LƏNƏTLİK BOLŞEVİZM

Bolşevizm sözünün bir anılamı da nankorluqdur, qədirbilməzlikdir, tarixi keçmişə, milli kimliyə, mədəni irsə düşmənçilikdir.
Əfsus ki, o şüur hələ də davam edir... dünən İsmailiyyə binasının önündən keçirdim. Ayaq saxlayıb bu əzəmətli sarayın lövhələrini oxudum. Umduğumu yenə görmədim...

Hə kəsə bəllidir, bu gözəlliyi Bakı şəhərinə milyonçu Ağa Musa Nağıyev bağışlayıb. Hansı səbəblə tikdirib və adına niyə İsmailiyyə deyib, bunu da bilirik. Bu ata niskilinin gerçəyə qarışmış əfsanəsi dillər əzbəridir.

İsmailiyyənin qəmli bir hekayəsi var, lakin bu mülk 110 ildən çoxdur Azərbaycan dövlətinin və xalqının xidmətindədir. Xeyriyyə məqsədi ilə tikilib və məqsədinə çatıb. Cümhuriyyət dövründə parlament olub. Sonrakı dövrdə və hələ də Bakının gözdəsi olan İsmailiyyə - bu möhtəşəm saray, bu bənzərsiz memarlıq incisi AMEA Rəyasət Heyətinin xidmətindədir.

Yəni Ağa Musa Nağıyev və nakam oğlunun adını daşıyan İsmailiyyə hələ də Azərbaycana xidmət edir. Hələ də fəxri qulluqdadır.
Lakin bu xidmət bir lövhəyə belə dəymir...
Niyə?
Çünkü bolşevizm davam edir...

Görünür, binalar da mənsub olduqları xalqın taleyini yaşayır. Düşmənə fürsət düşərsə ən görkəmlilərdən, ən gözdələrdən intiqam alar.

1918-ci il mart qırğınında neoişğalçı rus bolşevikləri və onların erməni tətikçiləri Bakıda 15 min adamı doğradıqları kimi abidələri də məhv etdilər. Eləcə də İsmailiyyəni yandırdılar, zinətlərini qarət etdilər, arxivini məhv etdilər...
İsmailiyyə Bakı camaatı ilə birgə qətliam edildi.

Əlbəttə, qədirbilməzlik sadəcə İsmailiyyənin taleyi deyil... Bakıda, Abşeronda, Gəncədə, xüsusilə Şəkidə nə qədər belə adsız, tarixi unutdurulmuş, lakin istismarı bir an belə ara verməmiş memarlıq inciləri, yaşı yüzü keçmiş möhtəşəm binalar, hətta keçmişi orta çağlara dayanan qalalar, gözətçi qüllələri var ki sakinlər gündə yüz yol önündən keçsələr də... haqqında heç nə bilmirlər, yeni nəsillərə öz milli keçmişlərindən hekayələr anlada bilmirlər.

Bolşevizmin ən mühüm hədəfi: keçmişi unutdurmaq, bilənləri bitirmək, millətlərə özlərini tanıtmamaq... manqurtlaşdırmaqdır...

O yaramaz rejimin, o çirkin şüurun qalıqlarının hələ də davam etməsi, Kremlin hələ də qoluzorluluq etməsi, dünyaya gətirdiyi rəzalətin hələ də keşiyində durması sonsuz üzüntü doğurur...

Çoxmu çətindir... İsmailiyyə mülkünün sahibi olan Ağa Musa Nağıyevin ismini və bu əzəmətin gerçək adını, acı hekayəsini bir lövhə üzərində iki kəlmə ilə həkk edib divara vurmaq, çoxmu çətindir?

Çətin deyil. Artıq Moskvada, Peterburqda belə əski mülk sahiblərindən bir çoxunun adı bərpa edilib.
Öz tarixlərinin bəzi məqamlarını bolşevizmdən azad etməyə çalışan Rusiya keçmiş provinsiyalarında hələ də milli tarixə nəzarət edirmi?

Erməni jurnalistə rus sözçü Zaxarovanın cavabı göstərdi ki, bəli, Azərbaycan tarixi də, dövlətimizin dili də, təhsilimiz də hələ də Kremlin nəzarəti altındadır.

Biz, Rusiyaya qarşı bayraq qaldırmaq fikrindən uzağıq. Qarşındakı güclə hesablaşacaqsan. Məcbursan. Lakin qarşındakı güc sənin milli tarixinlə, keçmişin və kimliyinlə oynayırsa - yəni milli heysiyyatına sataşırsa... sən də öz milli maraqlarını qoruyacaqsan. Buna da məcbursan. Kiçik dövlət olmaq güc qarşısında mütləq susqunluğa əsas verə bilməz.

Əlbəttə, Rusiya idarəetməsində şovinist şüurlu adamlar az olsaydı düşünərdilər ki, biz nə qədər ki Məhəmməd Əmin Rəsulzadə ilə savaşımızı bitirməmişik, Azərbaycan xalqının ürəyində öz öndərinə ucalan məhəbbət heykəli gün-gün böyüyəcək. Və böyüməkdədir. Rəsulzadə aşiqi üç-beş adam deyil, bir xalqdır. Və bu xalq qədirbiləndir. Dəyərverəndir.
Öndərinə verdiyi dəyər bu xalqın vicdan ölçüsüdür.

Təəssüflər olsun ki, Rusiyanı idarə edən şövinist şüur Azərbacan tarixi və Azərbaycan türk kimliyi ilə savaşı dayandıracaq zəkada deyil.

Bu yerdə bizim boynumuza düşən nədir?

İsmailiyyə binasının və onunla yanaşı duran Tağıyevin qız məktəbinin, Tağıyevin evinin, Bakı soveti binasının, Səadət sarayı" adı verilmiş, lakin səadət görməyən Murtuza Mutarovun binasının, Murtuza Muxtarovun qanlı hekayəsinin, İçəri Şəhərin, sökülmüş qala divarlarının, Şirvanşah sarayına atılmış güllələrin hekayələrini övladlarınıza, dostlarınıza, qonaqlarınıza danışın.
Danışmaq üçün oxumaq lazımdır. Oxuyun və danışın.

Biz, xalq olaraq Rəsulzadə heykəlini qəlbimizdə ucaltdığımız kimi, tariximizin qiymətli səhifələrini də, milli xidmətdə duran insanını, binasını, daşını, torpağını belə ürəyimizə köçürməliyik.

İnsan qəlbi qədər etibarlı əmanət yeri yoxdur.
Qəlb o əmanəti saxlayacaq və sahibinə ötürəcək.

Qəlbinizin o saxlancında İsmailiyyə sarayına da yer ayırın...

Mehriban Vəzir

Xudaferin.eu

08:11