QƏLƏM ADAMLARININ QƏLƏMLƏRİ İLƏ AL-VER ETMƏLƏRİ DAVAM EDİR...

Bu gün məlum nazirin ad günü imiş. Bu "mühüm" xəbəri axar.az ın saytında oxudum. Bir jurnalist bir palaz ad günü yazısı yazmışdı. Əlbəttə, mədhiyyədi, zatən o yazının nə mal olduğunu içəriyini oxumasanız da bilirsiniz.
Yadıma jurnalistika ilə məşğul olduğum dövr - 90-cı illərin bir əhvalatı düşdü.
Aztv-də işləyirdim, müəllif proqramım, söyləməsi ayıb... adım, şöhrətim vardı :)
Bir gün Fatma Abdullazadə məni prezident aparatına çağırdı. İlk və son dəfə o möhtəşəm binada oldum. Neçənci mərtəbə idi, xatırlamıram, amma beşinci deyildi, beşdə prezidentlər oturur, dedilər.
Fatma xanımın masası qarışıq idi, dəftər-kitab, kağız-kuğuzla dolu idi. Bir də əlinin altında iri, yasəmən rəngli, az qala yarım litr maye tutan fincanı vardı. Bu çox iri fincanla çay içirdi...
Əcaba, bu fincan niyə yadımda qalıb? Bapbalaca canına bu boyda fincanda çay içməsinəmi heyrət edib yaddaşım? Bilmirəm. Bildiyim bir şey var ki, yaddaşım bağımsız, süveren bir nəsnədir, mənə tabe olmur, istədiyini yadda saxlayır, istədiyini yaddan atır...
Nə isə... Fatma xanım mənə də çay ismarladı, fincandamı, istəkandamı istədiymi soruşdu. Dedim, armudu istəkanda. Çayı belə kiçik tutumlu qabda içməyimə güldü...
Gətirdilər... gətirənlərə təəccübləndim. Davranışları rəsmi deyildi, xala-bacı rəftarı idi...
25-27 il keçdikdən sonra yaddaşım bu detalları niyə bu günə kimi çəkib gətirib onu da başa düşmürəm.
Yadımda daha bir tablo da var. Fatma xanımın böyük kabinetinin çoxlu pəncərəsi vardı və mən o pəncərədən dışarı baxmaq üçün izin istədim. Bu, Fatma xanımdan tək ricam oldu. Fürsətləri heç zaman dəyərləndirə bilməmişəm. Əsil yetənəyim də deyəsən elə budu :)
Buyurun, dedi. Baxdım. Qorxunc bir mənzərə gördüm. Yazın əvvəli idi, görünür şər vaxtı imiş, göylər tutqun, yarımqaranlıq, rüzgar, soyuq... havadan zəhrimar yağırdı dənizə, dəniz qəzəbli idi... Bulvar indiki kimi mərmərləşməmişdi, yarıtəbii halında idi, dalğalar şahə qalxır, sal qayalara çırpılır, su atəş kimi püskürürdü... ürpərdici bir mənzərə idi...
Dönüb Fatma xanıma dedim:
-Tez-tez buradan dənizə baxırsınızmı?
-Yox, o mənzərəni sevmirəm. - dedi.

Əlbəttə, sözü uzatdım... mətləbə keçim... Fatma xanım məni niyə çağırmışdı? Verilişlərim, nitqim, səsim haqda bir xeyli xoş söz dedi. Dedi, sizi dinlədikcə düşünürəm bu nə ləhcədi belə, rus ləhcəsi deyil, a, sonra tapdım, siz Türkiyə ləhcəsi ilə danışırsınız. Və birdən əlavə etdi:
- Bu ay Zərifə Əliyevanın ad günüdür. Onun haqqında veriliş hazırlayın.
Dedim:
- Qonşu şöbənin artıq 2 verilişi efirə gedib Zərifə Əliyeva haqqında...
-Olsun - dedi - onların heç biri qaneedici olmadı. Siz də birini hazırlayın. Sizin veriliş daha yaxşı olar...

Düzü, "Zərifə Əliyeva haqqında veriliş hazırlamaram", deyə bir prinsipim yox idi. Uzun illər çalışdığım musiqi redaksiyasında bu qadını yaxından tanıyan insanlar vardı, onların söhbətlərindən bəzi xarakter cizgilərini - yaxşı insan, sadə, səmimi biri olduğunu eşitmişdim. Pianoçu bacısı, "Dan Ulduzu" ansamblının rəhbəri Gülarə xanım da studiyaya gedib gələrdi, o da çox sadə, xoş və gözəl qadın idi. Nə təkəbbürlü ədasını, nə də özünü dartmağını görmüşdik. Sıradan biri kimi davranırdı...

Amma bir iş də vardı... əvvəlki illərdə və ya əvvəlki siyasi dönəmlərdə Zərifə Əliyevanın adı heç bir jurnalistin yadına düşməmişdi. Bir neçə il əvvəl heç bir diqqət çəkməyən bu isim artıq yaltaqlıq alətinə çevrilmişdi. Zərifə Əliyeva haqqında veriliş etmək üçün Aztv jurnalistləri arasında qapaqap vardı. Çünkü o, artıq prezidentin mərhum xanımı idi...
Mənə isə bu tapşırıq Prezident aparatından verilmişdi...
Prezident aparatından verilən tapşırıq isə... əlbəttə, sadəcə tapşırıq olmur, fərman olur...
Mənim isə öz qanunlarım vardı, Zərifə xanım - bir qayğıkeş həkim, bir sadə, yanımcıl insan haqqında bir süjet hazırlaya bilərdim. Lakin... bu statusda olan - prezidentin mərhum xanımı olan biri haqqında veriliş hazırlaya bilməzdim. Bu qapaqapda iştirak etməyi özümə yaraşdırmazdım. Hətta prezident aparatından təklif alsam belə bu işi görməzdim. Çünkü özüm özümə cavab verə bilməzdim. Özüm özümdən utanardım. Özüm özümə: "Ayıb olsun sənə, bir təmənnanmı var?, Nə istəyirsən? Nə dilənirsən?" deyərdim.

Bir də o illərdə çox məşğul idim, işim başımdaan aşırdı... Əli bəy Hüseynzadəni, Əhməd Ağaoğlunu, Ömər Faiqi, Həmidə xanımı, Nabat xanımı, hətta Orxan Vəlini, Nəcib Fazil Qısakürəyi.... çoxlarını... sovetlərin tanıtmaq istəmədiklərini tanıtmaq üçün çox çalışır, çox işləyirdik... çox mutlu idik, qələmi, ürəyi milli xidmətdə duranlar üçün sərf edirdik. 70 illik yasaqdan sonra tale bizə fürsət vermişdi. Bir müddət sonra o fürsət əlimizdən çıxacaqdı... bunu bilirmiş kimi, hiss edirmiş kimi çalışırdıq...

Mutluluğu dövrün hakimlərinə xidmətdə bulanlar da öz işlərində, qazanclarında, al-verlərində idilər. Bu gedişatı da təbii sayıram... qələm adamı qələminin işlədiyi həddə qədərdir... həddini aşa bilməz...

Bu xatirələr niyə yada düşdü axı... Hə, bu gün bir nazirin ad günüdü... və qələm adamları qələmləri ilə al-ver etməkdə davam edir...
Köhnə hamam, köhnə tas...

Mehriban Vəzir
Xudaferin.eu

21:57