Din pərdəsi altında “paniranizm” və “panfarsizm”

Sentyabrın 20-də Güney Azərbaycanın başkəndi Təbrizdə yerli Universitetin nəzdində “Qafqazda dini ayinlərin araşdırılması” və “Qafqaz və Anadoluda aşura mərasimlərinə baxış” konfransları keçirildi. Beləliklə Tehran mollakratiya rejimi uzun illərdir ifrat şəkildə “paniranizm” və “panfarsizm”ə söykəmli ideoloji və strateji hədəflərini nümayiş etdirmək qərarına gəldiyini nümayiş etdirdi. Əmmaməli oliqarxlara çevrilmiş ayətullahlar ordusu əllərindəki milyardlarla dollarları Tehran rejiminin təlimləri üçün uf demədən səxavətlə xərcləməkdə qərarlı olduğunu bildirib.  Bu projedə yer alan Azərbaycan, Gürcüstan, Dağıstan və Türkiyə üzərində “şiəlik” adı ilə ideoloji coğrafi düzənini formalaşdırmaqda israrlı şəkildə hərəkətə keçdiyini elan edib.

Demokratiya çökdükcə, Tehran rejimi nüfuzunu genişləndirmək qərarına gəlib

Etiraf etmək gərəkdir ki, Türkiyədə 2002-cü ildə iqtidara gələn AKP və siyasi yandaşı olan MHP 16 ildir bu ölkədə türbançı, əşirətçi, əməviçi, daha hansı əski “koopt kültürü” mirasının biçimlərini rəsmiləşdirmək üçün uğraşırlar. Ona görə də layiq dövlət, Qazi Mustafa Kamal Atatürk dəyərləri hər ötən il ərzində tapdaqlar altına alınır. Gürcüstanda isə demokratik dövlət düzəni sanki, sadəcə gürcülər üçündür. Ona görə də Borçalı adlı bölgə tamamilə demokratik gəlişmə düzənindən kənarda saxlanılır. Yaranmış boşluğu  məharətlə Tehran mollakratiya rejimi əvəz etməkdədir. Demokratik bir düzəndə gəlişən Borçalı artıq yox kimidir. “Əhli Beyt”, “Həzrəti Zəhra” Qadınlar Cəmiyyəti, “Zeynəbiyyə” Müsəlman Qadınlar Birliyi, “İmam Əli Xeyriyyə Fondu” və digər onlarca sayda qurumlar mövhumatçı düzənlə Borçalını “paniranizm” və “panfarsizm”in məngənəsində əzib məhv etməkdədir. Borçalı kökənli elm adamları və aydınları heç nə olmamış kimi sadəcə seyr edirlər. Buna görə də biz artıq onların heç birinə inanmırıq.
Azərbaycan Respublikasına gəldikdə isə, YAP rejiminin antimilli düzənli və gerizəkalı anlamlarının sonucu kimi demokratik proseslərin ağzına feodalcasına vurulan istibdad qıfılının açarı Xəzər dənizinin Lənkəran ovalığındakı dərin qatlarında gizlədilib. Son “aşura” və “tasua” yürüşlərinin özü bütün bunları bir daha isbatladı. Azərbaycan sanki, Tehran mollakratiya rejiminin bir “ostanı” mahiyyətini daşıyırdı. Dağıstanın ulu Dərbənd, İnciqala (Maxaçqala), Xasavyurt şəhərlərində bu acı mənzərə dəhşət saçırdı. 
Demokratiyanın çökdüyü yerdə xurafat və onun yedəyində gedən fanatizm baş qaldırar. Bu mərasimlərdə adını din xadimləri qoymuş şəxslər lap Tehran mollakratiya rejiminin qaydaları əsasında geyinmişdilər. İfrat “paniranizm” və “panfarsizm” şərtləri əsasında bu törənlərə qatılan bilgisiz insanların terrorçu hezbeollahçı biçimində görünmələri, onların səsləndirdikləri şüarlar, əllərindəki plakatlar bu acı gerçəklərin bir parçası idi. Çünki, sözün bitdiyi yerdə, mövhumatçı düşüncə cəmiyyəti gerizəkalılıq bataqlığına yuvarladar. “Hər gün aşura, hər yer Kərbala” bilinci ilə islam dinini mərsiyə təfəkkürünə bələmək  “panfarsizm” və “paniranizm”in qoşa qanadıdır. Hər hansı bir əxlaq kodeksi və ya ideologiya cəmiyyəti sentimental düşüncə sisteminə deyil, dinamik və gələcəyə ümidli düzənə kökləməlidir. Son “aşura”- “tasua” törənləri isbat etdi ki, Tehran mollakratiya rejiminin ideoloji silahı cəmiyyəti min ildən uzaq bir dönəmin içində gömmək üçündür. İstənilən ideoloji təlim öz yükü ilə toplumu bu günə və gələcəyə doğru kökləməlidir. Bu yoxsa, deməli feodal-patriarxal tipli gerizəkalılıq cəmiyyətləri boğub məhv edəcək.    

Tehran rejiminin yeni uzantıları

Kimsəyə sirr deyil ki, ötən 28 ildə Azərbaycandan Rusiya, Qazaxstan, Ukrayna, Belorus, Moldova, Özbəkistan və başqa postsovet dövlətlərinə orta hesabla 6 milyondan çox soydaşımız mühacirət etmək zorunda qalıb. Son 15 ildə Tehran mollakratiya rejimi bu ölkələrdə məharətlə “şiə müsəlmanları” dini icmalarını yaradıb. Bu azmış kimi həmin qurumları çox ciddi şəkildə nəzarətdə saxlayır. Uzun illər Azərbaycanda “Hüseyniyyə” adlı quruma başçılıq etmiş, Tehran rejiminin baş xəfiyyə idarəsi olan “İran Mədəniyyət Mərkəzi”nin sədri olmuş, saxtakarcasına özünü “Dünya Müsəlmanlarının Vilayəti Fəqih” adı altında lideri elan etmiş ayətullahlar cameəsinin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi olmuş İbadulla Ocaqnəjad bu dəfə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində peyda oldu. O, özü şəxsən “aşura” və “tasua” mərasimlərini idarə etdi. Hətta moizələr də oxudu. “İcrus- Moskva İslam Mərkəzi”nin xətti ilə bu ölkənin Sverdlovsk, Rostov, Həştərxan, Orenburq, Tümen, Çelyabinsk və başqa vilayətlərində irimiqyaslı törənlərə baş vuruldu. Bütün bunlar Quzey Azərbaycan kökənli insanların nə qədər geri qaldığını və mövhumata bülənd olmuş siyasətlərin əlində çarəsiz qaldığını da isbatladı.
Rusiya Federasiyasında keçirilən bu törənlərdə latın əlifbası qəsdən kiril əlifbası ilə əvəzlənmişdi. Bunu youtube.com sosial şəbəkəsində yerləşdirilmiş video çəkilişlərdə də  görmək olar.
Faktiki olaraq, Tehran rejimi hansı ölkədə öz uzantılarını dərinləşdirmək istəyirsə, ilk öncə orada “İran Mədəniyyət Mərkəzi” adlı qurum yaradır. Sonra da cəmiyyətlə uzlaşan bir görüntü əsasında çevrəsini formalaşdırır. Bu eynilə əski “Əhəməni”-“Sasani” fars dövlətlərinin tarixində yer alan “lokal koloniya” siyasətinin ənənəsi deməkdir. Beləcə asan yolla beyinyuma əməliyyatları həyata keçirilir. XVIII yüzillikdə yaranan “paniranizm” və “panfarsizm” ideologiyasının siyasi düstura çevrilməsi yönündə o dönəmdən indiyə kimi Tehran mərkəzli 300 illik bir düzən formalaşdırılıbdır. Elə bizim öz soyumuzu təmsil edən nihilist Əhməd Kəsrəvi, Mahmud Əfşar, Kazım Yəzdani, Həmid Seyid Ruhani, Əhməd Şamlu, Cəlaləddin Mədani, Məhəmməd Rza Xubravipak, Əli Şəriəti, Həmid Əhmədi, Həqiqət Əbdülrəfi, Məsud Neyli və digər yüzlərcə müəlliflər bu ideoloji düzənin önündə gediblər. “Polietnik” və “etnonasional” cəmiyyət siyasəti üzərində qurulmuş dini ideoloji struktur konseptinə əsasən “irançılıq” və “farçılıq” bölgə toplumlarının vahidliyi üçün hesablanmış bir düsturdur. Rza və Məhəmmədrza Pəhləvilər dönəmində sərt şəkildə modern düzənlə bu siyasət yürüdülürdüsə, 1978-ci il 23 bəhmən inqilabından sonra, iqtidara gələn və 40 ildir hakimiyyətdə möhkəmlənmiş mollakratiya rejimi bu prosesi klerikal biçimdə idarə edirlər. Şüuraltı beyinyuma siyasəti elə bu mənada mollakratiya rejiminin tək silahıdır. Çünki, maarifçilik hərəkatından üz çevirən rejimlər və toplumlar mövhumatçılıq bataqlığına yönələr. Bunun üçün bizlər daim demokratiyanın yanında yer almalıyıq. Yoxsa, Tehran rejimi hiyləgər və məkrli fars bicliyi mövhumatçı düzənlə cəmiyyətlərin həyat normasına çevirməyə üz tutar. Buna örnək kimi Güney Azərbaycanı göstərmək olar. 40 milyonluq toplum 53 illik pəhləvilər və 40 illik molla rejimləri dönəmində Güney Azərbaycanda daim sosial həyat tərzi ağır olmuş və bunun qarşılığında assimliasiya, məcburi miqrasiya, din ad altında aşırı mövhumatçı həyat norması ilə qarşılaşmışdır. Güney Azərbaycan Türkünün başarılı övladları “paniranizm” və “panfarsizm” ideologiyasının əsgərinə çevrilmişdir. Bundan xeyir götürən isə hər zaman parazitcəsinə həyat düzənini qazanmış Tehran rejimi olmuşdur. Bu gün həmin siyasətin coğrafiyasının genişləndirilməsinə çalışılır.

Harada “paniranizm”-“panfarsizm” hökm sürürsə, orada gerizəkalılıq var

Son 70 ildə din və milli siyasət adı ilə Tehran rejimi tərəfindən uyğulanan Əfqanıstan və Puştunistan (Pakistan) təlimlərinin sonucu olaraq, dəhşət saçan proseslər yaşanılıbdır.
Saxtakarcasına “arizm” xəstəliyinə tutulmuş Tehran mərkəzli ideoloji konseptlərlə bir sıra dövlətlər, toplumlar idarəetmə burulğanının əsirinə çevrilibdir. Öncələr “pəhləvizm”, sonra da “iranilik” adı altında Əfqanıstanda farslaşmış türk xəzərlər, daha sonra tacik, puştu, bəluc, lor, balti, braqui, burişi, vaxan, qucar, dard, cat, dohra, durrani, yidqa, kho, kalaş, kohi, minaro, muncan, nuris, pəncab, pahar, raca, racput, serai, sindhi, talpur,  siddi, safi, bacuv, bartan, bəxtiyari, braqui, barakzai, gilzaicəmşidi, dürrani, muncan, işkaşim, dad və digər toplumlar arasında ortaq anlaşma dilinin farsca olması siyasətinin aparılması elə bu amacdan doğub. Son illərdə irəli sürülən “İran” və ya “farsdilli” xalqlar konspetinin arxa baxçası Tehran mərkəzli siyasətə bağlıdır. Anadolu və Qafqaz Türkləri arasında “şiə-cəfəri” təlimini, Əfqanıstan-Pakistan-Tacikstan-İran dördbucağında isə “fars” kökənlilik hədəfini irəli sürmək “Əhəməni-Sasani” əsatirlərinin bu günlə uzlaşan “kürəsəl” (qlobal) doktrina deməkdir. Gerizəkalılıq konspeti ilə daha da zənginləşən və yöndə universitetlər, araşdırma mərkəzlərini yaradan Tehran rejimi heç bir zaman para xərcləməkdə xəsislik etməmişdir. Bu gün Azərbaycan, Türkiyə, Gürcüstan və Dağıstanı əhatə edən coğrafi məkanda Türk ulusal genalogiyasına, biosfer ülküsünə, mədəni birlik  düzəninə söykəmli heç bir bilimsəl mərkəz yoxdur. Çünki, demokratik düzənlə gəlişmək anlayışları özümlü biçimdə aradan qaldırılıbdır. Bu boşluğu Tehran rejimi doldurmağa çalışır. Atabəy Turaci, Əkbər Ağaxaniyən, Əli Banu Əzizi, Əmin Banani, Mustafa Vəziri, Əli Cəmşedzadə, Katauzien Məhəmmədi, Kəmrava Mehran, Fərhad Kazımi, İntizar Nadir, Fərzaifər Rameş, Fazel Reza, Fəramərz Fatimi, Hüseyn Qulobeyn, Yarşater Ehsan tipli modern düşüncəli və Batıda yaşayan fars şovinistləri belə, “paniranizm”in dolayı yolla çağdaş ideoloqları sayılırlar. Buna “iç koloniya” sistemi deyilir. Subetnoloji proseslərin “panfarsizm”ə nökərçilik etməsi sonucunda fars kökənli olmayan toplumların ağır sosial problemlərin məngənəsində əzilib sıradan çıxarılması metodu buna xidmət edir. Makrososial strukturlaşdırma fəlsəfəsinin ideoloji təlimləri buna görə mövcuddur. Tehran mollakratiya rejiminin sərgilədiyi “ümmət milləti” ideyası elə birbaşa yoxsulluq və səfalətin açarıdır. Bəşəri gəlişmənin üzünə tüpürən bu ideologiya zülmət saçan düzənlə keçmişin acıları içində dövlət modelini təlqin edir.
19 sentyabr 2018-ci ildə, yəni kibernetikanın bir elm kimi bəşəriyyətin yeni inkişaf çağını sərgilədiyi bir dönəmdə Azərbaycan boyunca Tehran rejiminin teatrallaşdırdığı min üç yüz il öncənin olaylarının “fars” tamaşası ilə üz-üzə qaldıq. Qüllələrdə oturub bu saxta tamaşalara gülənlər elə həmin ssenarinin müəllifləri idilər. Çünki, demokratiydan uzaq olan gerizəkalılar zümrələrini gördükcə, bu ideoloji bazarın necə çalxalandığından onlar qədər zövq alan yox idi. Zülmət içində sömürülən toplumun mənəviyyatı da ola bilməz.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

20:25