12 iyul eyforiyasına qarşı gizli zərbə planı

2016-cı il dörd günlük “Aprel Döyüşləri” və 2020-ci il 12 iyul “Tovuz Olayları”ndan sonra, Azərbaycanda yeni siyasi mərhələnin başlandığına çoxları şahiddir. Bu, həm də iqtidarlı, müxalifətli, eləcə də vətəndaş cəmiyyətinin vahid milli platforma ilə iradə göstərməsi fəlsəfəsinin yeni yanışım tərzinə çevrildi. O da bəllidir ki, Azərbaycanda nə zaman köklü proseslər və ya islahatlar başlayırsa, dərhal gizli və ya sehrli güclər hərəkətə keçərək tələb olunanları fərqli məcraya sürükləməyə çalışırlar. Bu gün adını  “5-ci Kolon” qoyduğumuz çete demək olar ki, fəqrli qruplara bölünürlər. Yəni vahid komanda şəklində olmasalar da, hədəfləri eynidir.
1. Rusiyanın 1838 və 1923-cü ildən formalaşdırdığı “qəbilə sistemi”,
2. İranın 1991-ci ildən din pərdəsi altında yaratdığı “dini-klerikal düzən”,
3. Ermənistan və erməni diasporu tərəfindən idarə olunan “nihlistlər qrupları”,
4. Beynəlxalq miqyasda ənənəvi “antitürk” siyasətinə bağlı çevrələr,
5. Etnik bölücülük siyasətində yer alan və dolayı yolla antidövlət servislərlə işbirliyi quranlar,
6. İqtisadi hədəflərini siyasi və mədəni, sosial və hüquqi baxımdan avantüralar çərçivəsində idarə edən güclər
 və sairlər məhz “5-ci Kolon” deməkdir.

Dağıstan üzərindən səssiz təhlükənin əsintiləri

 

Vaxtilə “Sadval”, “Hacı Davud-Ləzgi Xalq Hərəkatı”, “Ləzgi Xalq Partiyası”, “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı”, “Şarvili”, “Azərbaycanın Aborigen Xalqları Assambleyası”, “Alpan” Milli Hərəkatı, “İmam Şamil adına Xalq Cəbhəsi”, “Avar Milli Mərkəzi”, “Avar-Camaat İcması”, “Dir Vatan” (Mənim Vətənim) və digər çoxsaylı qurumlar yaradılaraq, 1991-1997-ci illərdə Azərbaycan dövlətçiliyinə qarşı olduqca sərt mövqelər nümayiş etdirilirdi. Hacı Maxaçev, Marko Şaxbanov, İmam Yarəliyev, Mühitdin Qəhrəmanov, Rizvan Rizvanov, Arif Kərimov, Rizvan Qurbanov və sair saxta xalq liderləri etnik bölücülük siyasətini körükləmək üçün genişmiqyaslı təbliğat mexanizmləri qurmuşdular. Sonralar bəlli oldu ki, həmin təşkilatlar və liderlər Quzey Qafqaz bölgələrində ermənilərə məxsus “Anelik”, “Kaskad”, “Alta” və digər onlarca sayda banklar Dağıstanda bəzi insanlara ucuz kreditlər verərək onları Azərbaycan dövlətinə qarşı etnik bölücülük siyasəti yürüdəcək “mütəxəssis”lərə maliyyə dəstəyi versinlər. Hətta kredit adı altında silahlı qruplaşmaların yaradılması, bəzi qəzetlərin ələ alınması və digər layihələr də bu hədəflərə daxil idi.
1998-2010-cu illər aralığında Azərbaycana qarşı etnik bölücülük siyasəti ilə yanaşı dini baxımdan vəhabiliyin sürətlə yayılması və onların silahlı üsyanla, yəni cihadla dövlət quruluşunun dəyişdirilməsi, Ermənistanın işğalçılıq siyasətinin deyil, iqtidarın dəyişdirilməsi hədəfini ortaya qoymaları, “Meşə qardaşları”, “Qafqaz İslam Xilafəti”, “İxvan əl Müslimin”, “Camaat”, “Ümmə” və digər onlarca sayda qruplar adı ilə bir sıra təhlükəli proseslərin gündəmə gətirilməsinə çalışıldı .     
2006-2010-cu illərdə prezident səlahiyyətləri çərçivəsində Muxu Əliyev, 2014-2017-ci illərdə Ramazan Abdulatipovun simasında Azərbaycan dövlətinə qarşı Dağıstandan yönləndirilən “etnik bölücülük” siyasi hədəfləri tarixi keçmişin acı sonluğu deməkdir. Ancaq, bütün bunlar sonucda hər iki bölgənin xalqları tərəfindən rədd edildi. Ona görə ki, ermənilərin hədəfində olan siyasətlər Dağıstan və Azərbaycanın maraqları çərçivəsində çox ciddi problemlərə səbəb ola bilərdi.

Qafqazda mövqelərini itirən erməni siyasəti

Faktiki olaraq, Gürcüstanda ermənilərə isti münasibət yoxdur. Bunun da əsil səbəbi onların Abxaziya və Güney Osetiyada etnik bölücülük sisyasətində yer alması və Gürcüstan dövlətinə qarşı əlində silah savaşlarda iştirak etmələridir. Çeçenistanda 1990-cı ilə qədər 30 min nəfər erməni yaşayırdı. İndi onlardan əsər-əlamət yoxdur. Dağıstanda 50 minlik erməni əhalisindən 12 min nəfəri qalıbdır. İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey respublikalarında ermənilərin sayı son illərdə sürətlə azalıbdır. Təkcə ermənilərə sevgi ilə yanaşan Quzey Osetiyadır. Bizə daim xüsusi rəğbətlə yanaşan Stavropol vilayəti rus-kazaklarının sayəsində bölgədə ermənilər faktiki olaraq ən az saya malik diaspor şəklində mövcuddurlar. Ermənistan xüsusi xidmət orqanları Quzey Qafqaz üzərindən Azərbaycan dövlətinə qarşı yeni cəbhə açmaq üçün bu dəfə “II Ermənistan” adlandırdıqları “SAR” (Союз Армян  России-Rusiya Erməniləri İttifaqı) adlı təşkilatın, onun lideri, milyader Ara Abramyan və komandasında yer alan milyonçu erməniləri bu prosesə cəlb edib. Faktiki olaraq “SAR”-la birbaşa bağlantılı şirkətlər Dağıstan üzərindən yenidən “etnik bölücülük”lə bağlı layihələr gündəmə gətirib. Bu, Azərbaycan Respublikasının Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Göyçay bölgələrində “regional dil statusu” adı altında avar, rutul, saxur, ləzgi və digər azsaylı xalqlara dövlət statusu verilməsini süni şəkildə qabartmaqla Qarabağ məsələsini, eləcə də Azərbaycanın Türkiyə ilə hərbi baxımdan strateji müqavilələrə qarşı çıxılması ideyasını gündəmə gətirməkdir. Son günlər Dağıstanda Quzey Qafqaz üzrə Ermənistan xüsusi xidmət orqanlarının sosial şəbəkələr və yerli KİV-lər tərəfindən apardıqları təbliğatlardan biri də Azərbaycan Respublikası vətəndaşı olan azsaylı xalqların nümayəndələrinin hərbi xidmət məsələsində Qarabağ bölgəsində iştirak etməməsi mövzusundadır. O da bir gerçəkdir ki, son bir neçə ildə Dağıstan və Quzey Qafqazın digər respublikalarında Türkiyəyə məxsus şirkətlər çox sayda yatırımlar ediblər. Fabrik və zavodlar, ticarət mərkəzləri, kənd təsərrüfatının dirçəldilməsi və digər iqtisadi resursların ən müasir starndartlar çərçivəsində qarşılıqlı işbirliyi qurulubdur. Ona görə də Azərbaycan və Türkiyə məsələsinə yerli xalqlar normal yanaşır və hətta açıq şəkildə olmasa da bu prosesi alqışlayırlar. Ermənistan isə, öz inadından geri çəkilməyərək, bəzi insanları bularaq, azından Azərbaycanın daxilində süni şəkildə “həyəcan” yaratmağa çalışır.   

 

Turan Ordusundan qorxuya düşən Ermənistan

Kimsəyə sirr deyil ki, Rusiya Federasiyasında orta məktəblərdə və universitetlərdə tarix dərsliklərində ifrat dərəcədə “antitürk” mövzularına geniş verilir. Məktəblilər və tələbələr həmin dərsləri öyrənmək zorundadırlar. Özəlliklə belə bir psixoliji durum  Quzey Qafqazda uzun illərdir “antitürk” sindromu ilə müşahidə olunur. Ermənilərə bağlı Rusiya Federasiyasında bir sıra media-holdinqlər ictimai fikirdə Azərbaycan və Türkiyənin hərbi strateji müqavilələr imzalamasını çox yaxınlarda yarana biləcək “TURAN ORDUSU” ideyasının hansı nəticələri verə biləcəyi təhlükəsini qabartmaq taktikasına üz tutublar. Guya “TURAN ORDUSU” Rusiyanı parçalamaq üçündür. Bir sıra xalqları ruslara qarşı səfərbər etmək deməkdir. Ona görə də Dağıstan üzərindən Azərbaycan dövlətinə qarşı avar, ləzgi, rutul, saxur, lak, tabasaran, aqul, qırız, budux və digər xalqların nümayəndələri adından sosial şəbəkələrdə Azərbaycan və Türkiyə dövlətlərinə qarşı təbliğatlar gücləndirilibdir. “TURAN ORDUSU” yaranarsa, ilk öncə Azərbaycanda azsaylı xalqlara qarşı sərt siyasətlər yürüdüləcək. İlk növbədə azsaylı xalqlar radikal türk siyasətinin qurbanı olacaqlar. Şəbəkələr də Azərbaycandakı yaxınları ilə əlaqələrində ermənilərin bu məntiqsiz ideyalarını onlara izah etməyə çalışırlar.

Azsaylı xalqların arxasında gizlənən yeni hədəflər

Dağıstan üzərindən aparılan təbliğatlarda əsas məsələ torpaq iddialarının gündəmə gətirilməsidir. Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Qax, Xızı, Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarında yaşayan azsaylı xalqlara məxsus bütün torpaq sahələrinin onlara verilməsi, yerli iqtisadi və idarəetmə sistemlərinin bu xalqların nəzarətində olması, milli mərkəzlərinin yaradılması və sair tələbləri gözəgəlimli şəkildə qabartmaqla aparılan təbliğatlarının güclənməsinə ünam yaradılmasına çalışılır. Belə bir prosesin yaxın zamanda Cənub bölgəsində həyata keçəcəyinə açıq şəkildə işarələr vurulur.
O da doğrudur ki, Azərbaycan-Türkiyə dövlətləri arasında hərbi ittifaqın yaradılması Rusiyadakı ifrat mühafizəkar çevrələri də narahat edir. Elə onların sayəsində vaxtilə Ermənistanla hərbi müttəfiqlik imzalanıbdır. Prosesə “5-ci Kolon”nun əlavə edilməsi gerçəkdən Azərbaycan dövlətinin daxilində hərc-mərcliyin yaranacağına ümid edilir.
O da bir gerçəklikdir ki, son illərdə Moskvada keçirilən “Beynəlxalq Albanşünaslıq” konfranslarının sonucu olaraq, Azərbaycan Respublikasının tarixi ərazilərinin yerli aborigen toplumları olaraq, qeyritürklərə aid olması iddiası sərgilənmiş və məqsədlə iki cildlik akademik səviyyədə “Qafqaz Albaniyası” kitabı çap edilmişdir. İndiyə kimi Azərbaycan Respublikasının elmi mərkəzləri, özəlliklə AMEA bu təşəbbüslərə qarşı çıxmamış və seyrçi mövqedə qalmışlar.
“Güney Ləzgistan” və “Güney Avarstan” adı altında başlanılan bu mərhələnin hansı sonluqla bitəcəyini çoxları gözləyir. Vaxtilə Ramazan Abdulayipovun irəli sürdüyü “Tələtər-Kaxet Yolu” ideyanın yenidən gündəmə gətirilməsi əslində Gürcüstan və Azərbaycanın Dağıstanla olan sərhəd bölgələrinin Rusiya tərəfindən işğalı deməkdir. Ermənistan xüsusi xidmət orqanlarının və Rusiyadakı erməni zənginlərinin bu strateji yolun inşası məsələsini həssaslıqla qabartamaqla Güney Qafqazda Azərbaycan və Türkiyənin ortaq mövqelərinin rəsmiləşməsinə qarşı aparılan hədəflərin bir parçası  deməkdir. Suriya, İran, Türkiyə, Livan və İraqda vaxtilə ermənilərin azsaylı xalqlar proyektində əldə etdikləri təcrübələri bu dəfə Azərbaycana tətbiqinə çalışırlar.

 

Ənvər BÖRÜSOY
Xudaferin.eu

17:32