Dövlətin sosial siyasətinin strategiyası pulsuz təhsil olmalıdır

Finlandiyanın 40 yaşlı qadın təhsil naziri Kirsta Kiurudan jurnalistlər “Nədən ölkənizdə pullu təhsil yoxdur?” sualına belə cavab vermişdir: “TƏHSİL TİCARƏT DEYİL”

Gözəlim Azərbaycanda “pul...pul...pul!!!” siyasəti

Son illər uşaq baxçalarının, orta məktəblərin və universitetlərin “özəl sektor”a çevrilməsi sayəsində əməlli başlı biznes şəbəkəsi çiçəklənməkdədir. Bu “obyektlər”in sahibləri istədikləri məzənnəni günün standartına çevirmək məharətlərini göstərmək üçün sanki, “Olimpiya Marafonu”na çıxıblar. Apardığımız müşahidələrimizə görə onu deyə bilərik ki,  özəl təhsil sektoru sosial-iqtisadi durumu nəzərə alaraq, bəzən bu prosesdən məharətlə faydalanaraq ilbəil təhsil haqlarını artırırlar. Halbuki, ədalətli sosial siyasət yürüdən demokratik ölkələrdə təhsil sektoru pulsuzdur. Çünki, millətin, dövlətin gələcəyi üçün  dünyaya bir örnək ola biləcək milli gəlirin böyük bir hissəsini təhsilə ayırırlar.
Yaponiya və Finlandiyada daxili işlər nazirliyi, milli təhlükəsizlik nazirliyi, müdafiə nazirliyi, sərhəd qoşunları xidməti, prokurorluq, xarici əks-kəşfiyyat idarəsi, gömrük komitəsi strateji dövlət qurumu hesab olunmur. Bu ölkələrin tək bir strateji nazirliyi var ki, o da təhsil nazirliyidir. Ona görə də hər iki ölkə yüksək səviyyədə inkişafa sahibdirlər. Hər iki ölkənin vətəndaşları qürur duyurlar ki, insandırlar. Öz dövlətlərinə sahib çıxmağı da elə pulsuz təhsil siyasəti sayəsində bacara bilirlər.
Azərbaycanda durum tamamilə fərqlidir. Təhsil haqqındakı mövcud qanunlar başdan başa qüsurludur. Təhsil sektorunda çalışan mütəxəssislər demək olar ki, təşəbbüslərlə çıxış etmirlər. Bəzən redaktə xarakterli nələrsə ifadə olunursa, bu o demək deyil, təhsil problemləri tamamilə çözüləcək. Çünki, təhsil sahəsini xərçəng xəstələyi kimi sarımış və  ancaq özlərinin gəlir mənbəyi kimi dəyərləndirən bir çete var. Özəl sektorla yanaşı, min dəfələrlə təəssüflər olsun dövlət sektoru bu çetenin bir parçasına çevrilib. Bu gün dövlət sektoruna aid olan universitetlərdə pullu təhsilin səviyyəsi 70 faizə qalxıb. O zaman sual olunur ki, üstündə DÖVLƏT adını daşıyan universitetlər hansı hüquqla və qanunla 70 faiz pullu təhsil sistemini idarə idarə edirlər? Axı bütün mədəni ölkələrdə dövlət sektoru pulsuz təhsil siyasətini yürüdür.

 

Pullu təhsilin orta məktəblərə tətbiqinə yol vermək olmaz

Son zamanlar ölkədə orta məktəblərin pullu təhsil sisteminə keçidi ilə bağlı bir sıra qanunların hazırlanmasını müşahidə edirik. Hətta bu barədə ölkə KİV-lərində belə bir informasiya da günün mövzusuna çevrilib: “Azərbaycanda orta məktəblərdə bəzi təhsil proqramları ödənişli olacaq”.

Nazirlər Kabinetinin cari ilin noyabrın 13-də "Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi"nə etdiyi əlavələr "orta məktəblərin pullu olacağı" barədə müzakirələrə səbəb olub. Guya orta məktəblərdə təhsil “könüllülük” əsasında tətbiq olunacaqdır. Kimsənin buna inanmağı gəlmir. Min dəfələrlə təəssüflər olsun ki, vətəndaş cəmiyyəti institutları, ictimai təşkilatlar bu barədə hər dəfə olduğu kimi susqunluğa üz tutublar. Lal, kar və kor olublar. Təhsil nazirliyi isə, pullu təhsil sisteminin rəsmçiləşdirilməsi üçün bütün varlığı ilə hücuma keçibdir. Bu nazirliyin yeni rəhbərliyi heç nədən utanmadan hətta belə bir açıqlama da verib: “Təhsil haqqında Qanun dövlət təhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verir”. Bəs ölkənin milli gəlirləri haraya və nəyə xərclənməlidir? Sualına isə bu nazirlik heç zaman cavab verməyəcək. Məmur oliqarxiya idarəetmə siyasətindən menecer texnokratiyaya keçid o demək deyil ki, hər şey pulla ölçülsün. Onsuz da ölkədə əhalinin orta aylıq gəlirlər 340 manatdan o yana keçmir. Ailələrdə bir övladı saxlamaq üçün bu gün azından 500 manat vəsait tələb olunur. Əhalinin əksəriyyəti bu vəsaiti belə əldə edə bilmir. Ona görə ki, Azərbaycan cəmiyyətində əhalinin 90 faizi aclıq durumu ilə üz-üzədir. Kasıblıq aclıq çəkən həddi artıq Afrika ölkələri səviyyəsindədir. Təbii olaraq bu gün Azərbaycanda dövlət qulluqçularına ən yüksək səviyyədə maaş verilir. Ancaq, bu o demək deyil ki, bütün cəmiyyət onlar kimi firəvan həyat tərzini sürür.

Beynəlxalq proyekt pərdəsinin arxasında gizlənən maraqlar

Təhsil nazirliyi orta təhsil sistemini pullu xidmətə çevirmək üçün süni şəkildə beynəlxalq faktor adı altında gizli maraqlarını leqallaşdırmağa çalışır:
Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme),
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)
Yüksək yerləşdirmə (Advanced Placement) təhsil proqramları
adı ilə əhalinin talan edilməsi düzəninin formalaşdırılması və bunu qanunu prosesə çevrilməsi üçün ciddi hazırlıqlar görülməkdədir.

Təhsil nazirliyi onu da bildirir ki, Azərbaycanda ümumi təhsilin bütün səviyyələri pulsuzdur və hər bir şagird pulsuz təhsil almaq hüququna malikdir. Sözügedən proqramlar isə “könüllü” seçilir. "Bu proqramlar Azərbaycanın təhsil proqramlarında nəzərdə tutulmadığı və valideynlərin istəyinə uyğun həyata keçirildiyi üçün ödənişlidir".

Nazirlik qeyd edib ki, proqramlar bir sıra dövlət və özəl məktəblərdə tətbiq olunur və bu, şagirdlərin gələcəkdə xaricdə ali təhsil ala bilməsi üçündür. Deməli onların özləri də çox yaxşı bilirlər ki, ölkədəki təhsil sistemi və onun keyfiyyəti yoxdur. Təhsil fəlakətli bir durumdadır.

Nazirlik bu proqramın hansı təhsil müəssisələrində tətbiq olunmasıyla bağlı ölkə KİV-lərinin suallarına cavab verməyib. Ancaq belə proqramların tətbiqinin genişləndirilməsi və daha hansı məktəblərdə tətbiqi ilə bağlı məsələnin “hazırda gündəlikdə olmadığını, bunun məktəblərin, valideynlərin və şagirdlərin arzusundan asılı olduğunu” deyiblər.

Qurum əlavə edir ki, proqramlar üçün ödənişi onlar yox, proqramları tətbiq edən şirkətlər tənzimləyir. Deməli şirkətlər meydana gələcəklərsə, o zaman “pul tələsi” də məcburi şəkildə meydan sulayacaq.

Bəzi ekspertlər deyirlər ki, Azərbaycanda sözügedən proqramlarla bağlı bu fikirləri bölüşmək zorunda qalıblar: “Ölkədə yalnız Kebric məktəbi var ki, orada təhsil nazirliyin tələb etdiyi qaydalar əsasında fəaliyyət göstərir. Belə bir təhsil xüsusilə British School-da tətbiq olunur. Bu proqramların tətbiqi üçün şagird ingilis dilini ana dili səviyyəsində bilməlidir ki, nəzərdə tutulmuş fənləri rahatlıqla öyrənə bilsin. Bu proqramlar əslində şagirdlərə xaricdə ali təhsil ala bilmək üçün yox, təhsilin yarımçıq qalmış istənilən səviyyəsində dünyanın hər hansı ölkəsində maneəsiz davam etmək imkanı verir”.  

Nazirlik heç nədən çəkinmədən qeyd edir ki, ödənişli proqramlar dünyanın bir çox ölkəsində mövcud olan bir təcrübədir. Belə bir sistemin tətbiqi həm təhsil müəssisələri arasında rəqabət yaradacaq, həm də məktəblərin maddi ehtiyaclarını qarşılayacaq.
Ekspertlərin bu fikrini isə heç cürə anlamaq olmur: “Məktəblərimiz oturub gözləyirlər ki, dövlət nə qədər pul ayıracaq, onlar da maaş versinlər. Ehtiyacı olan təmir, yaxud hansısa tədbirin təşkil olunması üçün maliyyə problemi yaşanmasın deyə, məktəb öz kadrlarından istifadə edərək xidmət göstərməli, məktəbə gəlir gətirməlidir. Məktəblər sadəcə təhsil verməli deyil, eyni zamanda təhsil xidmətləri də göstərməlidir. Bura uşaqların dünyagörüşünü formalaşdıracaq rəqs, şahmat, peşəkar rəsm dərsləri və. s daxildir”.
Bəh…bəh… əla fikirlərdir. Məktəblərdə “yeni təhsil, firəvan həyat tərzi” adı altında əməlli başlı soyğunçuluq siyasətinin rəsmiləşdirilməsinə çalışılır. Ölkənin milyardlarla gəlirləri haraya yönəldiləcək? Hər şeyi addım-addım özəl sektorun maraqlarına pərçimləməklə Azərbaycan feodalizm çağına yönləndirilir. Məslə budur.
 

Neft ölkələrində təhsil xərcini dövlət ödəyir

Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir. Ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Tələbə təqaüdü 700 dollar təşkil edir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, vətəndaş dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər dövlət üdcəsindən ödənilir.

 

Avropada dövlət universitetləri pulsuzdur

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur. Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir. Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür. Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Almaniyada DAAD təqaüdü var qalan xərclərinizi ödəmək üçün amma oradan tələbələr çox az keçir. İldə 5 tələbə gedər getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz. Bunu qəbul etmək lazımdır. Norveç və digər Skandinav ölkələri də eyni sistemlə işləyir.
 

ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur. Bu da Azərbaycanın təhsil nazirliyi üçün beynəlxalq təcrübə.

 

Ənvər BÖRÜSOY
Xudaferin.eu

19:52