POEZİYAYA YANAN QULDURLAR

Elə bilirdim duyğulu adamlar qəddar ola bilməz. Şeri, sənəti, musiqini sevən, şerə, sənətə, musiqiyə gözlərindən yaş tökən adamin qəlbi sərt ola bilməz. Incə sənətlə məşğul olan – söz yaradan, nəğmə deyən, musiqi bəstələyən, rəsm çəkən adamın ürəyi isə körpə kimi ürkək olar, çiçək kimi kövrək olar, qəlbi gül kimi ətirli, nəğmə kimi sətirli olar, fikri göy kimi ənkin, dərya kimi zəngin olar, şair demiş, daha nə bilim, nə biçim olar... sanırdım.

Mən niyə belə düşünmüşəm? Axı zaman-zaman bunların həm də əksini görərək niyə bu fikirdə olmuşam? Çox vaxt bu ürək-çiçək məsələsinin tərs tərəfini, əngin-zəngin işinin dayaz dibini görə-görə  yanlış olaraq elə bilmişəm ki, duyğulu insanlar qəddar ola bilmir. Düzünü deyim ki, deyəsən hələ də bir az belə düşünürəm, yəni duyğulu insanlar qəddar olamaz. Və görünür islah zamanım  keçdi artıq, bundan sonra dəyişib düzələn, gerçəkliyi görən deyiləm. 
 
Əvvəla ərz edim ki,  yenə şair demiş, hələ ilk gənclik dövründən el arasinda “Telestudiya” deyilən Dovlət Tele-Radio Komitəsində işləmişəm.  Yetər artıq nənələrimdən,  babalarımdan, kəndlərimizdən, şəcərəmizdən, ünlü nəslimin böyük tarixindən, soyumun yetirdiyi məşhurlardan yazdım, yetər, daha özümdən yazacam. Hazim Hİkmət demiş, şarkı dinləməkdın bıkdım, kəndim şarkı söyləyəcəm. (Oxucu görməsə də, oxucu gülməsə də mən gülürəm bu yerdə...)

Demək, telestudiyada, özü də musiqi redaksiyasinda, ən mürəkkəb bir idarənin ən mürəkkəb bir çevrəsində və uzun illərin çalışmaları... 
Bu, yeganə redaksiya idi ki, orda yazi yazmağa ehtiyac yox idi. Uzağı bir cümlə tələb olunurdu: hörmətli tamaşaçılar, konsertimizə başlayırıq. Oxuyur filankəsov filankəs. Və yaxud tarda çalır xalq artisti filankəsov filankəs.  Elə buna  görə də  sovet respublikamızın tanınmış, yaxud vəzifəli məmurlarının bütün istedadsız, savadsız, amma gözəl, şux, zövqlü, ətirli, çətirli, telli, toqqalı  arvadları, ovladları, bacıları  bu redaksiyaya doldurulmuşdu. Musiqi redaksiyası sözünün yerə salınması qətiyyən mümkün olmayan şəxslərin, şıltaq zümrənin incə məkanı idi. Bu redaksiya əsasən,  Bakı əhlinin işlədiyi telestudiyanın Parisi idi. Üçminlik Komitənin və bütün musiqi aləminin gözü, sözü, söhbəti burada idi.
Bu incə məkanın qonağı-qarası kimlər idi... Şövkət xanim, Sara xanım, Rübabə xanım... daha kimlər gələr, kimlər gedərdi...  Onlar şahanə qadınlar idi. Adətən çəkilişlərə sərxoş gələn Rübabə xanım isə hər halı ilə möhtəşəm idi. Bu bənzərsiz sənətkarımız  özünü ayaqüstə saxlaya biləndə rejissorlar papaqlarını göyə atar, tələm-tələsik çəkilişə başlayırdılar. Bəzən də rejisor, rejissor köməkçisi, redaktor studiyadan redaksiyaya dilxor qayıdardılar ki, Rübabə xanım yenə lül-atəş gəlmişdi, çəkilişlik deyildi. 
Amma çox ayıqbaşlılar da vardı ki, Rübabə xanımın həm sənətkar, həm şəxsiyyət olaraq çölə atılan  dırnağını onların vücuduna dəyişməzdin. Həqiqətən, Rübabə xanım hər halı ilə gözəl idi.
Niyazi  az-az gəlirdi, gələndə hamı onun duzlu söhbətlərinə yığışırdı. Lakin əvəzsiz maestro  ağzıyava olduğundan hər dəfə məni iş dalıyca gondərirdilər, heyif, onu dinləyə bilmirdim. Məni böyük qızına bənzədən və xətrimi çox istəyən baş  redaktorumuz Elbrus Qasımov:- onsuz da maestro gül ağzını açan kimi durub otaqdan qaçacaqsan, ondansa vaxtında get- deyirdi. Maestronu dinləmək  çətin iş imiş, söyüşü tum kimi çırtdayırmış. O danışdıqca gözəllərin işvəli qəhqəhəsi telestudiyanın 3-cü qatını ağuşuna alırdı. Bu şövqlü gülüşləri dinləmək üçün dəhlizdə sıralananlar da olurdu...
Rəşid Behbudovun əfsanəvi xəsisliyi, Qara Qarayevin qəribələrikləri  buraların gündəlik söhbətləri idi. Vaqif  Mustafazadənin qışqırıqları isə günaşırı mərtəbəni başına götürərdi: ala, sədrüvüz diyir ki, bığlaruvu  qırx, bu bığnan efire olmaz, nöşün ala, bığlarıma noolub, ala... xoşuva gəlmiir??? Özün bilərsən, ala... arvadımın xoşuna gəlir...
Böyründə müntəzir duran Elza isə Vaqifin bığlarına diqqətlə baxıb tələsik deyirdi; a çto... mne nravitsa...
Vaqif də ağızdan pərto idi... yazılması mümkün olmayan rəngarəng ifadələrlə danışırdı... mən utandığımdan ölürdüm... 

İnsanların küçədə görərkən baş endirdiyi, heyran olduğu çox məşhurlar var idi ki, onlar saatlarla otağımızın qapısında durub proqrama öz konsertlərini saldırmaq üçün növbə gözləyirdilər. Bu konsertləri üç dəqiqə artırmaq üçün uzun-uzun çənə döyür, ilan dili çıxarırdılar. Ona görə də bu redaksiyada işləmək adama istər-istəməz bir üstünlük kompleksi aşılayırdı. Bu mühitdə  həm də manıs tayfasına üz verməmək, onlara ikinci sort adam kimi baxmaq  sindromu yaşanırdı və bütün bu günlük davranış normaları  istər-istəməz insanın xarakterini və davranışlarını təyin edirdi. 
Bu aşağılamanı onlar, əsasən, öz davranışları ilə haqq etmişdilər. 
Musiqiçilər qəribə insanlar idi. Onlar  bol-bol dalca danışar, fasiləsiz qiybət qırır, bütün hədləri aşar, hətta bir-birlərinin övladlarının taleyi ilə oynayardılar. Lakin üz-üzə gələndə elə qucaqlaşıb  sarmaşar, bir-birinə elə təriflər, təltiflər deyərdilər ki, adamın tükü ürpərərdi. Diqqətimi çəkən bir də o idi ki, bu aləmin kişiləri  hər görüşəndə bərk-bərk öpüşərdilər. O vaxtlar telestudiyadan başqa heç yerdə, nə qohumda, nə qonşuda, nə küçədə  arvad kimi  marçamurç öpüşən kişilərə rast gəlinməzdi.

İllər sonra ədəbi-dram verilişləri redaksiyasında işlədim. Buranın kontingenti yazıçılar, şairlər, dramaturqlar, publisistlər, bəstəkarlar idi. Buradakılar manıslar qədər öpüşmürdülər, amma elə onlar qədər bir-birinnin üzünə gülüb dalıyca top atırdılar. Həm də bir az daha savadlı, bir az daha istedadlı olduqlarından bir-birlərinə qarşı bir az daha təhlükəli idilər. Əgər musiqiçilər bir-birlərinə məişət zəminində badalaq gəlirdilərsə, yazıçılar daha yuxarı ranqlarda bir-birlərinin kitabını bağlada bilirdilər. Onların arasında yaxşı insanlar da az deyildi, lakin onlar ictimai savaşlarda uduzmuş mağmunlar idi... hörmətlərindən başqa heç nələri yox idi, heç yerdə sözləri keçmirdi, sıranın quyruğunda sürünürdülər. 
Ədəbi-dramın işçilər isə musiqi redaksiyasındakı kimi şıltaq və sərbəst zümrənin nümayəndələri deyildi. Adətən, kənd-kəsəkdən boş ciblə, köhnə paltarla  Bakıya oxumağa gəlmiş, dişi-dırnağı ilə həyatını qazanmış, qələmi hesabına varlığını təsdiq etmiş insanlar idi. Onların da içində mühitin iblisləşdirdiyi, bütün qapılardan, bacalardan, hətta borulardan keçən insanlar vardı.

O zaman telestudiyanın qapısından içəridə olan həyat tamam başqa aləm idi. Burada bütün ölçülər bir az boş, bir az kefkom, bir az ədabaz idi. Zarafatlar kəskin, yumorlar qara, istehzalar ölçüsüz idi. Telestudiyada işləyən adam üçün oxuyan, çalan, yazan, bəstələyən məxluq bir istehza, bir dolama obyekti idi. Hamının həsrətlə görmək, avtoqraf almaq, dindirmək istədiyi məşhurlar televizionçunun lağlağı yeri idi. 
Ən məşhur şairlər, yazıçılar, xalqın pərəstiş etdiyi insanlar bəzən elə naqis işlər tuturdular, elə xırdaçılıqlar edirdilər ki, elə riyalar, yalanlar deyirdilər ki, adamın xalqa yazığı gəlir, onlara olan xalq məhəbbətinə heyifi gəlirdi. 

İndi müşahidə edirəm, bu zamanın da əcaib müsbətləri var, amma  bəlkə bu heç müsbət deyil, bəlkə pərdələr elə bağlı qalsa idi daha yaxşı olardı, bilmirəm. O  zamanın ən mötəbər ziyalıları olanlar, xalqın güvənc yeri sayılanlar, ətəyində namaz qılınanlar sonralar xalq içində elə bihörmət, elə alt-üst oldular ki, bu qədəri heç ağla gəlməzdi. Yəni üç min telestudiya işçisi bir ömür sərf edib mahiyyətini  aça bilməyəcəyi şəxsləri zaman bir anın içində rüsvay etdi. 
Bir tarixi an nəhəng bir ictimai hörməti yerlə yeksan edib havaya sovurdu. Zaman həm də amansızdı.

Bəli. Uzun illərim bu nəğməli könüllərin,  poeziyaya yanan  ürəklərin çevrəsində keçdi. Və sonunda betərdən betər mərhələyə gəldik. Artıq üç min nəfər ilə deyil, bütün vətən ilə, bütün millət ilə...
Bu gün artıq bu dövləti nəğməli könüllər, poeziyaya yanan ürəklər idarə edir. Nəğməkar nazirlər, şair sədrlər, sevdalı deputatlar, bütün ədəbi janrlarda ustad maqnatlar və daha kimlər...  
Bir dəfəyə, bir süfrəyə 27 cür soyuq, 77 cür isti yeməkli menyüləri ilə dövlət nazirinin sıralı şadlıq evləri. Yəqin bu qədər yeməyi özləri sifariş edir. Axı onlar doymurlar. Bunlardan ən çirkin biri var, deyirlər o saz çalanda gözlərdən yaş damırmış, zar-zar ağladar, ağlayarmış. Daha bir murdarı var, saatlarla Füzulidən qəzəl deyib gözlərinin yaşını tökə bilər, hələ dinləyəni də yanan ruhu ilə, titrəyən tövrü  ilə ah-zara salar. Biri var, İlahim, gözlər olsun, görməsin, insanlığın üz qarası, yırtıcı, yedimdoymaz, onu tez-tez operada simfonik musiqi dinləyən görürdüm. Gah Çaykovskini, gah Baxı, gah Qara Qarayevi dinləyir, Vaqnerə isə coşur, ayaqüstə alqışlayırdı. Deyirdilər, klassik musiqi heyranıdı, bəzən saatlarla gözlərini yumub dalar, dalıb, dalıb axardı... 

İndi nəğməkar komandadan atılmışların içində biri də var deyirlər, çahargah çalınanda onun yanında kimsə nəfəs çəkməyə cəsarət eləməzmiş. Bütün qəlbi, bütün varlığı ilə muğama qovuşurmuş, ruhu uçurmuş.
Neron əhvalatı yadıma düşdü. Bəşərin ən zalım, ən qəddar, ən amansız, ən mənəviyyatsız varlığı, anasını belə işkəncə ilə qətl etdirməkdən çəkinməyən bu hökmdar saatlara tənhalığa çəkilib arfa çalar və ağlayarmış, leysan kimi göz yaşı tökərmiş. Qəlbi çox kövrək imiş. Aman! Aman! Görəsən nə qədər ağlağan fironlar, nəğməkar zalımlar gəlib getmiş bu dünyadan.
Bəs bu qədər klassik, bu qədər çağdaş nümunələr olduğu halda, bu qədər deyilib, bu qədər  yazıldıqdan sonra niyə mən düşünürəm ki, duyğulu adamlar qəddar ola bilməz, zalımın  qəlbi  eşqlə dolmaz. Saz çalmaq, nəğmə yazmaq, Qara Qarayevi dinləmək artıq yaxşı olmaq, təmiz olmaq deməkdir.  Niyə belə düşünmüşəm və hələ də belə düşünür kimiyəm. Niyə? Bu görə-görə gəlməklər az idimi?
Əlbəttə, hər bir insan özü özünün əvəzsiz vəkilidir, bu üzdən mən də bəzi düşüncələrimdə özümə bəraət verə bilirəm. Axı dünya təkcə idtedadlı yaramazlardan ibarət deyil, həm də heyranı olduqlarım Üzeyir Bəy var, Hüseyn Cavid var, Yusif  Vəzir var. Daha nə qədər sevgili dostlar, həmdərdlər, eşqinə bir ömür verməli kəslər  var...
Bu dahilər dünyaya pis gözlə baxmaq imkanlarımızı əlimizdən alır. Bizi qaranlıqlardan aydınlıqlara çıxarır. Ruhumuz onların ətəyində yapışıb dikəlir. Hər kəslə, hər bir kəslə, qanımızı axıdanlarla belə, bu vəfasız dünya ilə... barışmaq həvəsi yaradır. Düzdür, bu gün o yaxşılar, bizə həyatı sevdirənlər cismən yoxdur, ünümüz ünlərinə yetsə də, əlimiz əllərinə çatmır,  amma onlar kimilər yox deyil axı. Var. Sadəcə yaxşıların faizi yetərincə deyil.  Azdı. Tərəzinin tarazı pozulub gözü əyilib... 

Sənət aləmi həm də mənəvi aşınma aləmidir. Adətən, cəmiyyətin məqbul saymadığını onlar qəbul  sayırlar. Bütün pozğunluqlar da ilk öncə o dairədən başlayır və topluma yayılır. Bu, cəmiyyətin həm inkişaf nöqtəsi, həm  də parazitar  mənbədir. Sağlam toplumlar bu mənbələri qapalı saxlayır ki, yoluxmalar kütləviləşməsin. Mənbə nəzarətdən çıxanda isə poeziyaya yanan quldurlar idarəetmədə olur. Qara zaman dövrü başlayır.

Son 25 illik tariximizdə nə qədər siyasi-mənəvi ağırlıq daşıyan günlərimiz var. Yəni mitinqlərin vəhşicəsinə dağıdılması, ədalətsiz idarəetməyə etiraz edənlərin qəddarcasına əzilməsi günləri. Şəkillərə uzun-uzadı baxıram. Döyənlərin gözlərindən intiqam fışqırır. Bu qəzəbin mənbəyini axtarıram. Təsəllimi; bütün xalqlar belə dönəmləri yaşayıb və yaşamalıdır, bu vətəndaş mübarizəsi mərhələləridir-  fikirlərində tapıram. Biz, cəmiyyət olaraq ictimai şüurun yeni mərhələsinə -  döyənləri bağrımıza basmaq, onları müdafiə etmək, insanlıq haqlarını qorumaq mərhələsinə qədəm qoyuruq. Onları öz qurduqları tuzaqdan xilas etmək bizə düşəcək. Onları onların əzdikləri qurtaracaq. İncə məqamdı. Kini ilə deyil, ağlı ilə idarə olunan toplum qazanacaq.
Amma sözüm onda deyil. 
Bu nümayişlərin birində  çox sevdiyim bir hərakatçı qadını  mitinq dağıdan qeyri leqal dəstələrin üzvlərindən biri amansızcasına tapdalayıb əzdi. Qadın yatağa düşdü və bir daha qalxmadı. Bu dünyadan köçüb getdi.  O qadın kəpəmək kimi incə idi, gözəl idi, dinc və şad yaşamaq üçün hər şeyi vardı. Görünürdü ki, heç sarıdan  korluğu yoxdu. Ehtiyacında olduğu şey ədalət idi. Onu istəyirdi. Və onun uğrunda mübarizə aparırdı. O incə qadını ədalət istədiyi üçün ayaq altına salıb tapdaladılar. Və həmin gecə nəğmə yazdılar. Eşq haqqında, ayrılığın iztirabları, hicranın acıları haqqında. O gecə o hicran nəğməsinin hər sətri ilə bərabər bir damcı isti göz yaşı tökdülər, eşqin ənkinliklərində, poeziyanın dərinliklərində qayb oldular. Sözün dəryasına daldılar, poeziyaya yandılar. 
Bu sevdalı insanların çəkmələri altında əzilən ədalət istəkli kəpənək qadın isə hər işini  yarımçıq qoyub asta-asta dünyamızı tərk edirdi. İsti dodaqları soyuyur, ala gözləri yumulurdu.
Heyy, poeziyaya yanan quldurlar, sizlərə mövzu verirəm, bu müdhiş məqama bir nəğmə deyin, öldürdüyünüz o çiçək  qadına eleqiya həsr edin. Qoy toplum sizin qəlbinizin gerçək həyəcanı ilə riqqətə gəlsin, nəbzlər sizin duyğularınızla həmahəng vursun, dodaqlar sizin şirin nəğmələrinizlə birgə oxusun. 

Heyy, poeziyaya yanan quldurlar, gündüzlərinizi acımasız yumruqlarınızla, amansız təpiklərinizlə əzməkdə, geçələrinizi xəfif duyğularınızı notlara düzməkdə olun. Etdiyinizi edin. Sizi sizin tələnizdən həvəslə əzdiyiniz  bu millət xilas edəcək. Sizin son imdad yeriniz  bu azadlıq əhli olacaq. 
Bəlkə də o kəpənək qadının ədalət həsrətli ruhu bu anda başını qara barmaqlı nəfəsliklərə dayayır, məhbəslərə baxır, qəlbi daralır. Heç yerdə görmədiyiniz Peyğəmbər-Qadın simasında yuxularınıza gəlib azad yaşamağın  qutundan- mutundan dastan danışır. 
Və ya bir gün mütləq olaraq dəmir barmaqlıqlara aparacaq kreslonuzdan yapışıb sirkələyir, indi dərk etməyəcəyiniz işarəli, nişanəli sirlər söyləyir. Sözləri  gözlərinin selinə dönür. Ağlayır. Allah ağlayanları sevmir. Amma yalnız azadlıq üçün ağlayan qadının göz yaşları Tanrı qarşısında halal sayılır... Azadlıq istəkli qadından dəyərli dünyada nə ola bilər.
 Əlbəttə, ürəyinizi buz kimi saxlayın və səbrlə gözləyin sizi sizin əzdikləriniz xilas edəcək. 

...Təbli könüllər həm də  təhlükə mənbəyi ola bilir. Təbli könüllərin təhlükəli olanları həm də ictimai təhlükəyə çevrilə bilir. Təbli təhlükəli könüllər idarəetməyə yol açanda cəmiyyətin asayişi pozulur. Polis oğru olur. Hakim rüşvətxor. Dövlətbaşı yalançı. Həkim başkəsən. Müəllim dilənçi. Jurnalist əl buyruqçusu. Müxalifət lideri artist. Hüquq müdafiəçisi “finansist” (qafiyələrə bax, şair olacaqmış, nasir olmuş). Mənəviyyat çökür. Bütöv bir ölkə musiqili ədəbi-dram redaksiyasına dönür. O məkana ki, orda hamı çalır, hamı oxuyur, hamı oynayır, hamı yazır, hamı bəstələyir, hamı rola girir, hamı maç-maç öpüşür, hamı bir-birinin evini yıxır, hamı bir-birinin kitabını bağlayır, hamı bir-birinə atır. Göydən yalan yağır, yerdən yalan göyərir.
Amma təmiz çevrələr də itmir, sadəcə onların nəfəsi qısılır. Məsələn, bir redaksiyanın bir ölkəyə nisbəti qədər. Əvvəllər mən günün bir neçə saatını bir redaksiya həcmində olan o çevrədə keçirirdim. Və günün sonunda gerçəkliyə dönürdüm. İndi də günün bir neçə saatını bir redaksiya qədər qalmış çevrədə keçirirəm və... gerçəkliyə dönürəm. Deyəsən mənim halım başqalarından yaxşıdı. Üz tutmağa yerim var, iki güvəndiyim, üç sevdiyim dostum var. Bir də inanıram ki, bu çevrə ağına, bozuna baxmadan, dost, düşmən demədən hər kəsi xilas edəcək. Azadlığın dadını bilməyənlərə dəmir barmaqlıqlar arxasında azadlıq  dərsi keçəcək. Hər kəsə. Hətta poeziyaya yanan quldurlara belə.
Təbiətdə kiçik dairələrin böyüməsi, böyük dairələrin itməsi qanunu var.
Cəmiyyətdə də belədir. Növbənizi gözləyin. 

Xudaferin.eu

12:11