Vətən üçün taleyini vermiş ünlü aydın

Əliş Abbas oğlu Əliyevin bütün mənalı həyatı belə keçdi

Azərbaycanın prokurorluq orqanlarında vicdanlı, millətinə və dövlətinə sadiq olan insanlar az olmamışdır. Məhz bu sahədə çalışan ləyaqətli və milli dəyərlərinə sadiq olan insanların taleyi hər zaman cəmiyyət üçün örnək hesab edilmişdir. Hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmək, vicdanla çalışmaq nə qədər çətin olsa da, hər zaman bu yolda taleyini bağlamış yüksək intellektual insanlar cəmiyyətin kübarcasına inkişafı üçün hər kəsə örnək olmağı da bacarmışlar. Çünki hüquqşünas olmaq, prokuror və polis statusu ilə vicdan və ləyaqətlə bu sahədə xidmət etmək insandan daha böyük üstünlüklər tələb edir. Görkəmli hüquqşünas kimi tanınan Əliş Abbas oğlu Əliyev məhz belə bir taleyi yaşayıb. Onun keçdiyi ömür yolu elə bu gün də çoxları uçun böyük bir örnək və həm də məktəb sayılır.

Gəncədən böyük məkana doğru

Azərbaycanın tarixində bir sıra şəhərlər var ki, onlar sadəcə adi bir yaşayış məkanı deyil, həm də xalqımızın kübarcasına və əfəndicəsinə formalaşmasının dəyərli məktəbi sayılır. Bu mənada Tiflis, Qazax, Gəncə, Şuşa, Bərdə, Beyləqan, İrəvan, Şəki, Quba, Salyan, Şamaxı, Lənkəran, Dərbənd, Təbriz, Urmu, Ərdəbil, Zəngan, Qəzvin, Sərab, Həmədan, Xoy, Meşkin, Sayınqala, Soyuqbulaq, Mərənd çox önəmli rol oynamışlar. Bu siyahıda Gəncə özünün dəyərləri ilə hər zaman diqqət çəkmişdir. Bir millət o zaman daha başarılı uğurlar əldə edir ki, böyük urbanizasiya məktəbi keçmiş dəyərlərə üz tutmağı bacarır. Beləliklə də mədəni inkişaf insan psixologiyasının və həyatının ən böyük və ayrılmaz parçasına çevrilir. Gəncə Azərbaycan Türklərinin sadəcə mədəni başkəndi olmamışdır. Gəncə Azərbaycan, Qafqaz və Orta Doğunun mədəniyyət beşiyi kimi dəyərli şəhər statusunu qazanmağı bacaran bir məkandır. Bunun sirri isə, Qoşqar və Kəpəzdən əsən yelin, havanın və bu iki möhtəşəm dağların suyundadır. Bütün bunlar Gəncəmizin yer aldığı məkanda böyük bir düyünə çevrilməsi sayəsində baş verir. Onun ruhu ilə böyüyən insanlar özləri də bilmədən həyatı boyu onun ruhunu daşıyırlar. Əliş Abbasoğlu məhz belə bir mühitin yetirməsidir.

Əliş müəllim 25 mart 1927-ci il mart ayının 25-də, bir yaz günündə Gəncədə dünyaya gəldi. Elə bu şəhərdə 3 saylı orta məktəbə daxil oldu və sonradan 5 saylı orta məktəbdə təhsilini davam etdirməklə yanaşı, buranı qızıl medalla bitirdi. Dönəm çox ağır illərə təsadüf edirdi. Çünki II Dünya Savaşı yenicə bitmişdi. Bir yandan savaşın çox ağır nəticələri, o biri yandan da qıtlıq var idi. Bu qədər ağırlıqlara dözmək və sinə gərmək çox çətin idi. Gənc Əliş Abbasoğlu bütün bunlara sinə gərərək o dönəmdə, yəni 1946-cı ildə Leninqradda (Sankt Peterburq) M. Kalinin adına Hüquq İnstitutuna daxil oldu. 1950-ci ildə institutu bitirən kimi onu təyinatla Dağıstan prokurorluq orqanlarında işləməyə göndərdilər. Bu dönəmdə keçmiş Sovetlər Birliyi boyunca ali təhsil almış kadrların qıtlığı yaşanılırdı. Əliş Abbasoğlu ilk öncə Tabasaran və sonra Dərbənd şəhərlərində müstəntiq və baş müstəntiq vəzifələrində çalışdı. Daha sonra isə onun istedadını və peşəkarlığını nəzərə alaraq, Tabasran və Xasavyurt şəhərlərində prokuror vəzifəsinə irəli çəkdilər. Düz 13 il Dağıstanda vicdanla çalışdı. Əliş Abbasoğlu işinə peşəkarlıqla yanaşırdı, həm də öz üzərində çalışmaqla bütün bunlara nail ola bilirdi. Daim mütaliə etməsi onun həyat məramının bir hissəsi idi. Axı, sadəcə işə gedib-gəlməklə əsil peşəkar hüquq-mühafizə orqanının əməkdaşı olmaq qeyri mümkündür. İllərlə yığılıb qalan köhnə cinayət işlərinin üstünü açmaq, başqa bir yandan isə, regionda baş verən hadisələrin vaxtında qarşısını almaq ən çətin vəzifələrdən biri sayılırdı. Ona görə ki, köhnə adət-ənənələrlə qeyri-rəsmi şəkildə idarə olunan Dağıstan istənilən hüquqşünas üçün həm də böyük bir bataqlığı xatırladırdı. Bütün bunların öhdəsindən gəlmək, işinə məsuliyyətlə və vicdanla yanaşmaq, səbrlə, addım-addım qanunları öz yerində qoymaq, insanları mənəvi baxımdan cilalamaqla qanunun aliliyinə inandırmaq bir yandan peşəkarlıq, o biri yandan isə, bilik və bacarıq tələb edirdi. Əliş Abbasoğlu ötən 13 ildə bütün bunların öhdəsindən ləyaqətlə gələ bildi. Artıq Dağıstan hökuməti ilə yanaşı, işlədiyi Tabasaran, Dərbənd və Xasavyurt şəhərlərində müxtəlif xalqların nümayəndələrinin ona çox böyük inamı yaranmışdı. Çünki Əliş Abbasoğlu bu etimadı qazanmağı bacara bilən peşəkar prokurorluq işçisinə çevrilmişdi. Onun əldə etdiyi uğurları keçmiş Sovetlər Birliyinin Baş Prokurorluğunda, doğma Azərbaycanımızın prokurorluq orqanlarında diqqətlə izlənilirdi.  1950-1960-cı illər cinayət aləminin “çiçəkləndiyi” dönəmi yaşadığı halda, Əliş Abbasoğlu onlara qarşı ən yüksək səviyyədə barışmaz mövqeyi ilə tanınmışdı. Hətta “cinayət aləmi”nin adamları belə, Əliş Abbasoğlunun əsil peşəkar prokuror, savadlı və bacarıqlı bir hüquq mühafizə işçisi olmasını qəbul edirdilər.

Vətənə dönüş

13 il gecə-gündüz cinayətkarlığa qarşı mücadiləsinə və bir sıra uğurlarına görə Əliş Abbasoğluna Azərbaycanda daha böyük ehtiyac var idi. Buna görə də, onu 1963-cü ildə Azərbaycanın prokurorluq orqanlarında işləməyə dəvət etdilər. Çünki paytaxt Bakıda kriminogen durum öz miqyasına görə o dönəmdə keçmiş Sovetlər Birliyində ən ağır bölgələrdən biri hesab olunurdu. “Çoxmillətli cinayət aləmi” ilə mübarizə aparmaq, hər hansı bir cinayətin vaxtında üstünü açmaq çox çətin bir sahə sayılırdı. Əliş Abbasoğlu ilk öncə zona prokurorluğu istintaq idarəsinin prokuroru olaraq çalışdı. Daha sonra isə, Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin rəisi vəzifəsinə yüksəldildi. Onun əldə etdiyi uğurlara görə, Bakı şəhər prokurorunun müavini təyin etdilər. 1960-1970-ci illərdə Bakıda kriminogen durumuna görə ən ağır rayon keçmiş Oktyabr, indiki yasamal rayonu hesab olunurdu. Bu rayonda cinayət aləminin çoxsaylı qruplaşmaları demək olar ki, “meydan sulayır”dılar. Onların öhdəsindən gəlmək üçün, sadəcə bacarıqlı və istedadlı olmaq yetərli sayılmırdı. Burada daha çox iradə nümayiş etdirmək, cinayətlərin üstünü ən qısa bir zamanda açmaq tələb olunurdu. Əliş Abbasoğlu hökumətin və bütün hüquq mühafizə orqanları rəhbərlərinin etimadını doğrultdu. Çünki Yasamal rayonunda baş verən cinayət əməllərinin sayını minimuma endirmişdi. Əliş Abbasoğlunun bacarığını və təcrübəsini nəzərə alaraq, onu bu dəfə daha ağır kriminogen durumu olan Sumqayıt şəhər prokuroru vəzifəsinə təyin etdilər. Bu dəfə Əliş Abbasoğlu daha ağır və çətin sınaqlar qarşısında qaldı. Əhalisinin sayı 250 min nəfər olan böyük bir şəhər ona tapşırılmışdı. Bakıdan sonra, Qafqazda ən ağır kriminogen bölgə Sumqayıt şəhəri hesab olunurdu. Cinayətkar aləmin burada “çoxmillətli” olması hüquq mühafizə orqanlarının əməkdaşları üçün böyük çətinliklər yaradırdı. Bunun üçün bir yandan zəngin iş təcrübəsi, o biri yandan isə dərin savad tələb olunurdu. Əliş Abbasoğlunun bütün bunların öhdəsindən gəlməsi onun prokurorluq orqanlarında reytinqinin artmasına səbəb oldu. Zarafat deyil, Azərbaycanın ikinci ən böyük şəhərinin prokuroru olmaq, həm də ən ağır kriminogen bölgə sayılan Sumqayıtı ram etmək ən ağır iş sayılırdı. Əliş Abbasoğlu altı il ərzində demək olar ki, Sumqayıtdakı kriminogen durumu minimuma endirə bildi. Onun xidmətlərini nəzərə alaraq, Respublika Prokurorluğu yanında Baş Nəzarət İdarəsinin rəisi vəzifəsinə irəli çəkdilər.

Uğurlu pillələrin taleyini yaşayan peşəkar

Əliş Abbasoğlu 1981-1989-cu illərdə Bakı şəhərinin prokuroru vəzifəsində çalışdı. Bu illər ərzində paytaxt Bakıda cinayətkarlıq sadəcə oğurluq və ya adam öldürmək kimi miqyasla ölçülmürdü. Dövlət büdcəsini talayan, korrupsiya və rüşvətxorluq sayəsində törədilən və miqyası ən ağır cinayətlərə qədər yol açan qlobal xarakterli cinayətkarlıqla mübarizə aparmaq ən ağır sahələrdən biri sayılırdı. Onun dönməz və mübariz xarakteri, peşəkar prokurorluq işçisi olması o dönəmdə Sovetlər Birliyinin ən yüksək hakimiyyət dairələrində belə, xüsusi diqqət mərkəzində idi. Buna görə də, Əliş Abbasoğluna keçmiş Sovetlər Birliyi Ali Rəyasət Heyətinin əmri ilə III Dərəcəli Dövlət Ədliyyə Müşaviri rütbəsi verildi. Bu rütbənin gerçək mənası Əliş Abbasoğluna general-mayor rütbəsinin verilməsi demək idi. Bu çağa kimi, Azərbaycanda şəhər prokuroru səviyyəsində kimsə belə bir ali rütbəyə nail olmamışdı. Əliş Abbasoğlu səviyyəsində cinayət aləmi ilə mübarizə aparan, həyatını təhlükə və risqlərə atan başqa bir prokurora rast gəlinməmişdi.
Qeyd edək ki, 1985-ci ildən sonra, Azərbaycanda durum get-gedə ağırlaşmağa başladı. Belə bir dönəmdə keçmiş Sovetlər Birliyinin yeni rəhbərliyinin Azərbaycana olan ögey münasibəti, respublikanın hüquq-mühafizə orqanlarının vicdanlı əməkdaşlarına qarşı sayğısızlığı, hətta etimadsızlıq göstərməsi çox üzücü olaylardan biri sayılırdı. Bütün bunlara baxmayaraq, Əliş Abbasoğlu uzun illər əldə etdiyi təcrübəsi, dərin zəkası və biliyi sayəsində səbrlə işini davam etdirirdi. Azərbaycana qarşı xüsusilə erməni cinayət aləminin əməllərinin qarşısını alması hüquq-mühafizə orqanlarında çalışanların yanında onun reytinqinin artmasına səbəb olmuşdu. Buna görə də, respublika rəhbərliyi onu Baş Prokurorluq yanında “Vətəndaşların Şikayəti və Qəbulu İdarəsi”nin rəhbəri vəzifəsinə təyin etdilər. Hakimiyyətdə kimin olmasına baxmayaraq, daim öz işinə peşəkarcasına, sədaqətlə və vicdanla yanaşan Əliş Abbasoğlu 17 avqust 1994-cü ildə Respublika Hərbi Prokurorunun I Müavini vəzifəsinə təyin olundu. Belə bir vəzifəyə isə ölkə prezidentinin xüsusi əmri ilə təyinat verilir.
1993 və 1994-cü illərdə Azərbaycanda bir sıra çevrilişlər edərək hakimiyyətə gəlmək istəyənlərə qarşı açılmış istintaq işinin aparılmasına cəlb olunanların arasında Əliş Abbasoğlu da var idi. Baş vermiş cinayətlərin üstünü açmaq üçün yaradılan istintaq qrupunun üzvü kimi dönməz iradəsi ilə o dönəmdə baş nazir kürsüsünə yiyələnmiş Surət Hüseynovun səlahiyyətlərindən və mövqeyindən qorxmayaraq, onun çevrəsindəki bütün cinayətkarların əməllərinin aşkar edilməsində Əliş Abbasoğlunun müstəsna xidmətləri oldu. Əliş Abbasoğlunun peşəkarlığı sayəsində cinayətkarlara öz yerinin hara olduğu göstərildi. Onun dövlətçi mövqeyi və uzun illər əldə etdiyi təcrübəsi bu gün də çoxları üçün böyük bir örnəkdir və məktəbdir. Əli Abbasoğlu sədaqətli xidmətlərinə görə dəfələrlə Azərbaycan və keçmiş Sovetlər Birliyinin mükafatlarına layiq görülüb. Keçmiş Sovetlər Birliyinin əməkdar hüquqşünası statusunu qazanmış nadir azərbaycanlılardan biri sayılır. 26 dekabr 1995-ci ildə uzun illər ərzində  prokurorluq orqanlarında vicdanla göstərdiyi xidmətlərinə görə ölkə prezidentinin sərəncamı ilə Şərəf Bayrağı ordeninə layiq görülüb.
Əliş Abbasoğlu dəfələrlə Sumqayıt və Bakı şəhərlərinin yerli bələdiyyələrinin deputatı olub. Deputat kimi sadə insanları qəbul edər, onların şikayətlərini dinləyər və bütün imkanları ilə onlara yardımlarını edərdi. Bu böyük insan 11 sentyabr 2006-cı ildə 80  yaşında dünyasını dəyişdi. Həyat yoldaşı Natəvan Dadaş qızı Qəniyeva düz 45 il Azərbaycan prokurorluq orqanlarında çalışdı. Baş ədliyyə müşaviri və albay (polkovnik) rütbəsinə qədər ucaldı.
Övladları Cəmalə Xanım xarici dil müəllimi və Cəmilə Xanım həkim olaraq çalışırlar. Çox sadə və adi bir həyat sürən Əliş Abbasoğlunun həyat hekayəsi beləcə tamamlandı. Ancaq onun əldə etdiyi təcrübə, hüquq sistemindəki kəşfləri daim prokurorluq orqanları üçün örnək olaraq qalacaq. Həyatı boyu doğulub boya-başa çatdığı doğma Gəncəni heç zaman unutmadı. Bu qədim şəhərin övladı olması ilə öyündü. Dərin biliyi və mütaliəsi sayəsində həyatı boyu ucaldı. Ucalığa və zirvələrə layiq bir insan olmanın örnəyini sübut etdi. Əliş Abbasoğlunu demək olar ki, hər gün onun həmkarları, onu yaxından tanıyan dostları, bütün gəncəlilər daim xatırlayırlar. Bəşəriyyətin ən böyük söz ustadı və fikir babası sayılan Nizami Gəncəvi demişkən: “Yaxşı əməllər və xeyirxahlıq, bəşəri humanizm, dövlətə və mənsub olduğun millətinə sədaqətli olmaq hər bir insan üçün həyatda ən böyük mükafatdır. Çalışın bütün bunlara sağlığınızda nail olun”. Əliş Abbasoğlu bütün həyatı boyu ulu Nizaminin hikmətləri ilə yaşadı və yaratdı.    

Ənvər Börüsoy,
Xudaferin.eu üçün

12:46