Biz əlimizlə dikdiyimiz o Qalaya dönəcəyik!!!

Qəşəm Nəcəfzadəni Şuşaya aparmadılar... incidi... demə, onun da adını siyahıdan çıxarıblar... sanıram ona haqsızlıq ediblər... yazıq indiyə kimi kimə "ayağın yandı, geri çək..." demiş ki... üzüyola adamdı... ixtiyarı əlində olmayan tək üsyanı Kəramət`di...

O siyahıya mənim də adımı yazmışdılar, sağ olsunlar, gerçəkdən minnətdaram...
Lakin... mənim də adım "yuxarı"dan çıxarılıb. Amma heç küsmədim. Kimdən küsüm? Uman yerdən küsərlər. Umacağım isə heç və heç yoxdur...
Zatən, şad xəbəri eşidəndə nə gözlərimə, nə qulaqlarıma inanmışdım. Amma... boynuma alım... o gecəni yatmadım, yuxum ərşə çəkildi... "Qalaya gedirəmmi?", "Gerçəkdənmi?", "Əcəba, mənə bu fürsəti verərlərmi?" deyə çək-çevir içində səhəri açdım...

Zənnim doğru çıxdı... Olsun. Şuşa hələ bizə - o Qalanın daşını daş üstdə qoyanların, yolunda qazi, şəhid olanların, dövlətinə, mənəviyyatına, mədəniyyətinə, sənətinə ömür verənlərin törəmələrinə aid deyil... Şuşa deyib qovrulanlara aid deyil... amma aid olacaq. Olacaq! Bir az zamana ehtiyac var...
Mühüm olan: Şuşa qalası bizimdir... mülk sahibinindir...

Şuşa və Mən... Şuşa və Biz...
Nəslimin Şuşa Qalasında ilk doğum tarixi 1747-ci ilə dayanır, yəni Şuşa qalası dikilən tarixə. Ondan əvvəlki nəslim Ərdəbil doğumludur. O taydan gələn nəsil soyadımız: Sofuoğlu`dur. Dədələrim Ərdəbil sufilərinin törəmələridir.
Vəzirov soyadı ulu babam Seyyid Mirzə Əli Məhəmməd ağanın sədaqət və ləyaqətlə icra etdiyi, sonda dövlət yolunda şəhid olduğu rütbəsindən doğmuşdur. Nəslim 3 əsrdir Şəhid Vəzirin eşqinə Vəzirov soyadını daşıyır, şəcərə sənədlərimiz, çar-rus hökumətinin belə tanıdığı seyidlik və bəylik imtiyazlarımız, mülkiyyət vergilərimiz və s. və i. bəlgələr dövlət arxivlərində saxlanır... (bu sənədləri arxivlərdən işıq üzünə çıxaran dəyərli şəcərəşünaslarımız Ənvər Çingizoğluya, Vasif Quliyevə minnət borcumuz var...)

Şəhid Dədəm Vəzir Əli Məhəmməd ağa 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşa qalasını aldığı gün 6 nəfər yüksək əyanla həbs edilir. Qarabağnamə müəllifi Rzaqulu bəy Vəzirov yazır: "Axundu (Vaqifi) və həmrahı Əli Məhəmməd ağayi Sofuoğlunu bir yerdə tutub... həmin gün axşama yarım saat qalmış onları Ağa Məhəmməd şahın qapısına gətirirlər... Şah buyurur, Axundun yoldaşlarını öldürün, özünü məhbus edin. Əli Məhəmməd ağanı öldürürlər ..."
Bu, 1797-ci il idi.... Qacar şahın Şuşa qalasına varid olduğu gün idi...

Qarabağnamə müəllifi, xan törəməsi Əhməd bəy Cavanşir yazır:
"İbrahim xanın 6 nəfər əyanını şah Qacarın hüzuruna gətirdilər. Onlardan 5-ni şahın gözü qarşısında paz çalaraq, böyük əzab əziyyətlə, amansızlıqla və rüsvayçılıqla qətlə yetirdilər. Yalnız Əli Məhəmməd ağa seyid olduğundan qanını yerə tökməyib öz şalına boğub ölürdülər. O, son nəfəsinə qədər şaha nifrin yağdırdı və qorxmaz bir qəhrəman kimi ölümə getdi..."

Ağa Məhəmməd şahın hər iki vəzirə Molla Pənah Vaqifə və Əli Məhəmməd ağaya dərin nifrəti vardı. Vaqiflə münasibətini hələ məktəb kitablarımızdan - Şuşa qalasının İran sərbazları tərəfindən birinci mühasirəsində şairin şaha atmacalarından bilirik.
Mənim Vəzir Dədəmə Qacar şahın nifrətinin səbəbi isə bu idi: İbrahim xan Qarabağı Qacarların təcavüzündən qorumaq üçün Osmanlıdan kömək istəmişdi. Xan 1795-ci ildə Qacar şahın Şuşa qalasını birinci mühasirəsindən sonra vəziri Əli Məhəmməd ağanı İstanbula elçi göndərmişdi. Bildiyiniz kimi, Osmanlı sultanı Rusiya ilə anlaşması olduğundan o yardımı edə bilməmişdi.
Bəli... 1795-ci ildən Qarabağ azadlıq uğrunda çarpışırdı. Çabalayırdı. Qarabağ nə Tehrandan, nə Moskvadan idarə olunmaq istəyirdi. Qarabağ bu günkü Azərbaycan Cümhuriyyətinin siyasət fəlsəfəsini doğurmaqda, dövlət müstəqilliyinin təməlini qoymaqda idi... və mənim Vəzir Babam da bu qutsal yolun şəhididir...
Nə isə...
Ölən ölür, yer gizləyir. Qarabağ əyanlarının şəhid edildiyi o müsibətli gündən 2-3 gün sonra Qacar şah da Şuşa qalasında qətlə yetirilir. İbrahim xan Şuşa qalasına dönür, hər şey yerbəyer olur... Şəhid Vəzirin oğulları əvvəlki görəvlərinə qayıdır, kimisi qalabəyi, kimisi eşikağası (əmniyyət), kimisi qazı (məhkəmə)... hökumət və dövlət işlərində... sədaqət, ləyaqət və ədalətlə... nəsilbənəsil xidmət edirlər...
Yusif Vəzir yazır: "Şişə Qalasında elə bir əmniyyət vardı ki, gecənin qaranlığında başında bir məcməi qızıl apar... Şahməmmədin qorxusundan bir adam tükünə belə toxuna bilməzdi..." Seyid vəzirin oğulları gözlərini qırpmadan Qarabağın əmniyyətinin keşiyində idilər...
Sonrakı tarix bəlli...
Bu günün əhvalatları da bəsbəlli...
Qarabağ, Şuşa bizim sadəcə torpağımz deyil ki... canımıza bağlı əzamızdı... tənimizin parçasıdı... İtirilmiş qolun boş qalmış yeri qədər göynərtimizdi... Qanımızın qarışdığı çeşmədi, ərvahımızın sığındığı bətndi...

Biz şəhid olmağın da, qazi olmağın da, xidmət etməyin də, sürgün olmağın da, diyarbadiyar düşməyin də, intiqama çəkilməyin də... "keyfini" çəkmişlərdənik...

Sözümün canını Sofuoğlu-Vəzirovların şanlı övladı, böyük ustad Yusif Vəzirin dili ilə, Şuşa qalasının 100 il əvvəlki əsirliyi dövründə dediyi sözlərlə deyim: Biz Qarabağa gedəcəyik!!!

Biz əlimizlə dikdiyimiz o Qalaya dönəcəyik!!!

Mehriban Vəzir

Xudaferin.eu

00:00