Əhməd Bəy Biz Səni Əsla Unutmadıq

Bu gün Əhməd bəy Ağaoğlunun anım günüdür. Ruhu şad, məkanı cənnət olsun. Nə desək, nə etsək belə borcundan çıxacaq deyilik. Şuşada heykəli dikələcək dahilərimizdən biri də odur.

Əhməd bəyin bu anım günündə ömür yoldaşı Sitarə xanım Vəzirovanı xatırlatmaq istədim... Sitarə xanım dövrünün ən görkəmli jurnalisti, redaktoru, naşiri olan, lakin hələ də haqqını almamış Haşım bəy Vəzirovun bacısı idi. (Haşım bəy Vəzirov Yusif Vəzir Çəmənzəminlinin əmisi idi) Haşım bəyin xanımı Əhməd bəy Ağaoğlunun bacısı idi.
Sitarə xanım eləcə də ilk Avropa təhsilli dağ mühəndisi Fərrus bəy Vəzirovun əmisi qızı idi.
Sitarə xanımı Əhməd bəy dostu Fərrux bəy Vəzirovun evində görüb vurulmuş, elçiliyini də dövrün qayda-qanununu pozaraq özü etmişdi...

Sitarə xanım Əhməd bəyə misilsiz bir ömür dostu oldu. Dözülməzlərə dözdü. Dilindən bir ömür bir kəlmə şikayət çıxmadı.
Əhməd bəy təbiətcə əsəbi idi, səbrsiz və davakar idi... ədalətsiz mühit, cəhalət, gərgin iş, fasiləsiz çalışmaq səhhətini pozmuş, hövsələdən çıxarmışdı.
Oğlu xatirələrində yazır ki, atam axşamlar evə gec və yorğun gəlirdi. Anam hər axşam gözəl süfrə açır, gec saatlara kimi atamı gözləyirdi. Biz axşam yeməyini atamız gəlməyincə yeyə bilməzdik, anam izin verməzdi.
Belə axşamların birində yenə süfrə hazır, gözləyirdik. Masada qıpqırmızı qızarmış iri bir toyuq vardı, çox acmışdıq, gözümüzü iştahla o toyuğa dikmişdik. Amma anamın qanunları sərt idi, atam gəlməli, masanın başında oturmalı, süfrəyə birinci əl uzatmalı idi... yalnız bundan sonra birlikdə yeməyə başlamalıydıq.
Atam gəldi. Həmişəki kimi gec və yorğun. Elə masa başına keçməkdə idi ki, anam nəsə dedi, düzü nə dediyini belə xatırlamıram.
***
Yaddaşa belə düşməmiş o bircə kəlmə ilə də əsəbləri pozulmuş, vətən və millət üçün daima çapalayn Əhməd bəy iri toyuq tabağını süfrədən alıb divara çaxır...
Mənzərəni gördünüzmü? Aləm qarışır, süfrə pozulur, hər kəs ac və peşman...
Sürəyya xanım dinməz-söyləməz, bir kəlmə belə qaytarmadan divara dəyib çilik-çilik olmuş tabağın, dağılıb, ətrafa sıçrayıb zay olmuş yeməyin qalıqlarını yığışdırır...

Əlbəttə, bu, yeganə hadisə deyildi. Bütün ömür xoş günləri, çətinlikləri ilə yanaşı, həm də beləcə keçmişdi...

Ana hər dəfə övladlarına belə demişdi: atanızın işi ağırdı, onu başa düşməlisiniz... Sitarə xanım Əhməd bəyin hər hərəkətinə haqq qazandırmış, ərinin nadirliyini, dahiliyini, böyüklüyünü dərk etmişdi.

Əhməd bəy sürgündə olanda Sitarə xanım ev əşyalarını satıb yeməyə və övladlarının təhsilinə xərcləyir, ömür yoldaşına isə "biz yaxşıyıq, hər şeyimiz var, korluq çəkmirik" yazırdı.

Sitarə xanım, Türkiyənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan övladlar böyüdür... 1933-cü ildə, 52 yaşında vəfat edir.

Sitarə xanım Vəzirova bir vəfa, dözüm, ömür yoldaşı simvoludur. O, mətin, səbrli və dəyanətli bir qadın idi, bəlkə də Əhməd bəyin yeganə səadəti idi...
Mehriban Vəzir

Xudaferin.eu

16:54