QADIN QƏLBİ...

Uşaqları müdafiə günü ilə bağlı evdə eşitdiyim bir xatirə yadıma düşdü...
Demək, 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin (Allah rəhmət etsin) rus-tatar (türk) qız məktəbi açılır. Bakının zadəgan ailələri təbii ki artıq qızlarını dünyəvi biliklər verən, həm türkcə, həm rusca dərs oxudan məktəbə qoymaq istəyirlər.
Bir haşıyə çıxım: zatən zadəgan-ziyalı ailələr qızlarını oxudurdular. Amma 1895-ci ilə qədər rus hökuməti Qafqazın türk-müsəlmanlarına, yəni bizə - qızların ana dilində dünyəvi təhsil almasına izin vermirdi. Deyirdi, qadınlarınız ya rusca oxusunlar, ya da öz ana dillərində yalnız şəriət dərsi oxusunlar. O üzdən təhsilli qızlar rusca oxuyurdularsa milli mədəniyyətdən uzaq düşürdülər, din dərsi oxuyurdularsa dünyəvi mədəniyyətdən uzaq düşürdülər... bu isə hər iki tərəfdə bir yarımçılıq sindromu yaratmış və ictimai problemə çevrilmişdi. İşğalçının istədiyi olmuş, millətdə iki tirəlik ayaqlanmışdı.
Qızların həm milli, həm dünyəvi təhsil alması üçün Azərbaycan ziyalısı düz 25 il rus çarına məktub yazmış, az qala yalvarmış, izin rica etmişdi. Bu qiymətli işin başında Məhəmməd ağa Şahtaxtinski, Əhməd Ağaoğlu, Həsən bəy Zərdabi və başqa mötəbərlərimiz durmuşdur.
İlk dünyəvi qız məktəblərini isə Ömər Faiq Nemanzadə Şamaxıda (1896), Axund Şeyxzadə (cümhuriyyət qadını Şəfiqə Əfəndizadənin atası) Şəkidə açmışlar.
Nəhayət, Bakıda da belə möhtəşəm bir məktəb açılır... əlbəttə, asan iş deyildi, çar hökuməti öz agent şəbəkəsində olan mollaları ayağa qaldırmışdı... Hacının və mütərəqqi ruhanilərin Bakı əhalisini sakitləşdirməkdə və bu işi yürütməkdə böyük xidmətləri oldu...
Haşiyədən çıxıb sözümün canına qayıdıram:
Bizim Vəzirovlar da qərara gəlirlər ki qızlarına artıq sadəcə rus dilində deyil, həm də ana dilində dünyəvi təhsil versinlər. Bakı qubernatorunun müavini olan Azad bəy Vəzirovun (Azərbaycan SSR-də neft sənayesi naziri və Nazirlər Soveti sədrinin müavini olmuş Süleyman Vəzirovun atası) xanımı Zəhra xanım Mahmudbəyova 6-7 yaşlarında olan iki qızı - öz qızı Gülşəni və qaynı qızı Sürəyyanı götürüb gedir məktəbin direktoru Hənifə xanımın (Həsən bəy Zərdabinin xanımı) qəbuluna.
Hənifə xanım biləndə ki möhtərəm Zəhra xanım bu hər iki qızı məktəbə yazdırmaq üçün gətirib çox üzülür, deyir bir az gec gəlmisiniz, cəmi bircə yerimiz qalıb. İkisindən birini götürə bilərik, siz seçim edin, qızların biri qalsın gələn ilki qəbula. Vəziyyət qəlizləşir, qızların ikisi də həm Gülşən, həm Sürəyya neçə vaxt idi məktəbə getmək üçün tutuşub yanırmışlar, xəyallar qururmuşlar...
Demək, seçim Zəhra xanıma qalır. Ya öz qızı Gülşən, ya evində böyüyən qaynı qızı Sürəyya... ikisindən birini yazdırmalıydı məktəbə...
Sürəyya Azad bəyin qardaşı Baxış bəyin qızı idi, iki yaşında yetim qalmış, dayələri ilə birgə əmisinin evinə daşınmışdı. (Sürəyya xanım Vəzirova uzun illər Bakı Soveti metrosu ilə üz-üzə olan 1 nömrəli uşaq baxçasının müdiri olub. Bakı elitası onu yaxşı tanıyırdı. Sürəyya xanım həm də Elçi Bəy zamanında Azneftin sədr müavini olmuş Nazim Əliyevin anası idi. Mirvari Qəhrəmanlı Nazim Əliyevin müavini olmuşdu. Mirvari xanımın Nazim Əliyev haqqında dediklərindən bir söz çox diqqətimi çəkib: Nazim müəllim işçilərinə deyirmiş ki, biz işləməliyik, şəhidin balası yeməlidir. Belə! )
Nəslimizin mənimlə yaşıd olanları həm Gülşən xanımın, həm Sürəyya xanımın gözü önündə böyümüşdülər... o dövr qohumların kompakt yaşadığı dövr idi... bu qadınlar isə, xüsusilə daha uzun ömür sürmüş Gülşən xanım Vəzirova qohumlar arasında əlaqələndirici idi...
Nə isə... Zəhra xanım Hənifə xanıma belə deyir: Sürəyyanın adını yazın, Gülşən qalsın gələn ilə.

Zəhra xanım Mahmudbəyova-Vəzirova ana üçün çətin olan belə bir seçim edlir...

Qadın qəlbi şəfqət dolu olarsa o anadan da üstün olar... yalnız anadan üstün bir qadın başqa övladı öz övladından önə keçirə bilər...

Qəlbiniz şəfqət dolu olsun...

Mehriban Vezir

Xudaferin.eu

23:23