Fərrux bəy Vəzirov - Azərbaycanın ilk Avropa təhsilli dağ mühəndisi

Mədəni insan vətəninin, millətinin, eləcə də yaşadığı şəhərin, kəndin tarixini az-çox bilməli, xeyirxahlarını tanımalıdır. Vətəndaşa bu bilgini vermək dövlətin vacib görəvlərindən biridir. 
Ötən günlərdə yolum Hindarxdan keçirdi. 2-3 yerli sakindən Fərrux bəy Vəzirovu tanıyırsızmı? - deyə soruşdum. Tanımadılar. Hardan tanıyacaqlar? Tanıdan olubmu?
Qarabağ zadəganı, Hindarx mülkədarı Fərrux bəy Vəzirov Azərbaycanın ilk Avropa təhsilli dağ mühəndisidir. 
O, xalqın maariflənməsinin və sağlamlığının qеydinə qalaraq Hindarx kəndində məktəb və xəstəxana tikdirmiş, böyük şəhərlərdən müəllimlər və həkimlər dəvət еtmişdi. Onun məktəbində oxuyan uşaqlar pulsuz dərsliklərlə və gеyimlə təmin olunurdular.
Fərrux bəy Hindarx mülkündə Avropa tipli binalar, dəyirman inşa etdirmiş,  yеni aqrotеxniki qaydada pambıq əkdirmiş, ilk  pambıqtəmizləmə zavodu tikdirmişdi. Qarabağ köhlənlərini bəsləyən böyük atçılıq zavodu vardı.
Fərrux bəy Hİndarxda poçt xidmət yaratmışdı, dəmir yolunu Hindarxa kimi gətirməık üçün dövlətdən izin almış və işə başlamışdı.
1913-də Azərbaycandakı 6 traktordan biri onundu və Hindarxdakı plantasiyasında işlədirdi.
Dəfələrlə Bakı Dumasına deputat seçilib. Duma üzvü kimi Bakıda politexnik texnikum açılmasına çalışıb və bu işdə H.Z.Tağıyevin fəaliyyətini hərtərəfli dəstəkləyib. 
1900-də Parisdə zərgərlik işlərinin Ümumdünya sərgisi keçirilərkən şəxsi kolleksiyasından Şeyx Şamilin olduqca qiymətli qılıncını sərgiyə qoyub. Azərbaycan və Gürcüstanda türk-müsəlman məktəblərinin açılmasına və başqa xeyriyyə işlərinə minlərcə manat vəsait xərcləyib. 
1905-də Əlimərdan bəy Topçubaşovun tərtib edərək çar hökumətinə müsəlmanların hüquqlarıyla bağlı göndərdiyi petisiyanı imzalayanlardan biri də Fərrux bəy Vəzirov idi.
1906-cı ildən Rusiyaya köçüb, birinci dünya müharibəsindən sonra yenə Qafqaza dönüb. Cümhuriyyətin bir çox rəhbərləriylə yaxın dostluq əlaqələri vardı. 
Fərrux bəy  Sankt-Peterburqa yaşadığı illərdə türk-müsəlmanların ictimai, siyasi və iqtisadi problemləri ilə məşğul olur, impеriyanın mərkəzində bütün müsəlmanların haqqını müdafiə edirdi. Qafqaz və Orta Asiyada torpaq, dini, milli, iqtisadi və digər məsələlərdə kimin işi çətinə düşürsə Fərrux bəyə üz tuturdu.
Bir sıra mənbələr onun 1920-ci ildə bolşevik-daşnaklar tərəfindən öldürüldüyünü yazır.
Bu insan daha nə etməliydi ki bu gün heç olmasa Hindarxlı  onu, öz xeyirxahını tanısın? Hindarxda bir büstü, xatirəsi, muzeyi olsun? Axı dövlət də, millət də şəxsiyyətləri və həmin şəxsiyyətlərə verilən dəyəri ilə var olur.

Mehriban Vəzir

xudaferin.eu

23:59