Helmut Kolun həyat hekayəsi

XX yüzilin ən dahi şəxsiyyətinin anısına

Almaniya və Azərbaycanın iki tanınmış baş nazirləri olub. Biri Helmut Kol, o biri isə Artur Rəsizadə. Onlar ötən yüzilin 30-cu illərində ayrı-ayrı coğrafi məkanlarda dünyaya gəliblər. İkisi də II Dünya Savaşının çocuqları sayılırlar. Ancaq, bu iki baş nazirin həm də fərqli cəhətləri çoxdur. Dünyanın özü boyda ölçüyəgəlməz miqyasda. Biri param-parça edilmiş vətəninin bütünlüyünün simvoludur, o biri işğal altında inləyən torpaqları geri qaytarmağın əsirinə çevrilməklə bu buxovda bütöv bir milləti girov saxlayıbdır. Həm də məmələkəti bütün fəlakətlərdən necə qurtarmanın haqqında belə düşünmür.    

Helmut Kələm

Almanca Kol sözü kələm deməkdir. Bu ünlü insanın bütöv adı Helmut Yozef Mixael Koldur. Yaşına görə bizim baş nazirimiz Artur Rəsizadədən cəmi beş yaş böyük olub. 1982-1998-ci illərdə Almaniyanın kansleri seçilib. Bizim Artur Rəsizadədən fərqli olaraq təyin olunmamışdı. İxtisasca hüquqşünas olan Helmut Kol II Dünya Savaşından sonra məcbur olaraq, bəzi fabriklərdə çalışmışdır. O, bununla yanaşı, ölkənin siyasi həyatında fəal rol oynamışdır. Onun böyük siyasətə gəlməsi II Dünya Savaşından sonra yeni alman gəncliyinin Yeni Almaniya uğrunda apardığı şərəf siyasətinin böyük bir parçasına çevrilmişdi. Özəlliklə də 1946-cı ildə yaradılan “Gənclər Birliyi” hərəkatı bu prosesdə çox önəmli rol oynadı. Bu hərəkatın içindən gələcək Böyük Almaniya uğrunda mübarizə aparacaq liderlər yetişdilər. Helmut Kolun Reynlənd-Pfaltsedən başlanılan siyasi həyatı bu prosesin onun üçün başlanğıc nöqtəsi oldu. 
II Dünya Savaşından sonra ikiyə parçalanmış, sənayesi tamamilə dağıdılmış, sosial-iqtisadi həyatı dünyanın ən məşəqqətli taleyi ilə üz-üzə qalmış, 20 milyondan çox insanını itirmiş, məğlub duruma düşmüş bir Almaniya mövcud idi. Batı Almaniya azad bir ölkə sayılsa da, Doğu Almaniya dünyanın ən qəddar diktatoru və Sovetlər Birliyi kimi “xalqlar həbsxanası”nın lideri İosif Stalin tərəfindən savaşın qalibi kimi işğal edilmişdi. Batı Almaniyanın kansleri Konrad Adenauer tarixdə “Əbədi Almaniya” doktrinasının yeni təməlini qoydu. O, həm də bir kansler kimi Alman Gəncliyinin siyasi, ictimai və digər yönlərdə yolunu açan dərin hədəfləri irəli sürürdü. Beləliklə sosial konservatizm, sosial-bazar iqtisadiyyatı, personalizm, populyarizm, həmrəylik, subsidiarlıq, korporativizm, distributizm, kommunarizm, demokratiya, neokalvinizm, neotomizm kimi dəyərləi alman ictimai fikrinin doktrinasına çevrilmişdi. Bütün bunlar demək olar ki, alman cəmiyyətinin bir parçası sayılırdı. 1966-cı ildə Helmut Kol alman siyasətinin gənc nəslinin təmsilçisi kimi Kayzerslautrendə Trir Texniki Universitetinin təsis edilməsi ilə öz karyerasına əbədi bir düzən gətirdi. Faktiki olaraq, Helmut Kol 1971 və 1976-cı illərdə iki dəfə ölkənin kansleri olmaq iddiası ilə çıxış etsə də, sonucda rəqiblərii Rayner Bartselə və Bernhard Fogelə məğlub olmuşdu.

Gərgin 1982-ci il

17 sentyabr 1982-ci ildə liberal-sosial hakimiyyət koalisiyası iflasa uğradığı üçün bu dəfə yeni hakimiyyətin qurulması prosesləri baş verdi. Kansler Helmut Şmidt demək olar ki, tam məğlub duruma düşümüşdü. “Neoliberalizm, bazar iqtisadiyyatı və iş roformları”nın müəllifi qraf Otto Lambsdorfun hazırladığı konsepsiyanı diqqətlə öyrənən və bunu siyasi karyerasına çevik şəkildə pərçiləməyi bacaran Helmut Kol 1 oktyabr 1982-ci ildə iri addımlarla irəliləməyə başladı. Onun qarşısında təcrübəli rəqibi Hans Ditrix Genşer kimi iri caynaqlı böyük siyasətçi dayanmışdı. Faktiki olaraq, köhnə və yeni siyasət nəslini təmsil edənlər arasında yaşanılan baxışların ucbatından hakimiyyət böhranı 6 mart 1983-cü ilə kimi davam etdi. Bu zaman ölkə prezidenti Karl Karstens yeni seçkiləri elan etdi. Kansler postunu tutmaq üçün Helmut Kol və Hans Yöhen Fögel arasında olduqca ziddiyyətli rəqabət mövcud idi. Öz hakimiyyətinin ilk beş ilində Helmut Kol köklü reform və sosial rifah konsepsiyası əsasında cəmiyyətdə ən çox populyar bir liderə çevrilə bildi. Bu elə bir dönəm idi ki, bir yandan “Soyuq Savaş” sonrası Almaniyanın inkişafı və ölkə iqtisadiyyatının dünyanın ən aparıcı yerlərindən birini tutmaq konsepsiyasının təməli qoyulurdu.             

 

18 may 1990-cu il və dünyanın gözü önündə “Vahid Almaniya” konsepti

Hər şey 22 dekabr 1989-cu il tarixində qış mövsümünün daxil olması ilə başladı. 1943-cü ilin soyuq qış fəslində Adolf Hitlerin “Böyük Almaniya” konspeti necə darmadağın olmuşdusa, aradan 46 il keçdikdən sonra “Böyük və Ədəbi Almaniya” doktrinasının tam qələbəsinin təməli qoyuldu. Adolf Hitlerlə Helmut Kolun fərqi onda idi ki, biri dağıdıcı, o biri isə, yaradıcı “Böyük Almaniya” konseptini irəli sürmüşdü. 18 may 1990-cı il. Ölkə prezidenti Karl Otto Pölün hökumətə qarşı çıxdığı ideyalara baxmayaraq, kansler Helmut Kol ikiyə bölünmüş hər iki alman dövləti arasında maliyyə, iqtisadi və sosial sahədə yeni anlaşmalar imzalayır. 9 noyabr 1989-cu ildə isə, yəni aradan beş aydan bir az çox məsafə ötməsinə baxmayaraq, bu anlaşmanın sonucu olaraq, “Berlin Divarı” diz çökdürüldü. İkiyə bölünmüş alman xalqı yenidən bütöv bir dövlət olmanın düzəninə doğru addımlamağa başladı. Bu bir möcüzə idi. Bir yandan dünyanın ən qəddar və totalitar rejimi Sovetlər Birliyi tamamilə çökürdü, o biri yandan Moskvanın əsiri və quluna çevrilmiş bütöv xalqlar və dövlətlər bunu bayram edirdi. Macarstan, Doğu Almaniya, Romaniya, Çexiya, Slovakiya, Bolqarıstan, keçmiş Yuqoslaviya (Makedoniya, Kosovo, Bosniya, Xorvatiya, Qaradağ (Çernoqoriya), Sloveniya, Serbiya), Latviya, Estoniya, Litva, daha sonra isə Ukrayna, Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxstan, Qırğızstan, Belorus və digər dövlətlər bağımsızlıqlarına qovuşa bildilər. “Soyuq Savaş” adı altında yüzlərlə toplumlar və dövlətlər azad nəfəs almağa başladılar. XX yüzilin bu möhtəşəm konsptini əldə etmək üçün Helmut Kol elə öz partiyasının daxilində Hayner Hayslör, Rita Züsmut və Lotar Şpet kimi müxaliflər üzərində böyük qələbə çalmağı bacarmışdı. Elə buna görə də 17 yanvar 1991-ci ildə yenidən ölkənin kansleri seçilə bildi. 1994-cü ildə də kansler seçimlərini qazanmış oldu. Onun siyasi karyerası 2002-ci ilə kimi belə davam etdi. Bu gün dünyanın siyasi xəritəsində 357 min 021 kv. km-lik bir əraziyə malik tarixi miras Helmut Kolun sayəsində başa gəldi. Dünyanın səkiiz ən güclü dövləti siyahısında yer alan Almaniya bu gün çiçəklənən bir məmləkət kimi tanınır. Bu həm də ömrünün son 15 ilini sakit təqaüdçü həyatını yaşamış Helmut Kola məxsusdur.    
 

Artur Rəsizadə və onun komandası

Azərbaycanın baş naziri postunu tutan bu insan 1996-cı ildən bu günə kimi həmin vəzifəni icra etməkdədir. 21 ildir baş nazir kürsüsündə oturan Artur Rəsizadəni bizlər çox nadir hallarda görür və səsini eşidirik. Qısa və məzmunsuz çıxışları ilə sadəcə yaddaşlarda “xiyar” məsələsinə görə qalıb. Özü də millətə minnət qoymaqla: “Xiyar bahadırsa, onu alıb yeməyin” deməyi ilə. Onun yarıtmaz işini nə qədər tənqid etsək də, bu adam bir dəfə də olsun nə müxaliflərinə, nə də opponentlərinə dönüb cavab vermir. Helmut Kol öz ölkəsinin cəmi 18 il baş naziri oldu. Ancaq, hansı uğurlara imza atdı. Azərbaycandan fərqli olaraq, Almaniyanın o qədər də zəngin təbii resursları yoxdur. Almaniyanın tək bir sərvəti var, o da alman xalqı və onun zəkasıdır. Bu gün Artur Rəsizadənin 83 yaşı var. Onun müavinləri özü kimi təqaüdçü yaşda olanlardan ibarətdir. Yaqub Eyyubovun 72, Elçin Əfəndiyevin 74, Əli Həsənovun 69, Abid Şərifovun 77 yaşları var. Təqaüdçülər ordusundan ibarət Nazirlər Kabineti əslində keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış nomenklaturanın kəsafət qoxuyan ruhunda olduğu üçün Azərbaycan bir addım da olsun irəli gedə bilmir. Elə buna görə də işğal altında inləyən torpaqlarımız geri qayıtmır. Məhv edilmiş iqtisadiyyatımız dirçəlmir. Korrupsiya və rüşvət, traybalizm ənənələri feodalizmin qalığı kimi bir virus kimi cəmiyəytin boğazına keçib. Artur Rəsizadənin bioqrafiyasını incələdikdə bəlli oldu ki, onun keçdiyi həyat yolu primitiv sovet iqtisadiyyatı və təsərrüfatı konspetindən uzağa getməyib. Bu gün heç nəyə yaramayan sovet iqtisadiyyatının planlaşdırması üzrə ixtisaslaşan bu insan unudur ki, bizlər artıq XXI yüzilin standartları içində yaşayırıq. Bioqrafiyasında dəhşət saçan bir məqam var: 1971-ci ildə “SSRİ dövlət mükafatı”nı, daha sonralar “Xalqlar Dostluğu” (Kremlin) medalını, bağımsız Azərbaycan dönəmində isə, “Şöhrət” ordeni, “Şərəf” ordeni və “Müstəqillik” ordeni ilə təltif olunub. Anlamaq olmur ki, Artur Rəsizadə hansı uğurlarına görə bu qədər ödüllərə sahib çıxıb. Ondan fərqli olaraq, Helmut Kolun həyatı böyu ödülləri olmayıb. Tək qazancı “Vahid Almaniya” dövlətinin qurulması, dünyanın ən yüksək səviyyədə inkişaf etmiş dövlətinin quruculuğunda fəal şəkildə iştirak etməsi və bu il 16 iyul tarixində dünyasını dəyişdiyi zaman alman xalqının ona göstərdiyi ehtiram və verdiyi dəyərdən ibarət olub. Dünyanın ən lal və sükunətli baş naziri titulu yarışması keçirilsəydi, Artur Rəsizadə ilk sırada yer alar.

Alman dühası

Helmut Kol demək olar ki, II Dünya savaşından sonra alman xalqının yetirdiyi iki dahidən biri hesab olunur. Bunlar Konrad Adenauer və Helmut Koldur. Hər ikisi də Almaniyanın kansleri olub. Biri “II Dünya Savaşı”nın acı nəticələrini aradan qaldırmaq üçün, digəri “Soyuq Savaş”ın fəsadlarını çözmək üçün çox böyük mücadilə aparıb. Hər ikisi alman dühasını sadəcə öz varlıqları ilə deyil, bütövlükdə alman cəmiyyətinin də bu qaydalarla çalışması, yaşaması, yaratması və daim irəli baxması fundamental konsepti ilə dövlət və millət anlamlarını bütünləşdiriblər. Bütün bunların tək bir anlamı var. Hər hansı bir cəmiyyətdə yaradıclıq mühiti varsa, orada daim uğurlar əldə olunur. Alman cəmiyyəti məhz bu amilin üzərində köklənibdir. İstər yaşlı, istər gənc, istərsə də lap uşaq olsun, hamı öz həyatının və cəmiyyətin yaradıcılığı üzərində köklənibdir. Bütün bunları isə qanunlarla təsbit ediblər. Beləliklə dünya çapında özümlü bir alman demokratiyası anlayışı biçimlənibdir.
Almaniyada Helmut Kolun dünyasını dəyişməsi sadəcə alman xalqının deyil, dünyanın azadlıqsevər xalqlarının hüznü kimi dəyərləndirildi. Alman xalqı və dövləti tarix boyu həyatın yaradıcılıq üzərində köklənməsi konsepti ilə çıxış etdiyi üçün filosoflarının sayı hesabı yoxdur. Gözəlim Azərbaycanda isə, adi bir alimin aylıq gəliri polis çavuşunun maaşından düz 3 dəfə aşağıdır. İstənilən oliqarxın cangüdəninin aylıq maaşı bizim alimlərin gəlirindən 7 dəfə çoxdur. Ona görə də Azərbaycan cəmiyyətində yaradıcılıq mühiti “ölüm bürosu”nun ayrılmaz parçasına çevrilib.

Ənvər Börüsoy

Xudaferin.eu

10:53