ideyaları vardımı?

- Mirzə Cəlil əsasən, mövhumatı tənqid edirdi. Onun yaradıcılığında iki mühüm xətt diqqəti çəkir: mövhumatın tənqidi və qadın azadlığı.

- Mirzə Cəlilin siyasi mövqeyi, eləcə də bolşeviklərə münasibətini necə xarakterizə etmək olar?

-Mirzə Cəlil çar hökuməti tərəfindən sıxışdırılan yazarlardan biridir. Cəmiyyətdə onun heyranları və düşmənləri çox idi. Hökumətin cərimələri, sataşdığı ruhani zümrəsinin, ayağını basdığı zadəgan sinifin təhdidləri və təqibləri altında yaşayırdı. Ona azad yazı mühiti lazım idi. Bolşeviklər isə o dövrdə mətbuat azadlığından ağızdolusu danışırdılar. Mirzə Cəlilin onlara meyl etməsinin səbəb bu idi. Cümhuriyyətlə isə xüsusi bir konfilikti qeydə alınmayıb. Bəzi iddialar sovet dövrünün saxta uydurmalarıdır. Guya Mirzə Cümhuriyyətə qarşı idi. Qətiyyən. Birincisi, qarşı çıxacaq bir güc sahibi deyildi. Hər halda Mirzə Cəlilin Nərimanov qədər siyasi gücü və iddiası yox idi. İkinci, Mirzənin siyasi mövqeyi, iddiası heç yerdə qeydə alınmayıb. Əslində, Mirzə Cəlilin siyasi mövqeyi yox idi, deyərdim. O, sadəcə, tənqidçi idi. İstənilən rejimdə tənqidçi olaraq qalmaq istəyirdi. Sovet dövründə mühiti tənqid etmək yasaq olduğundan Mirzə Cəlil jurnalın redaktorluğundan imtina etdi. Buna məcbur oldu. Bununla da onun həm yaradıcılığı, həm həyatı söndü.

- Əqidəcə sosial-demokrat idi, bəlkə ondan irəli gəlirdi? Düzmü, analiz edirik?

- Mən Mirzə Cəlilin siyasi əqidəsi haqqında heç nəyə rast gəlməmişəm. Əlbəttə, istəsəniz “Molla Nəsrəddin”ə Mirzə Cəlilin siyasi əqidəsi deyə bilərsiniz. Lakin hesab edirəm ki, tənqidçilik Mirzənin yapısı idi. Eyni zamanda gözəl bacardığı və çəmini tapdığı bir iş idi.

- Kommunistlərin Mirzə Cəlilə münasibəti niyə loyal idi?

- Bolşeviklər Mirzəni məhv etdilər. Loyallıqları nədə idi? Əvvəlcə yalvarıb Təbrizdən gətirdilər. Bir müddət sonra tutdular, ölümünə döydülər, yoxsulluqla zülm verdilər, jurnalı əlindən aldılar, tənqid etməyə qoymadılar, hər cür təhqir edib sonunu tezləşdirdilər. Canından artıq sevdiyi oğlunu məhv etdilər. Adam öldü. Sonra kommunistlər fikirləşdilər ki, öldürdüyümüz bu adamın goruna and içmək vaxtı çatıb. Başladılar lazımsızca şişirtməyə. Böyük mütəfəkkirlərimizi inkar edib, adlarını gizləyib bizə “siz Novruzəlisiz” demək üçün adını bayraq etdilər. Bunda Mirzə Cəlilin nə günahı var? Həm də buna loyallıq deməzdim. O ki qaldı Novruzəli məsələsinə... Avropada xalqlar ilk qatarları daşa basırdılar. Poçtun böyründə oturan fransızlar az olmayıb. İşğalçı rejim Mirzə Cəlili sevdiyindən deyil, bizi aşağılamaq üçün onu böyüdürdü. Bizə başucalığı gətirən böyüklərimizlə isə düşmənçilik edirdi sovet rejimi.

- Niyə “Anamın kitabı” pyesində Mirzə Cəlil türk millətçiliyinin panfarsizm və ruspərəstliklə eyni dərəcədə zərərli olduğunu göstərirdi?

- Mirzə millətçilikdən uzaq idi. Öncə qeyd edim ki, Türk millətçiliyi ilə Avropada başa düşülən millətçilik fərqli şeylərdir. Avropada millətçilik faşizm doğurub. Bizim fəlsəfələrimiz çox fərqlidir. Türk tarixində hər hansı başqa bir millətə soyqırım etmək faktı yoxdur. Bir də millətçilik iki kitab oxumaqla, beş felyeton yazmaqla başa gəlməz. Millətçilik yüksək təhsil, ruh, dünyagörüşündə geniş üfüq istəyir. Siz millətçilərimizə fikir verin: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu... bir ölkəyə sığmayan, hər xalqın payına düşməyən ustadlar, dərin bilik sahibləri, ideoloqlar. Mirzə bu sahədən uzaq adam idi. Onun istedadı satirada parlamışdı. Həm də yenilikçi idi. “Molla Nəsrəddin” dövrünün fövqəladə məhsuludur. Lakin Ömər Faiqin də haqqını vermək lazımdır. Jurnalın üstündə əməkləri bərabər kimi idi. Sadəcə, Ömər Faiq qəzetçilik fəaliyyətinə görə dəfələrlə həbsdə olduğundan hökumət ona yazı yazmaq yasağı qoymuşdu. Bu səbəbdən jurnalın bütün yazıları imzasızdı. Jurnalda gedən yazıların bu iki müəllifdən hansına aid olduğu araşdırma və mübahisə mövzusu olaraq hələ də davam edir. Ömər Faiq də sovetlərin inkar etdiyi şəxsiyyətlərdən biridir, böyük adamdır. Qayıdaq Mirzə Cəlilə. Dilləri dolaşan bir fikri var, Feysbuk "divarları"nda da çox rast gəlirəm: “Ölümüzlə ərəbcə, dirimizlə rusca danışırıq”, özü də belə idi. Övladları ilə rusca danışırdı, Həmidə xanımla rusca yazışırdı. Bəzən tənqidlərinin qəhrəmanı elə özü olurdu. Bu da təbiidir.

Teleqraf.com

17:33