Tiflis - Tbilisi- sözünün mənası nədir?

Hər hansı bir gürcüdən soruşsan: Tiflis - Tbilisi- Dibilisi sözünün mənası nədir, əzbərdən deyər: "qədim gürcü dilində isti su deməkdir". Niyə qədim gürcü dili deyirlər? Çünkü kim gedib araşdıracaq qədim gürcü dilini? Nə qədim, nə müasir gürcü dilində Tiflis sözünü açan söz yoxdur. Ona görə ki, Tiflis gürcü sözü deyil.
Lakin istisnasız hər bir gürcü belə bilir və belə deyir. Çünkü məktəb dərslikləri belə öyrədir. Çünkü dövlətin siyasəti vətəndaşına Tiflisi ən qədimdən gürcü şəhəri kimi mənimsətməkdir və mənimsətmişdir.
Halbuki bu, belə deyil. Qədim gürcü paytaxtı bildiyiniz kimi Mtsxetidir ki, Tiflislə otuz km məsafədə yerləşir. Paytaxtı Mtsxetidən Tiflisə köçürülmə tarixi və şəxsin adı bəllidir.

Tiflis Kür çayı ilə ikiyə bölünüb və hələ ən qədim vaxtlardan iki qövmün, bir sahili gürcülərin, o biri sahili türklərin olub. Zatən şəhərin tarixi də, memarlığı da, söküb atdıqları kitabələr də bunu isbat edir.
Tiflis sözü də... araşdırmalara görə tifli su və ya təbli su anlamına gəlir. Bildiyiniz kimi şəhər isti (təbli) sularla zəngindir. Keçmişdə çox yayqın olan tif, qızdırma, yatalaq xəstəliklərinin və bir çox yoluxucu dərdlərin dərmanıdır. Hələ eramızdan əvvəl Rim və digər orduların bu sularda sağalması məlumdur. Gürcü bu həqiqəti deyə bilmir... düzünü desə, gərək desin ki Tiflisin yarısı tarixən mənim olmayıb, indi mənimdir...

Sözümün canı nədir... dünən Bakı sözünün izahı ilə bağlı tərəfdarı olduğum məlum bir ehtimalı paylaşmışdım. Demişdim Bakı baxmaq, bakmaq, dəniz fənəri, mayak anlamını verir. Bu, dünyanın ən qədim liman şəhərlərindən biridir...
Yüz cür fikir səsləndi. Bu, onu göstərir ki, gürcüyə öz şəhəri haqda məktəbdə öyrədilən bizə öyrədilməyib. Niyə? Çünkü gürcünün Tiflis və s. ilə bağlı vətəndaşına öyrətdiyi bilik rus mənafeyinə uyğun idi. Türk torpaqlarının sahiblərindən alınıb başqalarına verilməsi Rusiyanın 1800-cü ildən bu günə kimi təkcə nəzəri deyil, həm də işlək hədəfidir, dövlət siyasətidir. Ruslar bizim əlimizdən İrəvanı alıb haylara verdikləri kimi, Tiflisin də bizə aid yarısını alıb gürcüyə verdilər. Gürcü generalları məhz Tiflisi bütünlükdə gürcü şəhəri etmək üçün, hayların İrandan və Anadoludan Qafqaza - türk torpaqlarına köçürülməsi üçün rus qoşunlarında fədakarca xidmət etdilər.

İstər çar, istər sovet Rusiyası bizə gerçəyi bilmək və ya birliyimizi təmin edəcək ehtimallardan birini qəbul etmək izni vermirdi. Bu gün də biz şəhərimizə gələn hər hansı bir qonağa Bakı sözünün mənası budur... deyə bilmirik. Gah ərəb, gah fars sözlərinə, mənbələrinə əl atırıq. Halbuki ərəbdən, farsdan və bütün dinlərdən əvvəl də bu şəhər var idi. Ən azı tarixi bəlli olmayan bir qalası - Qız qalası sözü türkcədir. Yaxınlığındakı Qobustanın on min illik tarixi ortadadır. Lakin vətəndaş doğrusu, saxtası bəlli olmayan mənbələrlə uğraşmağa məcbur olub. Axı mənbə ilə işləmək araşdırmaçının işidir, vətəndaşın deyil...

Alimlərimizin də Bakı sözü ilə bağlı araşdırmaları az deyil...
Əlbəttə, bu ehtimallardan birini uzlaşdırıb dərsliklərə salmaq olardı.
Lakin bu günə kimi olmayıb, çünkü Kremlin gözü hələ də Azərbaycan tarix elminin üstündədir. Çünkü mütləq ərəb-fars mənbələrindən aldıqları uydurmanı papulyarlaşdıracaqdılar. Bu da ağ yalan olacaqdı. Və yaxşı ki olmayıb, bunu etməyənlərin vicdanı olub görünür...
Məsələ bu günə kimi açıq qalıb... hər ağızdan bir avaz gəlir və gələcək təbii...

İndi qalır dövlətin müdaxiləsi: alimlərə ehtimalları müzakirə etmək üçün fürsət və sifariş vermək. Dövlət mənafeyini, qonşuların vəhşi iştahlarını nəzərə almaq, vətəndaşa öz şəhəri haqda, onun keçmişi, tarixi, adı haqda hər kəsin biləcəyi, dilinin əzbəri olacağı bir mesaj ötürmək.
Əlbəttə, hər kəsin, xüsusilə alimlərin özlərinə görə ehtimalları da öz yerində. Bütün ehtimalların yaşam haqqı var...
Amma sıravi vətəndaş bilməlidir ki, Azərbaycanın yerləşdiyi bu hülqumdan rimlilər də, moğollar da, ərəblər də, farslar da (dil olaraq) yapışıblar bir vaxtlar. Bizim adımızı, kimliyimizi öz mənafelərinə uyğun yazıblar və yozublar. Amma hamısı dəf olub gedib. Bakı bizimdir, adını da biz vermişik, 3-5 gün gəlib gedən işğalçılar deyil...
Beləcə... əminəm, bir gün Azərbaycan elə bir dövlət olacaq ki, məmurlar büdcəni necə oğurlamaq haqda baş sındırmayacaqlar. Xalqın sərvətini yağmalayıb balalarına bəla yığmayacaqlar. Vicdanlı və peşəkar insanlar idarəetmədə yer alacaq. Və onlar məktəbin, orta təhsilin vətəndaşa lazımlı biliklər verməsini qəlbən, canıyananlıqla müzakirə edəcəklər.
Əminəm...

Mehriban Vəzir

Xudaferin.eu

23:34