Moskvada Azərbaycanın elm elçisi

 

Görkəmli alim Əzizağa Şahverdiyev uzun illərdir ki, Rusiya Federasiyasının paytaxtı Moskvada bu missiya ilə yaşayır və fəaliyyət göstərir

Əqli mülkiyyətin zirvəsində duran dahi

Biz çox istərdik ki, yurd dışında soydaşlarımızla ilgili olaraq qürur duyulacaq adlar sadalanan zaman daha çox aydınlarımız önə çəkilsinlər. Çünki, onların uzun illər ərzində qazandıqları elm və əldə etdikləri savad əqli mülkiyyətdir. Əqli mülkiyyət isə, bütün banklardan, iri sənaye müəssisələrindən, nəhəng meqa ticarət şəbəkələrindən daha üstün sayılan bir anlamdır. Yurd dışında uzun illərdir yaşayan və əqli mülkiyyəti ilə qürur mənbəyimiz sayıla biləcək dəyərli aydınlarımızdan biri də texniki elmlər doktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Dəqiq Elmlər Akademiyasının vitse-prezidenti, “Neft-Qaz Sahəsində Sistemli Araşdırmalar İnstitutu”nun baş direktoru Əzizağa Şahverdiyevi təəssüflər olsun ki, Azərbaycanda çox az adam tanıyır. Halbuki, Əzizağa müəllim müasir dünyada neft – qaz yataqlarının istismarının sistemli şəkildə optimallaşdırılması və neftin çıxarılması prosesində intensivləşmənin modelləşdirilməsi istiqamətində elmi uğurları ilə tanınan nadir elm xadimlərindən biridir.
Professor, akademik Əzizağa Şahverdiyev “SPE – Beynəlxalq Neft Mütəxəssisləri Assosiasiyasının” (ABŞ, Riçardson), “Neft Təsərrüfatı”, Qazma və neft”, “Neft-Qaz Kompleksi üçün Dəzgharlar və Texnologiya”, Rusiya Dəqiq Elmlər Akademiyasının “Vestnik”, “Elmi Araşdırmalar” (Rusiya Federasiyası) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Xəbərlər” (“Torpaq haqqında elmlər” seriyası) kimi nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.  
Professor, akademik Əzizağa Şahverdiyev “Rusiya Federasiyasının əməkdar ixtiraçısı” (1999-cu il), Rusiya Federassiyasının fəxri neftçisi” (2000-ci il), Rusiya Federasiyası Dəqiq Elmlər Akademiyasının “Ağ Qartal ordeni”nə, “Beynəlxalq Nobel Mükafatı”nın “P.S.Kapitsa adına Gümüş Medalı”na, “Akademik V.İ Vernadskiy adına təsis edilmiş “Gümüş Medal”a, Strateji Menecmentlik Sahəsindəki Uğurlarına görə “SPİ – Sənayenin Məhsuldarlığı Strategeyiyası” Beynəlxalq Təşkilatının adından Fransanın “Qızıl Medalı”na (2003-cü il) və digər beynəlxalq mükafatlara layiq görülübdür.
2018-ci ildən S. Orconikidze adına “Rusiya Dövlət Geologiya-Geofizika Universiteti”nin professorudur. Onu da qeyd edək ki, professor Əzizağa Şahverdiyevin elmi kəşfləri və araşdırmaları dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır. Xüsusilə ABŞ, Rusiya Federasiyası, Çin, Azərbaycan və digər dövlətlərin adlarını çəkə bilərik.  
Professor, akademik Əzizağa Şahverdiyev “Geologiya – Hidrodinamika Modelləşdirmə Elmi – Texniki Mərkəzi” qurumunu yaradaraq Məhdud Məsuliyyətli Cəmiyyəti”nin təsisçisi kimi elmi kəşflərlə yanaşı, bütün uğurların istehsalata, sənayeyə və neft-qaz sektorunun daha da inkişaf etməsinə yeni-yeni töfhələr verməkdədir. Bu strateji elm mərkəzi dəqiq və texniki elmlər sahəsi üzrə araşdırmalar və onun tətbiqini gündəmə gətirir. Bu mərkəzin qeyri yaşayış sahələrinin istismarı və istifadəsi üzrə elmi məsləhətçi statusla çıxış etməsi elmin və biznesin birlikdə inkişafı üçün böyük bir təkan deməkdir.
Demək olar ki, professor, akademik Əzizağa Şahverdiyev əldə etdiyi uğurları ilə təkcə neft-qaz sənayesi üzrə deyil, həm də sürətlə inkişaf edən informasiya əsrində yeni texnologiya və elmi nailiyyətlərin tətbiq olunmasında olduqca məhsuldar çalışan bir elm xadimidir. Elə buna görə də, Rusiya Federasiyası, Azərbaycan, istərsə də dünyanın bir sıra ölkələrində daim onun elmi sahədə əldə etdiyi uğurlarından istifadə etməyə çalışılır. Faktiki olaraq, professor, professor Əzizağa Şahverdiyevin fenomen şəxsiyyət olması, geniş erudisiyası, atdığı hər addımda fundamental elmi konsepsiyalara fundamental şəkildə üstünlük verməsi, bu müdrik şəxsiyyətin nə qədər dəyərli olduğunu isbat edir.

Görkəmli ictimai xadim olmaq çox çətindir

Professor, akademik Əzizağa Şahverdiyev həyatı boyu əldə etdiyi uğurlara görə daim doğulub, boya-başa çatdığı Azərbaycana olan sədaqəti ilə qürur duyan bir insandır. O, 1951-ci ildə yanvar ayının 10-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə Bakı Dövlət Universitetinin ən çətin sahəsi, mexaniki riyaziyyat fakültəsini bitiribdir. Dərhal elmi zəkasına və bacarığına görə Azərbaycan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Neft-Qaz Yataqlarının Dərinliyi Problemləri İnstitutu”nda elmi işçi kimi qəbul ediblər. Bu sahə üzrə Azərbaycan elminin patriarxı, görkəmli alim, akademik Midhəd Abbasovun rəhbərliyi altında elmi araşdırmalar aparıb. Gənc alim Əzizağa Şahverdiyevin istedadını görən akademik Midhəd Abbasov onu SSRİ Elmlər Akademiyası Torpağın Fizikası İnstitutunda akademik V. N. Nikolayevski rəhbərliyi altında elmi təcrübəyə göndərildi.  Burada elmi araşdırmaları üzrə konseptual mövzular üzərində işləyərək neft-qaz sektoru üzrə elmi tədqiqatlarda dünyada tanınmış və nüfuzlu elmi mərkəz kimi sayılan İ.M. Qubkin adına Elmi Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etdi. Beləliklə Əzizağa Şahverdiyev taleyini ömürlük elmə və çox sevdiyi Moskvaya bağladı. 2001-ci ildə “Neft Yataqlarının İstismarında Sistemli Optimallaşdırmanın Çalışdırılması” mövzusunda uzun illər ərzində apardığı araşdırması üzrə elmlər doktoru elmi işini müdafiə etdi. O da bəllidir ki, professor, akademik Əzizağa Şahverdiyev 250-dən çox elmi işin və bu sahə üzrə tədris proqramlarının müəllifi kimi də dünyada tanınan alimlərdən biridir. Bununla yanaşı, 100-dən çox elmi kəşfi sayəsində patentlərə sahibdir. Demək olar ki, xarici ölkələrin çoxunda neft-qaz yataqlarının modern üsulla istismarında professor, akademik Əzizağa Şahverdiyevin elmi kəşflərindən istifadə olunur. 
Professor, akademik Əzizağa Şahverdiyevin özü də etiraf edir ki, neft-qaz yataqlarının istismarı üzrə dünyalarca məşhur olan Azərbaycanın dahi elm xadimi, akademik, ensiklopedik təfəkkürlü Azad Mirzəcanzadənin tələbəsi olmaqdan qürur duyduğunu heç zaman gizlətməmişdir. Professor, akademik Əzizağa Şahverdiyevi neft-qaz yataqlarının istismarı üzrə əldə etdiyi elmi uğurlarına görə, onu dünyanın ən nüfuzlu elmi mərkəzləri, alimlər və akademiklər Azad Mirzəcanzadənin ən ləyaqətli və uğurlu davamçılarından biri hesab edirlər.

Görkəmli alim, professor və akademik Əzizağa Şahverdiyev haqqında bu kiçik yazını yazdıqca, onun keçdiyi ağır, çətin və məşəqqətli ömür yolunu düşünürəm. Əldə etdiyi bu möhtəşəm uğurlar illərin əzablarının içindən qorxmadan, bütün çətinliklərə sinə gərərək çıxmaq ordu generallarının ən nəhəng döyüşlərdə qazandıqları qələbələrə bərabərdir. Bu gün professor, akademik Əzizağa Şahverdiyev həm də fəal şəkildə Moskvada milli diaspor quruculuğunda yaxından iştirak edir. Onun “Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyatı” təşkilatı ilə sıx təmasda olması, bu nüfuzlu diaspor təşkilatla birlikdə müxtəlif səviyyəli tədbirlərdə iştirak etməsi, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında xalq diplomatiyasının, ictimai və mədəni əlaqələrin ən yüksək səviyyədə inkişafı istiqamətində gördüyü işlər soydaşlarımız tərəfindən hər zaman böyük coşqularla qarşılanıbdır. Bu dahi şəxsiyyət, elmi uğurlarına görə dünyanın hər yerində nüfuzlu alim kimi qəbul edilən bir insan daim özünün sadəliyi ilə, ünsiyyətcil xarakteri ilə bütün soydaşlarımız arasında böyük nüfuza malikdir.
“Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyatı” təşkilatının rəhbərliyində təmsil olunan dostlarımız Tahir Hacıyev, Elşən İbrahimov və Həşim Əliyev bu görkəmli və nadir şəxsiyyətin haqqında ürəkdolusu danışdılar. Professor, akademik Əzizağa Şahverdiyevin Azərbaycanda bir daha yaxından tanıdılması üçün bizə xeyli bilgilər verdilər. Yazımızda qeyd olunan bütün faktlar məhz onlara məxsusdur.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

 

12:50